25 Noyabr 2024

Bazar ertəsi, 01:02

DEMOKRATİYA İXRACININ QƏRİBƏLİKLƏRİ

ABŞ-ın təşkil etdiyi «Demokratiya sammiti» ciddi qalmaqala çevrilir

Müəllif:

01.12.2021

ABŞ-da bu il dekabrın 9-10-da keçirilməsi nəzərdə tutulan «Demokratiya uğrunda sammit» jurnalist və siyasətçilərin diqqət mərkəzində olan əsas mövzulardandır. Yox, bu tədbirdən heç kim hansısa taleyüklü qərar gözləmir. Məlumatlı şəxslər bilir ki, dünyanın yüzdən çox ölkəsinin nümayəndələri arasında «demokratiya haqda danışmaq» üçün virtual görüşün keçirilməsi real addımların atılacağı, nəticələrin olacağı format deyil.

Həqiqətən də, Vaşinqton geniş iştirakçı siyahısı tutub: onların adları rəsmən Dövlət Departamenti tərəfindən dərc edilib. Daha əvvəl isə siyahı «Politico» jurnalında peyda olmuşdu.

 

«Fillərin paylanması»

Sammitə 110 dövlət dəvət alıb. Lakin onların hansı prinsiplər əsasında seçildikləri məlum deyil. Məntiqə görə, toplantıya demokratiyanın qalib gəldiyi ölkələr çağırılmalı, «diktator»lar isə kənarda qalmalı idi. Yəqin ki, bu prosesi «fillərin paylanması» adlandırmaq olardı. Hərçənd, ABŞ-ın Demokratlar Partiyasının rəmzi respublikaçılardakı kimi, fil yox, ulaqdır.

Qeyd olunmalıdır ki, dünyada heç də hamı ABŞ-ı «demokratiyanı ölçən» dövlət saymır. Sammitə dəvət olunanların isə heç də hamısı Vaşinqtonun real «demokratiya siyahısı»na uyğun gəlmir. Məsələn, Konqo. 2017-ci ildə BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Raad Əl Hüseyn Konqo Demokratik Respublikası Silahlı Qüvvələrinin ölkədə insan haqlarını pozduğunu, kütləvi edamlar həyata keçirdiyini bildirmişdi. Onun bu fikrini təsdiqləyən çoxsaylı və dəqiq məlumatlar var.

«Kasai, mərkəzi Kasai, Şərqi Kasai və Lomami əyalətlərində insan haqlarının kütləvi şəkildə pozulduğuna dair çoxsaylı və dəqiq məlumatlar var. Yerlərdə təhlükəsizliklə bağlı vəziyyət kəskin şəkildə pisləşib, hərbçilər yerli qeyri-nizami qoşunla əlaqəsi olduğunu düşündüyü dinc sakinlərə hücumlar edir», - deyə Əl Hüseyn o zaman bildirmişdi. Doğrudur, sonradan Konqoda hakimiyyət dəyişib, amma bu, onun «demokratiya məşəli» sayıla biləcəyinə dəlalət etmir.

Sammitə Azərbaycan dəvət olunmayıb. Siyahıda Türkiyə ilə Rusiyanın adlarına da rast gəlinmir. NATO və Avropa İttifaqının üzvü olan Macarıstan da dəvətlilər sırasında yoxdur. Yəni Bayden və komandası hesab edir ki, Macarıstanda demokratiya Konqoda olduğundan azdır?

Dəvətlilər və dəvət olunmayanların siyahısındakı qəribəliklər bununla bitmir. Məsələn, Gürcüstan sammitə çağırılıb. Bu dost və qonşu ölkəyə qarşı heç bir iradımız yoxdur. Qəribəsi odur ki, ABŞ özü bu yaxınlarda «gürcü demokratiyasının atası» Mixail Saakaşvilinin təqib olunmasından, məhkəməyə cəlbindən narahatlığını ifadə etmişdi. Əlbəttə, düşünmək olar ki, bu, «qızılgül inqilabı» ilə bağlı köhnə xatirələrdən irəli gəlir. Elə Ermənistanın da sammitə dəvət almasını eyni cür izah etmək olar.

Bununla yanaşı, «xüsusi dəvətlilər» arasında hətta 2 inqilab yaşamış Qırğızıstan da var. Hələ 10 il əvvəl «Yasəmən inqilabı»nın yaşandığı Misirlə Tunis isə yoxdur. Vaşinqtona İordaniya da dəvət almayıb. Eyni sözləri ABŞ-ın əsas müttəfiqi, islahatlara start vermiş Səudiyyə Ərəbistanı haqda da demək olar. Düşünmək olar ki, monarxiyaların bəxti gətirməyib. Belədirsə, bəs, İspaniya, İsveç, Norveç, Danimarka?

Ermənistanın sammitə dəvət olunması isə ayrıca söhbətin mövzusudur. Ekspertlər xatırladır ki, Paşinyan inqilabının qələbəsindən sonra burada «Erməni qartalları» partiyasının və «Hayinfo» saytının rəhbəri Mqer Yegizaryan həbs olunub. O, həbsdə aclıq elan edib və 44 gün sonra elə həbsxanada dünyasını dəyişib. Rəsmi versiyaya görə, ölümə infarkt səbəb olub.

Bundan başqa, 2020-ci ilin sentyabrında, İkinci Qarabağ müharibəsi ərəfəsində Nikol Paşinyan Konstitusiya Məhkəməsini özünə tabe etməklə, Avropa Şurasının Venesiya komissiyasını şoka salmışdı. Bəs, nisbətən yeni spiker? Bütün yay boyu Ermənistan parlamentinin iclas zalında «Ermənistan» fraksiyasına məxsus üç kürsünün üzərinə «siyasi məhbus» yazıları asılmışdı. Fraksiyanın üç deputatı – Mxitar Zakaryan, Artur Sarqsyan və Armen Çarçyan həbsə atılmışdılar. Doğrudur, oktyabrın sonlarına yaxın A.Sarqsyan azadlığa çıxıb. «Lakin iki müxalifətçi deputat – Çarçyan ilə Zakaryan biabırçıcasına həbsdə saxlanılırlar», - deyə «Ermənistan» blokunun bəyanatında bildirilir: «Maraqlıdır ki, Avropa Şurasının üzvü olan heç bir dövlətdə müxalifətçi deputatların deputat toxunulmazlığı ləğv edilmədən həbsə atılması faktına rast gəlinməyib».

Amma bütün bunlar təşkilatçıların Ermənistanı sammitdə görmək arzusuna mane olmayıb. Seçim o qədər suallar yaradıb ki, Vaşinqton izahatla çıxış etməli olub. «Amerikanın səsi»nin məlumatına görə, «administrasiyanın sammitin planlaşdırılmasında iştirak etmiş yüksək rütbəli nümayəndəsi «Reuters»ə bildirib ki, dəvət dünyanın bütün regionlarından müxtəlif demokratiya təcrübəsinə malik dövlətlərə göndərilib. Bunu sanki birilərinə «siz demokratsız», digərlərinə isə «demokrat deyilsiniz» ismarıci kimi şərh etmək doğru deyil».

Yaxşı, onda sammit iştirakçılarına hansı prinsiplər əsasında seçiblər?

Bir versiyaya görə, əslində, ABŞ bununla öz müttəfiqlərini nümayiş etdirir. Sadəcə onu «Demokratiya uğrunda sammit» adlandırıb. Vaşinqtonun dəvətindən kənarda müstəqil xarici siyasət yürüdən dövlətlər qalıb. Amma burada da bir uyğunsuzluq var. Kabo-Verde, Papua-Yeni Qvineya, Mikroneziya və ya Vanuatunun Birləşmiş Ştatların müttəfiqləri sayılıb-sayılmadığını qoyaq bir kənara. Yaxşı, deyək ki, ABŞ Rusiya və Çin kimi rəqiblərini, həmçinin Venesuela, Kuba, Myanma və digərlərini də sammitə çağırmağı lazım bilməyib. Bəs, KTMT və Aİİ-nin üzvü, Rusiyanın aşkar forpostu olan Ermənistan? Bəs, NATO üzvləri olan Türkiyə ilə Macarıstan? Xorvat və bosniyalı icmalarının NATO-ya üzv olmaq tələbi ilə çıxış etdiyi Bosniya və Herseqovina? Əvəzində Serbiya dəvətlilər sırasındadır. Sammitə dəvət prinsipi bir məşhur lətifəni xatırladır: «Şirkətin bütün əməkdaşlarının şəxsi işlərini mənə gətirin! İndi onların arasından 10 şəxsi işi seçin və həmin əməkdaşları işdən qovun!» - «Niyə, cənab?» - «Bəxtsiz insanları sevmirəm!»

Eyni uğurla dünya xəritəsinin üzərinə noxud və ya lobya da səpmək olardı.

 

Gəldilər, danışdılar, dağılışdılar?

Hələ jurnalist karyeramın əvvəllərində yaşlı həmkarlarımdan bir fikir eşitmişdim: «Müsahibənin marağı onun kimdən götürülməsində yox, nə haqda olmasındadır. Birinci halda müsahibədə 99% şablon suallar və əvvəldən məlum olan cavablar yer alacaq. Ən maraqlı müsahibə konkret mövzuya həsr olunan müsahibələrdir».

Peşəkar jurnalistikaya aid bu fikri beynəlxalq siyasətə aid etmək risklidir. Lakin bir şey aydındır ki, ciddi nəticələr ancaq konkret gündəliyi olan görüşlərdən gözlənilə bilər. Bunun üçün görüş iştirakçıları da nəzəri baxımdan da olsa, görüşün mövzusu ətrafında razılığa gələ biləcək iştirakçılar olmalıdır. Əks təqdirdə, baş verənlər «Qayd-parkı» xatırladacaq və ya sammit yekun sənəd qəbul etsə də, o, yalnız arzu və diləklərlə dolu (məsələn, «yaşıl enerjinin inkişafının vacibliyi») «niyyət protokolu»na bənzəyəcək.  İstənilən halda, naməlum meyarlar üzrə seçim əsl qalmaqal yaradıb.

 

Demokratiya ixracının çatışmazlıqları

ABŞ-ın dövlət katibi postunu bu yaxınlarda tutmuş Entoni Blinkenin çoxlarının proqram çıxışı kimi qiymətləndirdiyi çıxışında səsləndirdiyi gözlənilməz bəyanat hər kəsin yadındadır: «Biz demokratiyanı bahalı hərbi müdaxilələr və ya avtoritar rejimləri güc yolu ilə devirməklə yaymayacağıq. Keçmişdə buna çalışmışıq, lakin bu yol özünü doğrultmayıb. Niyyət nə qədər düzgün olsa da, işə yaramayıb. Bu yol «demokratiyanın yayılması» anlayışını ləkələyib və artıq Amerika xalqı buna inanmır. Biz fərqli davranacağıq».

Blinkenin bu sözlərindən sonra ABŞ-dan daha düşünülmüş, daha peşəkar xarici siyasət gözlənilirdi. Üstəlik, acınacaqlı Əfqanıstan nümunəsi də var. Lakin «Demokratiya uğrunda sammit»ə hazırlığın başlaması ilə ən pis qorxular doğrulmağa başlayıb. ABŞ demokratiya ixracı təcrübəsindən imtina etməyi düşünmür, amma eyni zamanda bunun üçün işlək, təhlükəsiz forma tapa bilmir.

Demək, bu, çətin ki, son qalmaqal olsun.



MƏSLƏHƏT GÖR:

158