25 Noyabr 2024

Bazar ertəsi, 00:26

FANTOMAS QIZIŞIR

Daşaltıda terror aktı, yaxud Ermənistan terrorçu yuvasına necə çevrilib?

Müəllif:

01.12.2021

Rusiyanın Dağlıq Qarabağda sülhməramlı əməliyyatlara başladığı ən ilk anlarda əksər ekspertlər burada ən vacib, ən zərif və həssas məsələnin yollar olduğunu deyirdilər. Qarabağ dağlıq-meşəlik ərazidir. Orada yol azdır və bu yollardan həm ermənilər, həm də azərbaycanlılar istifadə edir. Sülhməramlı qüvvələrin məsuliyyət zonasının başladığı əsas yollarda isə birgə postlar quraşdırılıb.

Belə postlardan biri – Daşaltı kəndində yerləşən post bu günlərdə terror hədəfinə çevrilib. Noyabrın 13-də 1975-ci il təvəllüdlü Norayr Mirzoyan adlı bir erməni Xankəndi-Laçın yolu üzərində, Daşaltı kəndində yerləşən nəzarət-buraxılış məntəqəsində xidmət aparan azərbaycanlı və rusiyalı hərbçilərə qumbara atıb. Nəticədə, 3 nəfər, o cümlədən azərbaycanlı hərbçi, çavuş Hafiz Nəsibov yaralanıb. Qumbaranı atmış şəxs rusiyalı sülhməramlılar tərəfindən saxlanılıb.

Hələlik Norayr Mirzoyanın bu əməli təkbaşına törədib-törətmədiyi dəqiq məlum deyil. Üstəlik, Ermənistanın kapitulyasiyasının ildönümü ərəfəsində regionda vəziyyət onsuz da xeyli gərginləşib. Söhbət heç də Ermənistanda getdikcə qızışan mitinqlərdən getmir. Noyabrın 8-də erməni tərəfi qəflətən böyük səs-küy salmağa başlamışdılar: azərbaycanlılar Şuşa şəhəri yaxınlığında su xətti çəkən mülki insanları atəşə tutub!

Bakının iddialara cavabı dərhal gəlib. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, «bu, Ermənistan tərəfinin növbəti təxribatının nəticəsidir. Belə ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən, bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməyib və fəaliyyət prosesində onların iştirakı olmayıb. Bu isə əlbəttə, ciddi suallar doğurur. Həmçinin, sözügedən tarixdə Azərbaycan Respublikası Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirdi və məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır».

 

Terrorçular qəhrəman ranqına qaldırılarsa

Belə bir yaxşı fikir var ki, sistemi yanlışlıq yox, ona verilən reaksiya xarakterizə edir. Ermənistanda ictimai rəyin Daşaltıda törədilmiş terror aktına reaksiyası bu fikri bir daha təsdiqləyir. Hadisədən dərhal sonra Norayr Mirzoyan sosial şəbəkələrdə və «Telegram» kanallarında qəhrəman elan olunub. Artıq o, sivil dünyanın terrorçu kimi tanıdığı digər belə «qəhrəman»larla eyni cərgəyə qoyulur.

Sözlərimizin əsassız görünməməsi üçün ermənilər arasında populyar olan, Xankəndidəki erməni separatçılarının rəhbərliyinə yaxın «Telegram» kanallarından birində edilmiş paylaşımlardan bəzilərini nəzərinizə çatdıraq: «Bəli, bir xalqın Teyleryanı və onun lissabonlu yoldaşları varsa, hansısa yeni davranış modelini qəbul etmək çətindir. Lakin «güzəştlər»in sayını nəzərə alsaq, bu gün Norayr Mirzoyan bizə alternativ ssenari təqdim edib. O, hazırda ermənilərdən heç kimin gözləmədiyini edib»; «Norayr kimi insanlar bizim üçün sağlam nümunə ola bilər. Əlbəttə ki, əgər biz hələ də səbir etməyi deyil, özümüzə məxsus olanı geri qaytarmağı istəyiriksə».

«Lissabonlu beşlik» dedikdə, söhbət 1983-cü il iyulun 27-də Türkiyənin Portuqaliyadakı səfirliyinə hücum zamanı ölmüş 5 erməni terrorçudan gedir. Ermənilər arasında onlar az qala müqəddəs şəhid sayılırlar. Solomon Teyleryan isə 1921-ci il martın 15-də Berlində vaxtilə gənc türklər hökumətində daxili işlər naziri işləmiş Tələt Paşanı güllələyib.

Daha bir «parlaq» nümunə kimi, məşhur terrorçu, Qərbi Avropadakı «ASALA inqilabi hərəkatı» qruplaşmasının lideri olmuş Monte Melkonyanı göstərmək olar. O, hələ 1985-ci ildə Fransada 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 1990-cı ildə azadlığa çıxdıqdan sonra Ermənistana qayıdaraq terrorçuluq fəaliyyətini davam etdirən Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terrorçularına başçılıq edib. Nəticədə, 1993-cü ildə Dağlıq Qarabağda öldürülüb. Onun İrəvanda keçirilən dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti iştirak edib. Ermənistan Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə ölkədə milli qəhrəman elan olunmuş bu beynəlxalq terrorçunun adı verilib.

Bütün sadalananlar Ermənistanda terror kultunun hansı səviyyəyə çatdığını göstərir. Ekspertlər isə xatırladır ki, söhbət heç də yalnız sosial şəbəkələrdən və orada paylaşılan fikirlərdən getmir. Ermənistan, həqiqətən, əsl terrorçu yuvasına çevrilir.

 

«Kadrlar hər şeyi həll edir»

Daşaltıda törədilmiş terror aktından 2 həftədən də az müddət əvvəl Ambik Sasunyan daimi yaşamaq üçün Ermənistana gəlib. Bu, 1982-ci il yanvarın 28-də Los-Ancelesdə işıqforun qırmızı işığında dayanmış türkiyəli diplomat Kamal Arikanı güllələmiş şəxsdir. O zaman ABŞ məhkəməsi bu cinayətinə görə Sasunyanı ömürlük azadlıqdan məhrum etmiş, hətta onun apelyasiya vermək hüququ tanınmamışdı. Sonradan məhkəmə Sasunyanın əfv istəyini iki dəfə – 2006 və 2010-cu illərdə rədd edə etmişdi. Lakin sonradan Amerika «Femida»sı fikrini dəyişib və 2019-cu il dekabrın 27-də Kaliforniya ştatının əfv komissiyası bu şəxsin vaxtından əvvəl azadlığa buraxılması istəyini müsbət cavablandırıb. Doğrudur, ştatın qubernatoru Qevin Nyusom əfv istəyini rədd edib, lakin Los-Anceles dairəsinin Ali Məhkəməsi 2021-ci il fevralın 24-də qubernatorun qərarının əksinə hökm çıxararaq, türkiyəli diplomatın qatilini sərbəst buraxıb. Bundan dərhal sonra Sasunya Ermənistana gəlib və burada… qəhrəman kimi qarşılanıb.

Amma Sasunyan yeganə belə presedent deyil. 1983-cü ilin iyulunda Fransada «Türk Hava Yolları»na məxsus təyyarəyə bomba quraşdırmağa cəhd etmiş Varujan Karapetyan Ermənistana çoxdan qayıdıb. Xatırladaq ki, o vaxt reysi təxirə salmışdılar, lakin bomba «Orli» sərnişin aeroportunda işə düşmüş və 8 nəfərin həyatına son qoymuşdu…

Döyüş təcrübəsinə malik erməni terrorçuların Ermənistana toplaşmağa başladığını Fransa mətbuatı hələ 1980-ci illərin sonlarında yazırdı. Amma onların yerli «məsləkdaş»ları da az deyil – elə həmin Norayr Mirzoyandan tutmuş, Ermənistan parlamentində 1999-cu il oktyabrın 27-də qətliam törətmiş, Nairi Unanyanın başçılıq etdiyi «beşlik» kimi. Bu yerdə «Sasna srar» partiyasının silahlı qruplaşmasının 2016-cı ilin yayında İrəvanda törətdiyi terror aktı da yada düşür – o zaman silahlı dəstə polis bazasını ələ keçirmişdi. Bu hadisə göstərmişdi ki, Ermənistanın güc strukturları belə, terrorçular qarşısında acizdir.

Bu gün bir çox ekspert haqlı olaraq əmindir ki, Ermənistanda terror müharibəsinə başlanılması üçün bütün şərait var.

 

Terror qisası

Erməni siyasi terroru XIX-XX əsrlərdə yaranıb. 70-80-ci illərdə erməni terroru dalğası pik həddə çatıb. Həmin illərdə 40-dan artıq türk diplomat bu terrorun qurbanı olub. Açıq mənbələrdə ən miqyaslı erməni terrorları ilə bağlı kifayət qədər məlumat var. Erməni terrorçuların özlərini «erməni soyqırımı»na görə «qisasçı» elan etmələrinə, onların Avropadan olan radikal solçu qruplaşmalarla, o cümlədən RAF ilə, hətta radikal islamçılarla fəal əməkdaşlığına dair də çoxsaylı məlumatlara rast gəlmək mümkündür.

XX əsrin 80-90-cı illərində artıq Qarabağ münaqişəsi fonunda Azərbaycan da erməni terroru ilə qarşı-qarşıya qalmışdı. Avtobuslarda, qatarlarda, Bakı metrosunda törədilmiş partlayışları sadalamaqla bitməz.

Erməni terrorundan tez-tez müharibə surroqatı kimi istifadə olunub və bu gün də olunur. Bəs, məğlubiyyətlə bitmiş müharibənin revanşı kimi?

Erməni terrorçular bu gün kimdən qisas alacaq? Mümkün hədəflər arasında yalnız Azərbaycanla Türkiyə yox, məsələn, Rusiya da ola bilər. 1977-ci ildə Stepan Zatikyanın başçılıq etdiyi erməni terrorçuların Moskva metrosunda törətdikləri partlayışlar hər kəsə məlumdur.

Məlumatlı mənbələr xatırladır ki, bu gün Ermənistan ictimaiyyətində yeni antirusiya əhvalı dalğası yaşanmaqdadır. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan «Komsomolskaya pravda» qəzetinin müxbiri ilə söhbətində bildirib ki, «erməni ictimaiyyəti Rusiyanın Qarabağı satdığını düşünür!» İrəvanda Rusiya əleyhinə keçirilən mitinqlərə isə «Milli-demokratik qütb» - keçmiş «Sasna srer» rəhbərlik edir.

Terrorçunun «sabiq»i olmur.



MƏSLƏHƏT GÖR:

160