24 Noyabr 2024

Bazar, 18:52

KÖVRƏK ÜMİDLƏR

İstanbul danışıqları Rusiya-Ukrayna böhranının həll oluna biləcəyinə dair ehtiyatlı nikbinlik yaradıb

Müəllif:

01.04.2022

Fövqəladə vəziyyətlərdə fövqəladə qərarlar tələb olunur. Martın sonlarında hazırda dünyanın 1 nömrəli problemi olan Rusiya-Ukrayna böhranının həllinə ciddi təsir göstərmək gücündə olan bir neçə vacib tədbir baş tutub. Nəticədə, Ukrayna müharibəsində dönüş anının baş verdiyinə ehtiyatlı ümidlər yaranıb.

Bu mənada, əsas hadisə Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda keçirilmiş danışıqlardır. Görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bilavasitə iştirakı və köməyi ilə keçirilib. Yeri gəlmişkən, Ukrayna nümayəndə heyətinin üzvü Aleksandr Çalıyın söylədikləri Ərdoğanın danışıqların uğurlu alınmasına şəxsi töhfəsini təsdiqləyib. Çalıy deyib ki, danışıqlar məhz Ərdoğanın sayəsində bərpa olunub. Belə çıxır ki, tədbirə hazırlıq ən yüksək səviyyədə aparılıb və Türkiyə tərəfi görüşün iflasa uğramadığı üçün əlindən gələni edib.

 

Ümid verən danışıqlar

İstənilən halda, uzun və ağır keçən İstanbul danışıqlarından sonra yorulub əldən düşmüş jurnalistlərin qarşısına çıxan Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski kifayət qədər gözlənilməz açıqlama verib: «Kiyev hərbi bloklara qoşulmaqdan, ölkə ərazisinə xarici hərbi bazalar, kontingentlər yerləşdirməkdən, Rusiya da daxil olmaqla, qarant dövlətlərin razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir». O, fikrini belə davam etdirib: «Qeyri-blok, qeyri-nüvə statusu üçün Ukraynanın təhlükəsizliyinə zəmanət verən qarant dövlətlərin siyahısı verilib. Təhlükəsizlik zəmanəti Krım və Sevastopol ərazisinə aid deyil. Yəni Ukrayna Krımı, Sevastopolu hərbi yolla geri qaytarmaq niyyətindən əl çəkir, bunun yalnız sülh yolu ilə mümkün olduğunu təsdiqləyir. Əlbəttə, bu, bizim mövqeyimizlə üst-üstə düşmür. Lakin Ukraynanın yanaşması belədir».

Bununla yanaşı, Rusiya tərəfi Kiyev və Çerniqov istiqamətlərində hərbi fəallığı ciddi şəkildə azaltmaq haqda öhdəlik götürüb. Moskva bu qərarı daha geniş razılaşmaların reallaşdırılması üçün fonun yaradılması zərurəti ilə izah edir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, «xüsusi əməliyyatın ilk mərhələsində qarşıya qoyulmuş əsas hədəflərə nail olunub və indi diqqəti əsas hədəfə – Donbasın azad edilməsinə yönəltmək olar».

Ukrayna prezidenti ofisinin rəhbərinin məsləhətçisi Aleksey Arestoviç isə Şoyqunun fikirlərini iflasın göstəricisi kimi xarakterizə edib. «Xatırlayırsınızsa, onlar Ukraynada hərbi əməliyyatlara başladıqları ilk günlərdə ölkəmizin «denasifikasiya» və «demilitarizasiya»sından danışırdılar. Onların hədəflərinin dəyişməsi göstərir ki, Kremlin planları tam iflasa uğrayıb», - deyə o, bildirib.

Arestoviçin sözlərinə görə, İstanbul danışıqlarının aralıq nəticəsi Ukrayna tərəfinin hər hansı kompromisə getməməsidir. O, Kiyevin danışıqların bütün müddəaları üzrə mövqeyini yaxşılaşdırdığını söyləyib.

«Fevralın 23-nə Ukrayna neytarl dövlət idi və iki dəfə aldadılmış bu dövlətə heç bir zəmanət verilmirdi – suverenlik haqqında bəyannamə və Budapeşt memorandumu neytrallığı nəzərdə tutsa da, zəmanət yox idi. O, indi peyda olub. İndi bir çox dövlət bizə zəmanət verməyə hazırdır», - deyə prezident ofisi rəhbərinin məsləhətçisi bildirib. Arestoviç deyib ki, bu, Ukraynanın vəziyyətini bir neçə dəfə yaxşılaşdıran ideal razılaşmadır və müharibədən əvvəl belə vəziyyətin yaranacağını təsəvvür etmək mümkün deyildi.

Bununla yanaşı, Arestoviç Kiyevin qəbul etdiyi şərtlərlə bağlı da etiraflar edib. Məsələn, Kiyev gələcəkdə ölkə ərazisində xarici dövlətlərə məxsus silahlı qüvvələrlə birgə hərbi təlimlərin keçirilməsi məsələsini Rusiya da daxil olmaqla, qarant dövlətlərlə razılaşdırmağa «hə» deyib. Lakin onun sözlərinə görə, Rusiya belə təlimlərin keçirilməsinə veto qoymayacaq.

İstanbul danışıqlarının nəticələrini Zelenski də müsbət qiymətləndirib. Bununla yanaşı, o, «müsbət siqnalların Rusiya mərmilərinin səsini batırmadığını» da əlavə edib.

Bütün bunların fonunda Ukrayna Zelenski ilə Putin arasında görüşün keçirilməsi üçün sənədlər paketi hazırlayıb. Ukrayna prezidenti ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak bildirib ki, sənədlər İstanbulda Rusiya nümayəndə heyətinə təqdim edilib. Onun sözlərinə görə, əsas məsələ təhlükəsizlik zəmanəti haqda razılaşmadır.

Görüşlə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun fikirlərini də ehtiyatlı nikbinlik kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, Ankara Rusiya və Ukraynanın xarici işlər nazirləri arasında görüşün təşkili üzərində çalışır. «İstanbul danışıqlarında ciddi irəliləyişə nail olunub. Lakin bu mərhələdə İstanbul görüşünün yekununda səsləndirilən nəticələrin həyatda gerçəkləşdirildiyini görmürük. İndi tərəflər arasında daha yüksək səviyyədə, məsələn, XİN başçıları səviyyəsində görüş keçirilə bilər. Onun yaxın 1-2 həftə ərzində təşkil olunması mümkündür», - deyə Çavuşoğlu qeyd edib: «Biz bunun üzərində işləyirik. Bu mövzuda həm Sergey Lavrov, həm də Dmitri Kuleba ilə danışmışam».

Üz-üzə görüşlərlə yanaşı, davam etməkdə olan böhranın idarə olunması üçün beynəlxalq formatlarda da səylər davam etdirilir. Bu mənada, İstanbul görüşündən cəmi bir neçə gün əvvəl martın üçüncü ongünlüyündə birdən-birə 3 aparıcı beynəlxalq qurumun toplantısının keçirilməsi qərarı heç kimi təəccübləndirməyib. Qərara əsasən, NATO, Aİ və G7 sammitləri eyni şəhərdə – Brüsseldə baş tutub.  Bu tədbirlər və qəbul olunan qərarlar da xüsusi əhəmiyyət daşıyır. Çünki əvvəlkitək aparıcı beynəlxalq siyasi aktorların davranış xəttini və gündəliyi bunlar müəyyən edirlər.

 

Dərə keçərkən at dəyişdirilməz

Bu tədbirlərin keçirilməsi vaxtı təsadüfən seçilməmişdi. Martın 24-də Ukraynada müharibənin başlamasının 1 ayı tamam olurdu. Moskva onu xüsusi əməliyyat adlandırsa da, Qərb dövlətləri Rusiyanın Ukraynaya təcavüzündən danışır. Ötən müddətdə Rusiya tərəfi Ukrayna ilə sərhədə və ölkənin bir sıra həmsərhəd bölgələrinə nəzarəti tam təmin etsə də, əksər ekspertlərin fikrincə, hərbi əməliyyatların əsas hədəflərinə çatılmasında hələ də ciddi çətinliklər var.

NATO-nun Brüssel sammiti məhz belə bir vəziyyətdə keçirilirdi. Blok Ukraynaya dəstəyin davam etdirilməsini müzakirə edirdi. Görüşə NATO üzvü olan 30 ölkənin hər birinin lideri qatılmışdı. Bu, sammitin və orada qəbul olunacaq qərarların müstəsna əhəmiyyətindən xəbər verirdi. Üstəlik, Rusiya-Ukrayna danışıqları hərbi əməliyyatların tezliklə dayandırılacağına ümid yaratmamışdı, müharibənin miqyasının genişlənməsi isə Alyans üzvlərinin savaşa cəlb olunması riskini daha da artırırdı.

Sammitin vacib qərarları sırasında iştirakçıların baş katib Yens Stoltenberqin mandatının daha 1 il uzadılmasına dair razılığa gəlmələrini göstərmək olar. Qlobal təhlükəsizlik sistemində böhranın yaşandığı bir vaxtda NATO Şurası baş koordinatoru dəyişməyi düzgün hesab etmir. Söhbət bütün bu illər ərzində Alyans üzvləri arasındakı ziddiyyətlərin öhdəsindən gəlməyi bacarmış, belə çətinlikləri aşmış şəxsdən gedir.

Bu qərarın əhəmiyyətini qiymətləndirən Stoltenberq özü «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb ki, «NATO liderlərinin mənim baş nazir vəzifəsində qalma müddətimi 2023-cü il sentyabrın 30-dək uzatmaları mənim üçün böyük şərəfdir». «Son nəsillərin ən ciddi təhlükəsizlik böhranı ilə üzləşdiyimizi nəzərə alsaq, Alyansımızın gücünü qorumaq, insanlarımızın təhlükəsizliyini təmin etmək üçün biz birik», - deyə baş katib qeyd edib.

Xatırladaq ki, Norveçin sabiq baş naziri Yens Stoltenberq NATO-dakı ən ali mülki vəzifəyə 2014-cü ilin oktyabrında təyin olunub. O vaxtdan onun səlahiyyət müddəti 2 dəfə uzadılıb. Stoltenberq vəzifədən ötən ilin sentyabrında getməli idi. Lakin NATO ölkələrinin liderləri bu müddəti üçüncü dəfə də uzatmaq qərarına gəliblər.

Bu qərara təsir göstərən əsas amillərdən biri ABŞ prezidenti Co Baydenin şəxsi mövqeyi olub. O, son il ərzində Stoltonberqlə kifayət qədər sıx ünsiyyətdə olub, baş katiblə etibarlı tərəfdaş münasibətləri qurub. Hazırkı Amerika administrasiyası NATO rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirir. Təşkilatın baş katibi xüsusilə Donald Tramp administrasiyasının dövründə fikir ayrılıqları yaranan zaman yüksək işgüzarlıq keyfiyyətləri nümayiş etdirib. Xatırladaq ki, həmin vaxt ABŞ müdafiə büdcəsinə kifayət qədər vəsait ayırmayan dövlətlərə hərbi-siyasi dəstək göstərilməyəcəyinə dair hədələr səsləndirirdi. Lakin belə çətin dövrdə Stoltenberq Vaşinqtonla dayanıqlı dialoqu qoruyub saxlayıb, bu isə NATO-da tammiqyaslı böhrandan qaçmağa imkan verib. Təxminən eyni dövrdə Alyansın digər üzvləri arasında da ziddiyyətlərin aktiv fazası yaşanırdı. Söhbət Türkiyə-Fransa, Türkiyə-Yunanıstan, Türkiyə-ABŞ münasibətlərindən gedir… Bu gün həmin böhranlardan çoxu haqda keçmiş zamanda danışılmasında Yens Stoltenberqin xidmətləri həqiqətən çoxdur. Hər halda, NATO üzvlərinin hamısının belə məsuliyyətli dövrdə baş katibi dəyişməyin yersiz olduğu qənaətinə gəlməsi təsadüf deyil. Onun mandatının uzadılması qərarı yekdilliklə qəbul edilib.

 

Silah verəcəyik, hava məkanını isə bağlamayacağıq

Amma bunlar sammitin əsas qərarlarının hamısı deyil. Toplantıda Kiyevə bütün lazımi hərbi-siyasi dəstəyin veriləcəyi bildirilsə də, bir daha təkrar olunub ki, Alyans Ukrayna səmasını «bağlamaq», həmçinin oraya məhdud sayda da olsa hərbi kontingent göndərmək fikrində deyil. NATO Polşanın istəyinin əksinə olaraq, Ukrayna ərazisinə sülhməramlılar göndərməkdən də imtina edib. Stoltenberq hesab edir ki, bu, Rusiya ilə müharibəyə yol aça bilər. Bununla yanaşı, baş katib Ukraynaya əlavə dronların, tank əleyhinə sistemlərin veriləcəyini, maliyyə və humanitar yardımların göstəriləcəyini söyləyib. Şimali Atlantika Alyansı Ukraynaya kimyəvi, bioloji və radiasiya təhlükəsindən qorunmaq üçün tələb olunan avadanlıqlar da verəcək.

Alyans rəhbərliyi qərarın o cümlədən, Vladimir Zelenskinin NATO sammitindəki emosional çıxışından sonra qəbul olunduğunu bildirsə də, güman etmək olar ki, qərar əvvəlcədən razılaşdırılıb və sadəcə, təsdiqlənməsi üçün sammitə çıxarılıb.

Zelenskiyə gəlincə, o, bildirib ki, Ukraynanın məhdudiyyətsiz hərbi yardıma ehtiyacı var. Prezident Ukrayna ordusunun artıq 1 aydır ki, qeyri-bərabər savaşda Rusiya Silahlı Qüvvələrinə müqavimət göstərdiyini xatırladıb. Zelenskidən əvvəl Ukraynanın bəzi rəsmiləri Alyansın bir sıra üzvlərini, o cümlədən Almaniya ilə Macarıstanı Kiyevə hərbi dəstək verilməsi məsələsində qətiyyətsizlik nümayiş etdirməkdə, «həddindən artıq yumşaq mövqe» tutmaqda günahlandırmışdı.

İstənilən halda, NATO Ukrayna ordusunun hərbi potensialını gücləndirmək, onun Rusiya ordusuna müqavimət gücünü artırmaq əzmini ortaya qoyub. Brüssel müdafiə olunan Ukrayna ordusunun hələ də ciddi hərbi potensiala malik olduğunu düşünür. Hesab edirlər ki, onun müasir texniki vasitələrlə təchiz olunması Moskvanın planlarının qarşısını almağa imkan verəcək.

Eyni zamanda NATO sammiti 4 yeni taktiki qrupun yaradılması qərarı ilə də yadda qalıb. Onlar Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yaradılacaq. Bu, NATO-nun cənub-şərq cinahının hərbi potensialının artırılmasına imkan verəcək. Brüssel üçün bu vəziyyət «Şərqi Avropanın müdafiəsi planı»nın reallaşdırılmasını sürətləndirmək imkanı yaradacaq.

 

Aİ və G7: əsas ümid sanksiyalaradır

NATO sammitinin ardınca təşkil olunmuş Aİ və G7 toplantıları Qərbin Moskvaya qarşı nə qədər sərt mövqedə olduğunu bir daha təsdiqləyib. Hər halda, bu toplantılar Rusiyaya sanksiya təzyiqinin gücləndirilməsinə yol açıb. Belə ki, Avropa İttifaqı və «Böyük yeddilik» ölkələri Ukraynada davam edən müharibəyə cavab olaraq, Moskvaya kompleks şəkildə yeni sanksiyaların tətbiqinə qərar veriblər. Bu mənada, iqtisadçılar Rusiya iqtisadiyyatı üçün ən ağrılı sanksiyalardan birinin ABŞ-ın yeni qərarı olacağını düşünürlər – Vaşinqton Rusiya Mərkəzi Bankı ilə istənilən qızıl sövdələşməsinə sanksiya tətbiq edəcək.

Ayrıca olaraq, Böyük Britaniya «qara siyahı»nı genişləndirərək, oraya onlarla yeni insan və təşkilat adı əlavə edib.

Sözügedən iki sammitdə Rusiyaya tətbiq olunmuş sanksiyalar rejiminin pozulacağı halda informasiya mübadiləsinin qurulması haqda da razılığa gəlinib. Bundan başqa, kim məhdudiyyətlərdən yan keçməyə çalışarsa, Qərb tərəfindən cavab tədbirləri ilə qarşılaşacaq.

Rusiyanın sanksiyalardan qaçmaq işində arxalanmağı düşündüyü ilk ölkə Çindir. ABŞ prezidenti Brüsseldə təşkil olunmuş mətbuat konfransında bildirib ki, ÇXR iqtisadi gələcəyinin daha çox Rusiya ilə deyil, Qərblə bağlı olduğunu anlayır. Bayden Çin sədri Si Cinpinlə bu yaxınlarda apardığı danışıqların detallarının bir qismini açıqlamağı da lazım bilib. Məlum olub ki, Ağ Ev sahibi Çin liderini hədələmədən, ona Ukrayna məsələsində Moskvanı dəstəkləməyin hansı fəsadlar verə bləcəyini «aydın şəkildə» izah edib.

Artıq yaxın illərdə Rusiyadan qaz istehlakını maksimum azaltmaq haqda qərar qəbul etmiş Aİ-yə gəlincə, Co Bayden artıq bu il Avropa İttifaqına 15 milyard kubmetr mayeləşdirilmiş qaz nəql edəcəklərinin anonsunu verib. Polşanın Rusiyadan təbii qaz istehlakının tam dayandırılması təklifi isə bəzi Avropa ölkələri tərəfindən qəbul olunmayıb. Təklifə əsas etiraz Almaniya ilə Belçikadan gəlib. Əvəzində, sonuncu birgə qaz alışına başlamağı və bu yanacaq üçün maksimal qiymət müəyyənləşdirməyi təklif edib.

 

Asan olmayacaq

Ziddiyyət bununla bitməyib. Ukraynanın Aİ-yə üzvlük perspektivi məsələsində bəzi sammit iştirakçıları, məsələn, Niderland və Macarıstanın baş nazirləri, həmçinin bir sıra digər dövlət başçıları fərqli mövqedən çıxış ediblər. Onlar hesab edirlər ki, Ukraynaya məlum prosedurları keçmədən sürətli üzvlük haqqı verilməməlidir. Bu fikirdə olanların fikrincə, bu, arzuolunmaz presedent yarada bilər və ümumilikdə, təşkilatın qaydalarına ziddir. Bununla yanaşı, Avropa Komissiyası Aİ-nin qaz anbarlarının doldurulma səviyyəsinin 1 noyabr 2022-ci il üçün 80%-ə, növbəti il üçün isə 90%-ə qaldırılmasını təklif edib.

G7 sammitinə gəlincə, bu tədbirdə qəbul olunmuş vacib qərar kimi, «ərzaq həmrəyliyi» təşəbbüsünü göstərmək olar. Hədəf Rusiya və Ukraynadan taxıl tədarükünün praktik olaraq dayanması fonunda proqnozlaşdırılan defisitin fəsadlarını yüngülləşdirməkdir. Aİ Afrika Şurası ilə birlikdə «Farm» təşəbbüsünü gerçəkləşdirməyi düşünür – Afrika ölkələri ərazisində kənd təsərrüfatı məhsullarının becərilməsi planlaşdırılır. Onun əhəmiyyətli hissəsi Aİ-yə ixrac üçün nəzərdə tutulacaq.

Nəhayət, Aİ sammitində Ukrayna ilə Trast həmrəylik fondunun yaradılması ideyası dəstəklənib. Bu, faktiki olaraq, postmüharibə illərində Avropa ölkələri üçün «Marşall planı»nı əvəzləyəcək. Qəbul olunmuş sənədin mətnində fondun yaradılmasına «dərhal və gecikmədən» başlanılmasına çağırış yer alır. Avropa «uyğun olan vaxtda» fond üçün beynəlxalq donor konfransının keçirilməsi ideyasını da dəstəkləyib.

Bir gündə üç sammitin keçirilməsi göstərib ki, Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiya savaşı davam edəcək və total xarakter alacaq. Ukraynaya hərbi dəstək artırılacaq. Məqsəd Rusiya ordusunun bu ölkədə daha çox «bataraq», daha çox resurs itirməsidir. Əsas hədəf Rusiyanın potensialının mümkün qədər məhdudlaşmasıdır ki, münaqişənin uzanacağı təqdirdə onun NATO ölkələrinə zərbə endirmək imkanı minimum həddə düşsün.

Bütün bunlarla yanaşı, hər üç sammitin iştirakçıları indiki şəraitdə heç kim üçün asan olmayacağını etiraf ediblər. Qərb ölkələri anlayırlar ki, yaranmış vəziyyətdə onlar da önəmli itkilər verəcəklər. Görünən odur ki, dünya son onilliyin ən çətin dönəminə qədəm qoyur və Brüsseldə keçirilmiş sammitlər bu yeni zamanın vacib markerləri sayıla bilər.



MƏSLƏHƏT GÖR:

165