22 Dekabr 2024

Bazar, 06:20

NÜFUZLU ALİ MƏKTƏBİN SİRLƏRİ

Bakı Ali Neft Məktəbinin 10-illiyi münasibətilə suallarımızı rektor Elmar Qasımov cavablandırıb

Müəllif:

15.01.2022

Yüksək keçid balları, ən yeni tədris proqramları, müasir kampus, gələcək iş təminatı… Bütün bunlar Bakı Ali Neft Məktəbini (BANM) fərqləndirən özəlliklərin heç də hamısı deyil. 2021-ci ilin sonunda cəmi 10 yaşı tamam olan bu təhsil ocağını bu gün ən doğru xarakterizə edən ifadə “nüfuzlu ali məktəb” ifadəsidir. Bəs, BANM-ın bu uğurunun sirri nədədir? Qısa müddət ərzində bu qədər populyarlıq necə əldə edilib, reytinqlərdə liderlik necə qorunub saxlanılır? Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu yubiley münasibətilə təbrik etdikdən sonra fürsətdən istifadə edib suallarımızı da ona ünvanladıq.

- Elmar müəllim, düz 10 il bundan əvvəl Azərbaycanda yeni, müasir ali təhsil müəssisəsi - Bakı Ali Neft Məktəbi yarandı. Bu, hansı zərurətdən irəli gəlirdi?

- Bakı Ali Neft Məktəbi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın strukturunda dövlət ali təhsil müəssisəsi statusunda yaradılıb. Ötən 10 il ərzində böyük nailiyyətlərə imza atan məktəbimiz, öz unikallığı ilə seçilən ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilib və bununla, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək etimadını doğrultmağı bacarıb.

O illər Azərbaycanda müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilisdilli, yüksəkixtisaslı mühəndis kadrlar yetişdirən müəssisəyə ciddi ehtiyac var idi. Bu müəssisə fəaliyyətini genişləndirərək qlobal şirkətə çevrilən SOCAR-ın, həmçinin ölkənin digər sənaye müəssisələrinin peşəkar ingilisdilli mühəndis kadr ehtiyaclarını ödəməli idi.

Sevindirici haldır ki, Bakı Ali Neft Məktəbi 10 il ərzində yaranma məqsədlərinə yüksək səviyyədə nail ola bilib. Bu gün ali məktəbin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəbləri və nəhəng şirkətlərində Azərbaycanı layiqincə təmsil edirlər.

- BANM-ın özəlliyi, qeyd etdiyiniz kimi, unikallığı nədədir?

- Bakı Ali Neft Məktəbi müasir tələblərə cavab verən təhsil infrastrukturu, tədris prosesinə yüksəkixtisaslı professor-müəllim heyətinin cəlb olunması, zəngin kitabxana-informasiya fondu, çoxfunksiyalı laboratoriyaları ilə fərqlənir. Bakı Ali Neft Məktəbinin kampusu Qafqaz regionunun zəngin maddi-texniki bazaya malik ən böyük kampuslarından biridir. Ali məktəbimizin kampusunda SOCAR, ABB, “Avandsis Group”, “Emerson Process Management”, “Huawei” kimi nüfuzlu şirkətlərin dəstəyi ilə yaradılan laboratoriyalar, müasir standartlara cavab verən tələbə şəhərciyi, yeməkxana kompleksi, iki idman zalı və hovuz fəaliyyət göstərir. Bu kampusun açılışı 2017-ci il may ayının 1-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilib. Xoşbəxtik ki, dövlət başçımız yeni kampusun açılışında məktəbimizin 6 illik fəaliyyətini uğurlu qiymətləndirib.

Ötən 10 ildə Bakı Ali Neft Məktəbi ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin edilmiş innovativ təhsil müəssisəsi olaraq inkişaf edib, yüksək nüfuz qazanıb. Böyük qürurla bildirmək istərdim ki, ilk gündən BANM Azərbaycan ali təhsil müəssisələrinin reytinq cədvəlində öz liderliyini qoruyub saxlayır. Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində məktəbimiz ölkənin 51 ali təhsil müəssisəsi arasında orta qəbul balı üzrə birincidir.

- Bildiyimiz qədər, cari tədris ilində BANM ilk dəfə olaraq ikinci ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçirib. Nədən başlayıb, yubileyə nə ilə gəlib çatmısınız?

- Bəli, 2021/2022-ci tədris ili üçün ali məktəbimiz ilk dəfə II ixtisas qrupu üzrə də tələbə qəbulu keçirdi və vurğulayıram ki, bu ixtisas üzrə qəbul olunanların 11 nəfəri Prezident təqaüdünə layiq görülüb. Lakin artıq buna qədər də biz tədris etdiyimiz ixtisasların siyahısını genişləndirmişdik. 

2012/2013-cü tədris ilində iki ixtisas - Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi üzrə tələbə qəbulu həyata keçirən Bakı Ali Neft Məktəbi hazırda bu iki ixtisasla yanaşı, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi və Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin idarə edilməsi (MBA) ixtisaslarında magistr pilləsi üzrə qəbul həyata keçirir. Ali məktəbimizdə doktorantura (PhD) pilləsi, həmçinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar ali təhsil almaq istəyənlər üçün də tədris aparılır.

- Yeri gəlmişkən, tələbələrinizin arasında xeyli Prezident təqaüdçüsü var. Bakı Ali Neft Məktəbi istedadlı abituriyentlər arasında belə tələbatı necə qazanıb?

- Bakı Ali Neft Məktəbi beynəlxalq səviyyəli tədris proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti, yerli və xarici şirkətlərlə əməkdaşlıq, peşəkar mütəxəssislər tərəfindən təlim və müzakirələrin təşkili və bu kimi digər nailiyyətləri ilə  ölkə gənclərinin rəğbətini qazanıb. Bu rəğbətin nəticəsidir ki, ölkənin ən savadlı, intellektli, bacarıqlı gəncləri bizim ali məktəbi seçirlər. Ali məktəbimizdə təhsil alan Prezident təqaüdçülərinin sayı ilbəil artır. Əgər 10 il öncə BANM-ə ilk qəbul həyata keçirilərkən Prezident təqaüdünə layiq görülən tələbələrimizin sayı 11 nəfər idisə, 2021/2022-ci tədris ilində isə Prezident təqaüdçülərimizin sayı 33 nəfərə yüksəlib. Onu da qeyd edim ki, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin ümumi sayı 102 nəfər olub. Ölkə üzrə 102 Prezident təqaüdçüsündən üçdə birinin bir ali təhsil müəssisəsinin tələbəsi olması Azərbaycanın təhsil tarixində ilkdir. Bununla, BANM rekorda imza atıb. Bu il də qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplamış tələbə BANM-i seçib. İlk dəfə qəbul apardığımız II ixtisas qrupu üzrə ən yüksək bal toplamış abituriyentin seçimi də Bakı Ali Neft Məktəbi olub. Hazırda ali məktəbimizin Prezident təqaüdçülərinin sayı 205 nəfərə çatıb.

Bakı Ali Neft Məktəbinə ortalama qəbul balı 650 və ondan yuxarıdır ki, bu da Azərbaycanda ən yüksək göstəricidir. Ali məktəbimiz 700 bal toplamış tələbələrin sayına görə də fərqlənir. İndiyədək 700 bal toplamış 27 tələbənin seçimi Bakı Ali Neft Məktəbi olub.

- Əhali arasında BANM həm də məzunların işlə təminatına zəmanət verən ali məktəb kimi tanınır. Bu, belədirmi?

- Əlbəttə. Bakı Ali Neft Məktəbi cənab Prezidentin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışını rəhbər tutaraq, tələbələrə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi əhəmiyyət verir.

Ali məktəbimiz artıq 5-ci məzun buraxılışı keçirib. Bugünədək bütün məzunlar işlə təmin olunublar. BANM bu xüsusiyyətinə görə ölkə ali məktəbləri arasında  fərqlənir. Bu gün ali məktəbimizin məzunları SOCAR və onun “Azneft” İB, “Azərikimya” İB, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ), “SOCAR Ümid” və “SOCAR Polymer” şirkətləri, eləcə də “SOCAR Türkiyə”nin “Petkim” Neft-Kimya Kompleksi və STAR Neft Emalı Zavodunda çalışırlar. BANM məzunları təkcə SOCAR-da deyil, BP, “Schlumberger”, “Halliburton”, “Maire Tecnimont” və s. kimi iri transmilli şirkətlərdə də işə cəlb olunublar.

Ümumiyyətlə, BANM-in sənaye sahələri ilə sıx əlaqələri mövcuddur. Ali məktəb həm milli, həm də beynəlxalq miqyasda işçi qüvvəsinin inkişafında əhəmiyyətli təcrübəyə malikdir. Ali məktəbimizdə tədris prosesi istehsalatla sıx əlaqədə həyata keçirilir. Tədris proqramlarının, nəzəri predmetlərin daha dərindən mənimsənilməsi məqsədilə tələbələr SOCAR-ın müvafiq profilli istehsalat müəssisələrində, eləcə də  BP, Equinor, Total, Schlumberger, ABB, Halliburton, Atenau Ltd, Schneider Electric, Microsoft, Baker Hughes, Emerson Process Management, Avandsis Group, Maire Tecnimont, Nəzarət Ölçü Cihazları və Avtomatika MMC, SOCAR-ın Türkiyədəki Petkim Neft-Kimya Kompleksi və STAR Neft Emalı Zavodu kimi qurumlarda Yay və İstehsalat təcrübəsi keçir, hesabatlar hazırlayır və müdafiə edirlər. Bu amil tələbələrin sənayenin qabaqcıl mütəxəssisləri ilə effektiv münasibət qurmasına, beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə, işlə təminatına və uğurlu karyeranın əsasını qoymağa böyük imkanlar yaradır.

Tələbələrimizin peşəkarlıq səviyyəsinin yüksək olmasının nəticəsidir ki, onlardan bir çoxu məzun olmadan iş təklifi alır. Bu isə ali məktəbin “Biz iş axtarmırıq, iş bizi axtarır” şüarını doğruldur.

- Bəs, beynəlxalq əməkdaşlıq sahəsində işləriniz nə yerdədir?

- Bakı Ali Neft Məktəbi Azərbaycanın tam ingilisdilli yeganə texniki ali məktəbidir. Bakı Ali Neft Məktəbi ilk vaxtlardan beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verib. Ali məktəbimiz ilk illərdən Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığa başlayıb. Bizim aramızda iki ixtisas üzrə ikili diplom layihəsi çərçivəsində tərəfdaşlıq həyata keçirilir.

BANM dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, həmin universitetlərlə tələbə və müəllim mübadilə proqramlarını həyata keçirir. Birləşmiş Krallıq, Bolqarıstan, İsveçrə, Türkiyə, Estoniya, Polşa, Koreya, ABŞ, Norveç, Slovakiya, Fransa, Rusiya, Yunanıstan, İtaliya, Almaniya və bir çox başqa ölkələrin 50-dən artıq universitetləri ilə mütəxəssis hazırlığında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. BANM Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN), Avrasiya Universitetləri Birliyi (EURAS) və Dünya Neft Universitetləri Şəbəkəsinin (WEUN) üzvüdür. Son illər ərzində Ali Məktəb “Erasmus+” layihəsi çərçivəsində tələbələrini Yunanıstan, Bolqarıstan, İspaniya, Almaniya kimi ölkələrə təhsil almağa göndərib, həmçinin Rumıniyadan tələbələr qəbul edib.

2016-cı ildən BANM, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı, həmçinin Böyük Britaniyanın “TwentyEighty Strategy Exercution” (STRATEX) şirkəti ilə birgə həyata keçirilən, ABŞ-ın Corc Vaşinqton magistr sertifikatı ilə təmin edən təlim proqramı – Layihələrin İdarəedilməsi Məktəbi BANM və STRATEX şirkətinin birgə əməkdaşlığı ilə uğurla davam edir. 2021-ci ildə BANM, Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti və Dyuk Universiteti ilə birgə Layihələrin İdarəedilməsi Məktəbinin yeni mərhələsinə başlanılıb.

- Söhbətimizin əvvəlində siz Ali Neft Məktəbinin həm təchizat, həm də tədrislə bağlı müasir dünya standartlarına cavab verməsi baxımından unikal olduğunu bildirdiniz. Bu unikallıq BANM-in beynəlxalq səviyyədə qəbul olunmasına necə kömək edir?

- BANM Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.

Bakı Ali Neft Məktəbi ötən müddət ərzində həm də ən müasir tələblərə cavab verən infrastruktur yarada, idarəetmə və pedaqoji heyəti formalaşdıra bilib, professor-müəllim heyətinin tədrisdə, tələbələrin isə təhsildə motivasiyalarını yüksəltmək üçün silsilə həvəsləndirici və səfərbəredici tədbirlər həyata keçirib.

- Cəmiyyətdə çox tez-tez belə bir fikirlə rastlaşırıq ki, ali məktəblər təkcə yüksəkixtisaslı kadrlar deyil, həm də layiqli vətəndaş yetişdirməlidir. Bununla razısınızmı?

- Təbii ki, razıyam. Ali məktəbimiz hədəf və məqsədlərinə uyğun olaraq, elm və təhsilin istehsalatla inteqrasiyasının təmin edilməsi, tələbələrin yaradıcılıq imkanlarının genişləndirilməsi, sosiallaşması, intellektual səviyyəsinin yüksəldilməsi, xüsusi istedadlıların müəyyən edilməsi, bilik və bacarıqlarının effektli reallaşdırılmasına təkan verməklə yanaşı, tələbə gənclərdə ölkəmizin qloballaşan dünyaya inteqrasiyası kontekstində milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ideologiyasının təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində də fəal iş aparır. Ölkəmizin intellektual əsgərləri olaraq onlar Azərbaycanı dünyanın müxtəlif ölkələrində, beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. BANM tələbələri NASA-nın 2022-ci ildə keçirəcəyi "Human Exploration Rover Challenge" müsabiqəsində dünyanın müxtəlif orta və ali məktəblərindən 91 komanda arasında Azərbaycanı tarixində ilk dəfə olaraq təmsil etmək imkanı qazanıblar. BANM-in İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alan Hüseyn Qəmbərov "WorldSkills Asia" tərəfindən təşkil edilmiş beynəlxalq yarışda Azərbaycanı kibertəhlükəsizlik sahəsi üzrə təmsil edərək böyük uğura imza atıb. O, Azərbaycanın ilk dəfə qatıldığı bu nüfuzlu yarışda 26 ölkədən 122 nümayəndə arasında ümumi reytinqdə 707 bal ilə IV yeri qazanaraq Azərbaycanın adını Cənubi Koreya və Rusiyadan sonra 3-cü yerə yüksəldib “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib. Bütün bunlar həm ali məktəbimiz, həm də ölkəmiz adına böyük qürurdur.

- Son olaraq, BANM-in gələcək hədəfləri ilə tanış olmaq istərdik?

- İrəlidəki hədəflərimiz, məqsədlərimiz böyükdür. Hədəflərimizdən biri də dünya reytinqinə daxil olmaq və ilk sıralarda yer almaqdır. Bu yolda irəliləyərkən bundan sonra da beynəlxalq səviyyəli, yüksək peşəkarlığa malik kadr hazırlamaq istiqamətində fəaliyyətimizi böyük səylə davam etdirəcək, ölkəmizə, xalqımıza faydalı intellektual əsgərlər yetişdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

- Müsahibəyə görə minnətdaram. Bir daha   yubiley münasibətilə təbrik edir, böyük uğurlar arzulayıram!



MƏSLƏHƏT GÖR:

289