Müəllif: İlahə MƏMMƏDLİ
Yeni ildən Azərbaycanda son illərin ən böyük vergi islahatı başlayacaq. Vergi qanunvericiliyinə edilən indiki dəyişikliklər həm fiskal güzəştlərin tətbiqini, o cümlədən ayrı-ayrı sahələr - nəşriyyat, avtomobil sənayesi, sahibkarlıq fəaliyyəti və s. üzrə vergilərdən azad edilməni, həm də əksinə, vergi yükünün və müxtəlif pozuntulara görə cərimələrin artırılmasını nəzərdə tutur.
Birlikdə minlərlə dəyişiklik
Dekabrın 3-də Azərbaycan parlamenti Vergi Məcəlləsinə (VK) dəyişikliklər zərfini üçüncü oxunuşda qəbul edib, dinləmələr zamanı sənədə bu qədər çox sayda dəyişikliklərin edilməsinə qarşı səslənən fikirlərə baxmayaraq, bu, baş tutub. Bununla bağlı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bunun əvəzinə yeni Vergi Məcəlləsi hazırlanmağı təklif edərək, indiki məcəllənin 20 il əvvəl fərqli iqtisadi inkişaf modeli ilə rəsmiləşdirildiyini vurğulayıb.
“Bu zaman, necə deyərlər, bu məcəllənin mürəkkəbi hələ qurumamış, ona əlavə və dəyişikliklər etməyə başlanıb, çünki burada kifayət qədər qeyri-müəyyənliklər var. Azərbaycanın Vergi Məcəlləsi edilən dəyişikliklərin həcminə görə Ginnesin Rekordlar Kitabına düşə bilər. Mən 2030-cu ilə qədər yeni Vergi Məcəlləsinin hazırlanmasını təklif edirəm”, - deyə deputat bildirib.
Deputat Vüqar Bayramov da yeni sənədin hazırlanmasının vacibliyini bildirib: “Məcəllənin özündən çox dəyişikliklər var. Biz daha uzun müddətə hesablanmış yeni Vergi Məcəlləsini hazırlamalıyıq və o, orta hesabla, on il sabit qalmalıdır”. O vurğulayıb ki, biznes üçün qanun və qaydaların uzun müddət dəyişməz qalması vacibdir.
Bununla belə, komitə sədri Tahir Mirkişili həmkarlarını sakitləşdirib və bildirib ki, onda olan məlumata görə, yeni məcəllənin yaradılması istiqamətində artıq işlər gedir.
Alkoqol, siqaret və maşınlar bahalaşır
İstənilən halda, hökumət ümid edir ki, Vergi Məcəlləsindəki yeni dəyişikliklərə 2022-ci ildə dövlət büdcəsinə əlavə olaraq 65 milyon manatdan gəlir gətirəcək.
Bu gəlirlər hansı vergilərin əsasında təmin edilməlidir?
Birincisi, içməli (etil) spirtinin, arağın, spirt qatılmış içkilərin və spirt qatılmış alkoqollu məhsulların, likör və likör-araq məhsullarının, konyak və konyak materiallarının hər litrinə görə istehsala tətbiq edilən aksiz vergisinin məbləği 3,2 manatdan 4 manata qaldırılıb.
İkincisi, ölkədə istehsal olunan siqaretlər və ya tütün əvəzediciləri üçün aksiz vergisinin dərəcəsi hər 1000 siqaret üçün 38,5 manata yüksəlib (hazırda 35 manatdır).
Bununla yanaşı, aksizli malların siyahısına tütün əvəzediciləri, birdəfəlik elektron siqaretlər, qəlyan və onların əvəzediciləri daxildir – uyğun olaraq, yeni ildən onlar da aksiz vergisinə cəlb olunacaqlar. Tütün əvəzedicilərinin hər kiloqramına görə 30 manat, birdəfəlik elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər vahidinə görə 0,25 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Üçüncüsü, respublikaya idxal olunan, mühərrikinin həcmi 3 min kub santimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan avtomobillərə tətbiq edilən aksiz vergilərinin dərəcəsi artırılıb. Bundan başqa, yaşı 7-dən yuxarı idxal olunan avtonəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.
Dördüncüsü, təkrar emala yararlı materialların qəbulu, kənd təsərrüfatı məhsullarının tədarükü və s. ilə məşğul olan, lakin vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslər üçün vergi dərəcəsi 2 faizdən 5 faizə yüksəldilib (xərclər çıxılmadan ümumi gəlirdən tutulur).
Bu yeniliklərin böyük sevinclə qarşılandığını söyləmək doğru olmaz - aydındır ki, onlar avtomatik olaraq bu malların bahalaşmasına səbəb olacaq və bu, həmişə ağrılı məsələdir. Maliyyə naziri Samir Şərifov bu gün Azərbaycanda tütün və alkoqolun rüsumlarının dünyanın digər ölkələri ilə müqayisədə aşağı olması tezisi ilə deputatların tənqidinə cavab verib. Avtomobillərə gəlincə, 2018-ci ildə 28,9 min, 2020-ci ildə isə 53 mindən çox avtomobil idxal edilib. 2021-ci ilin 9 ayında isə 63 min avtomobil idxal edilib.
“Onların 60 mini minik avtomobilləridir. Yəni avtomobil idxalında azalma yoxdur. Amma onların köhnə və ya yeni olması başqa sualdır”, - deyə nazir izah edib.
O, əcnəbilər üçün yaşayış icazəsi və xarici pasportla bağlı sənədlərə görə rüsumların artırılmasına da münasibət bildirib: “Elə rüsumlar var ki, 2007-ci ildən bəri baxılmır. Düşünürəm ki, onlar vaxtaşırı nəzərdən keçirilməlidir. Üstəlik, rüsumlardan dövlət büdcəsinə daxilolmalar artırsa, digər istiqamətdə azalma var”.
Nazir bunu deyəndə, vergi güzəştləri hesabına dövlət büdcəsinə daxilolmalarında yaranan vəsait kəsirini nəzərdə tutub. Belə ki, Maliyyə Nazirliyi Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində verilən güzəştləri 50 milyon manat məbləğində qiymətləndirir.
Vergi yumşalmaları
Güzəştlərdən söz düşmüşkən, ondan başlayaq ki, Azərbaycanda sənaye parklarının rezidentləri daha 5 il - 2026-cı il mayın 1-dək mal idxalı zamanı vergi və gömrük rüsumlarından azaddırlar.
Əhali üçün güzəştlərə gəlincə, burada, ilk növbədə, şəhid ailələrinin üzvlərinin, habelə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış, əlilliyi olan hərbi qulluqçuların 2022-ci ildən onlara verilən maddi yardım və müavinətlərə görə gəlir vergisindən azadolma paketini göstərmək lazımdır.
Tibbi xidmətlərlə bağlı şad xəbər var - gələn ildən onlar üçün ödənilmiş ƏDV-ni qaytarmaq mümkün olacaq. Geri qaytarıla bilən məbləğ bank köçürməsi ilə ödənilən ƏDV-nin 15%-dən və nağd şəkildə ödənilən ƏDV-nin 10%-dən ibarətdir.
Bundan başqa, səhiyyə sektorunda bahalaşma nəzərə alınmaqla ölkə daxilində müalicə üçün birdəfəlik verilən 10 000 manatadək məbləğdə, habelə xaricdə müalicə üçün birdəfəlik verilən 40 000 manatadək məbləğ də gəlir vergisindən azad edilib.
Avtomobillər mövzusuna qayıdaraq, qeyd etmək lazımdır ki, 2022-ci il yanvarın 1-dən üç il müddətinə mühərrikinin həcmi 2500 kub santimetrdən çox olmayan və yaşı 3 ildən çox olmayan hibrid avtomobillərin idxalına və satışına görə vergi ləğv ediləcək.. Həm idxalda, həm də daxili bazarda elektromobillər, ümumiyyətlə, ƏDV-yə cəlb edilməyəcək.
Amma eyni zamanda, neft və qaz məhsullarının, avtomobillərin, spirtli içkilərin və tütün məmulatlarının alınmasına görə ƏDV artıq geri qaytarılmır.
Ən çox güzəşt bu dəfə ƏDV ətrafındadır. Məsələn, gələn ildən Azərbaycana kitab və kağız idxalı ƏDV ödənişindən azad ediləcək. Güzəştlərin siyahısı uyğun orqan tərəfindən təsdiq edilir. Dərslik dəstlərinin, bu məhsulların istehsalı üçün kağız rulonlarının və vərəqlərin idxalından ƏDV tutulmayacaq. Bundan başqa, bütünlükdə, çap KİV-lərinin buraxılması və kitabların nəşri üzrə bütün redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azaddır. Ehtimal olunur ki, bu yumşalmalar ölkədə çap mediasının zəifləyən mövqelərinə müsbət təsir göstərəcək, hər halda, dünyada kağız nəşrlərə maraq yenidən bərpa olunmağa başlayıb.
Güzəştlər siyahısında Korporativ Sosial Məsuliyyət (KSM) çərçivəsində həyata keçirilən əməliyyatlar üzrə ölkənin bank sektoruna vergi güzəştləri də xüsusi diqqətəlayiqdir.
Bəllidir ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə bir sıra banklar KSM çərçivəsində şəhid ailələrinin üzvlərinin və xəsarət almış şəxslərin kredit borclarını siliblər. Bankların bu məqsədlərə yönəltdiyi vəsaitlər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək. Bu məqsədlə silinmiş əsas məbləğ üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid ediləcək.
Nağdsız əməliyyatlar genişlənir
İqtisadiyyatın rəqəmsallaşdırılması tədbirləri ilə bağlı olaraq hökumət ödənişlərin mütləq nağdsız formada gerçəkləşdirilməli olduğu sahələri genişləndirir. Belə ki, 2022-ci il yanvarın 1-dən pərakəndə ticarət şəbəkəsində ümumi dəyəri 4000 manatdan yuxarı olan malların, o cümlədən tibbi müəssisələrdə dəyəri 500 manatdan yuxarı olan xidmətlərin alqı-satqısı üzrə əməliyyatlar nağdsız qaydada həyata keçirilməlidir.
Bu, avtomobillərin alqı-satqısı üzrə əməliyyatlara da aid olacaq, ekspertlərin fikrincə, bu, ilk növbədə, əməliyyatların uçotunun aparılmasına və müvafiq olaraq vətəndaşlara qarşı dələduzluq hallarının qarşısının alınmasına yönəlib. Məsələn, çox vaxt avtomobillər ümumi etibarnamə ilə satılır və satıcı sonra maşını geri qaytarmağı tələb edə bilər (qanun buna icazə verir). Yaxud avtomobili guya tam işlək vəziyyətdə satırlar, sonra o, xarab olur. Bu zaman, aldadılan vətəndaşın iddia qaldırmaq üçün heç bir əsası, sövdələşmənin qanunvericiliyə uyğun aparıldığını sübut etmək imkanı yoxdur.
Ekspertlər hesab edirlər ki, əqdlərin bank köçürməsi yolu ilə həyata keçirilməsi avtomobil almaq istəyənlərə heç bir zərər gətirməyəcək. Bu, vətəndaşların özünü problemlərdən qorumaq, maraqlarını qorumaq üçün edilir. Həmçinin üstünlüklər kimi avtosalonların fəaliyyətinin təkmilləşdirilməsi və onların vergiyə tam cəlb edilməsi göstərilir.
Sanksiyalar
Güzəştlərlə yanaşı, sanksiyaların tətbiqi də nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, markalanması məcburi olan malların satış məqsədi ilə alınması və ya satışı üçün (pərakəndə satış istisna olmaqla) nağd qaydada ödənilməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslərə 1000 manatdan 1500 manatadək cərimə edilir.
Bundan başqa, vergi orqanından “Sadələşdirilmiş vergi və məcburi dövlət sosial sığorta haqqı üzrə sabit məbləğin ödənilməsinə dair qəbz” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə qarşı sanksiyalar artırılıb.
Gələn ildən sərtləşdirmələr yükdaşıma ilə məşğul olan şəxslərə də təsir edəcək. Onlar elektron qaimə-faktura rəsmiləşdirmədən rayonlardan paytaxta mal çatdıra bilməyəcəklər. Nəzarət necə həyata keçiriləcək? Məsələn, paytaxtın “Meyvəli” bazarının yaxınlığında vergi postları yaradılacaq, elektron yol-nəqliyyat qaiməsi və yol vərəqi olmayan kənd təsərrüfatı məhsullarının daşıyıcıları bazara buraxılmayacaq.
Bu dəyişikliklər məhsul təchizatçılarına aiddir, çünki malların böyük bir hissəsi uçotdan kənarda qalır. Bundan əlavə, nəqliyyat vasitəsi üçün fərqləndirmə nişanı almamış mal sahibləri və ya sürücülər elektron sənədləri rəsmiləşdirə bilməyəcəklər. Eyni zamanda bu yenilik öz təsərrüfatlarında yetişdirdikləri məhsulları şəxsi istehlak və ya satış məqsədilə Bakıya gətirən rayon sakinlərinə şamil edilməyəcək.
Ekspertlərin fikrincə, burada söhbət fermerlərdən mal alaraq onları bazarlara və ya kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinə çatdıran yükdaşıyıcıların vergi uçotuna alınmasından gedir. Vergi orqanının bu proseslərdən xəbərdar olması və operativ vergi nəzarətini həyata keçirə bilməsi üçün həmin malların daşınması ilə bağlı əməliyyatlar elektronlaşdırılır.
Bir sözlə, fiskal sahədə yeniliklər iqtisadiyyatın, demək olar ki, bütün sahələrinə təsir edəcək. Amma onların effektiv olub-olmaması barədə gələn ilin birinci rübü üçün büdcə yığımlarının nəticələri əsasında qiymət vermək olacaq.
MƏSLƏHƏT GÖR: