Müəllif: Cahangir HÜSEYNOV
Son illərdə Avropa Birliyi ciddi sınaqlardan keçib. Əvvəlcə «Brexit» şoku, sonra qitə dövlətləri arasında az qala mübahisələrə yol açmış, ardınca isə onların büdcələrini boşaltmış koronavirus pandemiyası… Bütün bunların fonunda Rusiya və Çinlə münasibətlərdəki gərginlik Aİ-ni xarici siyasətini sərtləşdirmək məcburiyyətində qoya bilər. Halbuki o, adətən, iqtisadi maraqlar və insan haqları məsələləri arasında balansı qoruyub saxlamağa üstünlük verir.
Bu və digər problemlər Aİ üzvlərini bloka üzvlüyün hansı üstünlüklər verdiyinə, birliyin hansı istiqamətdə inkişaf etməli olduğuna dair daha intensiv dialoq aparmağa vadar edir.
Maraqlıdır ki, sorğular Fransanın Aİ-nin verdiyi əsas üstünlükləri digər ölkələrdən fərqli gördüyünü göstərir. Məsələn, fransızların 27%-i hesab edir ki, Aİ-nin ən vacib funksiyası üzvləri müharibə və münaqişələrdən qorumasıdır. Bu, üzv dövlətlər arasında ən yüksək analoji faizdir. Fransa əhalisinin yalnız 17%-i (ən aşağı göstərici) Aİ-yə üzvlüyün əsas üstünlüyü kimi, iqtisadi imkanları, o cümlədən vahid bazarı görür.
Bu fərqliliklər Fransa ilə avropalı tərəfdaşları arasında Aİ-nin rolu və hədəfləri ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu göstərir.
Bəs, bu amil Fransanın Avropa İttifaqı Şurasına sədrliyinə necə təsir göstərəcək? Qeyd edək ki, gələn il yanvarın 1-dən iyunun 30-dək quruma məhz Paris rəhbərlik edəcək. Üstəlik, nəzərə almaq lazımdır ki, 2022-ci ilin aprelində Fransanın özündə prezidentin taleyi həll olunacaq. Emmanuel Makron eyni vaxtda həm ölkəsindəki 70 milyon seçicinin, həm də Avropadakı 450 milyonluq əhalinin ehtiyaclarını ödəyə biləcəkmi?
Əsas avropapərəst
Makron Fransa prezidenti seçilər-seçilməz, Avropa siyasəti və islahatlarla bağlı davamlı bəyanatlar səsləndirməyə başlayıb. O, seçkiyə də qatı avropapərəst siyasətçi kimi qatılmışdı: 2017-ci ildəki seçki kampaniyası zamanı Makronun tərəfdarları milli bayraqlarla eyni dərəcədə Aİ bayraqlarını da dalğalandırırdı ki, bu da Avropanın digər ölkələrində nadir rast gəlinən haldır.
Bununla yanaşı, sorğular göstərir ki, avropalılar öz növbələrində, Makronun Fransasını birmənalı olaraq qitənin ən nüfuzlu 2 dövlətindən biri sayır – respondentlərin 93%-i məhz bu fikirdədir. Bu, Almaniya ilə təxminən eyni səviyyə (97%), üçüncü yeri tutan Niderlanddan isə (55%) xeyli artıqdır.
Avropalı siyasətçilər arasında məşhur zarafat var: Aİ-nin işgüzar dili əvvəlkitək ingilis dili olsa da, blok daha çox fransızca düşünür. Son 4 ildə Aİ, həqiqətən də, məhz Makronun israrla istədiyi şəkli alır – daha suveren və maliyyə baxımından inteqrasiya olunmuş blok.
Məsələn, Aİ-nin 750 milyon avro balansı olan Bərpa Fondu əslində, Parisin çoxdankı arzusunun gerçəkləşməsidir – Fransa uzun müddətdir Aİ-nin borc öhdəlikləri üçün belə maliyyə alətinin yaradılmasına çalışırdı. Berlin isə uzun illərdir Avropanın istiqraz vərəqələrinin buraxılmasına müqavimət göstərirdi. Almaniyada haqlı olaraq düşünürlər ki, bu, onların digər ölkələrin xərclərinə görə də məsuliyyət daşıması ilə nəticələnəcək.
Sənaye siyasəti sahəsində də Aİ fransızların daha müdaxiləçi yanaşmasına meyillidir. Qurumun onlayn ticarətin və kontentin tənzimlənməsi ilə bağlı planlarında da ciddi «fransız izi» hiss olunmaqdadır. Brüsseldə aparılan siyasi debatlarda, Avropa Komissiyasının qanunvericiliklə bağlı əksər təkliflərində məhz Makrona xas «strateji muxtariyyət», «rəqəmsal suverenlik», «müdafiə edən Avropa» kimi anlayışlara daha çox rast gəlinir.
Lakin Fransanın bu üstünlüyə layiq olduğu haqda fikirlərlə yanaşı, Parisdən məyus olanlar da var. Aİ sakinləri Fransanı Avropa dəyərlərini kobudcasına pozmaqda da ittiham olunan Macarıstan və Polşadan sonra üçüncü «məyusluq mənbəyi» sayırlar.
Makronun təşəbbüslərindən narazılar
Fransa prezidentinin xüsusilə xarici əlaqələrlə bağlı son siyasi ideyalarını nəzərə aldıqda, bu, təəccüblü deyil. O, Putinlə razılığa gəlmək cəhdləri, həmçinin Şimali Makedoniya ilə Albaniyanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara ilkin veto qoyduğu üçün ciddi tənqid hədəfinə çevrilib. Makronun NATO-nun «beyin ölümü» keçirdiyi haqda bəyanatı isə Alyansın təhlükəsizlik zəmanətindən ciddi şəkildə asılı olan Şərqi Avropa ölkələri tərəfindən çox mənfi qarşılanıb.
Beləliklə, Paris hələ ötən ilin sentyabrında imkanlarının həddini hiss edib. ABŞ və Böyük Britaniyanın onun Avstraliyaya sualtı qayıq tədarükü sövdələşməsini pozmasından hiddətlənən Fransa Kanberra ilə ticarət danışıqlarını pozmaq üçün bütün gücünü səfərbər etməklə yanaşı, Aİ-nin Vaşinqtonla yeni diplomatik əlaqə formatına əngəl olacağı ilə bağlı hədələr də səsləndirib. Söhbət Çin ilə mübarizə məqsədi ilə ticari və texnoloji standartların razılaşdırılması üçün nəzərdə tutulan diplomatik formatdan gedir.
Lakin Avstraliya ilə ticarət danışıqları uzun müddətə təxirə salınıbsa, Parisin ABŞ ilə münasibətləri pozmaq cəhdləri ciddi müqavimətlə üzləşib. Aİ-nin ticarət diplomatlarından biri bildirib ki, Fransa prosesə müdaxilə etməməlidir.
Çoxları düşünür ki, Makronun «ilk növbədə Avropa» şüarı sonda faktiki olaraq, «ilk növbədə Fransa» şüarına çevriləcək. Üstəlik, bəllidir ki, Makron Avropaya öz ölkəsinin müdafiə sənayesi prizmasından baxır.
Fransanın Avropa İttifaqı Şurasına sədrliyinə qarşı da eyni münasibət müşahidə olunmaqdadır. «Fransızların sədrlik dönəmində vicdanlı broker olacaqlarını heç kəs gözləmir», - deyə Aİ funksionerlərindən biri bildirib: «Bu, normaldır. Lakin hər şeyin də bir həddi var».
Vədlər və planlar
Fransanın Aİ-yə sədrlik dönəmi üçün şüarı belədir: «Bərpa, güc, aidiyyət». Son söz avropalılarda Aİ-yə ümumi aidiyyət hissinin güclənməsini nəzərdə tutur.
Makron «strateji müxtariyyət» konsepsiyasını irəli sürür. Onun fikrincə, bu, 27 ölkədən ibarət bloka Çinlə daha yaxşı rəqabət aparmaq, Rusiyadan gələn təhdidlərə daha asan sinə gərmək imkanı verəcək, Aİ-ni Birləşmiş Ştatlarla daha bərabər şərtlərlə çıxış edən birliyə çevirəcək. Makron «Frontex» (Aİ-nin sərhəd agentliyi) ilə əməkdaşlıq çərçivəsində «sərhədlərə təcili dəstək mexanizmi»nin yaradılmasını təklif edir. Fransa prezidentinin fikrincə, bu, lazım gələcəyi təqdirdə sərhədə tez bir zamanda hərbi güc və texnikanın yerləşdirilməsinə imkan verəcək. Polşa-Belarus sərhədindəki emmiqrasiya münaqişəsindən sonra bu ideya daha geniş dəstək qazanıb.
Fransa prezidenti avropalıların sərhədləri yoxlanılmadan keçməsinə imkan verən Şengen razılaşmasına yenidən baxılmasını da istəyir.
Fransızlar onu da bildirirlər ki, onlar avropalı fermerlərə dəstək olaraq, ətraf mühit, işçi qüvvəsi və kimyəvi preparatlarla bağlı qaydaların yumşaq olduğu ölkələrdən ərzaq məhsullarının ixracına məhdudiyyətlərin qoyulmasına nail olmağa çalışacaqlar.
Bundan başqa, Makron hesab edir ki, Aİ büdcə kəsiri ilə bağlı sərt qaydalarına yenidən baxmalıdır, çünki hökumətlər iqtisadiyyatlarını COVID-19 ilə bağlı məhdudiyyətlərin vurduğu ziyandan xilas etmək üçün böyük həcmdə vəsait xərcləyirlər. Onun sözlərinə görə, Fransa kəsirin ÜDM-in 3%-dən aşağı olmasını tələb edən qanunlara yenidən baxılmasında israr edəcək.
Avropa İttifaqı Şurasının yeni sədrinin planları arasında başqa məsələlər də var: Avropada birgə hərbi təlimlərin fəallaşdırılması və ümumi müdafiə sənayesinin inkişafı məqsədi ilə martda təhlükəsizlik sammitinin təşkili; Avropanın «rəqəmsal güc»ə çevrilməsi istiqamətində tədbirlər; Avropanın nəzarət etmək iqtidarında olmadığı immiqrasiya təzyiqi ilə üzləşdiyini nəzərə alaraq, xarici sərhədlərin möhkəmləndirilməsi; Afrika ilə münasibətlərin «bərpası» və «yeni kurs»un təklif olunması üçün fevralda Avropa-Afrika sammitinin keçirilməsi.
Fransada seçki
Makron Fransa vətəndaşlarına Aİ-nin onların hər birinə şəxsən fayda gətirdiyini sübut edə biləcəksə, bu, onun təkrar prezident seçilmək şansına ciddi təsir göstərəcək. Hər halda, o, ən avropapərəst siyasətçi və qitənin bölünmüş elektoratı arasında birləşdirici bənd sayılır. Son sorğulardan biri göstərir ki, fransızlar yunanlarla birlikdə Avropanın ən avroskeptik əhalisidir. Onlar hesab edirlər ki, vahid bazar üzündən iş yerlərindən məhrum olublar. Fransızların fikrincə, Şərqi Avropadan işçi qüvvəsinin gəlişi onların əməkhaqqının azalmasına yol açıb.
«Eurobarometer» tərəfindən keçirilmiş son sorğunun nəticələrinə görə, Aİ-yə fransızların yalnız 36%-i etibar edir. Bu, İttifaqda ən aşağı göstəricidir. Fransızlar Aİ-ni tərk etmək istəmir, lakin onların Avropa layihəsinə inamı, birliyin Fransa vətəndaşlarının həyatına müsbət təsir göstərə biləcəyinə ümidi getdikcə azalır.
Düşünmək olar ki, Makron xüsusilə sənaye və kənd təsərrüfatı kimi ənənəvi fransız istehkamlarını dağıdacaq qərarlar qəbul etmək məcburiyyətində qalacaqsa, Aİ-yə sədrlik onun üçün müəyyən elektorat problemi yaradacaq. Lakin görünən odur ki, o, son illər Aİ-nin Fransanın maraqlarına zidd olmayan ticarət siyasətinin formalaşdırılmasında göstərdiyi səylər hesabına bu siyasi tələdən qaça biləcək. Azad bazar ideyasının carçısı olan Britaniyanın gedişindən sonra Fransa Aİ-nin daha çox müdafiə olunan ticarət strategiyasına keçməsinə nail olub. 2020-ci ildə Aİ-nin Cənubi Amerikanın «Merkosur» bloku ilə ticarət sazişinə məhz Makron veto qoyub. O zaman Fransa prezidenti bunu… Cənubi Amerika ölkələrindəki ekoloji problemlərlə, ilk növbədə, meşələrin azalması ilə əlaqələndirib.
Ötən ilin payızında isə Paris təmsilçiləri avropalı həmkarlarına gizli şəkildə bildiriblər ki, aprel seçkisinədək heç bir ticarət sazişindən söhbət gedə bilməz. Səbəb Fransada ictimai rəyin onların əleyhinə köklənə biləcəyi riski imiş. Üstəlik, onlar bunu çox həyasızcasına ediblər: «Brüsselə izah etdik ki, indi sazişləri bir müddətə təxirə salmaq onların maraqlarına uyğundur. Fransaya başqa prezident gələrsə, Paris ümumiyyətlə azad ticarətlə bağlı sazişləri qəbul etməyə bilər», - deyə fransalı məmur «Politico» nəşrinə bildirib.
Böyük iddialar
Hələlik Makronun ideyalarının konkret Avropa siyasətinə nə dərəcədə çevriləcəyi bəlli deyil. Onun ən cəlbedici təşəbbüslərinin bəziləri hələlik reallıqdan daha çox ritorikadır. Digər təşəbbüsləri isə müəyyən dəyişikliklərə məruz qalıb. Emmanuel Makron 2020-ci ilin büdcə müzakirələri zamanı iddialı Avropa Müdafiə Fondu yaradılması istəyinə nail ola bilməyib. Onun böyük şövqlə danışdığı digər məsələ – Avropanın gələcəyinə dair konfrans ideyası da çox ləng irəliləyir və görünən odur ki, o da Makronun ümid etdiyindən daha yumşaq olacaq.
Makronun mövqeyini çətinləşdirən məqam onun Avropaya rəhbərlik planının yalnız qısa müddət – Avropa İttifaqı Şurasına sədrlik dönəmi ilə məhdudlaşmamasıdır. Xüsusilə Angela Merkelin gedişindən sonra Parisin iddiaları daha böyükdür. Amma siyasi nüfuzu gücləndirmək, möhkəmləndirmək lazımdır və Fransa prezidenti bunu anlayır. O, məhz bu üzdən Aİ daxilində fəal şəkildə ikitərəfli ittifaqlar yaratmağa başlayıb. Üstəlik, Makron bu ittifaqları yalnız İtaliya kimi ənənəvi dostlarla qurmur (Fransa noyabrda İtaliya ilə ikitərəfli əməkdaşlıq paktı – «Kvirinal müqaviləsi» imzalayıb). İndi o, qarşılıqlı anlaşmada çətinlikləri aşadığı dövlətlərlə, məsələn, Macarıstanla da ikitərəfli ittifaq yaratmağa çalışır. Dekabrda Budapeştə səfər edən Makron orada millətçi, avroskeptik Viktor Orban ilə danışıqlar aparıb. Yeri gəlmişkən, Orban həm də Fransanın Marin Le Pen və Erik Zemmur kimi qatı sağçı siyasətçilərini dəstəkləməsilə məşhurdur. Görüşdə iki ölkə rəhbərliyi arasında fikir ayrılıqlarının olduğunu vurğulayan Makron bununla yanaşı, «vahid Avropa naminə birgə işləmək istəyi»ndən də danışıb. «Biz siyasi rəqiblər olsaq da, avropalı tərəfdaşlarıq», - deyə o, bildirib.
Bütün bunların fonunda, Merkelin gedişindən sonra belə, Almaniya Avropanın aparıcı dövləti olaraq qalır. Odur ki, Makron, ilk növbədə, yeni kansler Olaf Şolts və onun koalision hökuməti ilə dil tapmalıdır. Makron Avropa və dünya səviyyəsində hansısa istəyinə məhz Almaniya ilə birlikdə nail ola bilər.
Amma əvvəlcə Fransada keçiriləcək seçkidə qələbə qazanmaq lazımdır.
MƏSLƏHƏT GÖR: