Müəllif: Ağasəf NƏCƏFOV
Son iki ildə qlobal turizm sahəsi pandemiyanın güclü təzyiqi altındadır. Ümumdünya Turizm Təşkilatının (UNWTO) ekspertləri hesab edirlər ki, rekreasiya sahəsi 2019-cu ilin müsbət göstəricilərinə yalnız 2024-cü ildə çatacaq.
Ölkələr koronavirus məhdudiyyətlərini aradan qaldırmağa və turizmlə bağlı açılıma yenicə başlayıb. Azərbaycanda isə fəal şəkildə yeni turizm məhsulları hazırlanır və təbliğ olunur. Üstəlik, ölkədə turizm sahəsi ilə bağlı islahatlara start verilib. Bu islahatlar əsasən turizm sektorunun xüsusiyyətlərinin yaxşılaşdırılmasına və standartların yüksəldilməsinə istiqamətlənib. Hətta bu məqsədlə “Turizm haqqında” qanun belə hazırlanıb və qəbul edilib.
Göstəricilərin yaxşılaşması
Hazırda qlobal turizm sahəsi 2019-cu ilin, yəni pandemiyadan əvvəlki dövrün göstəricilərindən 70% aşağı olsa da, UNWTO ötən il ərzində cüzi 4%-lik artım qeydə alıb. BMT ekspertləri bu müsbət məqamı vaksinasiya ilə bağlı əldə edilmiş uğurlar, dünyanın bir çox ölkələrində səyahətə dair karantin məhdudiyyətlərinin aradan qaldırılması ilə əlaqələndirirlər. Bu müsbət tendensiya statistikada da əks olunub: 2021-ci ildə qlobal turizm sahəsinin gəlirləri düz 1,9 trilyon dollara yaxınlaşıb. Bu, 2019-cu ilin, yəni böhrandan əvvəlki dövrün göstəricilərindən 200 milyard dollar çoxdur. Burada əsas hərəkətverici qüvvə daxili turizm idi. Gəlirlərin artması isə inflyasiyanın yüksəlməsinə səbəb olan enerji və ərzaq böhranı ilə izah edilir. Belə ki, ötən il dünyanın, demək olar ki, bütün regionlarında aviabiletlərin qiyməti nəzərəçarpacaq dərəcədə artıb. Üstəlik, qida, servis, hotel qiymətləri bahalaşıb.
Sadalanan çətinliklər müəyyən dərəcədə Azərbaycanda da hiss olunub. Buna baxmayaraq, ötən il daxili turizm göstəricilərinin yaxşılaşması istiqamətində sabit tendensiya müşahidə edilib. Bundan əlavə, xarici ölkələrə səfər edən azərbaycanlıların sayı bir neçə dəfə artıb.
Yeri gəlmişkən, ilkin hesablamalara əsasən, ötən il Azərbaycana, təxminən, 800 min xarici qonaq səfər edib. Doğrudur, bu, 2019-cu ilin rekord göstəricisindən (3,2 milyon nəfər) çox uzaqdır. Buna rəğmən, 2022-ci ildə ötən illə müqayisədə müəyyən müsbət dinamika müşahidə olunur. İndi turizm sahəsində vəziyyət tədricən yaxşıya doğru dəyişir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin proqnozlarına əsasən, bu il xarici turistlərin sayında 50% artım gözlənilir. Bu, xüsusən, turizm sahəsi ilə bağlı bir sıra karantin məhdudiyyətlərinin aradan qaldırılması, rekreasiya obyektlərinin əksəriyyətinin fəaliyyətinin bərpa edilməsi və əlbəttə ki, beynəlxalq aviaəlaqələrin liberallaşdırılması ilə bağlıdır. Hazırda 80-dən çox dövlətin vətəndaşlarının Azərbaycana hava yolu ilə səfər etməsinə icazə verilir.
Bu arada, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin fikrincə, bu müsbət dinamika gücləndikcə, gələn il Azərbaycanın turist axınının pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşdırması ilə bağlı böyük şansı var. Azərbaycan Turizm Assosiasiyası (AzTA) da nikbindir. Assosiasiyanın İdarə Heyətinin sədri Əhməd Qurbanov hesab edir ki, ötən il Azərbaycan vətəndaşlarının bölgələrdəki istirahət mərkəzinə marağı xeyli artıb: “Bölgələrdəki hotellər həftə sonları tam, iş günləri isə qismən dolub”. Qış mövsümünün dağ-xizək kurortları üçün uğurlu keçdiyini qeyd etmək yerinə düşər. Ötən il dağ-xizək kurortlarında istirahət edənlərin sayı 2020-ci illə müqayisədə xeyli artıb.
Turizm Assosiasiyasında düşünürlər ki, 2022-ci il də ölkənin turizm sənayesi üçün uğurlu olacaq, çünki bir çox dövlətlərlə hava məkanının, hətta ola bilər ki, quru sərhədlərin açılacağı gözlənilir. Bu baş verərsə, xarici turistlərin Azərbaycana axını nəzərəçarpacaq dərəcədə artacaq. Eyni zamanda, hazırda yerli hotellər və istirahət bölgələri yaz-yay mövsümünə hazırlaşır, daha rəqabətədavamlı və maraqlı turizm məhsulları formalaşdırır.
Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin sözlərinə görə, xarici turistlərin Azərbaycana qaytarılması istiqamətində genişmiqyaslı işlər aparılır. Ölkənin turizm brendinin potensial cəlbedici bazarlarda tanıdılması üçün bütün imkanlardan istifadə edilir və effekli marketinq mexanizmləri, həmçinin beynəlxalq sərgilər, tanıtım səfərləri və infoturlar və sair tətbiq olunur.
Yolumuz Qarabağadır
Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və digər profilli strukturlar konseptual sənədlərin hazırlanması üzərində işləyir. Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərinin, xüsusən, Şuşa şəhərinin turizm potensialının təbliğinə böyük diqqət ayrılır. Bu məqsədlə artıq beynəlxalq turizm sərgilərində bu ərazilərin turizm potensialının yeni imkanları nümayiş etdirilib.
Üstəlik, Azərbaycan Avropa, Türkiyə, Çin və postsovet ölkələrində keçirilən ixtisaslaşmış turizm forumlarında fəal şəkildə investorlar cəlb edir.Bir çox yerli və xarici özəl şirkətlər Qarabağ bölgəsində termal, dağ (alpinizm), qış, ovçuluq, aqrar və “yaşıl” turizmin inkişafına maraq göstərirlər. Bundan əlavə, Azərbaycan Qarabağ bölgəsində aviasiya infrastrukturunun formalaşmasını sürətləndirib. Belə ki, bu infrastruktur olmadan xarici turistlərin kütləvi şəkildə qəbulu sadəcə mümkün deyil. Məsələn, ötən ilin oktyabrında Füzuli Beynəlxalq Hava Limanı istismara verilib. Üstəlik, Laçın və Zəngilan rayonlarında iki beynəlxalq hava limanı inşa edilir.
“Bu hava limanları turistlərə regionun böyük imkanlarından istifadə etməyə imkan yaradacaq, Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının inkişafına töhfə verəcək”, - deyə K.Quluzadə qeyd edib.
Azərbaycanın azad edilmiş ərazilərində ayrı-ayrı yeni marşrut və istiqamətlər yaradılır. Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşa, güman ki, 2023-cü ildə bölgədə müvafiq infrastrukturun və ilkin turizm potensialının formalaşdırıldığı ilk şəhər olacaq. Demək, gələn il turistlərin qəbulu üçün ilkin şərait yaradılacaq.
Hazırda azad edilmiş ərazilər minalardan təmizlənir, bölgədə yol, enerji və kommunal infrastruktur yaradılır. Odur ki, burada rekreasiya potensialının rellaşdırılması məqsədilə müvafiq işlərə start veriləcək. Regionun yeni turizm istiqamətinə çevrilməsi məqsədilə Qarabağ üzrə Regional Turizm İnkişaf Strategiyası hazırlanır. Bu təşəbbüslər mədəni irsi, təbii landşaftı, tarixi abidələri və sairi əhatə edir.
Bu arada, Dövlət Turizm Agentliyi “Zəfər marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama”, “Yolumuz Füzuliyə”, “Yolumuz Xocavəndə” və sair layihələr hazırlayıb. Bu layihələrin əksəriyyətinin yaxın gələcəkdə həyata keçiriləcəyi gözlənilir. Dövlət Turizm Agentliyinin hesablamalarına əsasən, 2025-ci ilə qədər azad edilmiş ərazilərə 1 milyon yerli və xarici turist səfər edəcək.
Yeni qanun
Eyni zamanda, Azərbaycanda turizm sahəsi ilə bağlı genişmiqyaslı islahatlara başlanılıb. Məqsəd bu sahənin xüsusiyyətlərinin beynəlxalq standartlara çatdırılması, investorlar və bazar iştirakçıları üçün əlverişli şəraitin yaradılmasıdır. Qeyd etdiyimiz kimi, bu məqsədlə “Turizm haqqında” qanun qəbul edilib. 2022-ci il iyulun 1-də qüvvəyə minəcək qanun hələ uzaq 1999-cu ildə hazırlanmış qanunvericiliyi əvəz edəcək. 22 maddəlik qanunda turizm sektoru ilə bağlı dövlət tənzimlənməsi prinsipləri, həmçinin bu sahəyə dair prioritetlər müəyyən edilib, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi mənbələri və sair göstərilib.
Bu sənədə qiymət verən zaman bir fakta diqqət yetirmək lazımdır: burada yerli turizmin keyfiyyət xüsusiyyətlərinin yüksəldilməsinə istiqamətlənmiş kifayət qədər aydın maddələr var. Məsələn, turizm sənayesi subyektlərinin etik davranış kodeksləri təsdiq olunub, məcburi ulduz kateqoriyasının verilməsi ilə bağlı məqamlar müəyyən edilib. Bundan əlavə, qanunu pozan şəxslər iki mindən beş min manatadək cərimə olunacaq. Üstəlik, qanunda turizm reyestrinə məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, həmçinin bu məlumatların yenilənməməsinə görə cərimələr müəyyən edilib. Sığorta müqaviləsi olmayan turpaket satışına görə də çox ciddi cərimələr tətbiq olunacaq.
Bu arada, qanunda bələdçilərin və ekskursiya rəhbərlərinin hazırlanması və sertifikatlaşdırılması, həmçinin onların dövlət reyestrində akkreditasiya attestasiyası ilə bağlı qaydalar ardıcıl şəkildə müəyyən edilib. Bu norma və mexanizmlər beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.
Qanunda göstərilir ki, rekreasiya zonalarının formalaşdırılması məqsədilə yeni mexanizmlər tətbiq ediləcək. Bu zaman ətraf mühitə təsirin minimuma endirilməsi və ekoloji normalara riayət olunması nəzərə alınacaq.
Yeri gəlmişkən, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndinin sözlərinə görə, sadalanan tədbirlər turizm və mehmanxana sektorunun keyfiyyətcə fərqli, beynəlxalq standartlara uyğun olaraq inkişafını təşviq etməyə istiqamətlənib: “Rəsmi statistikaya əsasən, Azərbaycanda hotel və mehmanxana tipli müəssisələrin sayı 650-dən çoxdur. Amma onların əhəmiyyətli hissəsi ulduzsuz fəaliyyət göstərib. Bu, turistlərin hüquqlarının pozulması deməkdir”.
O, vurğulayıb ki, elan edilmiş ulduz kateqoriyasına uyğun xidmət səviyyəsi ilə göstərilən xidmət arasında uyğunsuzluq təkcə konkret turizm müəssisəsinin nüfuzuna xələl gətirmir, həm də ölkənin nüfuzunu aşağı salır.
Beləliklə, “Turizm haqqında” qanunun qəbulundan və hotellərin icbari sertifikatlaşdırılmasından sonra onlar üçün üzərlərinə götürdükləri öhdəliyi pozmaq problemlər yaradacaq. Bundan başqa, müştərilərin mənfi rəyləri nəticəsində hotelçilər ulduz kateqoriyasının aşağı salınması və nəticə etibarilə gəlirlərini itirmək təhlükəsi ilə üzləşəcək.
Bu məqamda bir məsələni xatırlatmaq yerinə düşər: Azərbaycanda hotellərə ulduzların verilməsi prosesində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə bu prosesə bir neçə il əvvəl avropalı mütəxəssislər cəlb olunmuşdu. Üstəlik, bu məqsədlə Azərbaycan Hotellər Assosiasiyası Avropa Hotellər Assosiasiyası ilə bərabər yeni milli təsnifat sistemi hazırlayıb. Sertifikatlaşdırılmış hlotellər və digər müəssisələr haqqında məlumatlar isə turizm reyestrinə daxil ediləcək. Qeyd edək ki, yeni qanunda turizm reyestrinin yaradılması nəzərdə tutulub. Yeni hotellər haqda məlumat dövlət orqanlarının elektron məlumat sisteminə yerləşdiriləcək. Hotellər isə öz növbəsində turizm reyestrinə nömrələrin, yataq yerlərinin sayı və sair haqda məlumatı yerləşdirə biləcək.
Əslində, turizm reyestrinin yaradılması və orada təqdim edilən məlumatlar hotellər üçün də faydalı olacaq. Belə ki, bu, onların marketinq və reklam imkanlarını genişləndirəcək.
Bir sözlə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin bu yaxınlarda qeyd etdiyi kimi, turizmin inkişafı ilə bağlı tendensiyaların dinamik şəkildə dəyişməsi və qlobal çağırışlar üzündən bu sektorun qanunvericilik bazası və dövlət tənzimlənməsi ilə bağlı yeni yanaşmalara ehtiyac duyulur. Odur ki, indi turizm sahəsinin tənzimləyicilərinin qarşısında duran vəzifələr daha səmərəli şəkildə həll oluna bilər.
MƏSLƏHƏT GÖR: