12 Mart 2025

Çərşənbə, 13:32

HEÇ BİLMİR HARADA BİŞİB, DEYİR: MƏNƏ DƏ BİR ÇÖMÇƏ!

Avropa Parlamentinin erməni lobbisinin diktəsi ilə qəbul etdiyi təxribatçı qətnamə regionda dayanıqlı sülhə xidmət etmir

Müəllif:

15.03.2022

Xarabalığa çevrilmiş 7 rayon, yüzlərlə kənd, minlərlə dağıdılmış məzar, oğurlanmış qəbir daşları, ətrafa səpələnmiş kəllə sümükləri… Azərbaycan 30 illik erməni işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törədilmiş hadisələrin miqyasını nümayiş etdirdikdə dünya sözün əsl mənasında şoka düşmüşdü. Düşünmək olardı ki, indi Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı hansı şərə qarşı mübarizə apardığını kiməsə sübut etməyə ehtiyac yoxdur. Eyni zamanda, dünyanın bu dəhşəti görən kimi, dərhal həqiqətin tərəfində dayanacağını, məşhur ikili standartları unudacağını düşünmək də sadəlöhvlük olardı.

Amma məsələ yalnız ikili standartlarda olsa nə vardı ki?! Avropa Parlamentinin martın 10-da qəbul etdiyi qətnaməni abırsızlığın piki saymaq olar. Müəllifləri onu «Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi haqqında» adlandırıb. Sənədin adı hər şeyi deyirsə, onun məzmunundan danışmağa dəyərmi?

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, qətnamə dezinformasiyalara əsaslanır. «Biz 44 günlük müharibədə çoxlu dezinformasiyalar gördük. Ermənistan Azərbaycanda muzdluların olduğunu iddia edirdi. Biz sübut istəyəndə bir söz deyə bilmədilər. Saxta xəbərlər təkcə mediada yox, siyasətdə də olur. Avropa Parlamentinin qəbul etdiyi qətnamə də dezinformasiyaya əsaslanır. Biz bununla mübarizə aparmalıyıq», - deyə H.Hacıyev «Report» agentliyinə açıqlamasında bildirib.

Azərbaycan parlamentinin reaksiyası da özünü çox gözlətməyib. «Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin tamamilə yalan məlumatlarına əsaslanan, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründən irəli gələn reallıqları, o cümlədən bu torpaqlarda mədəni irsimizə qarşı törədilən vandallıq faktlarını təhrif edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərini zədələyən bu qətnamə, eyni zamanda özündə bir sıra təhlükəli məqamları ehtiva etməklə bəşəriyyətin dini, irqi ayrı-seçkiliyin və dözümsüzlüyün aradan qaldırılması səylərinə də kölgə salır», - deyə Milli Məclisin martın 11-də qəbul etdiyi bəyanatda vurğulanır.

 

Avropalı deputatlara suallar

Doğrudur, Avropa Parlamentinin qətnamələri tövsiyə xarakterlidir, onların icra olunması məcburiyyəti yoxdur. Lakin M.Y.Lermontovun məşhur şeirində deyildiyi kimi, «hər şey bu qədər kədərli olmasa, gülməli olardı». Təkcə qətnamənin «öyüdçü» tonu və Azərbaycanın hansısa abidələri dağıtmaqda ittiham olunması avropalı qanunvericilərə çox suallar yaradır. Məsələn, Qarabağda hansı beynəlxalq missiya monitorinq aparıb ki, Azərbaycanın kiminsə abidələrini dağıtdığı üzə çıxıb? Necə olur ki, Avropanın taleyindən bu qədər «narahat olduğu» kilsələr bu günümüzə sağ-salamat gəlib çıxıb? Axı onlar Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğalına qədər də Azərbaycanın nəzarətində olublar.

Avropalı deputatların nəzərinə çatdırmaq lazımdır ki, bölgənin işğalı faktı elə həmin Avropa Parlamentinin hələ 2010-cu ilin mayında qəbul etdiyi 2009/2216(INI) saylı, «Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair tələb» adlı qətnamə ilə təsdiqlənib. 2020-ci ilin iyununda isə Avropa Parlamenti daha bir qətnamə qəbul edib. 2019/2209(INI) saylı həmin sənəddə 10 il əvvəl qəbul olunmuş qətnamənin Azərbaycan ərazilərinin işğalına dair hissəsinə istinad edilir.

Belə çıxır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, öz mədəni irsini dağıtmaq qərarına gəlib? Məntiq var?! Azərbaycan kilsələrə qətnamədə deiyldiyi kimi, öz əmlakı kimi yanaşmasaydı, bu gün bölgədə onların da izi-tozu qalmazdı - necə ki Ermənistanda orta əsrlərə aid İrəvan qalasının, Sərdar sarayının, məscidlərin və Azərbaycan memarlığına aid digər abidələrin izi-tozu qalmayıb. Ermənistanın yüz minlərlə azərbaycanlının qovulduğu ərazilərindəki çoxsaylı azərbaycanlı məzarının qədim baş daşları da yoxdur. Müasir Ermənistanın xəritəsində bir dənə də Azərbaycan toponimi, hidronimi qalmayıb.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda da daş üstə daş qoymayıblar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıların, vandallığın miqyasını avropalı jurnalistlər və diplomatlar da görüblər. Bu yerdə 2001-ci ildə Şuşada yaşamış erməni əsilli amerikalı heykəltəraş Onik Qardaşın (Livan ermənisi) etirafları yada düşür. «İndi azərbaycanlılar görəcəklər ki, onların bütün məscidləri, məzarları tamamilə dağıdılıb, sökülüb, məhv edilib… Orada elə məzarlar görmüşəm ki, bu haqda danışmağa utanıram. Mən erməni kimi deyil, insan kimi utanıram… Onlar (ermənilər - red.) məzar daşlarının üzərindən dəlik açaraq insanların kəllə sümüyünü çıxarıb, onların qızıl dişlərini sökərək aparıblar. Qəbiristanlığa girirsən, hər yan kəllə sümükləri ilə doludur… Orada gördüyüm vəhşiliyi təsəvvür etmək mümkyn deyil. Şuşadakı tikililər. Orada pilləkənlər, pillələr mərmərdəndir. Azərbaycanlılar gəlib bu pillələri qaldırsalar, görəcəklər ki, doğmalarının məzar daşlarıdır», - deyə erməni heykəltəraş Albert İsakovun «YouTube» kanalına müsahibəsində bildirib.

 

Avropa standartında abırsızlıq

Amma yer üzündən silinmiş 7 rayon Avropa Parlamentinin vecinə deyil. Onu narahat edən bir neçə alban kilsəsində ermənilərin mövcud olduğunu göstərən izlərdir. Bəs ermənilərin Qarabağda özüünədək dağıtdıqları onlarla məscid və digər islam mədəniyyəti abidələri?! Bəs müsəlmanların təhqir olunması məqsədi ilə məscidlərdə donuz saxlanılması?! Dini ayrı-seçkilik nə vaxtdan Avropa İttifaqı üçün əsas norma olub?!

Amma Avropa Parlamentinin abırsızlığı bununla da bitmir. Sən demə, Azərbaycan Naxçıvanda da «30 il ərzində ermənilərin mədəni və dini obyektlərini dağıdıb»mış. Təsəvvür edirsiniz? Azərbaycan 30 il sonra öz ərazilərini işğaldan azad edir, erməni işğalının dəhşətli nəticələrini dünyaya göstərir, Avropa Parlamenti isə Naxçıvandakı hansısa erməni abidələrinin qayğısına qalır!

Aydınır ki, qərəzli qətnaməni dəstəkləyən avropalı deputatların əksəriyyəti xəritədə Qarabağ və ya Naxçıvanın harada yerləşdiyini bilmir. Onlar təbii ki, sənəddə erməni abidələri adlandırılan obyektlərin əslində Qafqaz Albaniyasının irsi olduğundan da xəbərsizdirlər. Halbuki,    yüzilliklər boyu bu irsi qorumaqla məşğul olub və məşğuldur.

Azərbaycanı UNESCO missiyasına mane olmaqda günahlandıran Avropa Parlamenti Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin cəmi bir ay əvvəl UNESCO missiyasının Azərbaycan və Ermənistana səfər etməsinə dair razılığa gəldiklərini unudursa, tarixi faktlardan danışmağa dəyərmi? Avropalı deputatlara onu da xatırlatmaq lazımdır ki, bu illər ərzində məhz erməni tərəfi beynəlxalq qiymətləndirici missiyanı Azərbaycanın işğal altındakı ərazilərinə buraxmaqdan imtina edib. Avropa Parlamenti o zaman da indiki kimi «prinsipiallıq» göstərsəydi, bəlkə də həmin ərazilərdəki dağıntıların miqyası bu qədər dəhşətli olmazdı.

 

Regionda sülh kimə mane olur?

Azərbaycan, əlbəttə ki, dünyanın siyasi mərkəzləri tərəfindən ikili standartlarla ilk dəfə üzləşmir. Erməni lobbisinin avropalı siyasətçilərə ciddi təsirinin olduğu da məlumdur. Lakin bütün bunlarla yanaşı, Avropa Parlamentinin son qətnaməsinin Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri, Bakı ilə Tehran arasında Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yeni nəqliyyat arteriyasının çəkilməsinə dair razılaşmanın imzalanması, həmçinin Ermənistan xarici işlər nazirinin tarixdə ilk dəfə Türkiyəyə səfər etməsi və s. ilə eyni vaxta düşməsi diqqət çəkir. Bu gün sadalananlar daxil, regionda daimi sülhün bərqərar edilməsi, iqtisadi əlaqələrin bərpası istiqamətində ciddi işlər görülür. Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli razılaşmanın imzalanmasına dair danışıqların artıq bu ilin ilk yarısında başa çatacağı da gözlənilir. Belə bir vəziyyətdə Avropa Parlamentinin erməni lobbisinin diktəsi ilə təxribatçı qətnamə qəbul etməsi Azərbaycan və Ermənistan ictimaiyyətləri arasında qarşıdurmanı qızışdırır, regionda dayanıqlı sülhün qurulmasına xidmət etmir.



MƏSLƏHƏT GÖR:

186