22 Noyabr 2024

Cümə, 20:33

«QIZIL» YANACAQ İLİ

Avropada təbii qaza inanılmaz yüksək tələbat mayeləşdirilmiş təbii qaz bazarından yan keçməyib

Müəllif:

15.01.2022

Ötən il neft və qaz bazarları üçün gözlənilməz artım ili oldu. Pandemiyalı 2020-ci ildəki tənəzzüldən sonra tələbin bərpası bütün gözləntiləri üstələdi və təklifin azlığı öz növbəsində qiymətləri artırdı. Nəticədə, «Brent» nefti bir ildə orta hesabla 64% bahalaşdı ki, bu da 2000-ci illərin əvvəlindən artım templəri baxımından ən yaxşı nəticədir. 

Qaz üçün isə sözün hərfi mənasında "qızıl" il oldu. Avropada mavi yanacağın qiymətləri, demək olar ki, 5 dəfə artıb və dekabra düşən pik nöqtəsində hətta qiymət min kubmetr üçün 2000 dolları keçib ki, bu da 2021-ci ilin əvvəli ilə müqayisədə, təxminən, 8 dəfə çoxdur. 

Hələ uzaq 2011-ci ildə Avropada qazın qiyməti min kubmetr üçün 300-350 dollar olduğu bir vaxtda Beynəlxalq Enerji Agentliyi “təbii qazın qızıl dövrü”nü elan edəndə, bu, təbəssüm doğurmuşdu. Həmin an heç kim ciddi şəkildə düşünə bilməzdi ki, “mavi yanacağın” qiyməti qızılın qiymətinə bərabər ola bilər. Hər kəsin su və ya elektrik kimi kommunal resursdan başqa bir şey kimi qəbul etmədiyi qaz «lüks» əmtəəyə çevrilib... 

 

Meylin dəyişməsi

 

2021-ci il ərzində Avropanın ən böyük qaz qovşağı olan Hollandiya qaz habı TTF-də «bir gün önə» müqavilənin dəyəri bir neçə dəfə tarixi minimum səviyyəsinə çatdı. Sonuncu dəfə bu, dekabrın 21-də baş verib, o zaman hər min kubmetr üçün 2,2 min dollarlıq rekord qiymət qeydə alınıb. Düzdür, sonrakı günlərdə azalma baş verdi və dekabrın 31-də kotirovkalar 800 dollardan aşağı düşdü – bu, noyabrın 10-dan bəri ilk dəfə baş verdi. Bu, Avropada baş verən istiləşmə, ABŞ-dan maye qazın nəqli  və külək stansiyalarının fəaliyyətinin bərpası fonunda baş verib. 

Qısamüddətli ucuzlaşmaya baxmayaraq, qiymətlər hələ də yüksək olaraq qalır, kotirovkalar 1000 kubmetr üçün 1000 dollardan bir qədər yuxarı səviyyədə qalır. Qiymətlərə təzyiq həm hava şəraiti, həm də Rusiyanın Avropaya nəql  həcmini artırmaqdan imtina etməsi ilə bağlıdır. Rusiya ilə bağlı hər şey aydındır: Moskva “ventili bağlamaq ” siyasəti yürüdür. Yəni uzunmüddətli müqavilələr üzrə öhdəliklərini yerinə yetirir, amma uzunmüddətli müqavilələr olmadan bazarın cari ehtiyaclarını ödəməyə borclu deyil. 

Bundan əlavə, qiymət siyasətinə Rusiya qazının Avropaya ixracı üçün əsas arteriyaya çevriləcək “Şimal axını 2” qaz kəmərinin işə salınması ilə bağlı qeyri-müəyyənlik də təsir edir. 

Bazar buna qiymətləri qaldırmaqla reaksiya verir, lakin eyni zamanda nəql daha sərfəli olan digər operatorları da cəlb edir, xüsusən də söhbət mayeləşdirilmiş təbii qazın (LNG) idxalçılarından gedir. 2022-ci ilin yanvarında Avropanın qaz nəqli sisteminə LNG terminallarından qaz ötürülməsi keçən ilin yanvar ayı ilə müqayisədə iki dəfədən çox artıb. 

Bütün ötən il bazar iştirakçıları Avropa (Hollandiyadakı TTF mərkəzi indeksi) ilə  Asiya (Asiya spot indeksi Platts JKM) arasında qiymət duelini izləyiblər. İl Avropanın Pirr qələbəsi ilə başa çatdı: 21 dekabr 2021-ci ildə enerji sənayesinin bütün uğursuzluqları üst-üstə düşdü - Fransada soyuqların düşdüyü və küləyin dayandığı bir zamanda bir neçə atom blokunun işi dayandı. Bunun nəticəsi, həmin gün hərracda qaz qiymətlərinin əvvəllər görünməmiş yüksəkliklərə qalxması oldu. Qiymət o qədər cəlbedici oldu ki, Asiyaya gedən Amerika tankerləri Avropaya istiqamət götürməyə başladılar. Məlumdur ki, dekabrın sonunda ABŞ-dan Asiyaya gedən üç LNG tankeri yolun yarısından dönərək, marşrutunu Avropaya doğru dəyişib. 

Düzdür, qaz daşıyanların istiqamətinin dəyişməsini həm də onunla izah etmək olar ki, Çin daxili bazara kömür nəqlinin artması sayəsində ölkədə böhranın öhdəsindən gələ bildi, bununla bağlı, Asiyada qiymətlər düşdü. Uyğun olaraq, Avropa bazarı Asiya bazarından daha cəlbedici oldu. Bununla belə, Avropa elə də aldanmamalı və bütünlüklə Amerika mayeləşdirilmiş təbii qazına arxalanmamalıdır. Asiyada qiymətlərin yenidən qalxmayacağına, gəmilərin yenidən Çin və Asiya bazarlarına üz tutmayacağına zəmanət yoxdur. 

«Rystad Energy» konsaltinq şirkətinin baş analitiki Vey Syun əmindir ki, LNG-nin Asiya yolundan döndərilməsi müvəqqəti tədbirdir və sabit boru kəməri təchizatını əvəz edə bilməz. 

Bundan başqa, 2021-ci ilin oktyabr ayından etibarən ABŞ ixracatçıları və Çin müştəriləri yeddi iri anlaşma bağlayıblar ki, onların bəziləri bir neçə onilliyi əhatə edir. 2021-ci ilin yanvar-sentyabr aylarında ABŞ Çinə qaz nəqlində ikinci olub və yalnız Avstraliyadan geri qalıb. 

 

Titanların döyüşü 

Avropada qaza inanılmaz dərəcədə yüksək tələb ABŞ-dan LNG ixracatını dekabr ayında rekord səviyyəyə çatdırıb. Qlobal maliyyə provayderi «Refinitiv»in və ABŞ Enerji İnformasiyası İdarəsinin məlumatına görə, dekabr ayında ABŞ-dan göndərilmiş mayeləşdirilmiş təbii qazın həcminin təxminən yarısı Avropaya istiqamətlənib – bu, 2021-ci ilin əvvəli ilə müqayisədə 37% çoxdur. 

ABŞ hazırda Qətər və Avstraliyadan sonra dünyanın üçüncü ən böyük mayeləşdirilmiş təbii qaz təchizatçısıdır. Amma gözlənilir ki, amerikalılar yaxın gələcəkdə dünya bazarında mövqelərini önəmli dərəcədə gücləndirəcək. «VYGON Consulting»in məsləhətçisi İvan Timoninin fikrincə, artıq bu il ABŞ dünyanın ən böyük LNG ixracatçılarını keçə bilər və təchizat baxımından birinci yerə çıxa bilər. 

Lakin ABŞ üçün başlıca çətinlik bu liderliyi qoruyub saxlamaqla bağlı olacaq. 

«S&P Global Platts», proqnozlaşdırır ki, 2022-ci ildə Şimali Amerikadan 3-5 yeni LNG ixrac layihəsinə sərmayə qoyulacaq. Ancaq bunun üçün şirkətlərin yeni uzunmüddətli təchizat müqavilələri bağlaması gərəkdir  və bu, çətin  iş ola bilər. 

Bundan başqa, LNG layihələri üçün maliyyə cəlb etmək istəyən Amerika şirkətləri yalnız gələcək güclərdən yanacaq nəqli ilə bağlı öncədən sazişlər bağlamaqla qalmamalı, həm də ekoloji gündəliyi nəzərə almalıdırlar. Məsələn, Fransanın «Engie» şirkəti keçən il layların hidravlik qırılması üsulu ilə qaz hasilatı ilə bağlı narahatlıqlar fonunda «NextDecade» ilə birgə layihəni tərk edib. Təbii qazın keçid yanacağı kimi (ekoloji cəhətdən neft və kömürdən daha təmiz, lakin günəş və külək enerjisindən daha çox karbon tullantılı kimi) qeyri-müəyyən perspektivi də potensial alıcıları qısamüddətli müqavilələrə sövq edir ki, bu da banklardan maliyyə dəstəyi almağı çətinləşdirir. 

Bununla belə, Qətər LNG tədarükü üzrə dünya biriciliyini buraxmaq niyyətində deyil. «S&P Global Platts»ın analitiki Ross Vaynonun fikrincə, Qətərin LNG istehsalına xərcləri dünya üzrə ən aşağı qiymətdir və ölkə bazar payını qorumaq üçün ABŞ-a qarşı qiymət müharibəsi tətbiq edə bilər. 2027-ci ilə qədər Fars körfəzindəki Şimal yatağının genişləndirilməsi layihələri sayəsində Qətərin LNG istehsal gücünün 77 milyon tondan 126 milyon tona qaldırılacağı gözlənilir. 

Bütünlükdə, «Qatar Energy»nin qlobal mayeləşdirilmiş təbii qaz tələbatı ilə bağlı proqnozu bir çox analitiklərin gözləntilərindən daha nikbindir. Şirkət hesab edir ki, 2050-ci ilə qədər tələb aktiv şəkildə artmağa davam edəcək və öz investisiya proqramını buna uyğun olaraq qurur. 

Bununla yanaşı, “İndependent” qəzeti müəyyən edib ki, Böyük Britaniya fasiləsiz qaz təchizatı məsələsində Qətərə arxalanır. «Ölkə daxilində qaz saxlama güclərinin məhdud olması fonunda (2021-ci ilin 4-cü rübü – «R+») Böyük Britaniya qaz təchizatının fasiləsizliyini təmin etmək üçün Qətərlə qeyri-rəsmi anlaşma bağlayıb və 2022-ci ildə tamformatlı strateji tərəfdaşlıq sazişi bağlamağa hazırlaşır”,- deyə nəşr yazır. Bu tədbir İngiltərənin Norveç və ABŞ təchizatından asılılığını azaltmağa kömək etməlidir. 

Qaz Böyük Britaniyada elektrik enerjisi istehsalının, təxminən, 40%-ni təşkil edir və evlərin  çoxunun qızdırılmasında istifadə olunur. Ölkənin 2050-ci ilə qədər tullantıları sıfıra endirmək istəyinə baxmayaraq, onun əsas yanacaq mənbəyi olaraq qalacağı gözlənilir. 

 

Qiymət pessimizmi 

Boru kəməri layihələrinin çoxçeşidliliyinə baxmayaraq, mayeləşdirilmiş təbii qaza qlobal tələbat artmaqda davam edəcək. «VYGON Consulting» ekspertlərinin fikrincə, cari gözləntilərə görə, onun qlobal istehlakı 2025-ci ilə qədər, təxminən, 442 milyon tona çatacaq. Yəni 2021-ci ilə baxanda, artım, demək olar ki, 70 milyon ton olacaq. 

LNG-yə qlobal tələbatın illik artımı 2012-ci ildən bu ana müşahidə olunur, yalnız son beş ildə artım 40% olub. 

Təbii qazın qiymətində azalma gözlənilmir, çünki qış davam edir və Avropanın yeraltı anbarlarında ehtiyatların səviyyəsinin yetərli olmaması problemi qalmaqdadır. Rusiya qazının Avropaya əlavə nəqli ilə bağlı məsələnin həll edilməməsi və “Şimal axını 2” qaz kəmərinin işə salınmasının gecikməsi nəzərə alınarsa, əsas diqqət alternativ variantlara yönələcək. Bu, mayeləşdirilmiş təbii qazın nəqlinin artırılması, yaxud təbii qaz və elektrik enerjisinin digər regionlara satışını məhdudlaşdırılması deməkdir. Məsələn, ötən ilin oktyabrında Serbiya prezidenti Aleksandr Vuçiç “insanların evlərində isti olması” üçün elektrik enerjisi ixracının dayandırılmasının mümkünlüyü barədə xəbərdarlıq etmişdi. Vəziyyətin əlverişsiz inkişafında soyuq qış sənaye müəssisələrinin, ilk növbədə, metallurgiya və kimya müəssisələrinin işini dayandırmağa məcbur edəcək. Bu, müəyyən dərəcədə tələbi azalda və qiymətə təsir edə bilər, amma yenə də istənilən effekti verməyəcək. 

Norveçdə «Rystad Energy»nin baş analitiki Kauşal Rameş qısa müddətdə qaz qiymətlərinin aşağı düşməsi üçün nələrin kömək edə biləcəyini görmür. 

“Tələb - təklif balansı elədir ki, qiymət yetərincə yüksəkdir. Düşünürəm ki, 2022-ci ildə də yüksək səviyyədə olacaq”, - deyə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. 

Onun sözlərinə görə, Avropaya qaz idxalı səviyyəsinin ildə 250-300 milyard kubmetr həcmində olmasını nəzərə alaraq, "onun haradan gələcəyini anlamaq lazımdır". “Və ilk növbədə, mənim fikrimcə, uzunmüddətli müqavilələrə etibar etmək lazımdır. Rusiya öz siyasətində və münasibətlərində həmişə uzunmüddətli müqavilələrin tərəfdarı olub”, - deyə baş nazirin müavini vurğulayıb. 

«Bizim hesablamalarımıza görə, 2022-ci ildə qaz bazarı satıcının bazarı olacaq»,- deyə «VYGON Consulting»in tədqiqatlar üzrə direktoru Mariya Belova bildirib.

Bütünlükdə, bazar iştirakçıları hesab edirlər ki, Avropa və Asiya - Sakit okean regionunda spot qaz qiymətlərinin min kubmetr üçün 1000 dollardan aşağı olması 2022-ci ilin ikinci yarısından tez gözlənilmir. «Şimal axını-2»nin istismara verilməsi isə qiymətləri daha da aşağı sala bilər.


MƏSLƏHƏT GÖR:

169