Müəllif: İlqar VƏLİZADƏ, politoloq
Məlum olduğu kimi, dekabrın 15-də Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının (ŞD) VI Sammiti keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Səfər çərçivəsində dövlət başçısı NATO-nun mənzil-qərargahında da olub, orada Alyansın rəhbəri ilə görüşüb. Keçirilmiş görüşlər zamanı səsləndirilən bəyanatlar aydın şəkildə göstərir ki, hər iki hadisə Azərbaycan üçün istər onun xarici siyasi kursunun reallaşdırılması, istərsə də Qərbin ümumilikdə Cənubi Qafqaz regionu ilə bağlı siyasətinin miqyası baxımından vacib əhəmiyyət daşıyır.
Bununla yanaşı, Qərblə Rusiya arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Azərbaycan bu güc mərkəzləri arasındakı qarşıdurmadan kənarda durmağı bacarıb, onların hər biri ilə münasibətlərin qurulmasında ortaya özü üçün daha məqbul yanaşma qoyub.
Minsksiz «Şərq Tərəfdaşlığı»
Sammit ilk dəfə Belarusun bu formatda minimal iştirakı ilə keçib. Başqa sözlə, Minskin ŞT-də iştirakı faktiki olaraq, şərti-formal xarakter alıb. Belarus prezidentinin toplantıya dəvət olunmaması azmış kimi, ümumilikdə bu ölkənin ŞT formatının müxtəlif proqramlarının icrasında yer alması böyük sual altındadır.
ŞT və Aİ ölkələri arasında tərəfdaşlığın inkişafının stimullaşdırılması üçün Brüssel hələ 2021-ci ilin iyulunda ŞT üçün yeni investisiya-iqtisadi planı elan edib. O, qrant, qarışıq maliyyə və zəmanət şəklində 2,3 milyard avronun ayrılmasını nəzərdə tutur. Nəticədə, Aİ bu planın bazasında dövlət və özəl investisiyalar şəklində daha 17 milyard avroyadək vəsaitin cəlbini təklif edir.
Proqramın xroniki maliyyə çatışmazlığı hiss edən əksər iştirakçısı üçün bu plan daxili problemlərin həlli baxımından ciddi resursdur. Şübhəsiz ki, Avropa İttifaqı bu amildən regiondakı maraqlarının təminində alət kimi istifadə edə bilər. Məsələn, Avropanın qrantlarına bağlı birgə institutları və qeyri-hökumət təşkilatlarını möhkəmləndirmək, bu zaman qonşuluq siyasətinin effektivliyini artırmaq mümkündür.
Brüssel postsovet ölkələrindən ibarət qonşularla bağlı siyasətini həm də maliyyə stimulu vasitəsi ilə ümumi məxrəcə gətirə bilər. Aİ-nin tamhüquqlu üzvlərinə çevrilməyi hədəfləyən Ukrayna, Moldova və Gürcüstan üçün ŞT çərçivəsindəki praktik alətlər vasitəsi ilə inteqrasiya prosesini maksimum sürətləndirmək və dərinləşdirmək vacibdirsə, Ermənistanın hədəfləri fərqlidir. O, proqramda yer almasında maksimum faydalanmağa, eyni zamanda Brüssellə yaxınlaşmağa, lakin bu zaman Moskvanın mənfi reaksiyası ilə üzləşməməyə çalışır.
Azərbaycana gəlincə, Aİ-nin təklif etdiyi əməkdaşlıq modeli onun üçün az əhəmiyyətlidir. Aİ-nin təhlükəsizlik problemlərinin həllinə köklənməsi, iştirakçı ölkələr arasındakı münaqişələrin həllində hərbi yollardan qaçılması, məhsuldar kommunikasiyaların qurulmasında mediatorluq cəhdləri daha aktualdır.
Maraqlıdır ki, sammitin gedişində Ukrayna ətrafında yaşananlarla əlaqədar Rusiya mövzusu əsas mövzulardan biri olsa da, yekun sənədin mətnində onun adı çəkilmir. Hər halda, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyaya Ukraynaya hərbi müdaxilədən çəkinməsi ilə bağlı açıq çağırış edib, Ukrayna prezidenti Vladimir Zelenski isə Aİ üzvlərini Moskvanı önləmək üçün sərt sanksiyalara əl atmağa səsləyib. Lakin yekun bəyannamədə bu mövzuya toxunulmayıb. Yəqin ki, burada Azərbaycanla Ermənistanın Rusiya haqda sərt fikirlərin yer aldığı sənədə imza atmaq istəməmələri də öz rolunu oynayıb.
Bununla yanaşı, Bakı bəyannamənin Belarusdakı daxili siyasi vəziyyətə aid maddəsinə də qoşulmayıb və növbəti dəfə ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiqlik nümayiş etdirib. Bu, Belarus rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Hər halda, Minsk Bakıya beynəlxalq hüquqa əsaslanan bu mövqeyinə görə təşəkkür edib.
«Şərq Tərəfdaşlığı»nın Paris perspektivləri
Sammitin ümumi yekunlarından danışarkən unutmayaq ki, Aİ-nin yekun bəyannaməsində ŞT çərçivəsində inteqrasiyanın müxtəlif səviyyəli olduğu rəsmən vurğulanır. Sənəddə bildirilir ki, Aİ ŞT ölkələrindən bəzilərinin (assosiativ saziş imzalamış Gürcüstan, Ukrayna və Moldova nəzərdə tutulur) «Avropaya yönəlməsini və Avropa seçimini qəbul edir». Bununla yanaşı, Aİ liderləri «Ukraynanın daha çox şeyə nail olmaq hüququnu» tanıyırlar.
Sənəddə deyilir: «Biz hər bir tərəfdaşımızın Avropa İttifaqı ilə münasibətlərdə iddia və hədəflərinin səviyyəsini müəyyənləşdirmək haqqını tanıyırıq». Bununla yanaşı, Brüsseldə ŞT ölkələrinin nəzərinə bir daha çatdırılıb ki, proqramın məqsədi 6 postsovet ölkəsi ilə Aİ arasında əlaqələrin dərinləşdirilməsidir. ŞT genişlənmə siyasətinin deyil, ümumavropa qonşuluq siyasətinin bir hissəsidir: təşəbbüs Aİ-yə üzvlük perspektivini nəzərdə tutmur.
Bu sammitin maraqlı cəhətlərindən biri də Parisin, daha doğrusu Fransa prezidenti Emmanuel Makronun fəallığı olub. Bunu hiss etməmək mümkün deyildi. Məsələ ondadır ki, 2022-ci ildə Aİ-yə yarım il müddətinə Fransa sədrlik edəcək. Bundan başqa, bu il bu ölkədə prezident seçkisi keçiriləcək və Makron yürütdüyü siyasətin effektivliyini nümayiş etdirmək üçün yaxşı şanslara malikdir. Əksər müşahidəçi hesab edir ki, onun Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə uğurla vasitəçilik edə bilməsi Makronun xeyrinə işləyəcək. ŞT formatında və ümumilikdə Avropa siyasətində belə uğurlu gedişlər nə qədər çox olarsa, Fransanın Aİ-yə sədrliyi və Makronun fransalı seçicilərin gözündə prezidentliyi o qədər effektiv təsir bağışlaya bilər.
Avropa İttifaqı, xüsusilə də Fransa postmünaqişə mediasiyasından maksimum siyasi və iqtisadi üstünlüklər qazanmağa, yeni şəraitdə Ermənistan-Azərbaycan dialoqunu dəstəkləməklə onu ŞT siyasəti formatına daxil etməyə çalışır. İki ölkə rəhbəri arasında az müddət sonra ikinci, bu dəfə Fransa prezidentinin vasitəçiliyi ilə görüşün təşkilində də məqsəd bu idi.
Dövlət başçılarının özləri görüşü ümumilikdə müsbət qiymətləndiriblər ki, bu da onlar arasında prinsipial məsələlərlə şifahi razılaşmaların olduğunu göstərir. Bu razılaşmaların əsasında tərəflərin xoş niyyəti dayanır. Danışıqların nəticə verməsi də bunun təsdiqidir.
Bakı xoş niyyətinin təsdiqi, Brüsselin jestinin qəbulu kimi, dekabrın 19-da məhz Aİ-nin vasitəçiliyi ilə 10 erməni hərbçini Ermənistana təhvil verib. Bu addım İrəvanın Azərbaycanla nəqliyyat əlaqələrinin açılması, həmçinin tərəflər arasında münasibətlərin gələcək normalaşdırılması mövqeyinə dəstək kimi də qiymətləndirilə bilər. Dekabrın 20-də isə İrəvan ermənilərə məxsus postun yaxınlıqda azaraq onların əlinə keçmiş iki azərbaycanlı hərbçini Azərbaycana qaytarıb. Bu da, öz növbəsində, İrəvanın Bakı ilə konstruktiv dialoqa kökləndiyinin göstəricisidir. Bu gün bu işdə istər regional, istərsə də qeyri-regional güclər maraqlıdır.
Azərbaycan-NATO: sabitlik naminə tərəfdaşlıq
İlham Əliyevin Brüssel səfəri çərçivəsində Brüsseldə daha bir vacib görüş olub. Onu da Bakının qərbli tərəfdaşlarla münasibətlərinin möhkəmləndirilməsi baxımından vacib görüş saymaq olar. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberq ilə apardığı danışıqlardan gedir. Müfəssəl danışıqlar zamanı tərəflər əməkdaşlığın bütün əsas istiqamətləri üzrə işləmək əzmini təsdiqləyib. Bununla yanaşı, Azərbaycan tərəfi alyansla hərbi-siyasi sahədə əməkdaşlıq baxımından Bakı ilə Ankaranın xüsusi münasibətlərinin vacibliyini də vurğulayıb. Prezident Əliyev bununla Türkiyənin yalnız Azərbaycan deyil, həm də NATO üçün əhəmiyyətini qabardıb, alyansın Azərbaycanla bağlı maraqlarının reallaşdırılmasında Ankaranın rolunu qeyd edib. Bu rolu daha aydın izah etməyə çalışan İlham Əliyev Azərbaycanın NATO-nun fəal və aparıcı üzvü olan Türkiyə ilə yalnız bu il 7 birgə hərbi təlim keçirdiyini xatırladıb: «Bu da regionda sülh və sabitlik işinə xidmət edir».
NATO-nun baş katibi isə öz növbəsində, onun rəhbərlik etdiyi hərbi blokun Azərbaycan və Ermənistana regionda dayanıqlı sülhün qurulması işində yardım göstərməyə hazır olduğunu deyib, eyni zamanda Bakının NATO-nun Əfqanıstan missiyasına dəstəyini yüksək qiymətləndirib.
«Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik... Dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir», - deyə Yens Stoltenberq İlham Əliyev ilə görüşünün yekununda bildirib. Beləliklə, o, Azərbaycan tərəfinin regionda dayanıqlı və hərtərəfli sülhə nail olmaq cəhdlərinə dəstəyini ifadə edib, faktiki olaraq NATO-nun münaqişəli keçmişə qayıdışa qarşı olduğunu təsdiqləyib.
NATO strateji regionda yerləşən, həmçinin alyansın Avropadan olan bəzi üzvlərinin enerji təhlükəsizliyinin təmininə ciddi töhfə verən Azərbaycanla tərəfdaşlıqda əvvəlkitək maraqlıdır. Bu, səbəbdən də, düşünmək olar ki, Şimali Atlantika alyansı bundan sonra da Azərbaycanla hərbi və hərbi-siyasi xarakterli birgə proqramların icrasına çalışacaq. Bu, Azərbaycan üçün olduğu qədər, NATO üçün də sərfəlidir və ən başlıcası, qonşuların maraqlarına zidd deyil.
MƏSLƏHƏT GÖR: