24 Noyabr 2024

Bazar, 20:33

PİLOTSUZ UÇUŞ APARATLARINA QARŞI «PİLOTLU» PROCES

Ermənipərəst qüvvələr Azərbaycan-İsrail münasibətlərini korlamağa çalışır

Müəllif:

01.02.2022

«Miranda qaydası»nı xatırlayırsınız? Onu Amerika filmlərində polislərin dilindən tez-tez eşitmək mümkündür: «Sizin susmaq hüququnuz var. Deyəcəyiniz hər sözdən məhkəmədə sizə qarşı istifadə oluna bilər». Amma bu, sadəcə, ABŞ polisinin xəbərdarlığıdır. Həyatda elə hallar olur ki, susmaq böyük problemlər yaradır – həm də yalnız susan şəxsin özü üçün yox…

 

Susmaq hər zaman qızıl deyil

İsrailli hüquqşünaslar Nati Samxoni ilə Asaf Klyayn olmasaydılar, beynəlxalq qalmaqal qoxuyan bir paradoksal məsələdən yəqin ki, heç kim xəbər tutmayacaqdı.

«Biz prokurorluğun «Aeronavtiks» şirkətində 2017-ci ildə çalışmış (Azərbaycanda – red.) şəxsləri məhkəməyə vermək qərarını dərin təəssüflə qarşıladıq. Hesab edirik ki, bu, tam əsassız və yanlış qərardır. Prokurorluq bizim mövqeyimizi nəzərə almalı və işi bağlamalı idi. Müştərilərimiz günahsız olduqlarına əmindirlər. Biz inanır və ümid edirik ki, işə məhkəmədə baxıldıqdan, xüsusilə şahid ifadələrindən sonra «Aeronavtiks» nümayəndələrinin günahsız olduqların sübuta yetiriləcək və onların üzərindən bütün ittihamlar götürüləcək», - deyə vəkillər N.Samxoni ilə A.Klyaynın İsrailin «Globs» qəzetində dərc olunmuş məqaləsində bildirilir.

Təsəvvür edirsiniz?!  Təl-Əviv hərbi-texniki əməkdaşlıq sahəsində Bakının əsas tərəfdaşlarından biri, bəlkə də birincisidir, amma İsraildə yerli şirkətlərdən biri Azərbaycanla tam leqal əməkdaşlıq etdiyi üçün mühakimə olunur.

Çoxları hesab edir ki, dünyada az qala hər şeyin taleyini qüdrətli yəhudi lobbisi həll edir. Amma sən demə, erməni lobbisi İsrailin özündə baş verənlərə müdaxilə etmək iqtidarında imiş. Üstəlik, o, buna elə israilli məmurların öz əli ilə nail olur.

 

Nə baş verib?

İsrailin «Aeronavtiks» şirkəti 20 ildir ki, pilotsuz uçuş aparatları istehsal edir. Şirkət dünyanın 60 ölkəsində fəaliyyət göstərir. Onun ən ciddi müştərilərindən biri isə Azərbaycandır. «Aeronavtiks» burada yerli AZAD şirkəti ilə birlikdə pilotsuz uçuş aparatları üçün detallar istehsal edir.

«Aeronavtiks» Azərbaycanla əməkdaşlığa 2009-cu ildə İsrail Müdafiə Nazirliyinin qərarı ilə başlayıb və bu əməkdaşlıq uğuz illərdir ki, uğurla davam edir.  Bu müddət ərzində şirkətin fəaliyyətinə nə İsrail dövləti, nə də Bakı tərfindən hər hansı irad bildirilib. Lakin bu yaxınlarda məlum olub ki, «Aeronavtiks»ın İsraildəki nümayəndələri Azərbaycana 2017-ci ildə göstərilmiş yardımla bağlı bir epizoda görə mühakimə olunacaqlar…

Məsələ bundadır ki, 2017-ci ilin iyulunda Azərbaycanla Ermənistan arasında gərginliyin növbəti dalğası baş qaldıran zaman «Aeronavtiks» şirkəti ölkəyə opretiv şəkildə «K1» model pilotsuz uçuş aparatları göndərib. Razılaşmaya uyğun olaraq, İsrail şirkətinin əməkdaşları azərbaycanlı personala PUA-ların idarə olunması qaydalarını da öyrədib. Onların tətbiqi zamanı «Aeronavtiks» nümayəndələri Azərbaycanda olsalar da, sistemlər sırf azərbaycanlı mütəxəssislər tərəfindən idarə edilib.

Hər şey elə buradan başlayıb. İsraildəki ermənipərəst qüvvələr Azərbaycanla əməkdaşlıq edən şirkətə təzyiq göstərmək fürsəti qazandıqlarını zənn edərək, onun rəhbərliyinə qarşı ittihamlar irəli sürməyə başlayıblar. Onlar şirkət rəhbərliyini guya Azərbaycanın apardığı hərbi əməliyyatlara icazəsiz dəstək göstərməkdə, Bakıya silah tədarükündə təqsirləndirib, həmin silahlardan qonşu Ermənistana qarşı istifadə olunduğunu bəyan edib. Bundan başqa, guya «Aeronavtiks» əməkdaşları Ermənistan ordusunun mövqelərinə nümunə zərbələrin endirilməsinə də hazır imişlər.

Nəticədə İsrailin Müdafiə Nazirliyinə məhz bu məzmunda şikayət ünvanlanıb, üstəlik, «Aeronavtiks» şirkəti və onun rəhbərlərinə qarşı cinayət işi açılıb.

İsrail qanunvericiliyinə görə, ölkə nümayəndələri ölkənin iştirak etmədiyi hərbi əməliyyatlarda yer ala bilməz. «Aeronavtiks» rəhbərliyi də bildirir ki, onlar Azərbaycana sadəcə PUL-lar tədarük edib və azərbaycanlı hərbçilərə onlardan istifdə qaydalarını öyrədiblər. Bu isə bütün qaydalara uyğundur, üstəlik, Müdafiə Nazirliyinin icazəsi ilə baş verib. Başqa sözlə, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.

Hər halda, uzun-uzadı araşdırmalardan sonra materiallar İsrail hökumətinin İsrail hökumətinin hüquq üzrə məsləhətçisi, doktor Avixay Mandelblitə təqdim olunub. Bəzi məlumatlara görə, prokurorluq işi məhkəməyədək uzatmaq istəməyib və «Aeronavtiks» şirkətinə cərimə və ictimai iş kimi «yüngül cəza» ilə qurtulmağı təklif edib. «Aeronavtiks» nümayəndələri isə kompromisə getməkdən imtina edərək bir daha bəyan ediblər ki, heç bir qanun pozmadıqlarına görə məhkəməyə də ehtiyac yoxdur.

Əslində, İsrail hökumətinin hüquq üzrə məsləhətçisi də materialları məhkəməyə göndərməyə tələsməyib. Yəqin ki, o, işi məhkəməyə göndərəcəyi təqdirdə İsrailin vacib strateji tərəfdaşı ilə münasibətlərində problem yarana biləcəyini anlayıb. Lakin sonda nədənsə erməni lobbisinin maraqları hüquq üzrə məsləhətçinin vətənpərvərlik hislərini üstələyib – təxminən il yarım sonra o, «Aeronavtiks» şirkəti və onun 3 rəhbər nümayəndəsi ilə bağlı ittihamları məhkəməyə göndərib.

 

İsrailin ziyanına, Ermənistanın xeyrinə

44 günlük müharibə zamanı Ermənistanla İranın Azərbaycanın İsraildən PUA-lar almasına necə etiraz etdiklərini xatırlayırsınız? Sonradan Tehran Azərbaycan prezidentinin uğurlu diplomatiyası sayəsində özünün regional təhlükəsizliklə bağlı suallarını cavab alıbsa, Ermənistan müharibədə üzləşdiyi məğlubiyyətin acı nəticələrini hələ də həzm edə bilmir.

Ümumiyyətlə, Azərbaycanla İsrailin müdafiə sənayesi sahəsindəki əməkdaşlığı Ermənistan üçün hər zaman qıcıqlandırıcı amil olub. 2020-ci ildəki Vətən müharibəsi zamanı Ermənistan hətta Azərbaycana silah tədarükünə etiraz olaraq, İsraildəki səfirini geri də çağırmışdı.

Söz vaxtına çəkər. Düz bir il əvvəl, 2021-ci ilin fevral ayında İrəvanda Holokost qurbanlarının abidəsi təhqir olunmuşdu. O zaman ermənilərin Verelq.am saytı bildirirdi ki, vandallar abidənin üzərinə qırmızı boya axıdıb və son müharibə zamanı Azərbaycan ordusunun istifadə etdiyi İsrail silahlarının adlarını xatırladan sözlər yazmışdılar.

Doğrudur, Ermənistan dövlət səviyyəsində bu əməkdaşlığa mane olmaq iqtidarında deyil. Əvəzində, bu məqsədlə İsraildəki ermənipərəst qüvvələrdən istifadə etmək olar – «Aeronavtiks» şirkətinə təzyiq üçün də məhz bu yol seçilib.

Beləliklə, sözügedən şirkətin qanuni, dövlətlərarası razılaşma çərçivəsini aşmayan fəaliyyətinə görə mümkün cəza alması İsraillə Azərbaycan kimi etibarlı xarici siyasi tərəfdaşların münasibətlərində ciddi problemlərə yol aça bilər. Ən əsası isə erməni maraqlarına xidmət edən qüvvələr İsraillə Azərbaycanı yalnız insani əlaqələrin, sıx dostğulun bağlamadığını anlamalıdırlar. Bu iki ölkəni bir-birinə həm də ümumi strateji maraqlar bağlayır. Bu qüvvələr öz əməlləri ilə ilk növbədə, öz ölkələrinin strateji maraqlarına zərbə vururlar. Ermənistan uğrunda…

Azərbaycanla İsraili arasındakı dostluq əlaqələri, strateji münasibətlər ermənipərəst qüvvələrin belə boş cəhdlərini hər zaman iflasa uğradır. Ümid etmək istərdik ki, «Aeronavtiks» şirkəti üzərində məhkəmə də erməni lobbisinin iflasa uğrayan növbəti cəhdlərindən olacaq.



MƏSLƏHƏT GÖR:

157