24 Noyabr 2024

Bazar, 21:31

BU, BİZƏ LAZIMDIR?

Ukrayna üzündən Rusiyaya sanksiyaların tətbiqi Avropa siyasəti və iqtisadiyyatı üçün çətinliklər yarada bilər

Müəllif:

15.02.2022

Moskva ilə Qərb blokuna daxil olan ölkələr arasında gərginliyin artması son zamanlar Moskvaya qarşı Qərbin kollektiv sanksiyalarının sərtləşdirilməsi məsələsinin yeni aktuallıq qazanması ilə nəticələnib. Bununla yanaşı, indi Rusiyaya total sanksiyaların tətbiqinin həm də Avropa iqtisadiyyatına ciddi zərbə ola biləcəyinə dair fikirlər daha çox eşidilməyə başlayıb.

Eyni zamanda, son zamanlar avropalı siyasətçilər hərbi ssenarinin işə salınmasını istəmədiklərini hər imkanda dilə gətirirlər. Təbii ki, burada da məsələnin iqtisadi tərəfi, daha dəqiq desək, mümkün hərbi ssenarinin yaradacağı iqtisadi fəsadlar ciddi rol oynayır.

 

Berlin: bizə belə sanksiyalar lazım deyil

Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini əngəlləməyə çalışan əsas güc Almaniyadır. Bu isə təsadüf deyil. Aİ ilə Rusiya arasında ticarət dövriyyəsi həcminin dörddə biri məhz Almaniyanın payına düşür. Üstəlik, 2021-ci ildə onun həcmi pandemiyayadək olan dövrlə müqayisədə 25% artıb. Bu, əsasən enerji daşıyıcılarının bahalaşması nəticəsində mümkün olub. Məlum olduğu kimi, son il ərzində enerji daşıyıcılarının qiymət davamlı olaraq artıb.

Almaniya kanslerinin müavini, iqtisadiyyat və iqlimin qorunması naziri Robert Xabek bildirib ki, onun ölkəsi 55% Rusiya qazından asılıdır. Odur ki, Moskva ilə münasibətlərdə istənilən gərginlik, Qərb sanksiyalarının sərtləşdirilməsi ilə bağlı istənilən qərar Avropanın ən nəhəng iqtisadiyyatının əsas göstəricilərinə bilavasitə təsir göstərəcək, bu isə öz növbəsində, bütünlükdə avrozona iqtisadiyyatına zərbə olacaq. Belə bir vəziyyətdə «Şimal axını-2» layihəsi ətrafında gedən söhbətlər problemin yalnız bir hissəsidir. Çünki Almaniya şirkətlərinin Rusiyanın qaz monopolisti ilə əməkdaşlığı bu layihə ilə məhdudlaşmır.

Almaniyanın «Wintershall» konserni «Qazprom»la birlikdə Qərblə Şərqi, eyni zamanda Almaniyanın özünün şimalı ilə cənubunu birləşdirən qaz kəmərlərinin çəkilişinə hələ 1990-cı ildə başlayıb. Onların birgə müəssisəsi olan «Gascade» Almaniyanın «STEGAL», «MIDAL», «WEDAL» və «JAGAL» qaz kəmərlərinin operatorudur. Avropanın birləşdirici «EUGAL» qaz kəmərini də «Gascade» çəkir. «Şimal axını-2» ilə Almaniyaya gələcək qaz Polşa və Cənub-Şərqi Avropa istiqamətində məhz bu kəmər vasitəsi ilə nəql olunmalıdır.

Almaniya öz neft və qazının çox cüzi hissəsini hasil edir və üstünlüyü idxala verir. Bu gün ölkə neft və qaza olan tələbatının 95%-ni məhz idxal hesabına ödəyir. Bununla yanaşı, təbii resurslarının azlığına baxmayaraq, o, Avropada Rusiya və İtaliyadan sonra üçüncü böyük neft emalçısıdır. Almaniyanın neft emalı zavodları tarixən xam malı Rusiya/MDB-dən (35%), Şimal dənizindən (32%), Yaxın Şərqdən (18%), Şimali və Qərbi Afrikadan (15%) idxal edib. Lakin son dövrlərdə Şimal dənizində hasilatın azalması Almaniyanı uzaq ölkələrdən xam mal almaq məcburiyyətində qoyur, bu isə logistika problemləri və əlavə xərclər deməkdir. Bu məqamda Almaniyanın neft emalı müəssisələrinin köməyinə məhz ruslar, əsasən də «Rosneft» çatır. Hazırda Almaniyanın neft emalı gücünün 12%-dən çoxu «Rosneft»in əlindədir. Bu, onu Aİ-nin ən nəhəng ölkələrindən birində üçüncü böyük analoji şirkətə çevirir.

Eyni zamanda, Rusiyada çoxsaylı alman şirkətləri fəaliyyət göstərir. Onların arasında illik dövriyyəsi 15 milyard avronu aşan nəhəng şirkətlər də var. Pandemiyadan bir il əvvəl Rusiyada alman investisiyası onilliyin ən yüksək həddinə çatmışdı – 3 milyard avrodan çox.

Bununla yanaşı, son illər Rusiya bazarının imkanlarını Almaniyanın kiçik və orta biznesi də anlamağa başlayıb. Almaniyada karantin tədbirləri nəticəsində imkanları məhdudlaşan, eyni zamanda Rusiya bazarını yaxşı tanıyan şirkətlər sanksiyalar və siyasi problemlərdən çəkinməyə başlamağa tələsmirlər.

Belə bir vəziyyətdə Aİ ilə Rusiya arasında iqtisadi münasibətlərə məhdudiyyətlərin tətbiqi şübhəsiz ki, Almaniya şirkətlərinin maraqlarına zərbə olacaq. Demək, dolayısı ilə Almaniya hökuməti Moskvaya yeni sanksiyaların tətbiqini, çətin ki, şövqlə qarşılasın.

 

Fransa, Niderland, İtaliya da… ağlayır

Ticarət dövriyyəsinin həcminə görə Aİ-nin beşinci tərəfdaşı olan Rusiya həm də ittifaqın əsas alümin, nikel, polad və gübrə tədarükçüsüdür. Avropanın aparıcı konsernlərinin Rusiya ərazisində milyardlarla dəyəri olan investisiya layihələri var. Məsələn, «IKEA», «Volkswagen», «Carlsberg A/S» pivə istehsalı şirkəti və s. Bu mənada, Fransa şirkətləri xüsusi fərqlənir. Rusiyaya fevralın 7-də səfər etmiş Fransa prezidenti Emmanuel Makron məhz bu üzdən Rusiya ilə ikitərəfli ticari-iqtisadi münasibətlərin qorunub saxlanmasında qonşu Almaniyadan heç də az maraqlı deyil.

Məlum olduğu kimi, Rusiya iqtisadiyyatına ən çox investisiya yatıran 5 Avropa ölkəsindən biridir (Aİ-də 4-cü, bütünlükdə Avropada 8-ci). 2021-ci ilin ilk rübünün yekunlarına görə, Rusiya iqtisadiyyatına yatırılmış Fransa investisiyasının həcmi 21,7 milyard avro olub (Rusiyanın Fransa iqtisadiyyatına yatırımı 3,1 milyard dollar). Rusiyada fəaliyyət göstərən ən nəhəng Fransa investorlarından «TotalEnerjis», «Aşan», «Reno», «Danon», «Şneyder Elektrik» və digərlərinin adını çəkmək olar. Bu şirkətlərin rəhbərləri hələ də Rusiyada biznesin inkişafına dair planlar qurur. Belə qurumların Rusiya bazarından əldə etdikləri aşkar qazanc, bu bazarla bağlı ciddi perspektivlər onların mümkün sanksiyalarla bağlı ciddi narahatlıq keçirməsinə səbəb olur.

Eyni sözləri Niderland biznesinin nümayəndələri haqda da demək mümkündür. «Palderlər ölkəsi» 1990-cı illərin əvvəllərindən nəhəng Rusiya şirkətləri üçün (onların arasında «Svyaznoy N.V.», «X5 Retail Group», «Yandex» də var) vergi və maliyyə habı rolunu oynayır. Belə şirkətlər arasında «Gazprom International» kimi dövlət qurumları da var. Mərkəzi Bankın məlumatına görə, 2020-ci ilin oktyabrına Niderlanddan Rusiya iqtisadiyyatına yatırılmış investisiyaların həcmi 37 milyard dollar təşkil edib (onun 30 milyard dollardan çoxu əsas kapitaldır). Bu, ümumi kapital qoyuluşlarının 9,4%-i deməkdir.

Rusiyaya tətbiq olunmuş sanksiyaların sərtləşdirilə biləcəyinə dair xəbərləri Niderland biznesinin necə qarşıladığını təsəvvür etmək çətin deyil. «Rusiyaya gül sata bilməsək, nəhəng partiyalarımız məhv olacaq. Bunun əziyyətini çox çəkəcəyik», - deyə Niderlandın nəhəng gülçülük şirkətlərindən olan «Leeuwis»in rəhbəri Marsel Leuvis bildirib.

Mövzu italiyalı sahibkarlar üçün də ağrılıdır. İtaliya Sənayeçiləri Assosiasiyasının məlumatına görə, 2017-ci ildə Rusiyada 450-dək İtaliya şirkəti və 80 birgə müəssisə qeydiyyatdan keçib. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 20 milyard dolları ötür.

Avropa ölkələrinin parlamentlərində nüfuzlu sənaye qruplarının maraqlarına lobbiçilik edən deputatlar Rusiyaya yeni sanksiyaların tətbiqinə buna görə belə açıq etiraz edir. Bu mənada, sağçı və qatı sağçı partiyaların təmsilçiləri xüsusi fəallıq göstərir. Çünki onların seçicilərinin verdikləri əsas suallardan biri budur: «Rusiyaya sanksiyaların tətbiqi tərəflərə konkret nə verib? Bu, Ukraynaya necə kömək edib?».

 

Bizə müharibə lazım deyil

Bununla yanaşı, bir sıra Şərqi Avropa ölkəsinin rəhbərləri son zamanlar NATO-nun Rusiya ilə bağlı hərbi planlarından aşkar şəkildə çəkinməyə başlayıblar. Məsələn, Xorvatiya prezidenti Zoran Milanoviç bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibənin başlayacağı təqdirdə Xorvatiya NATO-nun Şərqi Avropadakı qüvvələrinin sıralarında yer alan hərbçilərini geri çağıracaq. Bununla yanaşı, o, ABŞ-ı NATO-dan öz xarici siyasi hədəflərinə çatmaq üçün istifadə etməkdə təqsirləndirib.

«Xəbərlərdə baxıram ki, NATO – ayrıca hansısa dövlət, ABŞ  yox  - kəşfiyyat gəmiləri göndərir, iştirakını gücləndirir. Biz bu işdə yoxuq və olmayacağıq. Bu zəmanəti sizə mən verirəm. Bunun nə Ukrayna, nə Rusiya ilə əlaqəsi var. Bu, Co Bayden və administrasiyasının daxili siyasəti ilə bağlıdır. Halduki, onu Avropada yalnız mən dəstəkləyirdim… Beynəlxalq təhlükəsizlik məsələlərində təhlükəli davranışlar müşahidə edirəm», - deyə Zoran Milanoviç bildirib.

Yanvarın ortalarında isə Slovakiya baş nazirinin müavini, iqtisadiyyat naziri Rixard Sulik Krımın Rusiyanın bir hissəsi olaraq qalacağını bildirmişdi. Sulik bildirmişdi ki, onun Moskva ilə bağlı düşüncələrini, Rusiyaya münasibətini Aİ-nin digər ölkələrinin də ali rəhbərliyi bölüşür. Bu bəyanat əslində, Aİ rəhbərliyinin əhvalını ortaya qoyur. Sadəcə, bir çox lider bəlli səbəblərdən «gizlənməyə» üstünlük verir.

Bundan bir qədər əvvəl – 2021-ci ilin noyabrında Bolqarıstan prezidenti Rumen Radev də məsələ haqda açıq danışmışdı. O da Krımın Rusiyaya məxsus olduğunu demiş, Moskvaya qarşı iqtisadi sanksiyaların effektsiz olduğunu söyləmişdi…

Macarıstanın baş naziri Viktor Orban isə Moskvaya fevralın əvvəlində etdiyi səfər zamanı bildirib ki, Aİ-nin sanksiyalar siyasəti onun ölkəsinə Rusiyadan daha artıq ziyan verib. Bununla yanaşı, Orban Rusiya ilə Ukrayna arasında müharibənin baş verəcəyinə şübhə ilə yanaşdığını nümayiş etdirib.

Ukrayna Krımın Rusiyaya məxsusluğu haqda fikirlərə təbii ki, sərt reaksiya göstərir. O, Moskvaya qarşı sanksiyaların yumşaldılması çağırışlarını da müsbət qarşılamır. Lakin maraqlıdır ki, rəsmi Brüssel bu vəziyyətə heç bir reaksiya vermir – sanki yaşananları görmür. Görünən odur ki, Aİ Ukrayna ilə bağlı ziddiyyətləri daxili diskussiyalar, üzvlər arasında münasibətlərin pisləşməsi üçün vacib səbəb saymır.

Bütün bunlar, əlbəttə ki, alternativ fikirlərin, hətta önəmli siyasətçilərin mövqeyinin yekun qərarın qəbulunda həlledici olacağı anlamına gəlmir. Amma vəziyyət göstərir ki, Aİ liderləri məsələnin diplomatik yolla həllinə nail olmaq bütün variantları nəzərdən keçirirlər. Amma bir həqiqət də var ki, NATO və ya Aİ-də Ukrayna ilə bağlı fikir ayrılıqlarının olduğuna dair köhnə mövcud yeni dinamika qazanır, siyasi və ya analitik polemika müstəvisindən aktual siyasət müstəvisinə keçir.

Bütün bunlarla yanaşı, Rusiyanın Ukraynaya mümkün «hücum»u ilə balı adiotaj sonuncunun iqtisadiyyatına son dərəcə ciddi zərbə vurur. Ölkə başçısı Vladimir Zelenski yanvarın 28-də açıq şəkildə bildirmişdi ki, Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsinə dair Qərbin açıqlamaları ölkədəki iqisadi vəziyyətə pis təsir edir. Bu ajiotaj davam edərsə, istər xarici, istərsə də yerli investorlar ölkəni tərk etməyə başlayacaq.

Belə bir vəziyyətdə ABŞ-ın Rusiyanın iqtisadi sanksiyalardan, o cümlədən SWIFT ödəniş sistemindən kənarlaşdırılmasınından çəkdiyi əziyyətlər haqda bəyanatları o qədər də əsaslı təsir bağışlamır.

İstənilən halda, belə təəssürat yaranır ki, Rusiya ilə Ukrayna arasında mümkün müharibə mövzusu Avropa siyasəti və iqtisadiyyatı üçün getdikcə daha ciddi problemlər yaradır. Rusiya ilə qarşıdurma nəticəsində iqtisadi zərərin getdikcə artması fonunda siyasətçilərin pasifizmi tam əsaslı görünür.

Təəssüf ki, «bəs, necə olacaq?» sualına cavab tapmaq uzun zamana ehtiyac var.



MƏSLƏHƏT GÖR:

154