22 Noyabr 2024

Cümə, 21:10

HEGEMONLUQDAN REZERVƏ?

ABŞ dollarının dünyanın əsas valyutası “taxt-tacından devriləcəyi” proqnozlaşdırılır

Müəllif:

01.04.2022

Dünyada, demək olar ki, hər dəqiqə dəyişən geosiyasi vəziyyət qlobal iqtisadiyyata inanılmaz dərəcədə güclü təzyiq göstərir. Bu vəziyyət əvvəlki iqtisadi əlaqələr sistemini tamamilə dəyişir. Enerji, ticarət və valyuta müharibələri Ukraynadakı hərbi əməliyyatlardan geri qalmır. Odur ki, belə vəziyyət qlobal iqtisadiyyatın bölüşdürüləcəyinə şübhə yeri qoymur. Bu iqtisadi müharibənin əsas istiqamətlərindən biri də “dünya valyutası” mövqeyi uğrunda mübarizədir. Daha dəqiq desək, ABŞ bu mövqedə dolları saxlamaq istəyir. Digər tərəfdən Rusiya və Çin yeni güclü valyutanı dövriyyəyə buraxmağa və ya ölkələri öz valyutaları ilə ticari əməliyyatlar aparmağa öyrətməyə çalışır.

 

Dollara yuan vasitəsilə zərbə

Rusiyanın böyük bankları SWIFT-dən ayrılıb, Qərb öz rezidentlərinə Rusiyanın dövlət qurumları və Mərkəzi Bankı ilə əməliyyatlar aparmasına və bu ölkəni dollar və avro ilə təmin etməyə qadağa qoyub. Üstəlik, Rusiyanın, təxminən, 300 milyard dollar dəyərində qızıl-valyuta rezervləri dondurulub. Təbii ki, bütün bunlar valyuta bazarında şok effektinə səbəb ola bilməzdi.

Görünən odur ki, Moskva da belə miqyasda sanksiyalara hazır deyildi. Doğrudur, Rusiya, Çin və hətta Türkiyə uzun müddətdir ki, qarşılıqlı ticarət əlaqələrində milli valyutalara keçməyə hazırlaşırlar. Lakin onlar hələ də bu istiqamətdə real addımlar atmayıblar. Sanksiyalar hər bir ölkəni qəfil yaxalayıb. Aydındır ki, bu qadağaların təşəbbüskarı olan Qərb Rusiyaya qarşı sanksiyaların nəticələrinə, əslində, hazır olmalı idi. Amma sanksiyaların tətbiq edilməsindən bir ay sonra vəziyyəti təhlil edərkən belə nəticəyə gəlmək olar ki, bununla bağlı bəzi təfərrüatlar “köhnə dünya” üçün tamamilə gözlənilməz olub. Bu mənada Rusiyanın təbii qazın rublla satışı ilə bağlı ultimatumunu misal göstərmək olar.

Moskvanın bu qərarı ilə, demək olar ki, eyni vaxtda dünyada maraqlı proseslər cərəyan etməyə başlayıb. Məsələn, bu yaxınlarda məşhur “The Wall Street Journal” nəşrində dərc edilən məqalədə iddia olunur ki, Səudiyyə Ərəbistanı Çinə ixrac etdiyi neftin ödənişini yuan ilə qəbul etməyə yaxınlaşır. Ər-Riyad ABŞ Prezidenti Co Baydenin ona qarşı ədalətsiz siyasət yürütdüyünü düşünür. Odur ki, o, Vaşinqtondan qisas almaq üçün belə bir addım atır. Qeyd edək ki, səudiyyəlilər ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı mübarizədə dəstəyini dayandırmasından, husiləri terror təşkilatı siyahısından çıxarmasından, Ağ Evin planlaşdırılan silah satışını təxirə salmasından narazıdırlar.

Doğrudur, Səudiyyə Ərəbistanı ilə Çin arasında neft ticarəti ilə bağlı potensial yeni sazişin təfərrüatları hələ də qeyri-müəyyəndir. Odur ki, Səudiyyə Ərəbistanının Ağ Evə xəbərdarlıq etmək məqsədilə bu məlumatı sızdırması istisna deyil. Ər-Riyad ilə Pekin uzun illərdir ki, neft satışının bir hissəsinin yuanla qiymətləndirilməsi ilə bağlı danışıqlar aparır. Amma bu, həyata keçməyə də bilər. Xatırladaq ki, hazırda neft satışlarının, təxminən, 80%-i məhz dollarla qiymətləndirilir. Yuan isə sərbəst konvertasiya olunan valyuta deyil. Bu valyutanın rezerv sistemi məhz belə olmalıdır. Səudiyyə Ərəbistanının rialı isə dollara bağlıdır.

 

Saman çöpündən yapışmaq?

Bu yaxınlarda daha bir əlamətdar hadisə baş verib. Təşkilatçılar bu iqtisadi dialoqu “Avrasiya İqtisadi İttifaqı ilə Çin Xalq Respublikası arasında pul-maliyyə və iqtisadi əməkdaşlıqda yeni mərhələ. Qlobal transformasiyalar: çağırışlar və həll yolları” adlandırıb. Bu iqtisadi dialoq zamanı Avrasiya İqtisadi İttifaqı ilə Çin arasında müstəqil beynəlxalq valyuta-maliyyə sistemi layihəsinin hazırlanması qərara alınıb. Bu layihənin yeni beynəlxalq valyutaya əsaslanacağı planlaşdırılır. Bu zaman yeni valyuta layihədə iştirak edən dövlətlərin milli valyutalarının indeksinə və birjadakı məhsulların qiymətinə əsaslanaraq hesablanacaq.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı Rusiya, Belarusiya, Ermənistan, Qazaxıstan və Qırğızıstanın daxil olduğu iqtisadi birlikdir. Son hadisələr fonunda məhz ən çox bu ölkələrin valyutaları zərər çəkib. Məsələn, martda bu ölkələrdə dollar və avroya böyük tələbat yaranıb (təxminən, 40-50%). Üstəlik, maliyyə sabitliyini təmin etmək üçün martın 14-dən Qazaxıstanda dəyəri 10 min dollardan çox olan xarici valyutanın, həmçinin qızıl külçələrin və investisiya sikkələrinin ixracına qadağa qoyulub.

Aydındır ki, hazırda qlobal ehtiyat valyutasına tələbatla bağlı ajiotajın yaranması, Avrasiya İqtisadi İttifaqına daxil olan dövlətlərin milli valyutalarının ucuzlaşmasına təsir göstərməyə bilməzdi. Xüsusilə Rusiya rublunun ardınca martın ortalarında Belarus rublu dollara nisbətdə 45%, Qazaxıstan təngəsi 16%, Qırğızıstan somu 15%, Tacikistan somu və Ermənistan dramı, təxminən, 20% ucuzlaşıb. Nəticədə, bu ölkələrin mərkəzi bankları milli valyutanın dəyərini hansısa formada qorumaq və xarici ticarət statistikasının mənfi göstəricilərə düşməsinin qarşısını almaq üçün valyuta ehtiyatlarından istifadə etməyə başlayıb.

Əlbəttə, aydındır ki, sadalanan ölkələr vəziyyətdən çıxış yolunu uzunmüddətli əsasda axtarmalıdır. Odur ki, onlar üçün başqa valyutaya keçid (əvvəlcə rubl, daha sonra yuan təklif edilib) “saman çöpündən yapışmaq” kimi qəbul edilir. Üstəlik, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov bəyan edib ki, təkcə Avrasiya İqtisadi İttifaqına deyil, həm də MDB-yə daxil olan dövlətlər qarşılıqlı hesablaşmalarda dollar və avro əvəzinə ehtiyat valyuta kimi yuandan istifadə edə bilər. O, vurğulayıb ki, dolların erası başa çatıb və bu valyuta 2025-ci ilə qədər öz mövqelərini itirəcək, 2030-cu ilə qədər isə dollar dünyanın ehtiyat valyutası olmayacaq. Həqiqətən, dolların ehtiyat valyuta kimi hegemonluğu sona çatır?

 

Dollar mövqelərini itirəcək

Əgər obyektiv danışsaq, ABŞ milli valyutasının, güman ki, yaxın illərdə mövqelərini itirəcəyini söyləyə bilərik. Bu, təkcə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalardan sonra yaranmış vəziyyətlə bağlı deyil. Belə ki, Rusiya, Çin, Türkiyə və Qərb dövlətlərinə daxil olmayan digər böyük ölkələr artıq bir neçə ildir ki, dolların hegemonluğundan xilas olmağa çalışır. Məsələn, onlar vaxtaşırı milli valyutalara əsaslanan ticarətə keçməyə, yeni ehtiyat valyutasını və yeni “III Bretton-Vuds” sistemini yaratmağa can atırlar. Ukrayna böhranı isə yalnız bu prosesi sürətləndirə bilər, çünki Rusiyaya qarşı sanksiyalar digər ölkələri də qorxuda bilər. Belə ki, gələcəkdə onlara qarşı da oxşar sanksiyaların tətbiq edilməsi mümkündür. Odur ki, bir çox mərkəzi banklar valyuta ehtiyatlarının şaxələndirilməsi barədə ciddi düşünəcəklər.

Yeri gəlmişkən, Hindistan Mərkəzi Bankının rəhbəri Şaktikanta Das bildirib ki, ABŞ-ın təşəbbüsü ilə Rusiyanın qızıl-valyuta ehtiyatlarının dondurulması, əslində, dünyanın istənilən ölkəsi üçün həyəcan siqnalıdır. Bu barədə “Baijiahao” nəşri məlumat verib. Hindistan Mərkəzi Bankının rəhbərinin fikrincə, yaxın gələcəkdə bir çox dövlətlər Rusiyadan nümunə götürə və qızıl-valyuta ehtiyatının tərkibini yenidən nəzərdən keçirə bilərlər.

Beynəlxalq Valyuta Fondunun analitikləri isə bu yaxınlarda apardıqları araşdırmada qeyd ediblər ki, dolların dünya valyuta ehtiyatlarında payı son ildə davamlı şəkildə azalır. Buna səbəb mərkəzi bankların öz aktivlərini şaxələndirmək məqsədilə alternativ valyutalara keçməsi olub.

“Mərkəzi bankların rəhbərləri dollardan iki alternativin lehinə imtina ediblər: dörddə biri yuana, dörddə üçü isə kiçik dövlətlərin valyutalarına istiqamətlənib. Qeyd edək ki, kiçik dövlətlərin valyutaları ənənəvi olaraq ehtiyat aktivlər nöqteyi-nəzərdən məhdud rola malikdirlər”, - deyə “Bloomberg” agentliyi Beynəlxalq Valyuta Fondunun “Dolların hökmranlığının gizli aşınması” adlı hesabatına istinadən məlumat verir.

“Son 20 ildə beynəlxalq valyuta sistemində təkamülü dollardan tədricən uzaqlaşma, yuanın son vaxtlarda rolunun az da olsa yüksəlməsi və bazar likvidliyində dəyişikliklər, nisbətən mənfəətli və idarə edilən ehtiyatlar kimi xarakterizə etmək olar. Bu, qeyri-ənənəvi ehtiyat valyutaların cəlbediciliyini artırır”, - deyə Beynəlxalq Valyuta Fondunun ekspertlərinin müstəqil iqtisadçılarla birgə hazırladığı hesabatda qeyd edilir.

Bu arada, Beynəlxalq Valyuta Fondunun baş direktorunun birinci müavini Gita Qopinat “Foreign Policy” jurnalına müsahibəsində bildirib ki, “əgər bu gün məndən “dünyada cərəyan edən son hadisələrin dolların labüd sonu demək olduğunu” soruşsanız, mən qəti şəkildə “yox” deyərəm. Bu, belə deyil... Lakin güman ki, bəzi ölkələr ehtiyatlarının hər hansı qismini konkret valyutada saxlayıb-saxlamayacaqlarını yenidən nəzərdən keçirəcəklər”.

Qopinat hesab edir ki, dünya ticarətində digər valyutalardan daha da geniş şəkildə istifadə edilməsi milli mərkəzi bankların ehtiyat aktivlərinin daha da şaxələndirilməsinə gətirib çıxaracaq: “Dövlətlər, bir qayda olaraq, başqa ölkələrlə ticarət əməliyyyatları apardıqları və xarici bazarda mövqe tutduqları valyutanı toplamağa meyillidirlər”. Onun sözlərinə görə, hazırda digər valyutaların daha böyük rol oynamağa başlamasına dair tendensiya var.

O, qeyd edir ki, son 20 ildə ABŞ dollarının beynəlxalq ehtiyatlardakı payı digər valyutaların rolunun güclənməsi səbəbindən 70%-dən 60%-ə düşüb. Onun sözlərinə görə, məsələn, Pekin böhrandan xeyli əvvəl yuanın beynəlmiləlləşməsinə diqqət yetirib: “Lakin Çin valyutası hələ hakim ehtiyat valyutası kimi dolları əvəz edə bilməz, çünki dünya banklarında ehtiyatların, təxminən, 3%-i yuanda saxlanılır”.

Qopinatın fikrincə, bunun baş verməsi üçün valyutanın tam konvertasiya qabiliyyətinə malik olmasına, onu dəstəkləyəcək açıq kapital bazarlarına və institutlara ehtiyac duyulur: “Bu, vaxt tələb edən yavaş prosesdir. Odur ki, dolların hökmranlığı bir müddət davam edəcək”.

 

Milli valyutalarla ticarət

Bir sözlə, dollar-yuan məsələsində “kral öldü, yaşasın yeni kral” deyə qışqırmaq hələ çox tezdir. Buna görə də qarışıq hadisələrlə birbaşa əlaqəsi olmayan ölkələrin mərkəzi bankları üçün gözləmək, müşahidə etmək və lazım gəldikdə hərəkətə keçmək ən məqsədəuyğun mövqedir.

Ümumiyyətlə, dolların dünya ticarətindəki payı hələ də təxminən, 50%-dir. Dolların ehtiyat valyuta kimi payı isə təxminən, 59% təşkil edir. Yeri gəlmişkən, Azərbaycan ixrac-idxal əməliyyatlarını dollar və avro ilə həyata keçirir. Üstəlik, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin, təxminən, 68%-ni dollar, 20%-ni funt-sterlinq və 4,9%-ni isə avro aktivləri təşkil edir. ARDNF investisiya portfelinin yerdə qalan hissəsini digər valyutaların aktivlərində saxlayır. Məsələn, onun Rusiya rublu ilə aktivləri cəmi 0,7%-dir.

Bu məqamda qeyd edək ki, Azərbaycanın ixracının təxminən 90%-i enerji resurslarının payına düşür. Onun karbohidrogen resursları dünya bazarında ənənəvi olaraq dollarla satılır.

Qeyri-neft sahəsində ticarətə gəlincə, burada əsas tərəfdaşlarımız Rusiya və Türkiyədir. İndiyədək onlarla ticarət əməliyyatları konvertasiya olunan valyutalar əsasında aparılıb. Bu günlərdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yerli mediaya müsahibəsində bildirib ki, ölkələrimiz arasında müqavilələr üzrə ödənişlərlə bağlı çətinliklər rublun məzənnəsinin dəyişməsindən qaynaqlanır: “Bu məsələnin həllinə milli valyutalarda hesablaşmalara keçid kömək edəcək”.

Onun sözlərinə görə, “iki ölkə arasında bəyannaməyə uyğun olaraq bank sahəsində milli valyutalarda əməkdaşlığı genişləndirmək niyyətindəyik ki, bu da sözügedən problemin həllinə kömək edəcək. Artıq bu istiqamətdə müəyyən müsbət addımlar atılıb”.

Yeri gəlmişkən, Azərbaycanla Türkiyə artıq bir neçə ildir ki, bununla bağlı danışıqlar aparır. Amma hər iki ölkə hələlik real nəticələr əldə etməyib. Bəs beynəlxalq arenada cərəyan edən son hadisələr Azərbaycan üçün də ticarət əlaqələrində milli valyutalara keçid prosesində katalizator rolunu oynayacaqmı? Bu, tamamilə mümkündür. Amma bu prosesin nə qədər vaxt aparacağı və milli valyutalarla ticarətə keçid üçün hansı şərtlərin təklif olunacağı indi cavabı olmayan suallardır.



MƏSLƏHƏT GÖR:

165