Müəllif: Valentina REZNİKOVA
Milli Teatr Günündə, yəni martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində yaradıcılığa yeni başlayan rejissor Abdulla Elşadlının Azərbaycan dilində “Təklif” tamaşası nümayiş olunub. Bu birhissəli pyes-zarafatı 1888-ci ildə Anton Çexov qələmə alıb. Həmin dövrdən bəri bu əsər sayəsində həm yaradıcılığa yeni başlayan, həm də qocaman rejissorlar daimi uğurlar qazanıb.
Bəs davamlı marağın sirri nədədir?
Bu, təkcə Çubukovun “və budur ailə səadəti başlayır!” yekun replikası ilə deyil, həm də personajların mükəmməl şəkildə yazılmış surətləri ilə əlaqədardır. Onlar cəmi 3 nəfərdir: mülkədar Stepan Stepanoviç Çubukov, onun qızı Natalya Stepanova Çubukova və qonşuları – mülkədar İvan Vasilyeviç Lomov. Lomov Natalya Çubukovaya evlilik təklifi üçün Çubukovların malikanəsinə gəlir. Amma bu, baş verməmişdən qabaq qəhrəmanlar mübahisə edəcək və bununla bağlı sınaqdan keçəcəklər: əvvəlcə “Volovi Lujki” adlı torpağa görə, daha sonra ov itlərinə görə. “Uqadaya” adlı ov iti Lomova, “Otkataya” adlı ov it isə Çubukovlar ailəsinə məxsus idi.
Bu zarafatın quruluşçu rejissoru olan, Lomov rolunu ifa edən və pyesi Azərbaycan dilinə tərcümə edən Abdulla Elşadlının Çexovun təsvir etdiyi vəziyyətin mahiyyətinə öz baxışı var. Məsələn, o, Lomovu Çexovun yaratdığı xarakterin strukturunda saxlayır: emosional, hərəkətli, nevrastenik. Rejissor Natalya Stepanovanı (Nərminə Xankişiyeva) isə XXI əsrdəki azadfikirli işgüzar xanıma çevirib. O, sadəcə güclü qadın deyil, hətta qarşısındakı insanı döyə biləcək biridir. Öz əri də daxil olmaqla. O, XXI əsrin qadını kimi geyinib – şalvar, köynək, papaq və... manikürü qorumaq üçün çəhrayı əlcək!
Ümumiyyətlə, onun ev işləri ilə məşğul olmadığı görünür. Ev işləri ilə qızın atası Stepan Stepanoviç (əməkdar artist Qasım Nağı) məşğuldur. Quruluşçu rejissorun traktovkasına əsasən, onun üçün həm şarları bağlamaq, həm nahar hazırlamaq, hətta həm də mələfəni yumaq belə, çətin deyil! O, uzun illərdir ki, bu işlə məşğuldur, çünki görünən odur ki, qızı ev işlərində ona kömək etmir. Natalya Stepanova öz hayındadır. O, öz nişanlısını həsrətlə gözləyir, öz maraqlarına görə yaşayır. Məhz buna görə o, Lomovun evlilik təklifi etməyə gəldiyini eşidən zaman dərhal imicini dəyişir. Və budur şalvar əvəzinə don, “krassovka” əvəzinə isə dikdaban: o, evlilik təklifini qəbul etməyə hazırdır! Amma onun xarici görünüşünü dəyişməsi daxili aləminə qətiyyən təsir etməyib: o, elə həmin insandır – qəddar, praqmatik, öz xeyrini güdən və... daşürəkli.
Rejissorun rəyi...
Rejissor Abdulla Elşadlı Anton Çexovun pyesi vasitəsilə müasir ritm və vurğular yolu ilə dünyaya baxışını irəli sürüb. Doğrudur, bu tamaşanın Çexovun variantı ilə çox uzaq bağlılığı var. Bəs rejissor və onun quruluşçu kollektivi “Təklif” pyesinin adını “Bizim təklifimiz” adı ilə dəyişməklə bu qısa səhnə zarafatına hansı orijinallıq gətirib?
Ümumiyyətlə, tamaşanın müəlliflərinin (rejissor və bədii rəhbər – Abdulla Elşadlı, plastik həll üzrə rejissor – Ceyhun Dadaşov, maskalar – Asiman Ağa Rövşən) haqqını vermək lazımdır. Natalya Stepanova onun ekspansivliyindən qorxan nişanlısının onu həmişəlik tərk edə biləcəyini anlayan zaman, mütrüblərin (milli səhnə maskaları) dili ilə məlumat verilir ki, bu andan etibarən “Bizim təklifimiz” adı altında rejissorun tamaşa ilə bağlı sərbəst interpretasiyası başlayır.
Rejissor və mütrüblər
Tamaşaya milli maskaların daxil edilməsi ilə bağlı rejissorun versiyasını orijinal incəlik kimi nəzərdən keçirməyəcəyik. Belə ki, son 30 ildə milli maskalar küçə hərəkəti strukturundan teatr səhnəsinə keçib. Odur ki, onlar ölkənin müxtəlif teatrlarının səhnələrində tez-tez görünür.
Beləliklə, bu konkret halı təkcə rusiyalı klassikin əsərinin müasir Azərbaycan dilinə tərcümə edilməsi kimi deyil, həm də iki teatr estetikasının bir hərəkətdə birləşdirilməsi kimi nəzərdən keçiririk. Bəs səhnə quruluşçusu 3 maskanı (Eltəkin Xan, Ülvi Haşim, Qüdrət Fətulla) və onların rəhbərini (Tural Qara) tamaşaya daxil edərək nə təklif edib? Aydındır ki, onlar təkcə pyesə hərəkət verən personajlar deyil, həm də marionetlər kimi pyesi idarə edən personojlara çevriləcəklər. Bu, maskalara xas olan xüsusiyyətdir. Bu, maraqlı yaradıcı və peşəkar yanaşma tərzi ola bilərdi! Lakin bu, belə olmadı. Rejissor tamaşanın proloqunda mütrübləri pyesdə iştirak edən personajlar kimi təqdim edib. O, mütrübləri və onların rəhbərlərinin başçılığı ilə Çexovun qəhrəmanlarının adlarını çəkməyə vadar edib. Bununla rejissor mütrüblərin rolunu məhdudlaşdırıb. Daha sonra rejissor mütrüblərə tamaşaya kənardan baxmaq, qulaq asmaq, teatr mebellərini və ya rekvizitlərini gətirib-aparmaq funksiyası verib. Bəs əgər rejissor maskalardan səthi deyil, onların həqiqi mahiyyətindən tam gücü ilə istifadə etsəydi, bu, tamaşanı necə təkmilləşdirə bilərdi? Rejissor bunu etmədiyinə görə bu məsələni müzakirə etməyin mənası yoxdur. Tamaşada milli teatr maskasından istifadə ilə bağlı ideya olduğu göstərilir. Amma bu ideya reallaşdırılmır. Mütrüblərin hər biri ilə bağlı nəzərdə tutulan funksional vəzifələr rejissorun niyyətinin çərçivəsindən kənarda qaldı. Təəssüf ki. Çexov bu pyesdəki qəhrəmanların həyatını gündəlik psixoloji həqiqət müstəvisində qələmə alıb. Odur ki, dramaturqun bu qəhrəmanları ilə milli maskaların küçə hərəkətinin rəngarəng personajlarının birləşdirilməsi maraqlı səhnə nəticəsi verə bilərdi. Bu, janrın təcəssümünə də aiddir. Təəssüf ki, belə olmadı. Amma ümid var ki, bu, təkcə rus psixoloji teatr məktəbinin hərəkət prinsipləri ilə küçə teatr hərəkətinin milli ənənələrinin işlənilməsinin birləşdirilməsi nəticəsində meydana gəlməyib. Bu, peşəkar-eksperimental maraq üçün məkan formalaşdıraraq gələcəkdə də inkişaf edəcək.
Teatr Günü
Paralel olaraq Bakıda Milli Teatr Günü münasibətilə “Hər yerdə teatr” adlı layihə reallaşdırılıb. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində “İçərişəhər” metrostansiyasında teatrlaşdırılmış tədbir keçirilib. Akademik Musiqili Teatrın “Paris Notr-Dama ithaf” və “Arşın mal alan” tamaşalarından parçalar, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında etüdlər nümayiş olunub. Tədbir Gənclik Mall ticarət və əyləncə mərkəzində davam etdirilib.
Bəs niyə məhz martın 10-da? Məsələ burasındadır ki, 1873-cü ilin bu günündə Bakıda realnı məktəbinin şagirdləri Azərbaycan yazıçısı və maarifçisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında Azərbaycanda ilk tamaşa nümayiş etdiriblər. Tamaşanın təşəbbüskarları isə Həsən bəy Zərdabi ilə Nəcəf bəy Vəzirov idi. Məhz bu əlamətdar gün Azərbaycan Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən, hər il mart ayının 10-nun Milli Teatr Günü kimi qeyd edilməsinə səbəb olub.
Qeyd edək ki, 1873-cü ildən Azərbaycan truppa və tamaşalarının sayı artmağa başlayıb. Nəticədə, teatr binasına ehtiyac duyulub. Yeri gəlmişkən, mesenat Hacı Zeynalabdin Tağıyev milli teatrın inkişafına mühüm töhfə verib. O, Bakıda ilk teatrın tikintisini maliyyələşdirib. Daha sonra “Tağıyev Teatrı” adlandırılan binanın təntənəli açılış mərasimi 1883-cü il noyabrın 27-də baş tutub. Nəticədə tez bir zamanda Azərbaycanın teatr səhnəsində parlaq aktyorlar pleyadası yetişib: Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Mustafa Mərdanov, Ələsgər Ələkbərov, Leyla Bədirbəyli, Hökümə Qurbanova, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Azərbaycan teatrının onlarla başqa görkəmli nümayəndələri.
2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul edilib. 2007-ci ildə isə Prezident İlham Əliyev “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət başçısı 2009-cu il mayın 18-də “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiqləyib.
Hazırda Azərbaycanda 26 dövlət teatrı, bir sıra özəl teatrlar və teatr studiyaları fəaliyyət göstərir. Azərbaycanın teatrları dünyanın 30-dan çox ölkəsində tamaşalar nümayiş etdirib.
MƏSLƏHƏT GÖR: