Müəllif: Nurlanə QULİYEVA
Rusiya-Ukrayna qarşıdurması fonunda Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar paketi artıq «tarixin ən sərt sanksiyalar paketi» adını qazanıb. Doğrudur, bəzi ekspertlər Şimali Koreyanı, qismən Çini və elə Rusiyanın özünü misal gətirərək, onları «görünməmiş sanksiyalar» kimi qiymətləndirməyi düzgün saymır. Lakin burada müqayisə də yersizdir. Görünən odur ki, Rusiya iqtisadiyyatında kollapsdan qaçmaq mümkün olmayacaq. Amma indi bu, onunla qarşılıqlı əlaqədə olan bütün ölkələrin iqtisadiyyatına ciddi təsir göstərə bilər. Əslində söhbət «iqtisadiyyatın sıfırlanmasından» getməsə də, onun tam yenilənməsində, iqtisadi münasibətlərə, razılaşmalara və sistemlərə yenidən baxılmasından gedir. Bir şey dəqiqdir: daha iqtisadi dünya əvvəlki kimi olmayacaq.
Bazarların reaksiyası
Sanksiyaların siyahısı və məğzi o qədər genişdir ki, onların hamısından bir məqalədə bəhs etmək mümkün deyil. Rusiyanın RBK portalı onları, təxminən, belə qruplaşdırıb: dövlət borcu və investisiyalar, ixrac və idxal, aviaəlaqələr, banklar, işgüzar əlaqələrin pozulması, fərdi sanksiyalar, media və internet, vizalar və diplomatik münasibətlər, idman tədbirlərinin ləğvi və başqa yerə keçirilməsi.
Beləliklə, ABŞ öz maliyyə institutlarına 2022-ci il martın 1-dən kubla ifadə edilmiş Rusiya federal kredit istiqrazları və ya suveren valyuta avrobondları ilə istənilən əməliyyatı qadağan edib. Avropa İttifaqı isə zəngin rusiyalılar və Rusiya şirkətləri üçün Avropa banklarındakı depozitləri məhdudlaşdırıb (bir bankda maksimum 100 min avro). O, həmçinin rusiyalı müştərilərin - həm fiziki, həm hüquqi şəxslər – maraqlarına uyğun maliyyə vəsaitlərinin avropa satışını və alışını qadağan edib. Bundan başqa, avropalı depozitarilərə Rusiya vətəndaşları və təşkilatlarına qiymətli kağızların satışı sahəsində hər hansı xidmət qadağan olunub. Bu qadağa 2022-ci il aprelin 12-dən qüvvəyə minəcək. Böyük Britaniya ayrıca öz banklarına ruslara məxsus əmanətlərlə bağlı qadağa qoyub – bir Britaniya bankının saxlaya biləcəyi maksimum rus əmanəti 50 min funt-sterlinqdir.
Ümumilikdə Rusiyanın nəhəng iş adamları, məmur və dövlət qulluqçularına, həmçinin şəxsən prezident Vladimir Putinə fərdi sanksiyalar da tətbiq olunub. Bundan başqa, «Rosneft», «Qazprom neft», «Transneft», NOVATEK, «Rostex», ALROSA-ABŞ kimi nəhəng şirkətlər də zərər görüb. Onların istənilən formada maliyyələşdirilməsi qadağan olunub (hələlik 14 günlük).
Rusiya az-çox ticarət sahəsindəki sanksiyalara hazır idi. Lakin ABŞ bu sahəyə də tarixin ən miqyaslı sanksiyalarını tətbiq edib. Məqsəd Rusiyaya yüksək texnologiyalı məhsul idxalının 2 dəfədən çox azaldılmasıdır – elektronika və kompüterlərdən tutmuş, avionika və aerokosmik sənaye üçün komponentlərədək.
Rusiyaya yüksək texnologiyalı məhsulların ixracına lisenziyaları Britaniya da ləğv edib.
Qapalı səma
Yəqin ki, ən ciddi, eyni zamanda gözlənilməz sanksiya Avropanın hava məkanını Rusiya təyyarələrinin üzünə qapatması və aviasiya sahəsində bir sıra sərt tələblərin ortaya qoyulmasıdır.
Birincisi, Rusiya təyyarələri hələ üzlərinə açıq qalmış ölkələrə uçmaq üçün təcili olaraq alternativ yollar tapmalıdırlar. Bu isə həm də əlavə yanacaq və xidmət xərcləri deməkdir. Avropaya isə onlar yalnız üçüncü ölkədən tranzitlə gedə bilərlər. Bu vəziyyətdə uçuş qiymətlərinin hansı səviyyəyə yüksələcəyini təxmin etmək olar.
Yeri gəlmişkən, bu gün Rusiyanın aviasiya sahəsində çalışan məmurları mümkün tranzit ölkələr kimi Azərbaycanla Türkiyənin də adını çəkirlər – sanksiyalar dövründə bu ölkələrin aeroportlarında yüklənmə ciddi şəkildə artacaq.
Bundan başqa, daha bir son dərəcə vacib məqam var – Rusiya KİV-i açıq şəkildə yazır ki, ölkədə tezliklə ciddi təyyarə çatışmazlığı yaşana bilər. Bəli, ruslar sadəcə olaraq, uçmağa təyyarə tapmaya bilərlər. Məsələ ondadır ki, Avropa İttifaqı İrlandiyanın baş naziri Mixol Martinin sədrliyi ilə keçən iclasın yekununda Rusiyaya təyyarə, helikopter və digər aviatexnikaların tədarükü və lizinqini, eyni zamanda onların sığortalanmasını, texniki xidmətlərin göstərilməsini tam qadağan edib. Yeri gəlmişkən, Avropanın lizinqdə olan təyyarə parkının böyük hissəsi məhz İrlandiyada qeydiyyatdadır. Bununla yanaşı, tam qadağa yalnız yeni deyil, həm də köhnə müqavilələrə (keçid dövrü kimi, martın 28-dək) şamil olunur. Bu isə «Airbus» təyyarələrinin Rusiyanı tərk etməsi və ya tam istismarın mümkün olmaması deməkdir.
Bütün bu sanksiyalar 1 ayda Rusiya aviaşirkətlərinin parkını ən azı 2 dəfə kiçildə bilər. «Cirium» agentliyinin məlumatına görə, Rusiyanın ümumi aviasiya donanmasının yarıdan çoxu (55%) beynəlxalq şirkətlərin lizinqindədir. Ölkənin istismarında olan təyyarələrin isə təxminən 80, bəzi mənbələrə görə isə 90%-i xarici istehsaldır.
«Biz gözləyirik ki, Rusiya daşıyıcıları üçün Aİ-dən kənarda təmir və texniki xidmət əməliyyatları da daha çətin və ya mümkünsüz olacaq», - deyə sanksiyaları nizamlayan sənəddə bildirilir.
Beləliklə, ölkə iqtisadiyyatının ayrı-ayrı hissələri deyil, daxili uçuşların taleyi də təhlükə qarşısındadır. Xarici ölkələrə uçuşlardan isə danışmağa dəyməz. Rusiya ərazisinin nəhəngliyini nəzərə alsaq, bu vəziyyət yalnız aviasiya sahəsində kollaps yaratmayacaq, həm də müəssisələr arasında qarşılıqlı daşımaları, yük tədarükünü və s. pozacaq.
Hələlik «vəziyyətdən necə çıxmalı?» sualı ekspertlər üçün ritorik xarakter daşıyır…
SWIFT-dən kənarlaşdırma
Rusiyaya tətbiq olunmuş ən miqyaslı və sərt sanksiyalar paketi maliyyə sahəsi ilə bağlıdır. İndi barəsində 2014-cü ildən danışılan, lakin son anadək inandırıcı görünməyən hadisə baş verib – Rusiyanın nəhəng bankları SWIFT-dən kənarlaşdırılıb. Maraqlıdır ki, bir neçə Avropa ölkəsi bu qərarın əleyhinə səs verib, çünki bu, onların öz iqtisadiyyatlarını da riskə atır (sanksiyalar Rusiya neft və qazına görə ödənişlərə zərbə vuracaq). Lakin fevralın 27-si gecə ABŞ və Aİ qərarın artıq sanksiyalarla üzləşmiş maliyyə qurumlarını əhatə edəcəyini bəyan ediblər. Bu zaman konkret hansı sanksiyalardan söhbət getdiyi dəqiqləşdirilməyib (müxtəlif növ sanksiyalar var). «Bu, həmin bankların beynəlxalq maliyyə sistemindən kənarlaşdırılmasını təmin edəcək, nəticədə, onların qlobal səviyyədə fəalyyətinə zərbə vuracaq», - deyə Avropa Komissiyası, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ-ın birgə bəyanatında bildirilir.
«Lazım gələrsə, bu qərar Rusiyanın başqa banklarına da şamil olunacaq», - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qeyd edib.
Arayış üçün: SWIFT 1973-cü ildən fəaliyyət göstərən özəl strukturdur. O, dünyanın bir başından digər başına sərhədsiz pul köçürmələrinə imkan verir. SWIFT sanki özünəməxsus qlobal banklararası maliyyə telekommunikasiya assosiasiyasıdır. Ona 200 ölkə və ərazidən 11 mindən artıq qurum qoşulub. Söhbət dünyanın praktik olaraq, bütün nəhəng banklarından gedir. Kobud desək, bu sistem olmadan bir ölkədən digərinə «bir düyməni basmaqla» pul köçürmək mümkün deyil. Hər il SWIFT vasitəsi ilə 40 milyondan artıq ismarıc göndərilir, şirkətlər və ya hökumətlər arasında trilyonlarla dollar mübadilə olunur.
İndiyədək dünyada SWIFT-dən yalnız bir ölkə kənarlaşdırılmışdı – İran. O, bu məhdudiyyətlə ilk dəfə 2012-ci ildə üzləşmiş, lakin 2016-cı ildə Tehranın nüvə proqramına dair razılaşmanın əldə olunmasından sonra İran bankları sistemə qaytarılmışdı. 2018-ci ildə sanksiya yenidən qüvvəyə minib.
Bəs bu, real olaraq Rusiya iqtisadiyyatına hansı təsirləri göstərəcək? İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, SWIFT-dən kənarlaşdırılma Rusiya şirkətləri üçün beynəlxalq ödəmələrin həyata keçirilməsində ciddi problemlər yaradacaq. Çünki bu halda Rusiya şirkətləri qeyri-nağd hesablaşmalar zamanı xeyli çətinliklərlə qarşı-qarşıya qalacaqlar. Daha bir problem özünü strateji məhsulların ixracında göstərəcək. Yəni faktiki olaraq bahalaşma və maliyyə axınlarının ləngiməsi baş verəcək (müddət ciddi şəkildə uzana bilər – bir həftə və daha çox). Qlobal ticarət dövründə bu, Rusiya biznesini dərin «lokdaun»a salacaq. «Müqayisə üçün deyim ki, İranın 2012-ci ildə sistemdən kənarlaşdırılması ilə bizim cənub qonşumuz ilə ticarət dövryyəmiz təxminən 30% azalmışdı. Rusiyanın SWIFT-dən uzaqlaşdırılması onun xarici ticarət dövriyyəsini azaldacaq, bu isə ona məxsus şirkətlərin səhmlərinin ucuzlaşmasına yol açacaq», - deyə iqtisadçı bildirib.
Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, 2020-ci ildə Rusiyanın ümumi ixracı 332,2 milyard, idxalı isə 240,4 milyard dollar təşkil edib. Pandemiyayadək – 2019-cu ildə bu rəqəmlər müvafiq olaraq 426,7 milyard və 247,1 milyard olub. Rusiyanın əsas ticarət tərəfdaşları Çin, Niderland, Almaniya, Belarus və Türkiyədir. Çin, Almaniya, ABŞ və İtaliya onun idxaldakı əsas tərəfdaşlarıdır.
«Fitch» və «Moody’s» reytinq agentliklərinin analitikləri Rusiyanın bütün beynəlxalq hesablaşmaların həyata keçirildiyi SWIFT-dən kənarlaşdırılmasını ABŞ-ın Rusiyanın nəhəng banklarına tətbiq etdiyi məhdudiyyətlərlə eyni cərgəyə qoyur. «Bu addımlar güman ki, ölkə iqtisadiyyatına və onun maliyyə sisteminə ciddi təsir göstərəcək», - deyə «Moody’s» analitikləri bildirir. Onların fikrincə, bu qərarlar Rusiya banklarının beynəlxalq əməliyyatlarda iştirakını ciddi şəkildə çətinləşdirəcək.
Banklara inamın itməsi
Rusiya üçün daha bir nəhəng mənfi effekti Rusiya Bankının aktivlərinin dondurulması verə bilər. Rusiya Mərkəzi Bankı təxminən 640 milyard dollar valyuta ehtiyatına malikdir ki, onun da böyük hissəsi Qərbin Mərkəzi banklarında (Nyu-York, London, Frankfurt və s.) saxlanılır. Rusiya Bankının qızıl ehtiyatlarına çıxışının bağlanması onu banklara dəstək imkanlarından məhrum edəcək. Bu, onun intervensiyalar ilə bazarlara çıxış, rublun məzənnəsini tənzimləmək imkanlarını da əlindən alacaq.
Mərkəzi banka qarşı görülən tədbirlər Rusiyada maliyyə xaosu yarada bilər – banklardan əmanətlərin kütləvi şəkildə çıxarılması, rublun iflası və rusiyalı sahibkarlar arasında təlaş.
Yeri gəlmişkən, proses artıq başlayıb. Rusiya KİV-nin məlumatına görə, ölkənin demək olar ki, bütün banklarında uzun-uzadı növbələr yaranıb – müştərilər banklardakı pullarını oradan çıxarmağa çalışır. Bu isə şübhəsiz ki, ölkənin bank sektoruna ciddi mənfi təsir göstərəcək. «Qərbin yeni sanksiyalarından sonra Rusiyanın bank sistemini «sərbəstdüşmə» gözləyir», - deyə Ağ Evin rəsmisi keçirdiyi brifinqdə bildirib.
Xatırladaq ki, ABŞ fevralın 24-də Rusiyanın bir sıra nəhəng banklarına qarşı məhdudiyyətlər tətbiq edib. Maksimal məhdudiyyətləri, aktivlərin tam dondurulmasını nəzərdə tutan sanksiyalarla üzləşmiş banklar arasında VTB, «FK Otkrıtiye», «Sovkombank», «Promsvyazbank» və «Novikombank» da var.
Bu, adıçəkilən bankların müştəriləri üçün nə deməkdir? O deməkdir ki, onlar «Mastercard» və «Visa» kartları vasitəsi ilə xaricdə ödənişlər edə bilməyəcək, bu bankların kartlarından «Apple Pay», «Samsung Pay» və «Google Pay»də istifadə mümkünsüz olacaq, xarici alış-veriş saytlarında ödəniş etmək olmayacaq.
Bütün bunların fonunda banklara inamın dramatik şəkildə azalması təbiidir. Eyni zamanda, bunun təsirinin yalnız postsovet məkanında deyil, bütünlükdə dünyada hiss olunacağı istisna deyil. Çünki söhbət illər uzunu dünyanın maliyyə institutları arasında normal əlaqələri təmin etmiş razılaşmaların və sistemin dağılmasından gedir. İndi ayrı-ayrı dövlətlərin mərkəzi banklarında bu sistemin dayanıqlığı ilə bağlı suallar yarana bilər. Sonda maliyyə resurslarının və onların mübadilə yollarının şaxələndirilməsi məsələsi gündəmə gələcək. Bu isə artıq bütünlükdə qlobal maliyyə sisteminin və ümumilikdə iqtisadi münasibətlərin yenidən formalaşması demək olacaq.
Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyevanın bəyanatında ismarıc açıqdır: «Ukraynadakı vəziyyət pandemiyadan sonra əldə olunmuş iqtisadi inkişafın bir hissəsini məhv edə bilər. Bu vəziyyətin uzanacağı müddətdən asılı olaraq, bünün dünya iqtisadiyyatına təsiri qaçılmazdır».
Rublun iflası və xammal bazarı
Yaxın günlərdə maliyyə bazarlarındakı xaosun miqyası səhmlərin kütləvi şəkildə satışının və hesablardan depozitlərin çıxarılmasının miqyasından asılı olacaq. Baş verənlər fonunda rubl, təbii ki, iflas yaşayır – bu məqalənin hazırlandığı günlərdə Rusiya valyutası dollar və avroya nisbətdə dəyərini 30%-dən çox itirmişdi. Proses isə davam edir. Azərbaycan Mərkəzi Bankı fevralın 28-də rus rublunun manata nisbətdə məzənnəsini 0,0157 səviyyəsində müəyyənləşdirmişdi. Bu, fevralın 25-i ilə müqayisədə 21,5% aşağı idi.
Rusiya milli valyutası dəyərini ötən ayın sonu ilə müqayisədə 28,3, ötən ilin sonu ilə müqayisədə isə 31,45% itirib. Rusiyanın birja ekspertləri hesab edir ki, Moskva birjası mövcud olduğu tarix ərzində ən ciddi geriləmə ilə üzləşib. Fond indeksləri təxminən 35% düşüb. Rusiyada defoltun yaşandığı 1997-ci ilin maliyyə böhranı zamanı onların səviyyəsi daha yüksək idi.
Rusiya Bankının Direktorlar Şurası 2022-ci il fevralın 28-dən faiz dərəcəsini illik 20 faizə qədər qaldırmaq qərarına gəlib. Həmin günədək bu göstərici 9,5% idi.
Bütün bunların ən pis nəticəsi Rusiya daxilində və onun ərzaq məhsulları ixrac etdiyi ölkələrdə bu məhsulların bahalaşması ola bilər. «Rusprodsoyuz» assosiasiyasının icraçı direktoru Dmitri Vostrikov əbəs yerə demir ki, ərzaq istehsalı prosesindəki texnoloji zəncirin hər mərhələsində valyutanın rolu var. Qeyd edək ki, Rusiya qeyri-neft idxalı sahəsində Azərbaycanın ən nəhəng tərəfdaşıdır. 2021-ci ilin sonuna olan məlumata görə isə Azərbaycan Rusiyadan ən çox dən alan 5 ölkə arasındadır. Alınan buğda həcminə görə o, 4-cü yerdədir…
Bəzi xammalların qiymətində artıq bahalaşma var. «Bloomberg» xəbər verir ki, səbəb Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların tədarükdə problemlərin yaranması ehtimalını artırmasıdır. Artıq buğdanın qiyməti son 13 ildə ən yüksək həddə çatıb. Alümin də qiymətdə rekord yaşayır. Bununla yanaşı, istənilən beynəlxalq gərginlik zamanı «sığınacaq»a çevrilən qızıl da bahalanıb.
Dünyada ümumi buğda ixracının dörddə biri, qarğıdalı satışının isə beşdə biri birlikdə Rusiya ilə Ukraynanın payına düşür. Rusiya alümin, nikel, palladium, neft və qaz kimi xammalların ən nəhəng tədarükçüsüdür. Yəni hətta neft və qazın qiymətindəki dəyişiklikləri, yanacaq tədarükündə gözlənilən kəsintiləri və s. nəzərə almadan belə, iqtisadi məkanda baş verənlər fəlakət filmlərinin kadrlarını xatırladır. Yaşananların miqyasını hələ ki, tam anlamaq və təhlil etmək çox çətindir. Bir şey dəqiqdir ki, baş verənlərdən bütün dövlətlər «qəlpə yarası» alacaq. Hadisələrin episentrindən hansı məsafədə yerləşməsindən asılı olmayaraq.
MƏSLƏHƏT GÖR: