Müəllif: Kənan RÖVŞƏNOĞLU
Noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada İranla beynəlxalq nüvə danışıqlarının 7-ci raundu başlayıb. Ancaq əvvəldən də gözlənildiyi kimi, danışıqların noyabrın sonu dekabrın əvvəlində keçirilən birinci mərhələsi nəticəsiz başa çatıb.
Qeyd edək ki, 2018-ci ildə ABŞ-ın ozamankı prezidenti Donald Tramp İranla “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya – K.R.) arasında 2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) müqaviləsindən çıxıb. Bundan sonra Tehran cavab addımı olaraq nüvə sazişindəki öhdəliklərin bəzisindən çəkilib. Vaşinqton isə Tehrana qarşı daha əvvəl ləğv olunan sanksiyaları yenidən bərpa edib, üstəlik, yeni sanksiya qərarları qəbul edib.
Ancaq prezident Co Bayden İranla nüvə sazişinin yenidən işləməsi üçün təşəbbüs irəli sürüb. Bundan əvvəl keçirilən 6 raund eks-prezident Həsən Ruhani zamanında baş tutub. İndi isə artıq İranın yeni prezidenti var və İbrahim Rəisi daha sərt baxışı ilə əvvəlki komandadan fərqlənir.
Lakin istənilən halda İranın hazırkı rəhbərliyi də bir şəkildə sanksiyaların götürülməsi, İranın dondurulmuş pullarının geri alınması və sərbəst bazar imkanlarından faydalanmaq istəyir. Çünki ölkədə vəziyyət, xüsusən də sosial-iqtisadi vəziyyət günü gündən pisləşir. Həsən Ruhaninin son günlərində 1 dollar 22 min tümən (220 min rial) olduğu halda hazırda İran qara bazarında dollar 33 min tümənə yüksəlib.
Rəsmi Tehran ABŞ-la anlaşmaq, sanksiyaların götürülməsi, 2015-ci il sazişinə geri dönməyi istəyir. Amma bunun üçün Tehranın öz şərtləri var. Əvvəla, İran sazişin 2015-ci il mətni üzərində bərpa olunmasını, əlavə şərtlərin qoyulmamasını istəyir. Eyni zamanda embarqo qərarlarının ləğv olunmasında israr edir. Və bütün bunlar üçün ilk addımın Vaşinqton tərəfindən atılmasını istəyir. Əlbəttə, ilk baxışdan sonuncu şərt bir qədər qəribə görünə bilər. Lakin İran rəhbərliyi üçün indi imic iqtisadi embarqo qərarlarından da mühümdür. Bu səbəbdən də, Tehran mövqeyində qəti olduğunu hər addımda büruzə verməyə çalışır.
Yeri gəlmişkən, dekabrın 6-da İran XİN sözçüsü Səid Xətibzadə bildirib ki, “nüvə sazişinin bərpası ilə bağlı danışıqlarda müvəqqəti və addım-addım razılaşmadan söhbət gedə bilməz”.
Sözçü qeyd edib ki, İran nüvə sazişini istəyir, ancaq mərhələli prosesə razı deyil. Yeri gəlmişkən, seçkilərdən dərhal sonra İran prezidenti İbrahim Rəisi bildirmişdi ki, onlar Vaşinqtonun embarqoları ləğv edəcəyi və sazişə geri dönəcəyini gözləyirlər. Başqa sözlə, Tehran Vaşinqtonun 2018-ci ildə çıxdığı nüvə sazişinə geri dönməsini və paralel olaraq sanksiyaları ləğv etməsini istəyir. Vaşinqton isə öz növbəsində Tehrandan addımlarına qarşı yumşalma və geri çəkilmə gözləyir. Nəzərə almaq lazımdır ki, Bayden administrasiyası barışığa nail olmaq üçün müəyyən addımlar atıb, yumşalmaya gedib. Lakin Tehran danışıqlarda əlini gücləndirmək və qarşı tərəfin yeni tələbləri ilə qarşılaşmamaq üçün məsələni konkret qoyaraq nüvə sazişindəki ilkin vəziyyətə dönməsini, digər mövzuların sonrakı danışıqların mövzusu olmasını istəyir. Ən əsası yeni sanksiyalar olmayacağına təminat istəyir.
İranın bu şəkildə davranışı isə Vaşinqtonu məyus edir. Amerikalılar 7-ci raunddan sonra Vaşinqtona dönərkən İranın yeni hökumətinin Vyana görüşünə konstruktiv təkliflərlə gəlmədiyini, Vyanaya həlledici mövzularda həll etmə yönündə olmadığını bildiriblər. Üstəlik, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatında da qeyd olunduğu kimi, danışıqlar ərəfəsində İranın uranın zənginləşdirilməsi prosesini sürətləndirməsi ABŞ tərəfində məyusluqla qarşılanıb.
Amma bütün bunlara rəğmən Vaşinqton administrasiyası İranla nüvə sazişini bərpa etməkdə qərarlı kimi görünür. Əks təqdirdə, danışıqların davam etdirilməsi qərarına gərək qalmazdı. Amma Vaşinqtondan fərqli olaraq bu prosesdən narazı olan qüvvələr var.
İsrail nəyin xəbərdarlığını edir?
Vaşinqtondan fərqli olaraq Təl-Əviv Vyana danışıqlarından o qədər də məmnun deyil. İsrail dövlət rəhbərliyi düşünür ki, İran danışıqlardan sui-istifadə edir. Baş nazir Naftali Bennet Vyana görüşünün 7-ci turu ərəfəsi bildirib ki, İran “nüvə şantajı” taktikasından istifadə etdiyini, buna görə də danışıqların dayandırılması çağırışı edib.
Hələ noyabrın əvvəlində İsrail baş naziri bildirib ki, İranın Fordo nüvə stansiyasında uran artıq 20 faiz səviyyəsində zənginləşdirilib. O müzakirələrdə iştirak edən ölkələr müraciət edərək İranın həm müzakirə aparıb, həm də uran zənginləşdirməsini yolverilməz olduğunu Tehranın diqqətinə çatdırmasını tələb edib. Bennett deyib ki, İranın uran zənginləşdirilməsini sürətlə davam etdirməsinə qarşı “fərqli bir metod”dan istifadə üçün doğru zamandır. Sitat: “İran öhdəliklərdən yayınmanın cəzasını çəkməyə başlamalıdır. İran rejiminin məqsədi sanksiyaları ləğv etdirmək, terrorizm və nüvə sahəsində fəaliyyətlərini davam etmək və bu dəfə milyardlarla dollarla daha da güclənmək, bütün fəaliyyətlərini sürətləndirmək istəyir”.
Bu, əslində, yeni mövqe deyil. Hələ İsrailin keçmiş baş naziri Benyamin Netanyahu İsrailin İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bildirmişdi. “İsrail Baş naziri olaraq İranın İsraili yox etməyə yönəlmiş soyqırımı hədəfini reallaşdırması üçün nüvə silahı əldə etməsinə heç zaman imkan verməyəcəyik”, - deyə Netanyahu bu ilin aprelində ABŞ müdafiə naziri Lloyd Ostini qəbul edərkən bildirmişdi.
Bu ərəfədə isə Mossadın rəhbəri David Barnea bildirib ki, İran heç zaman nüvə silahına sahib ola bilməyəcək. O deyib ki, Mossad buna imkan verməyəcək.
Danışıqlar prosesinin çətinlikləri
Yeri gəlmişkən, Vyanada 7-ci tur görüşlərinin davam etdiyi bir vaxtda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İsrail və ABŞ mətbuatında İranda uranın 90% dərəcəsində zənginləşdirilməsi ilə bağlı xəbərlər əsassızdır. XİN rəhbəri əlavə edib ki, İsrail bu danışıqları və onun nəticələrini qəbul edə bilmir. Sitat: “Biz nüvə danışıqlarında sanksiyaların götürülməsi və İranın razılaşmadakı öhdəliklərilə bağlı iki layihəni təqdim etmişik və təqdim etdiklərimiz də nüvə sazişi çərçivəsindədir. Bizim nüvə sazişindən kənara çıxan tələblərimiz yoxdur”.
Tehran Çin və Rusiyanın danışıqlarla bağlı mövqeyini daha praqmatik sayır. Onun fikrincə, bu mövqe Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində çoxillik dialoqun davam etdirilməsinə imkan verir.
Eyni zamanda İran Almaniya, Böyük Britaniya və Fransanın mövqeyindən narazıdır və onu qeyri-konstruktiv sayır. Bu, daha çox həmin ölkələrin liderlərinin oktyabr bəyanatı ilə bağlıdır. Onlar Tehranın «təxribatçı addımlarını sürətləndirməsi»ndən, o cümlədən yüksək zənginləşdirilmiş uran istehsalından narahatlığını ifadə etmişdilər.
Tehran isə, öz növbəsində, «Avropa üçlüyünü» İranın təklif etdiyi layihələri lazımi şəkildə öyrənməyə və İranın təşəbbüslərinin Hərtərəfli Birgə Fəaliyyət Planına uyğun olub-olmadığını özləri üçün aydınlaşdırmağa dəvət edib. İranın xarici işlər naziri indiyədək danışıq iştirakçılarından heç bir konstruktiv və proqressiv təklif almadıqlarını deyib. O, bütün maraqlı tərəfləri Vyana danışıqlarında qarşılıqlı faydalı razılaşmanın əldə olunmasına dəstək verməyə çağırıb.
Oxşar mövqeni xarici işlər nazirinin müavini və Vyanada İran heyətinə rəhbərlik edən Əli Baqiri də bildirib. Onun sözlərinə görə, danışıqlar zamanı “uyğun şərait” yarandıqda müqavilənin imzalanmasına hər hansı mane görmürlər. Lakin aydın olur ki, İranın tələbləri, xüsusən də 7-ci raundun birinci hissəsində (29 noyabr-3 dekabr) razılaşdırılmış bəzi layihələrə yenidən əlavə və düzəlişlər etməsi qarşı tərəfi narazı salıb. Baqirinin açıqlamasından məlum olur ki, Tehran tam olaraq heç bir şərt olmadan 2015-ci il müqaviləsinə qayıtmağı və Vaşinqtonun sanksiyaları götürməsini tələb edir. Amma bu tələb Vaşinqtonu qane etmir.
Məhz, bu səbəbdən, İran nüvə razılaşması və sanksiyaların ləğvi haqda danışıqların yeddinci raundu dekabrın 9-dək dondurulub və avropalı iştirakçılar əlavə məsləhətləşmələr aparmaq üçün ölkələrinə qayıdıb.
Danışıqlar bərpa edildikdən sonra isə tərəflər Hərtərəfli Birgə Fəaliyyət Planının əlavə və dəyişiklik edilmədən icrasına qayıtmaq məqsədilə maksimum səylər göstərmək niyyətində olduqlarını təsdiqləyiblər. Toplantının sonunda intensiv əlaqələri davam etdirmək qərara alınıb.
Ardınca isə Ağ Evin sözçüsü Cen Psaki prezident Co Baydenin hökumətə diplomatik danışıqların nəticə vermədiyi təqdirdə, İrana qarşı digər variantların dəyərləndirilməsi barədə tapşırıq verdiyi haqda açıqlama yayıb. Sözçü deyib ki, əgər danışıqlar nəticə verməsə və İran uran saflaşdırılması prosesini davam etdirsə, o zaman İranın istehsal sahələrindən əldə etdiyi gəliri məhdudlaşdıracaq əlavə addımlar atılacaq.
Həmçinin ABŞ Dövlət Departamentinin İrana qarşı sanksiyaların icrasına nəzarət etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə heyət göndərəcəyi məlum olub. Məsələ ondadır ki, bu yaxınlarda BƏƏ ali milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Ziyad əl Nahyan İrana səfər edib və məlum olub ki, BƏƏ İran üzərindən yüklərin Avropaya daşınması ilə bağlı Tehranla razılaşır. Bu isə İran üçün yeni iqtisadi nəfəslik deməkdir. Vaşinqton isə razılaşmanın sanksiyalara uyğunluğu yoxlamaqla bir mənada Tehrana xəbərdarlıq edir. Başqa sözlə, Vaşinqton İran üçün bütün mümkün qapıları bağlamaqla Tehranı nüvə razılaşmasına imza atmağa vadar etməyə çalışır.
Baş verənlər göstərir ki, Tehranın indi çox geniş manevr imkanları qalmayıb. İran rəhbərliyi də bunu anlayır. Bu səbəbdən, danışıqların əsas hədəfi tərəflərin hər birinin daha çox güzəşt əldə etməsidir.
MƏSLƏHƏT GÖR: