24 Noyabr 2024

Bazar, 18:13

SAKİT LİMAN

Qərb sanksiyaları Rusiya kapitalının Türkiyə “sahilinə yan almasını” sürətləndirəcək

Müəllif:

01.04.2022

Rusiya ilə Ukrayna arasında müharibə, həmçinin Qərbin Moskvaya qarşı sərt sanksiyalar siyasəti Türkiyənin regionda mövqeyini gücləndirib. Ankara hazırda həm Rusiya, həm də Ukraynanın qəbul edib hesablaşdığı əsas vasitəçi ölkələrdən birinə çevrilir. Lakin eyni zamanda Ukraynadakı müharibənin Türkiyə üçün həm müsbət, həm də mənfi nəticələri ola bilər. Mənfi nəticələrə nümunə kimi qlobal iqtisadi böhran, bahalaşma və inflyasiyanın güclənməsi, Türkiyə turizminin zəifləməsini göstərmək olar. Digər tərəfdən yeni siyasi-iqtisadi vəziyyətdə Türkiyənin əhəmiyyətini artıran məqamlar da var.

Aydındır ki, əsas amillərdən biri kimi kapitalın Türkiyə “sahilinə yan almasını” əminliklə söyləmək olar. Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra onun vətəndaşları ölkələrini kütləvi şəkildə tərk etməyə başlayıblar. Oxşar vəziyyət qarşı tərəfdə də müşahidə edilir. Belə ki, rusiyalılar Qərb ölkələrinə qarşı sanksiyaların və digər risklərin nəticələrindən canlarını qurtarmaq üçün Rusiyanı tərk edirlər. 

Lakin hazırda rusiyalıların Avropaya, xüsusilə Avropa İttifaqı (Aİ) ölkələrinə səfər etməsi xeyli çətinləşib. Odur ki, on minlərlə rusiyalı İstanbul, Ankara və təbii ki, qonşu postsovet ölkələrinə köçməyə başlayıblar. İstanbul şəhərinə isə köçənlər arasında jurnalistlər, blogerlər və incəsənət adamları çoxdur.

Tarix təkrarlanır. Oxşar hadisə 100 il əvvəl də baş verib. Belə ki, 1920-ci ildə 100 min rusiyalı bolşeviklərin hakimiyyətə gəlməsindən sonra İstanbula qaçıblar. “The New York Times” nəşri məlumat verir ki, hazırda “Türk Hava Yolları” hazırda Moskvadan müntəzəm reyslərini davam etdirir. Bəzi günlərdə hətta 30 reys həyata keçirir.

Xarici vətəndaşların bu axını nəticəsində son bir ayda Türkiyədə kirayə evlər düz üç dəfə bahalaşıb. Doğrudur, Türkiyənin kurort zonaları ənənəvi olaraq rusiyalılar arasında populyardır. Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra Rusiya sakinlərinin bu ölkədə uzunmüddətli kirayə evlərə tələbatı xeyli yüksəlib. Məsələn, Antalya və Alanyada rusiyalıların kirayə ev almaq üçün müraciətlərinin sayı, təxminən, 4 dəfə artıb. Bu da əvvəllər 200-600 dollar səviyyəsində olan qiymətlərin bir ay ərzində 3 dəfə artmasına səbəb olub.

Yeri gəlmişkən, “Just Real Prime Broker” şirkətinin idarəedicisi Yekaterina Şimanskaya bildirib ki, eyni şəkildə, İstanbul, İzmir, Bodrum və Fəthiyədə kirayə mənzillərin qiymətləri iki-üç dəfə artıb – kiçik bir studiya üçün ayda 1-1,5 min dollar tələb olunur. Nəticədə, Türkiyənin cənubunda yerləşən, rusiyalılar arasında ən məşhur istiqamət olan Antalyada evlərin qiyməti 30-40% artıb. Xatırladaq ki, Türkiyədə mövcud qanunlara əsasən 250 min dollar dəyərində daşınmaz əmlak alan əcnəbilərin vətəndaş olması üçün şərtlər daha əlverişli olur.

Qeyd edək ki, ötən il Türkiyədə satılan evlərin 3,9%-ni əcnəbilər alıb. Ən çox daşınmaz əmlak alan əcnəbilər isə İran, İraq və Rusiya vətəndaşlarıdır. Maraqlıdır ki, 2020-ci ildə Türkiyədə satılan daşınmaz əmlakın cəmi 2,7%-i xarici ölkələrin vətəndaşlarının payına düşüb. 2015-ci ildə bu göstərici cəmi 1,8% olub. Amma 2022-ci ilin göstəriciləri daha fərqli olacaq, çünki bu ilin yanvar və fevral aylarında Türkiyədə əcnəbilərə satılan 8777 mənzildən 988-ni rusiyalılar alıb.

Ukraynadakı müharibəyə qədər Türkiyədə məskunlaşmış 1,792 milyon əcnəbinin 66 min 786 nəfəri rusiyalı olub. Lakin hərbi əməliyyatlar başladıqdan sonra bu rəqəm artır. Onların əksəriyyəti isə maddi rifahı yaxşı olan, amma Avropaya yerləşmək imkanı olmayan orta və üst təbəqədən olan insanlardır.

Doğrudur, bəzi mənbələr iddia edir ki, Qərbin sanksiyalarının təhdidi altında olan rusiyalı biznesmen və milyarderlər öz sərvətlərini Türkiyəyə köçürürlər. Hələlik ortada çox qabarıq rəqəmlər olmasa da – bu da rusiyalı sərmayədarların Türkiyəyə gizli yerləşməyə çalışması ilə əlaqədardır – artıq ilkin əlamətlər özünü göstərir. Məsələn, Rusiyanın ən zənginlərindən biri, İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviçin “My Solaris” yaxtası gözlənilmədən Türkiyənin Muğla kurort rayonunda lövbər atıb. 140 metr uzunluğu, 48 otaqlı, 8 göyərtəli, vertolyot meydançası olan bu nəhəng yaxtanın dəyəri yüz milyonlarla dollardır.

Bu arada, Abramoviçin ikinci yaxtası, 162,5 metr uzunluğu olan və dünyanın ən böyük yaxtalarından biri hesab olunan “Eclipse” də Marmaris sahillərinə yan alıb. Milyarderin yaxtaları Avropada həbs riski ilə üz-üzədir. Buna görə də Abramoviç indi onlar üçün ən təhlükəsiz sahilə yan alıb. Güman ki, Abramoviçin əmlaklarının ardınca digər rusiyalı oliqarxların aktivləri də Türkiyə sahilinə tərəf “üzəcək”.

Maraqlıdır ki, martda Abramoviç “Çelsi” klubunu satacağını elan etdikdən sonra klubun dərhal alıcısı meydana çıxıb. Yeni alıcı isə türkiyəli biznesmen Muhsin Bayrak adlı bir şəxs olub. Bayrak deyib ki, “Çelsi”ni almaq üçün 1 milyard ffun-sterlinq ödəməyə hazırdır. Yeri gəlmişkən, 1999-cu ildə Muhsin Bayrak tərəfindən təsis olunan “AB Grup Holding” İstanbulda tikinti şirkəti kimi fəaliyyət göstərir. Bu şirkətin Abramoviçlə də bəzi ortaq biznes fəaliyyətləri olub. Aydın məsələdir ki, Abramoviçin klubunu Türkiyə şirkətinə satması onun biznesini Türkiyəyə köçürmək planının birinci hissəsidir.

Amma Abramoviç tək deyil. Uzun illərdir ki, Rusiya və Türkiyə iş adamları arasında biznes əlaqələri var. Və indi Qərb ölkələrində sanksiya riski altında olan rusiyalı biznesmenlər üçün Türkiyə bayrağı altında fəaliyyət göstərmək əlverişlidir. Çünki Türkiyə sərmayə üçün uyğun ölkədir.

Görünən odur ki, Türkiyə həm müharibədən qaçan rusiyalılar və ukraynalılar, həm də Qərbin sanksiyalarından yayınmağa çalışan rusiyalı varlıları üçün ideal “əmin-amanlıq adası”na çevrilib. Üstəlik, Rusiyaya qarşı ciddi sanksiyaların nəticələrinin hələ tam şəkildə özünü göstərmədiyini nəzərə almaq lazımdır.



MƏSLƏHƏT GÖR:

161