19 Dekabr 2024

Cümə axşamı, 16:43

FEYR-PLEY

«Qarabağ» Konfrans Liqasına təmiz oyunla vida etdi

Müəllif:

01.03.2022

Azərbaycan futbolu ilk dəfə avrokubok mövsümünü qış fəslinə qədər uzatdı. İlk dəfə olaraq Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında qrupa vəsiqə qazanmaqla yanaşı, həm də pley-offa adladı. Pley-offda isə Qurban Qurbanovun komandası turnirin favoritlərindən sayılan Fransanın “Marsel” klubuna rəqib oldu.

Səfərdə 1-3, Bakıda isə 0-3 hesablı acı məğlubiyyət “Qarabağ”ın avrokubok yürüşünün bitməsi ilə nəticələndi. Əslində, püşkdən dərhal sonra “Marsel” haqlı olaraq cütün favoriti hesab olunur. Optimist azarkeşlər Ağdam təmsilçisindən növbəti sensasiyanı gözlədiyi halda Fransa təmsilçisi hər iki görüşdə qələbə qazanmaqla 18 finala adladı.

Marsel və Bakıda baş tutan oyunları xatırlamağa ehtiyac yoxdur. Lakin cavab matçının 34-cü dəqiqəsini yada salmaq yerinə düşər. Oyunda futbolda nadir hallarda yaşanan hal baş verib. 34-cü dəqiqədə cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahim Vadji qol vurub. Baş hakim qolu qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib. Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov futbolçuya bunu görüşün baş hakiminə bildirməsini istəyib. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib. “Qarabağ” avrokuboklarda nə qədər hakim səhvləri ilə üzləşsə də, Qurban Qurbanov ədalətin tərəfində olmağı üstün sayıb.

UEFA-nın baş katibi Corco Marketti "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə Bakıdakı matçda etdiyi feyr-pley jestini belə şərh edib: “Adətən, fantastik qolları qeyd edirik, onların sevincini yaşayırıq. Amma indi başqa məsələyə diqqəti yönəltmək istərdim. “Qarabağ” klubu tərəfindən idman jesti gördük. Baş hakim “Marsel”in qapısına əllə vurulan qolu saysa da, “Qarabağ” jest edərək, bunun ləğvini istədi. “Qarabağ”a müraciət edərək demək istəyirəm ki, sizin bu turnirdəki performansınız əla idi. Amma feyr-pley jestiniz ondan da yaxşı idi”.

 

Əsl azərbaycanlı kimi ədalətli

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərlə söhbətində fair-pley qərarı barədə çox danışmaq istəməyib: “Bundan sonra mənim üçün ən çətin məqamlardan biri bu epizodla bağlı sualı cavablandırmaq olacaq. Yəqin ki, bundan sonra da çox müzakirə olunacaq. İstəmərəm ki, mən tərəfdən bu çox müzakirə olunsun. Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur. Sırf ədalətli və əsl azərbaycanlı kimi qərar verdim".

Q.Qurbanov heç kimin haqqına girmək istəmədiyini vurğulayıb: "Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Bizə qarşı ədalətsizliklərə cavab vermək ağlıma gəlmirdi. Keçmişdəki hadisələr oyun vaxtı yaddan çıxır, sırf oyunda olan bir hərəkət idi. Nə etmək lazım idisə, o addıma da əl atdım".

2021-2022 mövsümünə gəldikdə isə Qurban Qurbanov mövsümü uğurlu adlandırıb: “Azərbaycanda çempion olmasaq belə avrokuboklar yaxşı keçdi. Çətin dövrdə Konfrans Liqasında qrupa vəsiqə qazandıq. İlk dəfə olaraq pley-offa yüksəldik. Azarkeşlərimizi sevindirməyə çalışdıq”.

 

Rəqabətsiz uğur

Azərbaycan futbolunda böyük uğurların müəllifi “Qarabağ” klubu cari mövsümdə də avrokuboklarda məqsədinə nail oldu. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, çempion ola bilməyən Ağdam klubu həvəsdən düşmədi. İlk dəfə çıxış etdiyi UEFA Konfrans Liqasında qrupa vəsiqə qazandı və maksimum nəticəni əldə etdi. Hazırkı dönəmdə ölkə futbolunun avrokuboklarda pley-offda təmsil olunması böyük uğurdur. Azərbaycan çempionatında rəqabətin olmaması, üstəlik, yeni futbolçuların yetişməməsi klubların problemlərini artırıb. “Qarabağ” isə avrokuboklarda uğurlu çıxış etməklə Avropa klubları ilə rəqabətdən çəkinmir.

“Marsel”ə məğlubiyyətin başlıca səbəbi rəqibin azı iki dəfə Ağdam təmsilçisindən güclü olmasıdır. Fransa klubu həm büdcə, həm heyət, həm də təcrübə baxımından “Qarabağ”ı üstələyir. Bununla belə Ağdam klubunun pley-offa qədər irəliləməsi yüksək qiymətləndirilməlidir. Ardıcıl olaraq qrup mərhələsində iştirak edən “Qarabağ” təcrübəni artırır və əldə etdiyi uğurların təsadüfi olmadığını göstərir. Hər il avrokubokda uğurlu çıxış etdiyinə görə UEFA tərəfindən mükafatlandırılan “Qarabağ” həm də büdcəsini zənginləşdirir və futbolun gəlir gətirdiyini sübut edir.

Sadalanan uğurlarla yanaşı, müəyyən problemləri qeyd etməliyik. Ağdam təmsilçisi ölkə futbolunda rəqabət yaşamır. Etiraf etməliyik ki, Qurban Qurbanovun komandası asanlıqla ölkə səviyyəsində bütün mümkün titulları qazanır. Rəqabət olmayan futbolda inkişaf tələb etmək sadəlövhlükdür. Ardıcıl uğurlar qazanan “Qarabağ”ın hər il yeni mövsümdə nəticəni təkrarlaması çətinləşir. Zəif çempionatda çıxış etdiyinə görə güclü transferlərə də ehtiyac görmür. Onsuz mövcud heyətlə ölkə çempionatında qızıl medalları qazanmaq mümkündür. Yalnız avrokuboklar üçün transfer etmək isə o qədər önəmli deyil.

Azərbaycan çempionatında lider olan “Qarabağ”ın cari mövsümdə növbəti dəfə çempion olacağı heç kimdə şübhə doğurmur. Ölkə kubokunda yarımfinala adlayan Ağdam klubu “qızıl dubl” etməyə real namizəddir. Yeni mövsümdə avrokuboklarda necə çıxış edəcəyini isə heç kim proqnozlaşdıra bilməz. “Qarabağ”ın güclənməyə ehtiyacı var. Eyni zamanda bəzi futbolçularla vidalaşmaq vaxtıdır. Cari mövsümə gəldikdə isə “Qarabağ” klubunun tarixində ən uğurlu mövsümlərdən biri kimi qalacaq.



MƏSLƏHƏT GÖR:

174