Müəllif: NURANİ
Ermənistan-Türkiyə münasibətlərində mümkün müsbət dəyişikliklər yenidən ekspertlərin diqqət mərkəzindədir. Əvvəlcə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə parlamentindəki çıxışında eyni dərəcədə həm gözlənilən, həm də sensasion sayıla biləcək bəyanat səsləndirib: Türkiyə ilə Ermənistan münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin edəcək və çarter uçuşlarının təşkilinə başlayacaq. Az sonra nazirin dediklərini Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan da təsdiqləyib: bəli, rəsmi İrəvan Türkiyə ilə münasibətlərin qaydaya salınması üçün xüsusi nümayəndə təyin edəcək. Cəmi bir neçə gün sonra isə məsələ konkretlik də qazanıb. Türkiyə ABŞ-dakı sabiq səfiri Sərdar Kılıcı, İrəvan isə parlamentin vitse-spikeri Ruben Rubinyanı xüsusi nümayəndə təyin edib.
Artıq «hava barışığı»nın da konturları müəyyənləşib. Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib ki, ölkələr arasında çarter reysləri açılacaq. İstanbul-İrəvan marşrutu üzrə uçuşları Türkiyə tərəfdən «Pegasus» şirkəti, Ermənistan tərəfdən isə var qüvvəsi ilə milli daşıyıcı olmağa çalışan «FlyOne Armenia» təşkil edəcək.
Dekabrın 27-də isə M.Çavuşoğlu bildirib ki, Ermənistan tərəfi xüsusi nümayəndələrin ilk görüşünün Moskvada keçirilməsini istəyir.
Yaxınlaşma şansları
Ekspertlər əmindirlər ki, bu dəfə iki ölkə arasında yaxınlaşma şansı realdır. Xatırladaq ki, Ermənistanla Türkiyə arasında sərhədlər 1993-cü ildə Ankara tərəfindən qapadılıb. Səbəb Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi olub. Türkiyə ilk günlərdən bəyan etmişdi ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmadan o, İrəvanla diplomatik münasibətlər qurmayacaq və sərhədləri açmayacaq.
Beləliklə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanmasından sonra vəziyyət kökündən dəyişib. İndi Ankara-İrəvan münasibətlərinin normallaşması qarşısında əsas və ən çətin hesab olunan maneə yoxdur. Bundan başqa, indi Bakı özü də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini alqışladığını açıq şəkildə ortaya qoyur. Aydındır ki, bu barışıq regionda Azərbaycanın Qələbəsindən sonra açılmış sülh perspektivinin bir hissəsidir.
Nəhayət, press-relizlərdə bu haqda danışılmasa da, həqiqət ondan ibarətdir ki, indiki vəziyyət 2010-cu ilin Sürix danışıqları və «futbol diplomatiyası»ndan köklü şəkildə fərqlənir. O zaman Azərbaycan bu barışığa qəti etiraz edirdi. Əksər məlumatlı mənbə əmindir ki, Sürix danışıqlarının nəticə verməməsində məhz Bakının mənfi reaksiyası da ciddi rol oynamışdı.
İndi isə vəziyyət tam fərqlidir. Ankarada bildirirlər ki, erməni tərəfi ilə danışıqlar Bakı ilə sıx koordinasiya şəraitində aparılır.
Bəli, Azərbaycan ərazilərinin işğaldan azad olunması, həqiqətən də, dinc gələcəyə yol açır. Ankara ilə Bakı Türkiyə və Ermənistanın da iştirakı ilə «3+3» formatında regional əməkdaşlıq təklifi ilə də çıxış edir.
Rusiya intriqası
Bu prosesdə daha bir amil Moskvanın mövqeyidir. İndi Rusiya ekspertlərindən tamamilə gözlənilməz fikirlər eşidilir. Ankara-İrəvan barışığına sırf «Amerika layihəsi» kimi baxanlar var və bu qüvvələr Türkiyənin xüsusi nümayəndə kimi məhz ABŞ-dakı sabiq səfiri təyin etməsini «üstüörtülü siqnal» kimi qiymətləndirirlər. Aram Qabrelyanovun nəzarətində olan bəzi mətbuat orqanları isə hətta bu barışığın kimə qarşı yönəldiyini də «bilir». Onların fikrincə, Ankara-İrəvan barışığı Ermənistanın Rusiyanın nüfuz dairəsindən çıxarılmasına yönəlmiş addımlardan biridir.
Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyi hələ noyabrda bəyan edib ki, Ermənistan Türkiyə ilə münasibətlərinin qaydaya salınmasında Moskvanın vasitəçilik etməsini istəyib. «Bəli, təsdiq edə bilərəm ki, Ermənistan Ankara ilə münasibətlərinin normallaşmasında vasitəçilik etməmiz üçün bizə müraciət edib», - deyə o zaman Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirmişdi: «Rusiya bunda maraqlıdır və iki ölkə arasında münasibətlərin normallaşması üçün səylər göstərir».
Ermənistanın «kabab inqilabı» nəticəsində hakimiyyətə gəlmiş indiki baş naziri Nikol Paşinyan, əlbəttə ki, zaman-zaman qərbpərəst şüarlar səsləndirə, komandasında aparıcı vəzifələrə Sorosun «qrant yeyənlər»ini təyin edə bilər. O, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə yalvararaq, «vasitəçi» qismində çıxış etməsini də istəyə bilər. Amma İrəvan əsas siyasi qərarları Kremlə tərəf «boylanaraq» qəbul edir. Türkiyə ilə sərhədini rusiyalı sərhədçilərin qoruduğu, hava limanlarındakı nəzarət-buraxılış məntəqələrində sənədləri yenə də rusların yoxladığı dövlət üçün bu, gözlənilən və məntiqlidir. Odur ki, belə bir vəziyyətdə İrəvandan siyasi «sıçrayış»lar gözləmək məntiqsiz olardı. Xüsusilə söhbət «Türkiyə istiqaməti»ndən gedirsə…
Və maneələr
Əslində, Ermənistan bu «diplomatik yaxınlaşma»nın uğurla nəticələnməsində maraqlı olmalıdır. Ən azı ona görə ki, gündəlikdə çoxdan gözlənilən məsələ – kommunikasiyaların açılması da var. Bu, İrəvanın uzun illərdir şikayətləndiyi «blokada»nın sona çatması deməkdir.
Amma Ermənistan əsl sülhə hazırdırmı? Bu sual hələ də açıq qalır. Baş nazirin müavini Mqer Qriqoryan Ankara və Bakıya səfər etmək arzusunu dilə gətirirsə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan nümunə sayılacaq bəyanatla çıxış edir: «Erməni-Türkiyə münasibətlərinin şərti olaraq başlanması prosesinə start verildiyi bildirilib. Ermənistan münasibətlərin normallaşdırılmasına dair Türkiyədən gələn müsbət siqnallara reaksiya verib. Gündəliyə gəlincə dəfələrlə demişik ki, danışıqlar masası arxasına əyləşmək, hansı gündəliyi formalaşdıra biləcəyimizi anlamaq lazımdır. Hələlik gündəlik yoxdur».
Bu, ilk baxışdan göründüyündən daha ciddi bəyanatdır. Hələlik tərəflərin prinsipial qərarlar olmadan təyyarə reyslərinin açılması, xüsusi nümayəndələrin təyini, hətta onların görüşü kimi «ehtiyat gedişlər»i var. Danışıqların gündəliyi ilə isə məsələ tam konkretlik qazanmalıdır. Münasibətlərin sözün həqiqi mənasında normallaşması, barışıq, diplomatik əlaqələrin qurulması və s. çarter uçuşları, Ermənistanda Türkiyə malların qoyulmuş embarqonun ləğvi (əslində, Türkiyə bazarı bu embarqonu hiss etmir) ilə başlamır. Proses sərhədlərin tanınmasından başlamalıdır.
Bəs, Ermənistan Türkiyəyə ərazi iddialarından imtina etməyə hazırdırmı? Bu da açıq sualdır. Nəzərə almaq lazımdır ki, erməni ictimaiyyətində 100 ildən çoxdur ki, Şərqi Anadolu «itirilmiş torpaqlar» sayılır və onların «Qərbi Ermənistan»a çevrilməsi bir hədəfə çevrilib. Bundan başqa, Ermənistan gerbində Ağrıdağın, yaxud «bibliya Araratı»nın əksi var. Bu dağ aydın havada İrəvandan asanlıqla görünsə də, o da Türkiyə ərazisidir. Beləliklə, Ermənistanın hazırkı rəhbərliyi ölkədə 100 ildən artıq dövrdə siyasi həyatın az qala məğzini təşkil etmiş bu ideyalardan imtina edə biləcəkmi?
Ermənistan diplomatiyasının patriarxı Jirayr Libaridyan hələ bir il əvvəl verdiyi səs-küylü müsahibədə bildirmişdi ki, «Ermənistan prezidenti və baş naziri bu yay (2020-ci il – red.) Sevr sülh müqaviləsinin ildönümü ilə bağlı bəyanatlar səsləndiriblər və bu, Türkiyəyə ərazi iddialarının irəli sürülməsi kimi qiymətləndirilə bilər». Bundan başqa, bu cür «erməni ideallarına qarşı xəyanət» yəqin ki, müxalifətin əlinə fürsət də verəcək. Yeri gəlmişkən, Ermənistan müxalifəti Türkiyə ilə kommunikasiyaların açılmasına, Ermənistan iqtisadiyyatına mümkün türk investisiyası axınına qarşı çıxır.
2010-cu ildə Sürix protokolları imzalanan zaman Ermənistan rəhbərliyi özünü guya Türkiyənin İrəvana güzəştə məcbur edildiyi, danışıqların ermənilərin arzuladığı istiqamətdə gedəcəyi ilə sakitləşdirə bilərdi. Bu gün isə bu xülyalara da yer olmamalıdır. Amma Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirirsə ki, hələlik «danışıqların gündəliyi» yoxdur, bu, İrəvanın prinsipial məsələlərin həllinə hazır olmaması kimi qiymətləndirilə bilər. Söhbət Türkiyənin sərhədlərinin, Moskva və Qars müqavilələrinin tanınmasından və s. gedir.
Görəsən, Ermənistan bu «qərarsızlıq» ucbatından nələri itirməli olacaq?
MƏSLƏHƏT GÖR: