Müəllif: Valentina REZNİKOVA
Bakıdakı Rus Evinin təşəbbüsü ilə Azərbaycan və Rusiyanın görkəmli təsviri incəsənət xadimi, SSRİ xalq rəssamı Tahir Salahovun xatirə gecəsi keçirilib. Tahir Salahovun doğum günrü – noyabrın 29-da onun Ev-Muzeyindəki bu kiçik rahat otağa tanınmış azərbaycanlının pərəstişkarları, sağlığında ustadı tanımaq və onunla görüşmək qismət olanlar toplaşıblar. Ruhu başqa dünyaların axtarışına çıxmasaydı, həmin gün onun 93 yaşı olacaqdı.
Sülh adamı
Tədbirin ana xətti belə idi: incəsənətin sərhədi yoxdur, millətlər və dinlər arasında heç bir ayırıcı cizgi yoxdur. Sülhə, qarşılıqlı anlaşmaya, ortaq qeyri-maddi dəyərlərin, ortaq mədəniyyətin qorunmasına təşəbbüs və təkid var. Sülh insanı Tahir Salahovun tərcümeyi-halı, həyat və yaradıcılığı bunun təsdiqidir.
Gecəni Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri İqor Yeronin açıb. O, Tahir Salahov haqqında yaradıcılığı Rusiya və Azərbaycanı təkcə təsviri incəsənət sahəsində deyil, həm də ölkələrimizi özünün mənəvi irsi ilə birləşdirən bir şəxsiyyət kimi hərarətlə danışdı. Müşavir bunun təsdiqi kimi Tahir Salahovun kətan və xalça üzərində yerinə yetirilmiş portretlərinə istinad edib. Çıxış edən çox sayda insan rəssamın yaradıcılığı və özü ilə bağlı xatirələrini bölüşməklə yanaşı, sanki onun qət etdiyi yolun məna və önəmini bir daha dərk etdilər - sülh insanı, böyük azərbaycanlı Tahir Teymur oğlu Salahovun yolunu.
Və çox böyük sevinclə belə nəticəyə gəldilər: onun yaradıcılığı - keçmiş, indiki və gələcək dünyaları birləşdirən bir bağdır; bu bağ onun müxtəlif mədəniyyətlərin və millətlərin nümayəndələri ilə dialoqa girən əsərlərini dünyanın ən yaxşı muzeylərində yerləşdirən ölkələri və qitələri birləşdirir, Rəsmin dili hamı tərəfindən başa düşülür və hər kəs üçün əlçatandır, tərcüməyə ehtiyac duymur. Beləcə, Azərbaycanın multikultural dəyərlərinin daşıyıcısı, yerli bakılı Tahir Salahov tərcüməyə ehtiyacı olmayan dildə dünyaya doğma vətəni, xalqı haqqında danışaraq ölkəsinin carçısına çevrilib.
«50-60-cı illərin dahisi»
Rəssam - dünyanın yaradıcısıdır və burada vəyh varlığın ən yüksək gerçəkliyidir. Onun “sərt realizmi” isə bizim – XX-XXI əsrlərin adamlarının kim olmasının sənədli sübutudur. Nəticədə, məlum oldu ki, insanlar hər yerdə insandır. Əgər onun portret rəsmlərinin qəhrəmanlarının sifətlərinə diqqətlə baxsanız, o zaman tamamilə aydın bir fakt üzə çıxacaq: biz hamımız eyniyik. Üzdən deyil, daxilən. Bizi eyni problemlər narahat edir, eyni ehtiraslara, düşüncələrə, duyğulara tabeyik…
“Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin şöbə müdiri Dmitri Yeqorov tədbir iştirakçılarına xatırladıb ki, Tahir Salahovun yaradıcılığı təkcə Azərbaycana və Rusiyaya məxsus olmaqla qalmır. O, hər kəsə məxsusdur, çünki onun rəsmləri dünya muzeylərini bəzəyir və o, Zurab Seretelinin sözlərindən sitat gətirir: “...Dünya bir neçə nəsil üçün rəssamlar yetişdirmiş nəhəng bir rəssamı itirdi. Tahir Salahovun gedişi ilə 50-60-cı illərin dahilərinin möhtəşəm silsiləsi dünyanı tərk etdi”.
Və teatr…
Teatr-dekorasiya əsərləri o qədər çox olmasa da, amma o qədər ifadəli və heyrətamiz dərəcədə qeyri-adidirlər ki, onları monumental rəsmlərlə eyniləşdirmək olar. Bu barədə sənətşünas, Rəssamlıq Akademiyasının müəllimi Nərgiz Rzayeva danışıb, o, gecə iştirakçılarına rəssamın müəllif üslubunun özəlliklərindən ətraflı danışıb. Böyük Ustadın yaradıcılığında teatr-dekorasiya əsərləri ayrıca araşdırma tələb edən mövzudur. Onun ilk praktik təcrübəsi Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində V.Şekspirin pyesi əsasında hazırladığı “Antoni və Kleopatra” tamaşası (1964) olub. Sonra “Hamlet” (1968), C.Cabbarlının pyesi əsasında hazırlanmış “Aydın” (1972), “Koroğlu” operası (1973), “Babək” baleti (1985), “Kabinet əhvalatı” və s. olub. Uzun illər sonra, 2010-cu ildə o, F.Əmirovun "1001 gecə" baletinə Moskvanın "Kreml baleti" teatrının səhnəsində fantastik dekorasiya gözəlliyi yaradıb. Premyera 16 aprel 2010-cu ildə Moskvada baş tutub. Moskva tənqidçiləri, teatrın rəhbərliyi və çoxsaylı tamaşaçılar bu işin unikal olmasından danışıblar. Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin rəssamın yaradıcılığı haqqında xatirələrində bu barədə danışıb. Ustadın son əsəri Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın gəldi” romanı əsasında səhnələşdirilən tamaşanın eskizi olub (səhnələşdirmə V.Neverova məxsusdur, rejissor A.Şarovskidir), premyerası 2022-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrında gözlənilir.
Tahir Salahov haqqında “Dialoq” kitabının müəllifi Raya Abbasova onun təkcə Bakıdakı və Moskvadakı işlərindən deyil, həm də İtaliyada, Meksikada, ABŞ-da və dünyanın digər ölkələrində gördüyü yaradıcılıq işlərindən danışıb. O, həmyerlilərinin Frensis Bekonun, Rufino Tamayonun, Yanis Kunellisin və başqalarının əsərlərini görməsi üçün hər şey etmiş Ustadın mədəni-maarifçilik fəaliyyətinə xüsusi diqqət yetirib. Tahir Salahovun təşəbbüsü sayəsində Rusiya və Azərbaycan tamaşaçıları Amerika pop-artı və Avropa post-avanqardı ilə tanış olublar.
Ev
Rəssamın həmyerliləri üçün qayğısı həm də onda özünü göstərib ki, İçərişəhərdə İlyas Əfəndiyev küçəsi, 55 ünvanında yerləşən evini doğma şəhərə bağışlayıb.. Bu evdə onun uşaqlığı keçib, onun Rəssamlıq yolu başlayıb, orada onun emalatxanası olub və doğma sahilinə qayıdan bir quş kimi daima ora qayıdıb. İndi onun adını daşıyan ev-muzeydir Bakı sakinləri və şəhərin qonaqları üçün ev. Direktor Səadət Mirzəyevanın rəhbərlik etdiyi və Salahovların ailə dəyərlərini, milli qonaqpərvərlik ənənələrini qoruyub saxlayan ev hər bir qonağın üzünə daim açıqdır. Çünki təsviri incəsənət dilində ünsiyyətin özünəməxsus kod ismarıcları var və bildiyimiz kimi, onun tərcüməyə ehtiyacı yoxdur. Bu dil hamı üçün aydın və başa düşüləndir.
Xatirə gecəsində Niyazi adına Simfonik Orkestrinin simli kvartetinin ifasında AzTV yanında Səsyazma Evi tərəfindən yazılmış musiqi səslənib, həmçinin Vaqif Qurbanov (violonçel) və Nuridə Novruzova (piano), Ceyla Seyidova (skripka) və Zəhra Bədəlbəyli (piano) çıxış ediblər.
Divarları hələ də yiyəsini xatırlayan otaqda bir dəqiqəlik nurlu kədər çökdü. Amma sonra Yerə yağış olub tökülən bulud kimi yoxa çıxdı. Yer kürəsinə İnsan və Rəssam istedadı bəxş etmiş Tahir Teymur oğlu Salahov hər şeyi: yaradıcılığını, insanlara mehriban münasibətini, pedaqoji-maarifçilik fəaliyyətinin bəhrələrini və özünü insanlara miras qoydu. O getdi, amma ona, Rəssama və Şəxsiyyətə olan sevgi və isti münasibət qaldı. Nə qədər ki, qohumları, dostları, tələbələri, həmyerliləri onu xatırladıqca, qalacaq.
Onun izi soyumayıb və Yer kürəsini tərk etməyib. Böyük Rəssam və Böyük İnsan olmaq bacarığına görə Bakı sakini Tahir Salahov dəfələrlə müxtəlif ölkələrin mükafatları ilə təltif edilib: Qırmızı Əmək Bayrağı (1971), Oktyabr İnqilabı (1976), I dərəcəli Kiril və Mefodi (Bolqarıstan, 1979), Xalqlar Dostluğu (1981), Lenin (1989), II və III dərəcəli “Vətənə xidmətə görə” (2003, 1998), “Müstəqillik” (Azərbaycan, 1998), “Heydər Əliyev” (Azərbaycan, 2008), Fəxri Legion (Fransa, 2015) və s. ordenlərini alıb. Ədəbiyyat, incəsənət və memarlıq üzrə SSRİ Dövlət Mükafatı (1968), Ədəbiyyat və incəsənət üzrə Rusiya Federasiyasının Dövlət Mükafatı (2012) laureatıdır. Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə (2019) təltif olunub.
MƏSLƏHƏT GÖR: