23 Noyabr 2024

Şənbə, 07:20

İŞIQFOR, YOXSA «PLANLI NİKAH»?

Almaniyada son 70 ildə ilk dəfə hökumətdə üç partiya təmsil olunur

Müəllif:

15.12.2021

Almaniyanın proqramları bir-birinə o qədər də yaxın olmayan partiyalardan qurulmuş yeni koalision hökuməti əmin edir ki, ittifaq ölkəni müasirləşdirmək, eyni zamanda sabitliyi qoruyub saxlamaq kimi qəti əzmə əsaslanır.

Sabitlik dedikdə, əlbəttə ki, Almaniyaya son 16 ildə rəhbərlik etmiş kansler Angela Merkelin siyasətinin davam etdirilməsi nəzərdə tutulur. Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) qələbəsində həlledici rolu da partiyanın rəhbəri Olaf Şoltsun son 3 ildə vitse-kansler kimi, Angela Merkellə birlikdə işləməsi oynayıb. Seçicilərin fikrincə, Şolts işinin öhdəsindən pis gəlməyib və onun Merkelin varisi olmaq haqqı xristian-demokratların (XDİ) yeni lideri Armin Laşetdən daha çoxdur.

 

Durğunluğun antiböhran meneceri

Almaniya və ümumilikdə Avropanın tarixində yeni başa çatmış «Merkel dövrü» ilə bağlı hərtərəfli araşdırmalar hələ qarşıdadır. Hələliksə, «CNBC»nin yazdığı kimi, Avropanın ən nəhəng və ən uğurlu inkişaf edən iqtisadiyyatının 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində «Avropanın xəstə sakini» olduğuna inanmaq çətindir. Avropa İttifaqının Statistika Xidmətinin məlumatına görə, artıq 2019-cu ildə Aİ-nin ümumdaxili məhsulunun dörddə biri (24,7%) Almaniya istehsalının payına düşürdü. Merkelin ixracyönümlü iqtisadiyyata üstünlük verən hökumətinin dövründə Almaniya iqtisadiyyatı davamlı inkişaf edərək, əsas rəqibləri olan Böyük Britaniya ilə Fransanı xeyli üstələyib. 2005-ci ildən (Merkelin hakimiyyətə gəldiyi il) 2020-ci ilədək (COVID-19 pandemiyasınadək) Almaniya ÜDM-i 2,3 trilyon avrodan 3,3 trilyon avroya çatıb. Eyni dövrdə ölkədə işsizlik səviyyəsi 11,1%-dən 3,8%-ə düşüb.

Merkel «antiböhran meneceri» adını yalnız Almaniyada yox, bütünlükdə Avropada qazanmışdı. Üzv dövlətlər arasında Aİ-ni çalxalayan fikir ayrılıqlarının sayı-hesabı olmayıb – fiskal və iqtisadi siyasətdən tutmuş, emiqrasiya, qanunun aliliyi və «Brexit»ə qədər.

«Merkel kompromislər maşını idi», - deyə Lüksemburqun baş naziri Ksavye Bettel bu yaxınlarda bildirmişdi. Bettelin sözlərinə görə, danışıqlar hər dəfə «dalana dirəndikdə» Merkel «irəli getmək üçün mütləq bizi birləşdirən nələrisə tapırdı».

Bu fikirlərin nə qədər doğru olduğunu təsdiqləyən ən son nümunə kimi, Aİ-nin 2020-ci ilin iyulunda keçirilmiş sammitini göstərmək olar. O zaman qurumun koronavirusdan əziyyət çəkən Avropa iqtisadiyyatını bərpa etmək üçün nəzərdə tutulmuş büdcəsinin indiyədək görünməmiş həcmdə (1,8 trilyon avro) təsdiqlənməsinə məhz Merkelin fəal iştirakı ilə nail olunmuşdu.

Amma görünür, onun idarəçiliyi dövründə heç də hər şey ideal olmayıb. Belə olmasaydı, yeni hökumətin «uzun illər davam etmiş durğunluqdan sonra daha ciddi inkişafa nail olmaq» hədəfini elan etməsinə nə ehtiyac var idi?

Bir tərəfdən bu illər ərzində inflyasiyanın praktik olaraq sıfıra bərabər olması, işsizliyin davamlı olaraq azalması yaxşı idarə olunan iqtisadiyyatın göstəricisidir. Lakin iqtisadçılar bildirir ki, Almaniyanın böyük müsbət ticarət saldosuna malik olduğu nəzərə alınarsa, ÜDM-in artımı gözləniləndən xeyli az olub. Başqa sözlə, Almaniya istehlak və investisiyaların stimullaşdırılmasına daha ciddi məbləğ xərcləyə bilərmiş.

Lakin Merkelin Almaniyası «schuldenbremse» («borc əyləci») kimi tanınan balanslı büdcə qaydasına hər zaman sadiq qalıb. Bu siyasət Almaniya federal hökumətinə və torpaqların hökumətlərinə büdcə kəsirinə yol verməyi qadağan edirdi. Ticari balansdakı nəhəng müsbət saldoya baxmayaraq, onilliklər ərzində Almaniyanın əsas kapitalına dövlət və özəl investisiyaların həcmi davamlı olaraq azalıb (ÜDM-ə nisbətdə). Nəticədə, investisiya çatışmazlığı Almaniya iqtisadiyyatı üçün təzyiqə çevrilməyə başlayıb. İnkişaf göstəricilərinin zəifliyi də bunun nəticəsidir. Məsələn, 2019-cu ilin son rübündə Almaniyada iqtisadi inkişaf 0% olub. Beləliklə, Merkelin idarəçiliyi dövründə ciddi maliyyə ehtiyatlılığı və nəhəng ticarət profisiti olsa da, əksər iqtisadçıların fikrincə, bu dövrə tarixi nailiyyətlər dövrü kimi baxmaq olmaz. Onlar hesab edirlər ki, bu, əslində, uzun bir durğunluq dövrüdür.

Həqiqətən də, ölkənin səhiyyə orqanlarının hələ də… faks vasitəsi ilə əlaqə saxlamasını texniki geridəqalmışlıqdan başqa necə xarakterizə etmək olar? Bu şok xəbər pandemiyanın ilk günlərində üzə çıxıb. Bundan başqa, Avropada mobil rabitə və internetlə bağlı vəziyyətin ən pis olduğu ölkələrdən biri Almaniyadır.

 

İşıqfor

Almaniyanın yeni hökuməti koalisiyada yer alan partiyaların ənənəvi rənglərinə görə «İşıqfor koalisiyası» adlandırılır: sosial-demokratlar (ASDP) qırmızı, azad demokratlar (AzDP) sarı, və yaşıllar («İttifaq-90»).

Maraqlıdır ki, bu üç partiyanın Almaniyanın idarə oluması ilə bağlı baxışları və siyasi mövqeləri çox fərqlidir. Onların koalisiya yaratmaq haqda razılığa gələ bilməsini çoxları möcüzə sayır. Tərəflər kompromisə bir neçə ay davam etmiş intensiv danışıqlardan sonra gəliblər. Məsələn, qarşılıqlı kompromislər sayəsində koalision hökumət ASDP-nin 1 saata görə minimal əməkhaqqının 9,6 avrodan 12 avroya qaldırılması istəyini qəbul edib. «Yaşıllar»ın istəyi ilə kömürdən imtina daha tez – 2030-cu ilədək reallaşdırılmalıdır. AzDP lideri Kristian Lindner isə ölkədə əhəmiyyətinə görə üçüncü posta (kansler və müavinindən sonra) – maliyyə naziri vəzifəsinə yiyələnməklə, nəinki illik büdcəyə nəzarət edəcək, həm də partiyasının maliyyə məsələlərindəki mühafizəkar mövqeyini ortaya qoyacaq.

Almaniya hökuməti 15 nazir, kabinetin rəhbəri və onun müavinindən ibarətdir. Koalision hökumətdə portfellər partiyaların parlamentdəki mövqelərinə uyğun bölünüb. Beləliklə, sosial-demokratlar kansler vəzifəsi də daxil olmaqla 7 yer, «yaşıllar» vitse-kansler postu daxil olmaqla 6, AzDP isə 4 yer qazanıb.

Olaf Şoltsun seçkiqabağı çıxışlarında da vəd etdiyi kimi, Nazirlər Kabinetində Almaniya tarixində ilk dəfə gender bərabərliyi də təmin olunub – yeni hökumətdə eyni sayda kişi və qadın nazirlər var. Bu, o deməkdir ki, ölkədə bəzi nazirliklərə ilk dəfə qadınlar başçılıq edəcək: daxili işlər naziri postunu sosial-demokrat Nensi Fezer, xarici işlər naziri vəzifəsini isə «yaşıllar»ın həmsədri Annalena Berbok tutub. Bundan başqa, ilk dəfə federal nazir postu etnik türkə həvalə edilib – kənd təsərrüfatı ilə «yaşıllar»ın nümayəndəsi Cem Özdəmir məşğul olacaq.

 

Yeni «Marşal planı»

Yeni hökumət üçün ən vacib iki problem pandemiyadan sonra iqtisadiyyatın bərpası və atmosferə karbon qazı tullantılarının həcmində 0 həddinə nail olunmasıdır. Nəzərə alsaq ki, ekoloji öhdəliklərin yerinə yetirilməsi iqtisadi inkişafı stimullaşdırmayacaq, hədəflər kifayət qədər çətindir. Populist bəyanatlar verən siyasətçilər bunu anlamaya bilməz.

Dünya dövlətləri 2019-cu ildə BMT Baş Assambleyasında 2050-ci ilədək atmosferə zəhərli qazların buraxılmasına tam son qoyulması haqda razılığa gəliblər. Merkel bu il verdiyi açıqlamada ölkəsinin buna 2045-ci ilədək nail olacağını demişdi. «Yaşıllar»ın təzyiqi ilə yeni hökumət kömürdən istifadəyə 2030-cu ilədək son qoymaq, nüvə enerjisindən isə daha əvvəl – 2022-ci ilədək imtina öhdəliyi götürüb.

Şolt hökuməti kömür və atom enerjisindən belə tələsik imtina qərarı qarşısında iqtisadiyyatı sığortalamaq üçün bərpa olunan enerji mənbələrinin sürətli inkişafı ilə yanaşı, yaxın illərdə çoxsaylı yeni qaz elektrik stansiyalarının tikintisini də planlaşdırır. Bu niyyət nəhəng alman biznesi tərəfindən də böyük dəstək alıb. Məsələn, Almaniya Federal Sənaye Birliyi (BDI) hökumətə struktur yenidənqurması və investisiya proqramını təqdim edib. Sənəd 2030-cu ilədək 860 milyard avro – illik, təxminən, 100 milyard avro və ya illik ÜDM-in 2,5%-i qədər əlavə özəl və dövlət investisiyalarının yatırılmasını nəzərdə tutur. Ekspertlərin sözlərinə görə, söhbət Almaniyada postmüharibə tarixinin ən nəhəng transformasiyasından gedir. Onu miqyasına görə 1948-1951-ci illərin Marşal planı və ölkənin birləşməsindən sonra keçmiş ADR-ə 1990-2003-cü illərdə göstərilmiş iqtisadi dəstəklə müqayisə edirlər.

Üç hakim partiya ölkənin immiqrasiya siyasətinə də tamamilə yenidən baxılmasını istəyir. Hədəf immiqrasiyanın təşviqi, Almaniyada sığınacaq axtaran insanların hüquqlarının artırılması, əcnəbilərin vətəndaşlıq alması prosedurunun yüngülləşdirilməsidir. Bununla yanaşı, hökumət sığınacaq ala bilməyən immiqrantların deportasiyasının daha fəal şəkildə həyata keçirilməsini vacib sayır.

 

Çin və Rusiyanın əleyhinə, Cənubi Qafqazın isə lehinə

Koalision hökumətə daxil olmuş partiyaların seçkiqabağı ritorikasından belə məlum olurdu ki, onlar xarici siyasətlə müqayisədə, daxildə baş verənlərə daha çox diqqət ayırırlar.

Bununla yanaşı, Berlinin Fransa ilə münasibətləri indi «daha möhkəm» olacaq. Ümumiyyətlə, Almaniyanın yeni hökuməti «avropapərəst» siyasət yürütmək niyyətindədir. Hər halda, ASDP-nin sabiq lideri Martin Şults belə düşünür. Berlinin yeni hökumət dövründə Çin və Rusiyaya təzyiqləri artırmaq üçün Avropada inteqrasiya xəttinə üstünlük verəcəyi, eyni zamanda ABŞ ilə yaxınlaşacağı da gözlənilir.

Doğrudur, yeni xarici işlər naziri Annalena Berbok hələ Çin və Rusiya ilə münasibətlərə dair strategiya müəyyənləşdirməlidir. Lakin artıq məlumdur ki, bu strategiya insan haqları və söz azadlığı kimi dəyərlərlə müqayisədə iqtisadi maraqlara daha çox üstünlük verən Merkelin siyasətindən fərqlənəcək. Bu, koalisiya üzvlərinin həmrəy mövqeyidir. Onlar əvvəlki hökuməti Çinlə investisiya razılaşmasına və Rusiyanın «Şimal axını-2» qaz kəməri layihəsinə dəstəyinə görə tənqid edirdilər.

Bundan başqa, Almaniya Xarici Siyasət Cəmiyyətinin Rusiya üzrə eksperti Sara Paqunqun fikrincə, hökumətdə Berbokun təmsil etdiyi «yaşıllar» diqqəti daha çox Rusiyaya deyil, Şərqi Avropa ölkələrinə – Ukrayna və Moldovaya, həmçinin Cənubi Qafqaz respublikalarına yönəldəcək. Odur ki, prioritetlərin dəyişəcəyini, diqqətin Moskvadan çox başqa paytaxtlara yönələcəyini gözləmək olar.

 

«Merkelizm» aktual deyil

Avropa İttifaqı Şurası tərəfindən keçirilmiş son sorğunun nəticələri göstərir ki, Aİ vətəndaşları Almaniyaya etibarlı avropapərəst fövqəldövlət kimi yanaşırlar. Onlar bu ölkəyə böyük ümidlər bəsləyir və Almaniya rəhbərliyinə etibar edirlər. Merkelin idarəçiliyi qonşuların Almanyianın hökmranlığından narahatlığını azaldıb və indi avropalılar Berlinə birləşdirici qüvvə kimi baxmağa daha çox meyillidirlər.

Lakin Merkelin sərt qərarlardan qaçaraq kompromislər axtarmaq siyasəti artıq aktual deyil. İndi Avropanın üzləşdiyi əsas problemlərin çoxunu bu üsulla həll etmək mümkün deyil. Pandemiya ilə mübarizə, iqlim dəyişikliyi və artan geosiyasi rəqabət kosmetik dəyişikliklər yox, daha radikal qərarlar tələb edir.

Paradoksal səslənsə də, Berlin əksər avropalının gözləntilərini doğrultmaq üçün onlarda Almaniyaya inam yaratmış «Merkelizm» prinsiplərinə yenidən baxmalıdır.

Gələcəkdə Almaniyanın Avropanın ümumi xarici siyasətini müdafiə etməsi, Çin, Rusiya və ABŞ ilə ilk növbədə özünün deyil, Avropanın maraqları uğrunda əməkdaşlıq etdiyini göstərməsi daha vacib olacaq – Merkel dövründə bu, belə deyildi.



MƏSLƏHƏT GÖR:

159