24 Noyabr 2024

Bazar, 22:26

QARABAĞ ŞÜARI ALTINDA

2022-ci il azərbaycanlıların doğma yurdlarına böyük qayıdışının başlanğıcı olacaq

Müəllif:

01.01.2022

Başa çatan 2021-ci il Azərbaycanın çağdaş tarixində pandemiya böhranının aradan qaldırılması, qeyri-neft iqtisadiyyatının yüksəlməsi, sənaye istehsalının və ixracının sürətli artımı dövrü kimi qalacaq. Eyni zamanda ötən il ölkənin uzunmüddətli inkişaf meyillərini müəyyən edən ən mühüm hadisələr erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinin dirçəldilməsi proqramının icrası ilə bağlı olub. İl ərzində burada yol və energetika infrastrukturunun tikintisi ilə bağlı genişmiqyaslı işlər görülüb, hava limanı istifadəyə verilib, rabitə və internet bərpa edilib, su elektrik stansiyaları yenidən qurulub, bir sıra sənaye klasterlərinin formalaşdırılması, yaşayış məntəqələri bərpası və s. üzrə işlər davam etdirilib.

 

Dövlət büdcəsinin bəndləri

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı üzrə 2021-ci ilin əvvəlində hazırlanmış Konsepsiyaya görə, Qarabağ bölgəsində bütün iş planı dörd mərhələyə bölünüb. Birinci mərhələnin ən mühüm komponenti minalardan təmizləmə işləri ilə yanaşı, avtomobil yollarının tikintisi, sonra isə bütün zəruri nəqliyyat, energetika və kommunal infrastrukturun formalaşdırılması, yəni bölgənin gələcək sosial-iqtisadi dirçəlişi üçün əsas bazanın yaradılması olub. Obyektiv səbəblərdən birinci mərhələdə bərpa və infrastruktur işlərinin əsas hissəsi dövlət büdcəsi vəsaitləri hesabına, dövlət şirkətlərinin və idarələrinin texniki resurslarının cəlb edilməsi ilə gerçəkləşdirilib.

Təqdirəlayiqdir ki, avtomobil yollarının, dəmir yolu kommunikasiyalarının, hava limanlarının tikintisinə, elektrik xətlərinin və yarımstansiyaların və digər infrastrukturun bərpasına təkcə dövlət şirkətləri deyil, yerli və beynəlxalq özəl qurumlar da çox fəal cəlb ediliblər. Bu sxem tender seçimində rəqabət mühitinin yaradılmasına, tikinti zamanı maliyyə və texniki xərclərin azaldılmasına, çağdaş texnologiyaların tətbiqinə və ən önəmlisi, podrat işlərinin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə imkan yaradıb. Bu təcrübədən bərpa işlərinin növbəti mərhələlərində istifadə edilməsi nəzərdə tutulub, özü də təkcə infrastruktur deyil, investisiya layihələrinin gerçəkləşdirilməsində də dövlət-özəl tərəfdaşlıq mexanizmlərindən istifadə olunacaq.

“İşğaldan azad edilmiş ərazilərin tarixi görkəminin qaytarılması, mədəniyyət abidələrinin və tarixi abidələrin bərpası, avtomobil yollarının, elektrik xətlərinin və su xətlərinin çəkilməsi istiqamətində işlər sürətli templərlə davam etdirilir. Qarabağ bölgəsinin bərpası 2022-ci ildə ölkənin inkişafının əsas prioriteti olaraq qalacaq, bu məqsədlər üçün ölkənin dövlət büdcəsindən 2,2 milyard manat ayrılacaq”, - deyə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

 

Yol şəbəkəsi

Cəmi bir il ərzində nəqliyyat kommunikasiyalarının bərpası üzrə görülən işlər gerçəkdən də heyranedicidir. Bu gün Qarabağ bölgəsində, ümumilikdə, 700 km-dən artıq yol tikintisi üzrə işlər aparılır.

Belə ki, hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlanandan dərhal sonra Şuşa istiqamətində 101,9 kilometrlik Zəfər Yolunun tikintisinə başlanılıb: dördzolaqlı Əhmədbəyli – Alxanlı – Füzuli - Şuşa avtomobil yolu bir ildən də az müddətdə (2021-ci ilin oktyabr ayının sonuna) istifadəyə verilib. Üstəlik, işlər ən yüksək keyfiyyət və təhlükəsizlik səviyyəsində aparılıb. Hazırda Şuşa istiqamətində 81,6 kilometrlik ikinci avtomobil yolunun intensiv tikintisi davam etdirilir - körpülərin və tunellərin tikintisi hesabına yol həm 20 kilometr qısalacaq, həm də sürətli olacaq. İkinci yolun 2024-cü ildə tamamlanması planlaşdırılır. Bununla da, Şuşa formalaşmaqda olan Zəngəzur dəhlizinin beynəlxalq avtomobil yoluna ən qısa çıxış əldə edəcək.

Yol inşaatçılarının ən böyük diqqəti işğaldan azad edilmiş ərazilərin cənub hissələrinə yönəlib: söhbət gələcək Zəngəzur dəhlizinə birləşən qol yollardan gedir. O cümlədən 56,4 kilometrlik I texniki dərəcəli dörd hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın yolunun hissələri asfaltlanır. Bu yola həm də tikilməkdə olan 14 kilometrlik Xanlıq-Qubadlının hissəsi birləşir.

Dekabr ayında Zəngəzur dəhlizinin daha bir qolunda – 20-yə yaxın yaşayış məntəqəsini birləşdirən 1-ci texniki dərəcəli Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun (40 km) asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Şərqdən isə Füzulidən Hadrut istiqamətində 13 km-lik hissə çəkilir. Yol-tikinti cəbhəsinin cənub hissəsində də uzunluğu 70,4 km olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun çəkilişi üzrə işlərin üçdə birindən çoxu yekunlaşıb.

Öz növbəsində, oktyabr ayından bəri Zəngəzur dəhlizinin özünün yol yatağı yüksək sürətlə salınır - uzunluğu 123,8 km olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda torpaq işləri ilə yanaşı, üç yol tuneli də inşa edilir. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçən bu avtomobil yolu Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Bu, işğaldan azad edilmiş rayon və kəndlərin erkən dirçəlişinə, hətta tranzit yükdaşımaların artmasına və Naxçıvan Muxtar Respublikasına birbaşa nəqliyyatın çıxışının təmin olunmasına öz töhfəsini verəcək.

Qarabağ bölgəsinin qərb hissəsində də genişmiqyaslı yol tikintisi işləri aparılır. Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcər rayonu istiqamətində 80,7 kilometr uzunluğunda tunelli yolun tikintisi davam etdirilir, daha sonra bu marşrut Laçın rayonu ərazisindən keçməklə burada nəzərdə tutulan hava limanına qədər daha 72,3 kilometr uzanacaq. Toğanalı-Kəlbəcər avtomobil yolunun bəzi hissələrində yolun 3,5 min metr hündürlükdən keçməsi qış aylarında avtomobillərin hərəkətinə mane olur. Bununla bağlı, bir neçə uzun tunelin tikintisi nəzərdə tutulur.

Rayonun mərkəzi hissəsi də mühüm yol layihələri ilə əhatə olunub. 44,5 kilometrlik Bərdə-Ağdam avtomobil yolunda tikinti işlərinin 60 faizindən artığı görülüb və yaxın vaxtlarda layihələndirmə işləri başa çatdırılaraq 70 kilometrlik Ağdam-Füzuli yolunun tikintisinə başlanılacaq. Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan istiqamətində daha bir 22 kilometrlik yol layihəsi həyata keçirilir.

Hazırda Zəngəzur dəhlizinin Ermənistanla sərhədə qədər olan dəmir yolu hissəsinin layihələndirilməsi üzrə işlər sürətlə gedir. Bundan başqa, bu layihə çərçivəsində Ələt-Horadiz-Ağbənd xətti üzrə Kür üzərində 260 metr uzunluğunda yeni dəmir yolu körpüsü tikilir. Öz növbəsində, Yevlaxdan Ağdama dəmir yolu xəttinin çəkilməsi üçün hazırlıq işlərinə başlanılıb: dəmir yolu xətti sayəsində Ağdamda və ona bitişik ərazilərdə yaradılan sənaye zonası regional əhəmiyyətli sənaye və logistika mərkəzinə çevriləcək.

 

Hava qapıları

Erməni işğalçıları tərəfindən, demək olar ki, tamamilə dağıdılmış yol-nəqliyyat infrastrukturunun bərpası Qarabağın tezliklə dirçəlişini təmin edən əsas məsələdir. Kiçik Qafqazın çətin dağlıq relyefində yerləşən bu bölgə yüksək keyfiyyətli və şaxələnmiş avtomobil və dəmir yolu şəbəkəsi olmadan əlçatmaz olur, bunsuz şəhər və kəndləri sürətlə yenidən qurmaq, kənd təsərrüfatı və sənaye obyektlərini tikmək sadəcə olaraq mümkün deyil.

İşğaldan azad edilmiş ərazilərdə bütün digər infrastruktur layihələrində də iştirak edən Türkiyə şirkətləri yol tikintisi layihələrinin həyata keçirilməsində azərbaycanlı inşaatçılarla birlikdə fəal iştirak edirlər. Onlar Füzulidə beynəlxalq hava limanının tikintisi və təchizatında da iştirak ediblər və gələcəkdə Zəngilan və Laçın rayonlarında hava limanları tikəcəklər.

Diqqətəlayiqdir ki, 2021-ci il oktyabrın 26-da istifadəyə verilən, saatda 200 sərnişin tutumuna və üç kilometr uçuş-enmə zolağına malik Füzuli hava limanı istənilən növ təyyarələri qəbul etmək iqtidarındadır. Artıq Azərbaycan və Türkiyə aviaşirkətlərinin təyyarələri burada sınaq rejimində uçuşlar həyata keçirib və bu yaxınlarda Rusiyanın “İrAero” aviaşirkəti Moskva-Füzuli marşrutu üzrə uçuşlar üçün “Federal Hava Nəqliyyatı Agentliyi”ndən icazə alıb. Qarabağın hava qapısı adlandırılan Füzuli aeroportu gələcəkdə bu ərazilərdə turizmin inkişafına töhfə verən əsas obyektə çevriləcək.

Bölgənin enerji və kommunikasiya infrastrukturunun bərpası istiqamətində bundan heç də az miqyaslı olmayan işlər aparılır. Şuşa, Ağdam və bir sıra digər rayonlarda stasionar və mobil rabitə sistemləri, o cümlədən mobil rabitənin baza stansiyaları bərpa olunur ki, bunun sayəsində bu gün işğaldan azad edilmiş ərazilərin 52 faizi mobil internetlə təmin olunub.

 

Enerji qovşaqları: işıq və istilik

Daha intensiv fəaliyyət dağıdılmış elektrik infrastrukturunun sıfırdan bərpası üzrə gedir. “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin sözlərinə görə, son bir ildə işğaldan azad edilmiş ərazilərdə ümumi gücü 600 MV/A olan 110/35/10 kilovoltluq bir neçə yarımstansiya tikilib, 400 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilmə xətləri çəkilib. “Azərenerji”nin yaxın planlarına Cəbrayıl enerji qovşağının yaradılması da daxildir. Bu layihə İranla həmsərhəd olan “Xudafərin” və “Qız qalası” SES-lərinin ölkənin enerji sisteminə inteqrasiyasına kömək edəcək, bununla da, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının etibarlı enerji təchizatı təmin ediləcək.

B.Rzayevin sözlərinə görə, il ərzində Qarabağda erməni işğalçıları tərəfindən dağıdılmış kiçik su elektrik stansiyaları olan hidroqovşaqların bərpası və müasirləşdirilməsi işləri aparılıb. O cümlədən artıq Laçın rayonunun Güləburd kəndində gücü 8 MVt olan su elektrik stansiyası işə salınıb, 7,8 MVt gücündə “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyaları istismara verilib, Kəlbəcərdə 4 meqavatlıq su elektrik stansiyası hazırda sınaqdan keçirilir. Bu layihələr 2022-ci ildə də davam etdiriləcək. Növbəti dövrdə Kəlbəcər və Laçın rayonlarında ümumi gücü 130 MVt olan 23-ə yaxın dağılmış kiçik su elektrik stansiyasının bərpası istiqamətində işlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, hidroenergetika resursları ilə birlikdə günəş və külək potensialının istismarı və regionun “yaşıl enerji” zonasına çevrilməsi nəzərdə tutulur. Bir sıra xarici investorlar Qarabağ regionunda bərpa olunan enerji mənbələrinin inkişafı layihələrində iştiraka maraq göstərirlər. Belə ki, türkiyəli iş adamları Laçın-Kəlbəcər zonasında 100 MVt gücündə külək elektrik stansiyası tikmək planlarını nəzərdən keçirir, Britaniyanın BP şirkəti isə Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyası tikmək niyyətindədir.

 

Aqrar-sənaye potensialı

Qarabağ bölgəsində minalardan təmizlənməsi və ilkin infrastrukturun tikintisi prosesinin tam başa çatmamasına baxmayaraq, işğaldan azad edilmiş ərazilərin gələcək aqrar-sənaye bazasının formalaşdırılması üçün artıq bir sıra layihələrə start verilib.

2021-ci ilin ilk dörd ayında Azərbaycan hökuməti Türkiyənin «EtiBakırAS» və «ArtvinMadenİsletlemeri» şirkətləri ilə qiymətli və əlvan metal yataqlarının birgə işlənməsi haqqında müqavilə imzalayıb. Söhbət, o cümlədən 30 il ərzində Qarabağ bölgəsindəki «Qaşqaçay», «Elbeydaş» və «Ağduzdağ» filiz yataqlarının işlənməsi və istismarından gedir. Özü də, təkcə Kəlbəcər rayonundakı Ağduzdağ mədənində tərkibində yüksək qiymətli metal olan 100-ə qədər qızıl tərkibli damar kəşf edilib.

Ötən ilin ikinci yarısında Ağdam Sənaye Parkının infrastrukturunun formalaşdırılması üzrə işlərə başlanılıb. Yaxın illərdə ora 110 milyon manat investisiya cəlb olunacaq və tikinti materialları, yem, gübrə, qablaşdırma, o cümlədən şərab, konserv, ət-süd məhsulları və s. istehsalı qurulacaq. Ağdam Qarabağın perspektiv aparıcı sənaye mərkəzi kimi qurulur. Hazırda genişmiqyaslı şəhərsalma işlərinə hazırlıq gedir - yaşayış evləri, məktəblər, inzibati binalar və s. istifadəyə veriləcək.

Ötən ilin payızında Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının tikintisinə başlanılıb. Bura kənd təsərrüfatı məhsullarının istehsalı, mineral və digər növ xammalların emalı, tikinti materiallarının istehsalı və s. üzrə yerli və xarici sərmayələr cəlb ediləcək.

Zəngilan rayonu ərazisində 6 min hektar sahədə rayonda ən böyük heyvandarlıq kompleksinin, eləcə də inteqrasiya edilmiş ət emalı kompleksinin tikiləcəyi “Dost” aqroparkının təməli qoyulub, burada həm də qablaşdırma müəssisəsi və anbarlar tikiləcək.

Daha bir innovativ layihə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilir. Burada 110 hektar sahədə ekoloji cəhətdən təmiz və innovativ materiallardan istifadə edilməklə 200 evin, məktəb və uşaq bağçasının tikintisi aparılır. “Ağıllı kənd ” layihəsi çərçivəsində data-mərkəz və analitik mərkəz, suvarma sistemlərinin və əkin sahəsinin idarə olunması üçün “ağıllı sistem” yaradılır. Gələcəkdə avtomatlaşdırılmış təsərrüfatlar və emal sexləri tikiləcək, əkinlərə və tozlanmaya nəzarət etmək üçün dronlardan istifadə olunacaq.

Füzuli rayonunun Dövlətyarlı kəndində də aqrar potensial inkişaf etdiriləcək, burada ikinci “ağıllı kənd”in təməli qoyulacaq və alternativ enerji həlləri üçün günəş panelləri quraşdırılacaq. “Kənddə intellektual akvakultura sistemləri inkişaf etdiriləcək, həmçinin ixracyönümlü balıqçılıq və quşçuluq təsərrüfatlarının yaradılması nəzərdə tutulur”, - deyə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov “Qarabağ: Cənubi Qafqazın dünyaya açılan yeni panoraması” elmi-praktik konfransda çıxışı zamanı deyib.

Beləliklə, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinə paralel olaraq gələcək sənaye klasterlərinin nüvəsi, bərpa olunan enerji mənbələri elementləri və “ağıllı” kənd təsərrüfatı texnologiyaları gerçəkləşdirilir. Bütün bunlar Qarabağa əmək resursları cəlbinə, qeyri-neft istehsalı həcmlərinin artırılmasına xidmət edir. Özü də, istehsal olunan məhsulların xeyli hissəsi Türkiyəyə də ixrac ediləcək.

“Qarabağ regionunun dirçəldilməsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün əlavə təkan olacaq və biz bərpa işlərinə investorların cəlb edilməsi üçün böyük işlər görürük”,- deyə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatının bərpası və inkişafı layihələrində iştirak etmək üçün investisiya müraciətlərinin sayı artıq 900-ü keçib. Bununla yanaşı, investisiya təkliflərinin genişləndirilməsi məqsədilə vergi güzəştlərinin tətbiqi, güzəştli maliyyələşdirmənin təmin edilməsi və s. kimi məsələlərə baxılır.



MƏSLƏHƏT GÖR:

179