24 Noyabr 2024

Bazar, 21:05

ERMƏNİSTANIN «MƏDƏNİ» İFLASI

Azərbaycan alban xristian irsini bərpa edir

Müəllif:

01.03.2022

Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olan alban mədəni-dini irsinin əsrlərdir davam edən erməniləşdirilməsi təcrübəsi sona çatır. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra bunun qaçılmaz olduğunu dərk edən Ermənistan taktikasını dəyişib. İndi o, Bakının alban abidələrinin əvvəlki simasının bərpası işini ləkələmək üçün çirkin təbliğata başlayıb. Lakin Ermənistanın bu dezinformasiya cəhdləri iflasa uğrayıb. Bununla yanaşı, ermənilər Qarabağın 30 illik işğalı dövründə orada Azərbaycan xalqının mədəni irsinin necə məhv edildiyini UNESCO missiyasının araşdırmasına mane olmağa çalışsa da, bu istəyi də baş tutmayıb.

 

Alban abidələrinin erməniləşdirilməsinə son

Azərbaycan regiona səfər etməyə hazırlaşan UNESCO nümayəndələrinin səfər proqramına azad olunmuş Qarabağdakı tək xristian yox, həm də müsəlman abidələrinin qiymətləndirilməsinin salınmasına nail olub. Bununla yanaşı, Ermənistan Respublikası ərazisindəki müsəlman, daha dəqiq desək, Azərbaycan abidələrinin monitorinqi də nəzərdə tutulub. Bu, İrəvanda ciddi narahatlıq yaradıb. Səbəb bəllidir. Ermənilər bilir ki, indi Azərbaycan İrəvanın «mədəni» siyasətinin ifşası üçün var gücünü ortaya qoyacaq. Bu siyasət uzun illər ərzində Azərbaycan xalqının mədəni irsinin dağıdılmasına, o cümlədən alban-xristian abidələrinin saxtalaşdırılmasına yönəlib. Azərbaycan Mədəniyyət Nazirliyinin albanşünas mütəxəssislərdən ibarət işçi qrup yaratması da bunu təsdiqləyir. Qrup alban xramlarının üzərinə «mahir» ermənilər tərəfindən həkk olunmuş saxta yazıların ləğvi ilə məşğul olacaq.

İndi erməni təbliğat maşını özünəməxsus təxribatçılıqla dünyaya car çəkir, guya Bakının «mədəni soyqırımı» apardığını, dünya birliyinin buna görə «Azərbaycanı mühakimə etməsinin vacibliyini» bildirir. Lakin İrəvan Azərbaycanın haqlı mövqeyinə qarşı hər hansı tutarlı dəlil qoymaqda acizdir. Üstəlik, dünya birliyi əslində elə Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi vandallıq siyasətini pisləməlidir. İndi nəinki uydurmalar, faktlar da İrəvanın əleyhinə işləyir.

Əzəli Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Respublikası öz ərazisində Azərbaycan xalqına məxsus mədəniyyət abidələrinin praktik olaraq hamısını məhv edib: çoxsaylı məscidlər, qalalar, karvansaraylar, mavzoleylər, xan sarayları və s. Ermənistan Qarabağı işğal altında saxladığı təxminən 30 ildə bölgədəki Azərbaycan rayonlarını, kənd və şəhərlərini xarabalığa çevirib. Burada müsəlman tarixi-mədəni irsinə aid hər şey, o cümlədən məscidlər və müqəddəs məkanlar yer üzündən silinib, saraylar, muzeylər, kitabxanalar, teatrlar, konsert zalları məhv və talan olunub. Erməni işğalçılar Qarabağda böyük əksəriyyəti Azərbaycan xalqının əcdadı olan albanlar tərəfindən yaradılmış xristian mədəni abidələrinə belə, rəhm etməyib. Məsələn, Laçında alban mənşəli Ağoğlan məbədi, Kəlbəcərdə Xudavəng (Dadivank) və Qandzasar monastır kompleksləri, Xocavənddə Amasar monastırı, həmçinin yüzdən artıq digər məbəd yalançı erməni elmi tərəfindən «erməni məbədləri»nə çevrilib. Onlar alban məbədlərini erməni abidələri kimi təqdim etmək üçün abidələr üzərinə albanca yazılmış yazıları saxtalaşdırıb, Qarabağın albanlara məxsus mədəni-dini irsinin əslində kimə məxsus olduğunu göstərən bütün sübutları məhv ediblər.

Lakin Qarabağdakı kilsə tarixinin ermənilərə heç bir aidiyyətinin olmadığını tarixi faktlar təsdiqləyir. Məsələn, Xudavəng monastırının tikintisi alban knyazı Vaxtanqın adı ilə bağlıdır. Kompleksin əsas kilsəsini 1214-cü ildə onun türk-qıpçaq nəslindən olan xanımı Arzu Xatun inşa etdirib. Alban kilsə mədəniyyəti və memarlığının yüksəlişi isə XII-XIII əsrlərə təsadüf edir və o, əsasən Həsən Cəlalın Xaçen alban knyazlığını yaratması ilə əlaqəlidir.

Qarabağın dağlıq hissəsində erməni elementləri yalnız 1828-ci ildə Şimali Azərbaycanın Rus imperiyası tərəfindən istilasını təsdiqləyən Türkmənçay müqaviləsinin imzalanmasından sonra peyda olmağa başlayıb. Bundan sonra Şimali Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsinə başlanılıb, 1836-cı ildə isə Rusiya imperatoru I Nikolay Alban apostol kilsəsini ləğv edərək, onu Erməni qriqoryan kilsəsinin mülkiyyətinə verib. Bununla da alban xristianlığının inkişafının qarşısı alınıb. Məhz həmin vaxtdan alban irsinin erməniləşdirilməsi total xarakter alıb. Burada məqsəd, əlbəttə ki, guya ermənilərin Qafqazda köklü xalq olduğunu sübuta yetirmək, zaman keçdikcə bölgədə daha böyük ərazilərə yiyələnmək olub. Söhbət, təbii ki, həm də Qarabağın alban xristianlığının əsas ocaqlarından olmuş dağlıq hissəsindən gedir.  Bu paradiqmaları əsas götürən erməni saxtakarları Erməni-qriqorian kilsəsinin xeyir-duası ilə yad – alban mədəniyyətinin özününküləşdirilməsini həyata keçiriblər, alban irsini ayaqlar altına atıblar. Onlar abidələrin üzərindəki alban yazılarını pozub, onların forma və məzmununu təhrif edib, alban xaçlarının görüntüsünü dəyişərək erməni dini təcrübəsindəki xaçlara bənzər şəklə salıb, alban çarlarının məzar daşlarını dağıdıb, alban məbədləri binalarının konstruksiyasında ən müxtəlif dəyişikliklər ediblər. Bir sözlə, ermənilər alban mədəniyyətinə dair istənilən sübutu yer üzündən silmək üçün əllərindən gələni əsirgəməyiblər.

Nəhayət, indi bu cinayət ənənəsi başa çatır. İndi Qarabağdakı kilsə mədəniyyətinin alban eyniliyi bərpa olunacaq. Bunu qədim və orta əsrlər Albaniyasının mədəni varisi olan azərbaycanlılar edir. Bu dövlətin yaratdığı xristian mədəniyyət abidələri Azərbaycan xalqının mədəniyyətinin bir hissəsi, onun sərvətidir. Bu müqəddəs işdə Azərbaycanın köklü xalqlarından olan udinlər xüsusi rol oynayır və oynayacaq. Alban mədəni və dini ənənələrinin birbaşa davamçıları məhz onlardır.

Bu gün udinlərin Alban apostol kilsəsinin statusunun bərpasına çalışmaları da nümunəvidir. Bu, albanların bilavasitə davamçıları olan udinlərin, o cümlədən bütünlükdə Azərbaycan xalqının erməni eksponsionistləri və Erməni qriqorian kilsəsi tərəfindən tapdanmış haqlarının bərpası, ədalətin bərqərar olması baxımından xüsusi hadisə olacaq.

 

UNESCO missiyası və azad olunmuş Qarabağ xarabalıqları

UNESCO missiyasının bölgəyə Azərbaycanın şərtlərinin də yer aldığı proqram əsasında gerçəkləşdirəcəyi səfər Ermənistanın «mədəni» iflasının daha bir təsdiqi ola bilər. Bununla yanaşı, bir sual hələ də aktuallığını qoruyur: BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan UNESCO çıxaracağı nəticələrdə nə qədər obyektiv olacaq? O, yekun məruzəsində erməni vandal və saxtakarların Azərbaycan xalqının istər işğaldan azad edilmiş ərazilərdə, istərsə də Ermənistan Respublikasındakı mədəni abidələrinə qarşı törətdikləri cinayətlərin miqyasını tam göstərəcəkmi?

Bu şübhələr əsassız deyil. Bakı torpaqlarının işğal altında olduğu uzun illər ərzində UNESCO-nu bölgəyə missiya göndərməyə, işğal olunmuş Qarabağdakı mədəni abidələrin vəziyyətini qiymətləndirməyə çağırıb. Lakin qurum bu çağırışlara heç bir məhəl qoymayıb. Halbuki, onun Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altındakı torpaqlarına səfəri bu beynəlxalq təşkilatın öhdəliklərinə tam uyğun idi. 2017-ci ildə UNESCO Bakının beynəlxalq hüququn norma və prinsiplərinin tapdanmasının, silahlı münaqişələr vaxtı mədəni irsin qorunmasına dair 1954-cü il Haaqa konvensiyasının pozulmasının qarşısının alınması çağırışlarına belə, məhəl qoymayıb. O zaman bu çağırış işğalçıların Azıx mağarasında arxeoloji qazıntılar apardığı üçün edilmişdi.

Bütün bunlar əsas verirdi ki, UNESCO-nun müxtəlif dövlətlərə, bu halda Azərbaycanla Ermənistana münasibətdə ikili standartlardan çıxış edən fövqəldövlətlərin siyasətində alətə çevrildiyini düşünək. Bu reallıq Azərbaycanın qələbəsi, Ermənistan qoşunlarının onun torpaqlarından qovulması ilə bitmiş 44 günlük müharibədən sonra da təsdiqlənib. O zaman UNESCO faktiki olaraq, dünya erməniliyinin Azərbaycana qarşı apardığı dezinformasiya kampaniyasına qoşulmuşdu. Ermənilər isə Azərbaycanı azad olunmuş ərazilərdə guya «erməni irsini məhv etməkdə» günahlandırırdı. Bu beynəlxalq qurumun azad olunmuş Qarabağa yalnız xristian abidələrinin vəziyyətini öyrənmək məqsədilə səfər etmək cəhdini başqa cür qiymətləndirmək mümkün deyil. O, bu mövqenin UNESCO-nun şöhrətinə hansı təsir göstərə biləcəyini belə, nəzərə almırdı. Təşkilatın bu davranışı az qala irqçiliyə bənzəyirdi: sanki o, xristianlığı müsəlmanlıqdan üstün tutur, erməniləri azərbaycanlılardan üstün sayır. Bu yanaşmanın sırf elmi tərəfdən tutarsızlığı isə öz yerində. Təşkilat nəzərə almırdı ki, Qarabağdakı qədim və orta əsrlərə aid mədəni abidələrin ermənilərə heç bir aidiyyəti yoxdur. Onlar etnik mənsubiyyətinə görə türk-Qafqaz xalqı olmuş albanların mədəni irsidir. Demək, söhbət Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsindən gedir.

UNESCO-nun fəaliyyətində müəyyən müsbət dəyişikliklər yalnız Azərbaycanın prinsipial mövqeyi sayəsində müşahidə olunmağa başlayıb. Bəli, Bakı israrlı şəkildə bildirib ki, təşkilatın monitorinq missiyası yalnız xristian deyil, həm də müsəlman abidələrinin vəziyyətini qiymətləndirməlidir. Bununla yanaşı, Azərbaycan alban mədəni irsinin erməniləşdirilməsinə son qoymaq üçün əlindən gələni edəcəyini də qəti şəkildə nümayiş etdirir.

Beləliklə, Bakı növbəti diplomatik qələbəsini qazanıb: UNESCO missiyası yalnız Azərbaycana deyil, həm də Ermənistana səfər edəcək. Odur ki, qurum regionun yalnız xristian yox, həm də müsəlman abidələrinin vəziyyətini qiymətləndirməlidir. Ən başlıcası isə, missiya 2020-ci ilədək 30 il ərzində ermənilərin işğalında olmuş Azərbaycan rayonlarında erməni saxtakar və vandalları tərəfindən törədilmiş analoqsuz cinayətkarlığın canlı şahidi olacaq, təkzibolunmaz faktları öz gözləri ilə görəcək.



MƏSLƏHƏT GÖR:

167