22 Noyabr 2024

Cümə, 20:52

KÜLƏYƏ YATIRIM

Səudiyyə Ərəbistanı Azərbaycanda bərpa olunan enerji mənbələri yaradılması layihələrində iri investor ola bilər

Müəllif:

01.02.2022

Bu yaxınlara qədər Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerji sektoru ilə bağlı əlaqələr əsasən neft hasilatının məhdudlaşdırılması üzrə OPEK+ sazişi çərçivəsində qarşılıqlı fəaliyyət üzərində qurulurdu.

Bununla belə, bu əməkdaşlığın dərinləşdirilməsinə maraq və istək olub və indi də var ki, bu, Azərbaycanda 240 MVt gücündə yeni elektrik stansiyasının tikintisi ilə bağlı anlaşma əldə olunması ilə nəticələnib.

2020-ci ildə Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının 13 ölkədə 66 aktivi olan enerji nəhəngi – «ACWA Power» arasında Xızı-Abşeron külək elektrik stansiyasının layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı sənədlər imzalanıb. Bütün ötən il imzalanmış sazişlərin həyata keçirilməsinə hazırlıq işlərinə sərf olunub. 2022-ci il yanvarın 14-də isə Azərbaycan Prezidentinin iştirakı ilə Gülüstan sarayında yeni külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Qeyd edək ki, bu stansiya Səudiyyə Ərəbistanı tərəfindən həm Azərbaycanın bərpa olunan enerji sektoruna, həm də bütün Azərbaycan iqtisadiyyatına qoyulan ilk ən böyük xarici investisiya olacaq.

 

Eyni hədəflə bağlanmışlar

Bu layihədən gözləntilər çox böyükdür. Bu, dövlət-özəl tərəfdaşlığıdır və bu elektrik stansiyası Azərbaycanda xarici investisiyalar əsasında yaradılan ilk külək enerjisi obyektidir. Bu, əlbəttə ki, ölkənin 2030-cu ilə qədər bərpa olunan enerjinin 30 faizlik paya çatdırılması məqsədinə töhfə vermək niyyətidir. Tikinti başa çatdıqdan sonra elektrik stansiyası 300 min ev təsərrüfatını təmin edəcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət ediləcək, karbon qazı emissiyası ildə 400 min ton azalacaq. Üstəgəl, Azərbaycan elektrik enerjisinin ixracı üzrə də öz potensialını gücləndirəcək, həmçinin qənaət olunan təbii qaz həcmlərini ya artan daxili tələbatı ödəmək, ya da ixrac üçün istifadə etmək imkanı yaranacaq. Əslində təbii mənbələrdən (işıq, su, termal sular və küləkdən) elektrik enerjisi istehsalı üçün obyektlərin tikintisinin əsas üstünlüyü bunadadır. Bu yolla enerji istehsalı üçün mazut və ya təbii qazdan istifadəni azaltmaq, həm yanacağa qənaət etmək, həm də ətraf mühitə mənfi təsirləri azaltmaq mümkündür.

“Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verəcək. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, Azərbaycanda bərpa olunan enerji növlərinin istehsalına böyük əhəmiyyət verilir”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev təməlqoyma mərasimində bildirib.

İki ölkəni birləşdirən sıx və dostluq əlaqələrindən danışan dövlət başçısı Səudiyyə Ərəbistanının işğal dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyi də qeyd etməyi unutmayıb. Ər-Riyadın Qarabağ nizamlanması məsələsində prinsipial mövqe nümayiş etdirməsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən İrəvanla diplomatik əlaqələr qurmaması faktını isə xüsusi vurğulayıb.

Dünyanın ən böyük enerji şirkəti tərəfindən Xızı-Abşeron külək elektrik stansiyasının tikintisinə toxunan İ.Əliyev qeyd edib ki, bu, digər investorların Azərbaycanda fəaliyyəti gücləndirməsi üçün yaxşı nümunə ola bilər. Özü də, bərpa olunan mənbələr sahəsinin inkişafı ölkə üçün prioritet istiqamətdir. İşğaldan azad edilmiş torpaqlarda “yaşıl enerji” zonalarının yaradılması planları nəzərə alındıqda, potensial və çox böyük, əlverişli investisiya mühiti var, ən əsası isə böyük imkanlar mövcuddur.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz ibn Salman Əl-Səud vurğulayıb ki, «ACWA Power»in Azərbaycandakı fəaliyyəti iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət etməklə yanaşı, həm də Azərbaycan hakimiyyətinin elektrik enerjisinə olan milli tələbatı ən yüksək beynəlxalq standartlarda təmin edilməsi istiqamətində səylərini dəstəkləyəcək.

 

Yenə də şaxələndirmə planları haqqında

Yeri gəlmişkən, bu layihəyə yatırılan 300 milyon dollarlıq investisiya «ACWA Power»in Səudiyyə Ərəbistanından kənarda ən böyük investisiyası olacaq. Şirkət özü bu sahədə dünyanın ən böyük şirkətlərindən biridir. Şirkətin elektrik enerjisi sənayesində istehsal portfelinin toplam quraşdırma gücü 42 800 MVt-dır (bunun 14 900 MVt-ı bərpaolunan enerji mənbələridir), investisiya portfelinin həcmi isə 67,2 milyard ABŞ dollarıdır.

«ACWA Power»in sədri Mohammad Abunayan sanır ki, külək layihəsi Azərbaycanın enerji şaxələndirilməsi planlarında mühüm addımdır, iqtisadi artım və davamlı inkişafa sərmayə qoymaq yolunda ölkənin elektrik enerjisinə artan tələbatını ödəməyə kömək edəcək.

Şirkət stansiyanı 2023-cü ilin üçüncü rübündə istifadəyə verməyi və bununla da, Azərbaycanın milli enerji sisteminin ümumi gücünün, təxminən, 3,7%-ni təmin etməyi planlaşdırır.

Bu günə kimi ölkədə alternativ enerji sahəsində fəaliyyət göstərən ən böyük istehsal obyekti Yaşmada (Bakıdan 60 km şimalda) yerləşən və gücü 50 MVt olan külək elektrik stansiyasıdır.

Xızı-Abşeron stansiyasının tikintisi zamanı hər birinin gücü 6 MVt olan 40 turbin quraşdırılacaq. Onlardan 17-si Abşeron rayonunun Pirəkəşkül kəndində, 23-ü isə Xızı rayonunun Sitalçay kəndində olacaq. Layihə «build-own-operate» (tikinti-mülkiyyət-istismar) prinsipi ilə həyata keçiriləcək. Elektrik stansiyası ildə 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edə biləcək.

“Azərbaycanın bu layihənin həyata keçirilməsindən əsas faydası ondan ibarətdir ki, biz daxili bazarda elektrik enerjisinin topdan satışı üzrə mövcud tariflə xarici investor cəlb edə bilmişik”, - deyə energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, «ACWA Power» öz külək çarxlarının istehsal etdiyi elektrik enerjisini satarkən 0,055 manat, yəni hər kilovat-saat üçün 3,2 ABŞ senti alacaq.

Bundan əlavə, E.Soltanov qeyd edib ki, layihənin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait nəzərdə tutulmayıb və elektrik enerjisi istehsalı üçün ənənəvi yanacaqdan istifadə edilməyəcək.

“Bu stansiyanın istehsal etdiyi elektrik enerjisi “əhali” kateqoriyasından olan 300 minə yaxın abonenti təmin edə biləcək”, - deyə nazir müavini izah edib.

 

Dəniz enerjisi

«Xızı-Abşeron» külək elektrik stansiyası çox güman ki, «ACWA Power»in Azərbaycandakı yeganə «övladı» olmayacaq. Gülüstanda keçirilən təntənəli mərasimdə şirkət həmçinin Azərbaycanın Energetika Nazirliyi ilə dənizdəki külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Tərəflər dənizdəki külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərini birgə müəyyən etmək, potensialı qiymətləndirmək və Azərbaycanda bərpaolunan enerji layihələrinə sərfəli investisiyalar üçün şərait yaratmaq barədə razılığa gəliblər.

Nazir Əl-Səudun daha sonra bildirdiyi kimi, Azərbaycanla memorandum «ACWA Power» tərəfindən 500 MVt gücündə dəniz külək stansiyasının tikintisini nəzərdə tutur. “Şirkət ilkin mərhələdə külək enerjisindən istifadə potensialını və ondan “yaşıl” karbohidrogenlərin istehsalında mümkün istifadə imkanlarını öyrənəcək”, - deyə nazir vurğulayıb.

Dənizdəki külək enerjisinin inkişafı yeni mövzu deyil. Bu baxımdan, ən perspektivlisi Xəzər dənizinin sahilidir. Hələ ki, işlər potensialın və imkanların öyrənilməsi mərhələsindədir, ancaq enerji təchizatı sahəsində, özəlliklə də, məsələn, «SOCAR»ın neft-qaz obyektlərində perspektivlər maraq doğurur. Dəniz külək stansiyalarının üstünlüyü daha yüksək tutumdan istifadə faktorudur, çünki küləyin gücü dənizdə qurudan daha çox olur.

Çatışmazlıqlar isə yüksək tikinti xərcləri və elektrik enerjisinin bahalı ötürmə infrastrukturu ilə bağlıdır. Düzdür, dünyada belə obyektlərin tikintisi üzrə ixtisaslaşmış aparıcı şirkətlərin məlumatına görə, 2000-2017-ci illər arasında dənizdəki külək enerjisində 1 MVt quraşdırılmış gücün tikinti müddəti 71% azalıb. Bu, əsasən, turbin gücünün 3 MVt-dan 10-12 MVt-a qədər artması ilə bağlıdır. Beləliklə, şirkətlər daha az külək turbinləri quraşdırmalıdırlar ki, bu da, məsələn, təməllər üçün lazım olan tikinti materiallarının miqdarını azaldır.

Güman edilir ki, 2024-cü ilə qədər külək elektrik stansiyalarının tikintisi xərcləri daha dörddə bir azalacaq. Bu, dənizdə elektrik enerjisinin qiymətinin davamlı azalması deməkdir. Odur ki, bərpaolunan enerji mənbələrinin bu istiqaməti gələcəkdə Azərbaycan üçün maraqlı ola bilər. Bu işdə təkcə «ACWA Power» deyil, həm də Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kömək edə bilər.

2021-ci ilin əvvəlində Azərbaycanın Energetika Nazirliyi ilə IFC arasında dəniz külək enerjisi sahəsində Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd ölkədə dəniz külək enerjisinin potensialının qiymətləndirilməsini və “yol xəritəsi”nin hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrin həyata keçirilməsi üçün tenderlərin təşkilini, özəl sektorla tərəfdaşlıq əlaqələrinin müəyyənləşdirilməsini və dəstəkləyici investisiyaların həyata keçirilməsini nəzərdə tutur. Memorandumda nəzərdə tutulan bütün işlər IFC-nin «Dənizdəki külək enerjisinin inkişafı proqramı»na uyğun olaraq həyata keçiriləcək. O, Dünya Bankının təşəbbüsü ilə həyata keçirilən «Enerji sektorunun idarə edilməsinə yardım proqramı» (ESMAP) çərçivəsində maliyyələşdirilir. Yeri gəlmişkən, ilkin təhlillərə əsasən, Azərbaycanda dəniz külək enerjisinin texniki potensialı 157 GVt həcmində qiymətləndirilir.

 

Perspektivdə günəşdir

Son illər Azərbaycanda alternativ və bərpaolunan enerjinin inkişafı sahəsində çoxsaylı tədqiqatlar aparılıb. Nəticədə, ölkədə böyük külək, günəş və su elektrik potensialının, bioqaz və istilik enerjisi ehtiyatlarının mövcudluğu aşkar edilib. Günəş enerjisindən istifadə Azərbaycanın ayrı-ayrı regionlarının enerji təchizatı ilə bağlı problemlərin həllinə önəmli dərəcədə kömək edə bilər. Dünyanın bəzi inkişaf etmiş ölkələri Azərbaycan üçün də aktual olan fotovoltaika (işığın təsiri altında elektrik cərəyanının əmələ gəlməsi prosesini öyrənən elm sahəsi) üzrə proqramları geniş şəkildə tətbiq etməyə başlayıblar. Artıq fevral ayında Energetika Nazirliyi bərpaolunan enerji sahəsində beynəlxalq əməkdaşlıq əsasında həyata keçirilən daha bir obyekti istifadəyə verməyi planlaşdırır.

Söhbət Böyükşor gölündə Asiya İnkişaf Bankı (AİB) ilə birgə tikilən üzən günəş stansiyasından gedir. Layihənin baş podratçısı İspaniyanın “Gamma Solutions” şirkətidir. “Bu, pilot layihədir, onun gücü kiçikdir, cəmi 100 kVt-dır. Tikinti artıq son mərhələyə qədəm qoyur və ümid edirik ki, fevralda biz bu stansiyanı təhvil verəcəyik. Bu, bir növ Azərbaycanda kiçiktutumlu ilk üzən stansiya olacaq”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.

Eyni göldə, təxminən, 40-50 MVt gücündə daha böyük stansiyanın tikintisi də planlaşdırılır. Bundan əlavə, Mingəçevir su anbarında artıq daha böyük üzən günəş stansiyanın tikintisi imkanları nəzərdən keçirilir.

“Biz Mingəçevir su anbarı haqqında da düşünürük, çünki orada belə stansiyalar üçün kifayət qədər böyük potensial var. Tərəfdaşlarımızla ilk məsləhətləşmələr onu göstərir ki, biz Mingəçevir su anbarında 200 MVt gücündə üzən günəş stansiyasının tikintisi üzrə yetərincə böyük layihə üzərində işləyirik”, - deyə nazir bildirib.

Yuxarıda göstərilənlər ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı üzrə layihələrin siyahısının bir hissəsidir. Tədqiqatlar göstərir ki, yalnız Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 min MVt-a yaxın bərpaolunan külək və günəş elektrik enerjisi istehsal oluna bilər.

Yeni külək stansiyalarının, günəş stansiyalarının və digər bərpaolunan enerji istehsalı obyektlərinin istifadəyə verilməsi bir sıra problemləri həll edəcək - enerji sənayesini şaxələndirəcək və karbon əsaslı enerji resurslarından asılılığı azaldacaq, ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunun xüsusi çəkisini artıracaq, ekoloji vəziyyəti yaxşılaşdıracaq və istixana qazı tullantılarını azaldacaq. Bununla belə, bərpaolunan enerjiyə əsaslanan texnologiyaları istifadə edən qurğuların tikintisi və istismarı ənənəvi istilik elektrik stansiyaları ilə müqayisədə hələ də baha başa gəlir. Yəni iş sadəcə layiqli investorları tapmaqla bağlı qalıb.



MƏSLƏHƏT GÖR:

173