24 Noyabr 2024

Bazar, 19:40

HƏRBİ «ULDUZ AXINI»

Ermənistanda ordu çəkişmələri niyə populyardır və Nikol Paşinyan nədən qorxur?

Müəllif:

15.03.2022

Ermənistanda yeni prezidentin inauqurasiyası keçirilib. Parlament bu vəzifəni Vaaqn Xaçatryana həvalə edib - o, deputatların ikinci cəhdində prezident seçilib. Prezidentliyə yeganə namizədin ilk turda qələbə qazanmasına 2 səs çatmamışdı. İkinci turda hakim «Vətəndaş müqaviləsi» partiyasının namizədi, nəhayət, dövlət başçısı seçilib. Müxalifətçi «Hayastan» (lideri Robert Koçaryandır) və «Şərəfim var» (Serj Sarqsyanın «respublikaçıları»nı da özündə birləşdirən fraksiyaya Artur Vanetsyan rəhbərlik edir) fraksiyaları səsverməyə qatılmayıblar. Onlar yeni prezidentin inauqurasiya mərasimində də iştirak etməyiblər.

Nəzəri baxımdan bütün bunları «daldan atılan daş» kimi qiymətləndirmək olardı. Nikol Paşinyan hakimiyyətin başından «Qarabağ klanı»nın son nümayəndəsi olan Armen Sarqsyanı da kənarlaşdıraraq, onun yerinə öz adamını gətirib və demək, indi o, hakimiyyətdən istədiyi qədər həzz ala bilər. Üstəlik, müxalifət də hadisələrin gedişinə hər hansı təsir göstərə bilməyib.

Lakin məsələ ondadır ki, Ermənistanda prezident seçkisi yeganə daxili siyasi xətt deyil. Paşinyanla «qarabağlılar» arasındakı mübarizə Ermənistan Ombudsmanının dəyişməsi, eyni zamanda KİV-də «atışma» və digər hadisələrlə, xüsusilə hərbi sahədə davam edən «təmizləmə» əməliyyatı ilə müşahidə olunur.

 

Müdafiə Nazirliyində «ulduz axını» 

«Payızdır. Ulduzlar axır. Çiyinlərdən». SSRİ-nin son dövrlərində hələ tabloidə çevrilməmiş, ciddi, cəsarətli nəşr olan «Komsomolskaya pravda» SSRİ Müdafiə Nazirliyindəki silsilə istefaları belə şərh etmişdi. İndi bənzər «ulduz axını» Ermənistan Müdafiə Nazirliyində yaşanır. Fevralın 24-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi (iki dəfə) Artak Davtyan vəzifəsindən kənarlaşdırılıb. O, bu posta ilk təyin olunduqdan bir müddət sonra vəzifədən kənarlaşdırılmış, lakin sonradan yenidən Baş Qərargahın başına gətirilmişdi. Başqa sözlə, Davtyan bu vəzifədən ikinci dəfədir azad olunur. Bundan əvvəl isə Baş Qərargah rəisinin müavini, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Araik Arutunyan, Silahlı Qüvvələrin arxa cəbhə rəisi Romik Markaryan və digərləri istefaya göndərilmişdilər. Faktiki olaraq bir gündə Ermənistan Müdafiə Nazirliyinin 5 yüksək rütbəli əməkdaşı vəzifədən kənarlaşdırılıb.

Versiyalar çoxdur. Ermənistanda Davtyan və müavinlərinin adlarının istifadəyə yararsız raketlərlə bağlı cinayət işində keçdiyini hər kəs bilir. İrəvanda çoxları iddia edir ki, bu raketlər Müdafiə Nazirliyinin yüksək rütbəli təmsilçiləri tərəfindən alınıb. Başqa məqam da var. Bu günlərdə Ermənistan Silahlı Qüvvələrində əsl sensasiya baş verib: erməni zabitlər düşmənə casusluq edirlərmiş! Azərbaycana! Sən demə, onlar sosial şəbəkələr vasitəsi ilə ələ alınıblarmış. Əslində, belə bir vəziyyətdə, üstəlik, müharibədə alınmış məğlubiyyətdən sonra ordunun «darmadağın» edilməsi gözlənilən idi.

 

Kadr arxasında nələr var?

Bəzi ekspertlər bildirir ki, Ermənistanın 44 günlük müharibədəki kapitulyasiyasından sonra ölkədə zabitlər, həmçinin ordu ilə bu və ya digər formada əlaqəli şəxslərlə bağlı istintaq əməlləri, məhkəmə prosesləri həndəsi silsilə ilə artır. Sabiq müdafiə naziri David Tonoyanla bağlı istintaq aylardır davam edir. Sabiq nazir və daha bir neçə nəfər, o cümlədən yerli silah baronu sayılan David Qalstyan («patron Davo») silahların alınması və müasirləşdirilməsi üçün nəzərdə tutulmuş vəsaiti mənimsəməkdə təqsirləndirilirlər. Deyilənə görə, «patron Davo» özü üçün yaxşı biznes qurubmuş. Necə? KTMT üzvü olan Ermənistan üçün Rusiyadan daxili qiymətlərlə silah-sursat alınır, sonradan onlar bazar qiyməti ilə üçüncü dövlətlərə satılırmış. Halbuki silah alqı-satqısı ilə bağlı müqavilələr təkrar ixracı qadağan edir.

Ümumiyyətlə, son vaxtlar Ermənistanda zabitlər müntəzəm şəkildə mühakimə olunur. İttiham tərəfi onları döyüş tapşırıqlarını yerinə yetirməməkdə, tabeliyində olan əsgərləri ataraq xidmət yerini özbaşına tərk etməkdə günahlandırır, bildirir ki, məhz belə hallar ucbatından hərbçilər arasında ciddi itkilər baş verib, ərazilər itirilib və s.

«Döyüş ruhu», «döyüşçü xalq», «kilsələri, xaçkarları qorumaq əzmində olan polad ürəkli aslanlar» kimi ştampları bir kənara qoyaq. Peşəkar hərbi ekspertlər hələ 44 günlük müharibə zamanı bildirirdilər ki, «Bayrakdar»ların raket zərbələri ətrafındakı beton istehkamları yerlə-yeksan edirsə, döyüş ruhunu qoruyub saxlamaq çox çətindir.

Zabitlər üzərində gedən bu məhkəmə proseslərində əsas məqsəd Ermənistanın son müharibədə darmadağın olmasının əsl səbəblərinin gizlədilməsi, diqqətin «yuxarılar»da baş verənlərdən yayındırılması ilə, hər şeyin ayrı-ayrı zabitlərin «qeyri-peşəkarlığı»na bağlanılması istəyidir. Bu məhkəmə prosesləri ictimaiyyətin «poqonlular»a növbəti hücum üçün ictimaiyyət arasında təbliğat vasitəsi də ola bilər.

Erməni politoloqlar, əlbəttə ki, Ermənistan ordusunda islahatların aparıldığı haqda danışa bilər. Lakin burada söhbət yenidən formalaşmadan yox, bərpadan gedə bilər. Son müharibə nəticəsində Ermənistan zirehli texnika parkının böyük hissəsini, zabitlər korpusunu itirib, yerlə-yeksan olmuş imic də öz yerində. Məğlubiyyətin müxtəlif formaları var. Düşünmək olar ki, belə vəziyyətdə salamat qalmış zabitləri həbsxanalara doldurmaq ən azı məntiqsizdir. Lakin görünən odur ki, Paşinyan ölkənin təhlükəsizliyi məsələsində kənar güclərə bel bağlayır - Rusiya və KTMT-yə. Bununla da o, daxili siyasətdə qarşısında duran vəzifələrin öhdəsindən gəlməyə çalışır.

 

Ordunun salamat qalmış hissəsi ilə… Paşinyan döyüşür? 

Ermənistan Müdafiə Nazirliyində yaşanmaqda olan növbəti istefa dalğasının Nikol Paşinyanın «Qarabağ klanı» ilə mübarizəsinin növbəti mərhələsi olduğu şübhə doğurmur. Məlum olduğu kimi, bu klanın üzvləri orduda hələ də ciddi nüfuza malikdirlər. Paşinyan indiyədək ordu sıralarının onlardan təmizlənməsi üçün bir neçə cəhd etsə də, prosesi sona çatdıra bilməyib. İndi isə baş nazir ordu rəhbərliyinə daha geniş cəbhədə «hücum»a keçib. Müdafiə naziri postunu Ermənistanda «sorosçu» kimi tanınan Suren Papikyan tutur. O, sırf mülki şəxsdir. Belə bir vəziyyətdə tezliklə növbənin Baş Qərargaha çatacağı gözlənilən idi.

Paşinyanın qorxusu birgünlük deyil. 44 günlük müharibədəki kapitulyasiyadan dərhal sonra Baş Qərargahın ovaxtkı rəisi Onik Qasparyanın ölkədə hərbi qiyama cəhd etdiyini xatırlatmaq kifayətdir. Doğrudur, o zaman qiyam baş tutmadı, lakin generallardan hansınınsa bir daha belə addım atmayacağına zəmanət varmı? Üstəlik, o, buna xaricdən ciddi dəstək də alaraq gedərsə?

Bütün bunlar, əlbəttə ki, Ermənistanın daxili işləridir. Vacib olan başqa məqamdır. İlk baxışdan, orduda bu cür «təmizləmə» ölkə ictimaiyyəti arasında revanşinstlərin mövqelərinə ciddi zərbə vurur, Paşinyan və tərəfdarlarının xeyrinə işləyiir. Amma Paşinyanı «sülh göyərçini» kimi qiymətləndirmək olarmı? Unutmayaq ki, Araik Arutunyanın «inauqurasiya» mərasiminin Şuşada keçirilməsi, Cıdır düzündə sərxoş vəziyyətdə edilmiş rəqslər, «Qarabağ Ermənistandır və nöqtə!» bəyanatları məhz onun «aktiv»indədir. 44 günlük müharibə zamanı Gəncəyə, Tərtərə, Bərdə və Mingəçevirə raket zərbələrinin endirilməsi də öz yerində…

Bununla yanaşı, İrəvan Ermənistandakı daxili siyasi qeyri-sabitlikdən üzərinə götürdüyü öhdəliklərin icrasını uzatmaq üçün də istifadə edə bilər. Paşinyan belə manevrə artıq bir dəfə əl atıb - Düşənbədə hələ müharibədən əvvəl keçirilmiş görüş zamanı…

Amma bu gün qüvvələr nisbəti tam fərqlidir. İndi Bakı Nikol Paşinyana vaxt vermək fikrində deyil.



MƏSLƏHƏT GÖR:

140