Müəllif: Sənan ŞƏFİZADƏ
QAPININ O TAYINDA
Kamran Ağayev qapıçı karyerasını başa vursa da, futbolla vidalaşmayacaq
Müstəqillik dönəminin ən istedadlı futbolçularından biri Kamran Ağayev karyerasını başa vurduğunu açıqladı. 2003-cü ildə peşəkar futbola gələn tanınmış qapıçımız 19 il sonra sevimli idmanından ayrıldı.
Uşaqlıq illərində üzgüçülük, sambo, karate, akrobatika ilə məşğul olan Kamran Ağayevi futbol sevgisi anadan olduğu Şabranın “Bərəkət” komandasına aparır. 2004-cü ildə qapıçı Naci Şensoyun çalışdırdığı “Turan”a transfer olunur və 2 il Tovuz təmsilçisinin şərəfini qoruyur. Karyerasının ən parlaq illəri isə 2006-cı ildə yollandığı “Xəzər- Lənkəran”la bağlıdır. 2006/07 mövsümündə çempionluğu və ölkə kubokunu qazanan qapıçı 2008-ci ildə Azərbaycan kubokunun sahibi olur. Bundan başqa, 2008-ci ildə Lənkəran klubunun heyətində “Birlik kuboku”nun da qalibi olmağı bacarır. 7 il “Xəzər- Lənkəran”da oynadıqdan sonra 2013-cü ildə rəhbərliklə yaşanan problemlər səbəbindən Cənub klubundan ayrılır və bir müddət “Bakı”da qərar tutur. 2014-cü ildə onun növbəti dayanacağı “Qəbələ” olur. “Qırmızı-qaralar”ın heyətində 33 oyun keçirən qapıçı 2015-ci ildə Türkiyəyə yollanır. Ağayevin yeni iş yeri Türkiyə PTT liqasının lideri “Kayserispor” olur. Mövsümün sonunda "Kayserispor"dan ayrılaraq “Karşıyaka”ya üz tutur. Burada da çox qalmayan Kamran 13 oyunda meydana çıxır və 2015-ci ilin dekabrında komandadan ayrılaraq Azərbaycana qayıdır. 2016-cı ilin yanvarında isə gözlənilmədən Bakı “İnter”i ilə müqavilə bağlayır. 2016-cı ilin sentyabrında Portuqaliya “Boşavişta"sı ilə mövsümün sonuna qədər müqavilə bağlayır. Yenidən vətənə dönən qapıçı 2018/19-cu ildə “Keşlə” ilə anlaşır. 2020-ci ildə “Səbail”ə üz tutan Ağayev bir neçə gün öncə karyerasını başa vurmağa qərar verir. 2008-2018-ci illərdə Azərbaycan millisinin əsas qapıçısı olan Kamran Ağayev məşqçilik kurslarından sonra millidə məşqçi çalışacaq.
Onunla söhbətə karyerasını başa vurmağından başladıq:
- “Səbail” klubunda işləriniz qaydasında olmadı və futbolla vidalaşmaq qərarına gəldiniz. Futboldan ayrılmaq çətin deyilmi?
- Futboldan ayrılmıram. Sadəcə daha qapını qorumayacam. Məşqçilik kurslarına yazılacam, sonra millidə qapıçılarla işləyəcəm. Son illərdə aldığım zədələr oynamağa imkan vermir. Artıq lazımi formaya qayıda bilmirəm. Demək olar, bədənimdə sınmayan çox az yer var. Ona görə fikirləşdim artıq getmək vaxtıdır.
- Zədə nə dərəcədə ciddidir?
- Son olaraq əlim zədələndi. 2 il futboldan kənarda qaldım. Əlim birləşmirdi. Sonra düzəldi. “Səbail” klubunda mənə lazımi dəstəyi gördüm. Sadəcə, artıq bəs edir. Bundan sonra oynamaq çox çətindir. Bu zədələr həm də sağlamlığa ciddi ziyan sayılır.
- Kamran Ağayev karyerasından razıdırmı?
Karyeramı hamı bilir. Kifayət qədər yaxşı klublarda oynamışam. Avropada çıxış etmişəm. Əlbəttə, daha yaxşı yerlərdə ola bilərdim. Daha güclü klublarda çıxış edə bilərdim. Sadəcə, belə alındı. Bununla belə, karyeramı pis qiymətləndirmirəm. Ən əsası insanların – azarkeşlərin sevgisini qazanmışam.
- “Turan”, “Xəzər- Lənkəran”, “Kayserispor”, “Boşavişta” kimi klublarda oynamısınız. Başqa hansı klublarda oynamaq şansı var idi?
- Berdi Foqts millidə işlədiyi dönəmdə söyləyirdi ki, “Tottenhem” mənimlə maraqlanır. Bir dəfə dedi “Köln” klubu bəzi detalları öyrənir. Yəni “Köln” maraqlanırdı. Kiyev “Dinamo”su ora getməyimi istəyirdi. Hətta nümayəndələri Azərbaycana gəlmişdi. Görüşdülər, danışdılar sonda alınmadı. Səbəbini bilmirəm.
- İspaniya, Portuqaliya və digər məşhur milli komandalara, futbolçulara qarşı oynamısınız. Hansı rəqib daha çox yadda qalıb?
- Milli komanda hər zaman mənim üçün xüsusi olub. Hər oyunda çalışmışam bütün gücümü göstərim. Portuqaliya, Türkiyə, Rusiya milli komandaları ilə oyunları xatırlayıram. Portuqaliya bizə qarşı çox arxayın idi. Ronaldo ən yaxşı vaxtlarında rəqib oldu. Təəssüf olsun qələbə qazandığımız oyunlar çox olmayıb. Məğlub olduğumuz oyunlar çox məyus olmuşuq. Bəzən zədəli, iynənin köməkliyi ilə meydana çıxmışıq. Azarkeşlər bilməyib bunları. Azərbaycan millisi hamımızın komandasıdır, ona görə bu komandaya hər birimiz borcluyuq.
- Hansı səhvə görə özünüzü bağışlaya bilmirsiniz?
- Hər birimizin səhvləri olur. Səhvsiz insan yoxdur. Amma İsrail millisi ilə matçda buraxdığım qola görə çox pis olmuşdum. Hətta karyeramı bitirmək istəyirdim. Elə qol buraxmalı deyildim. Bir neçə gün özümə gələ bilmədim. Sonra mərhum atam dəstək oldu. Dedi özünü sübut elə, bir səhvin səni futboldan uzaqlaşdırmamalıdır.
- Kamran Ağayevin karyerasında hansı məşqçinin əməyi daha çoxdur?
- Futbol aləmində İslam Kərimovu unuda bilmərəm. O məni tapıb, üzərimdə əməyi çoxdur. Cəmaləddin Əliyev təcrübəsini mənimlə bölüşüb. Onun əməyini unuda bilmərəm. Bütün məşqçilərə təşəkkür edirəm. Ad çəkməyəcəm. Qorxuram kiminsə adını unudaram.
- Hazırda Azərbaycan futbolunun vəziyyətini necə qiymətləndirirsiniz? İnkişaf etmək üçün nə lazımdır?
- Son illər milli komanda yaxşı oyunlar göstərmir. Oyun alınmır. Bir neçə ildir milli komandanın düşərgəsində deyiləm. Hazırda millidə olmadığım üçün şərh vermək istəməzdim. Orada nə baş verdiyini bilmirəm. Gecə-gündüz işləməliyik. Çox çalışmalıyıq.
- Karyeranızı bitirdiniz. Millinin əsas heyətində işləyəcəksiniz, yoxsa aşağı yaş qrupları üzrə komandalarda?
- Hazırda məşqçilik kurslarına GEDİRƏM. Milli komandanın üzvləri C kateqoriyasını imtahansız alır. Amma B və A kateqoriya üçün oxumaq lazımdır. Söhbət nəzəriyyədən gedir. Praktika ilə problem yoxdur. Aşağı yaş qruplarında olan qapıçılara nəzarət edəcəm. Kursu bitirəndən sonra isə yəqin əsas millidə işləməyə başlayaram. Hər şeyi zaman göstərəcək.
MƏSLƏHƏT GÖR: