22 Noyabr 2024

Cümə, 20:35

İŞIQLI YOL

Azərbaycandan elektrik enerjisi ixracını nəzərdə tutan layihələr büdcyə uzun illər sabit gəlir vəd edir

Müəllif:

01.03.2022

Avropanın qaz bazarında yaranmış mürəkkəb vəziyyət Avropa Komissiyasını son dərəcə qeyri-adi qərar qəbul etməyə sövq edib: “yaşıl enerji” ilə bağlı layihələr yenidən nəzərdən keçirilib. İndi investorlara təkcə bərpa olunan enerji mənbələrinə deyil, həm də atom enerjisinə və təbii qaza diqqət yetirmək tövsiyə olunur. Avrokomissarlar qaz və atom enerjisini “yaşıl texnologiyalar” siyahısına daxil edilməsi ilə bağlı qərarı bu il fevralın 2-də keçirilmiş iclasda təsdiqləyiblər. Amma bu qərar 4 aydan tez olmayaraq qüvvəyə minəcək. Əlbəttə, əgər Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti onu bloklamasa...

 

“Atom”a, hə

Avropa Komissiyasının mübahisəli qərarı artıq ekoloqların, hətta investorların belə, ciddi tənqidinə səbəb olub. Üstəlik, bu qərar Avropanı daxildən parçalayıb. Hətta məhkəməyə müraciət olunacağı ilə bağlı təhdidlər belə, səsləndirilir. Yeri gəlmişkən, Fransa, Polşa və Aİ-yə üzv olan bir sıra dövlətlər atom enerjisindən istifadə edilməsi ilə bağlı təşəbbüsü dəstəkləyir. Lakin Almaniya, Avstriya və Lüksemburq yeni ideyanın əleyhinədir. Hətta Vyana və Lüksemburq bu qərar haqda məhkəməyə etiraz edəcəkləri ilə bağlı təhdidlər səsləndirirlər. Avropa Komissiyası isə atom enerjisi ilə bağlı qərarını onunla əsaslandırır ki, Avropanın hazırkı mərhələdə təbii qaz və atom enerjisi ilə bağlı layihələrə ehtiyacı var və bu ideyanı danmaq reallığı inkar etmək deməkdir. Digər tərəfdən avrokomissarlar bəyan edirlər ki, alternativ enerji sıfır karbon emissiyası ilə bağlı hədəflərə nail olmaqda əsas rol oynasa da, regionun sabit enerji mənbələrinə ehtiyacı var.

Fransa Prezidenti Emmanuel Makron isə əmindir ki, atom enerjisi olmadan onun dövləti və Aİ planlaşdırıldığı kimi, 2050-ci ilə qədər karbon neytrallığına nail ola bilməyəcək. Bundan başqa, Fransa lideri bu ayın əvvəlində ölkədə 2045-ci ilə qədər ən azı 6 ədəd EPR2 tipli nüvə reaktorunun tikintisi ilə bağlı planı elan edib. E.Makron hələ 2017-ci ildə seçkiqabağı proqramında Fransada elektrik enerjisinin istehsalında atom energetikasının payının 75%-dən 50%-dək azaldılacağına söz vermişdi. Amma Fransa lideri son bəyanatı ilə 180 dərəcə dönüş edib.

Nüvə enerjisi İkinci Dünya müharibəsindən sonrakı Fransa iqtisadiyyatının əsasını təşkil edir. Bu ölkə isə Avropada Almaniyadan sonra ikinci ən böyük iqtisadiyyata malikdir. Atom elektrik stansiyaları Fransanın elektrik enerjisinə olan tələbatının 70%-ni ödəyir. Üstəlik, onlar ölkəni ucuz elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, atom elektrik stansiyaları Fransanı ən böyük enerji ixracatçısına çevirib. O, əsasən İtaliya və Böyük Britaniyaya elektrik enerjisi tədarük edir.

Aİ-də Fransadan başqa da atom energetikasını dəstəkləyən dövlətlər var: Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Polşa və Sloveniya. İttifaqa üzv olmayan Böyük Britaniya da atom elektrik stansiyalarının inşasını davam etdirir.

Macarıstan isə tezliklə Pakş-2 atom elektrik stansiyasının tikintisi üçün lisenziya almağa ümid edir. Bu ölkənin baş naziri Viktor Orbanın sözlərinə görə, bu, hakimiyyəti enerji müstəqilliyini təmin etməyə can atan və bunu daha çox iqlim neytrallığı yolu ilə həyata keçirməyə çalışan respublika üçün böyük nailiyyət olardı.

Çexiyaya gəlincə, o, Dukovanı AES-də yeni enerji blokunun tikintisinə başlamağı planlaşdırır. “Atom elektrik stansiyaları bizim üçün mühüm rol oynayır. Respublikada elektrik enerjisi istehsalının, təxminən, 40%-i məhz onların payına düşür”, - deyə Çexiyanın Baş naziri Petr Fiala bildirmişdi. Doğrudur, ölkə rəhbərliyi uzun müddət ərzində bu layihənin maliyyələşdirilməsi ilə bağlı qərar verə bilmirdi. Nəticədə, yeni enerji blokunun inşası təxirə salınırdı. Amma indi Çexiya rəhbərliyi qərara gəlib ki, dəyəri, təxminən, 6 milyard avro olacaq layihəni dövlət maliyyələşdirəcək.

Beləliklə, Avropada atom elektrik stansiyalarına investisiya qoymaq, yaxud onlardan tamamilə imtina etməklə bağlı seçimin edildiyi vaxt Azərbaycan elektrik enerjisinin ixracı məsələsində öz yolu ilə gedir. Eyni zamanda, o, Avropanı enerji tədarükü ilə bağlı perspektivli istiqamətlərdən biri kimi nəzərdən keçirir.

 

Başqa yol

Azərbaycanda hələ sovet dönəmində Bakı yaxınlığında atom elektrik stansiyasının tikintisi planlaşdırılmış, hətta onun bünövrəsi belə qoyulmuşdu. Lakin 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bununla bağlı işlər dayandırılıb.

Ölkə müstəqillik qazandıqdan sonra bu məsələ Rusiya və Azərbaycan prezidentlərinin görüşlərində, həmçinin Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının iclasları çərçivəsində yenidən müzakirə edilib. 2019-cu ildə “Rosatom”un rəhbəri Aleksey Lixaçev Rusiyanın Azərbaycanda atom elektrik stansiyası tikməyə hazır olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, bu enerji obyektinin istismarı ilə Azərbaycan qaz ixracını artıra bilər. Doğrudur, bu məsələ ilə bağlı qərar verilməyib. Amma Azərbaycanda atom elektrik stansiyasının tikintisi aktuallığını itirməyib.

Yeri gəlmişkən, bu il fevralın 22-də Moskvada keçirilən Rusiya-Azərbaycan sammitinin yekunlarına əsasən iki dövlət arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının birində tərəflərin bununla bağlı razılığa gəldiyi əks olunub: “Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər”.

Bu məsələnin Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının bu ilin aprel-may aylarında Bakıda keçiriləcək növbəti iclasında geniş şəkildə müzakirə ediləcəyi istisna olunmur.

Lakin Azərbaycanda hələ də elektrik enerjisi sahəsinin inkişafı ilə bağlı layihələr təbii qaz, həmçinin bərpa olunan enerji mənbələri ilə çalışan yeni generasiya güclərinin yaradılmasına istiqamətlənib.

“Biz elektrik enerjisi infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq və deyə bilərəm ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində biz dünyada ikinci yerdəyik. Beləliklə, biz böyük həcmdə vəsait yatırmışıq və elektrik enerjisi xətlərini, demək olar ki, tamamilə müasirləşdirmişik, yeni elektrik stansiyaları tikmişik”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edir.

Yeri gəlmişkən, 2022-ci il fevralın 11-də Azərbaycan liderinin iştirakı ilə yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının daxil olduğu, “Qobu” Enerji Qovşağının açılış mərasimi keçirilib.

“Qobu” Enerji Qovşağı ölkədə, xüsusilə Bakı və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək və digər amillər baxımından olduqca əhəmiyyətlidir.

“Qobu” Enerji Qovşağının enerji sisteminə inteqrasiyası üçün Şirvandakı “Cənub” Elektrik Stansiyasına 108 kilometr məsafədə 330 kilovoltluq ötürücü xətt inşa edilib.

Beləliklə, “Qobu” Elektrik Stansiyasının istismara verilməsi Azərbaycana enerji sisteminin gücünü, təxminən, 8 min meqavata çatdırmağa imkan verib. 2021-ci ildə ölkədə elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 7,9%, istehlakı isə 6,7% artıb.

Azərbaycan liderinin sözlərinə görə, 2021-ci ildə ölkənin elektrik enerjisi ixracı rekord səviyyəyə, yəni 1,6 milyard kilovat/saata çatıb. “Mən, həmçinin demək istərdim ki, bizim elektrik enerjimizə regional bazarda da ehtiyac var, bəlkə də, biz daha uzağa, Avropaya qədər gedə bilərik. Çünki bu gün biz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik... Mən Qara dənizin dibi ilə Mərkəzi Avropanı bizim regionumuzla birləşdirən elektrik xətlərinin çəkilməsi ilə bağlı müəyyən planlardan xəbərdaram. Azərbaycan Gürcüstanın elektrik enerjisi təchizatçısı olaraq burada iştirak edə bilər. Bizim burada, həqiqətən də, böyük potensialımız var”, - deyə Prezident İlham Əliyev hesab edir.

 

İxrac marşrutları

İxrac həcminin artırılması və eyni zamanda, Azərbaycan ərazisindən üçüncü ölkələrə elektrik enerjisinin nəqlinin təşkili ilə bağlı məsələlərin həlli iki enerji dəhlizinin inkişafı hesabına planlaşdırılır. Söhbət Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən “Şərq-Qərb” və İran, Azərbaycan və Rusiyanı birləşdirən “Şimal-Cənub” layihələrindən gedir.

Sadalanan ölkələrin enerji sistemlərinin birləşdirilməsi ixrac-idxal əməliyyatlarının genişləndirilməsi üçün imkanlar yaradacaq və Azərbaycanın bu sahədə ixracatçı və tranzitçi ölkə kimi mövqeyini gücləndirəcək. Artıq “Şərq-Qərb” enerji körpüsünün yaradılması ilə bağlı hədəfə nail olnub. Belə ki, 2016-cı il fevralın 7-də Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə sutkada, təxminən, 80 meqavat həcmində elektrik enerjisinin ilk tədarükünə başlanılıb.

“Şimal-Cənub” enerji körpüsünün yaradılmasına gəlincə, bu istiqamətdə işlər İranın “Monenco Iran” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsindədir. Bu layihə də aktuallığını itirməyib. Bunu Azərbaycanın energetika naziri Pərviz Həşimovun fevralın 21-22-də Dohada keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər iclası çərçivəsində rusiyalı və iranlı həmkarları – Nikolay Şulqinov və Əli Əkbər Mehrabian ilə enerji dəhlizinin yaradılması üzrə işlərin gedişini müzakirə etməsi göstərir.

“Şimal-Cənub” layihəsi çərçivəsində İran və Rusiyanın enerji şəbəkələrinin məhz Azərbaycan vasitəsilə bir-biri ilə birləşəcəyini qeyd etmək yerinə düşər. İran və Rusiyanın elektrik enerji istehlakının pik dövrləri üst-üstə düşmür. Odur ki, qışda İran Rusiyaya elektrik enerjisi ixrac edə, yayda isə əksinə, bu ölkədən elektrik enerjisi idxal edə bilər. Azərbaycan isə texniki cəhətdən enerji sistemini bu iki ölkə ilə birləşdirməyə hazırdır. Məsələn, hazırda Azərbaycanda “Yaşma-Dərbənd” və “İmişli-Parsabad” elektrik ötürücü xətləri kimi güclü layihələr fəaliyyət göstərir. Bundan əlavə, bizim Rusiya enerji sistemi ilə paralel rejimdə işləmək təcrübəmiz var.

Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək enerji nəqli ilə bağlı infrastrukturun yaradılması ölkənin Türkiyə və İrana elektrik enerjisinin ixracı və tranziti üçün daha bir imkan yarada bilər. Yeri gəlmişkən, Azərbaycan rəhbərliyi belə layihəni həyata keçirmək niyyətinin olduğunu bəyan edib. Belə ki, Zəngəzur dəhlizindən keçəcək elektrik xəttinin çəkilməsi planlaşdırılır.

“İxracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə dediyim kimi, enerji bağlantıları var, yeni bir layihə üzərində biz indi işləyirik. Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev AZƏRTAC-a müsahibəsində bildirib.

“Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir (“Şərq-Qərb” enerji körpüsü – R+) və ikinci xətt oradan keçməlidir (Naxçıvan Muxtar Respublikasından – R+). Bunun üzərində biz işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Bir sözlə, dünya bazarlarındakı mövcud vəziyyət onu göstərir ki, yanacaq-energetika sahəsi ilə bağlı layihələr hələ uzun illər ərzində uzunmüddətli gəlir əldə etmək nöqteyi-nəzərindən, ən qazanclı layihələr olacaq. Odur ki, Azərbaycan belə böyük təşəbbüslərdə nə qədər çox iştirak edərsə, onun iqtisadiyyatının gələcək dayanıqlı inkişafına olan inamı bir o qədər sabit olacaq.



MƏSLƏHƏT GÖR:

170