19 Dekabr 2024

Cümə axşamı, 16:55

TƏBİƏTLƏ DƏBDƏBƏLİ VƏHDƏT

Aprelin sonundan etibarən Türkiyədə yerləşən gözəl hotel ekokompleksi olan “Bodrum Loft”da dincəlmək mümkün olacaq

Müəllif:

15.04.2022

Turizmdə pandemiya fasiləsi tədricən sona çatır və kurort ölkəsi olan Türkiyə qonaqları qəbul etməyə hazırdır. Bəs bu ölkədə istirahət etmək niyə populyardır? Bunun cavabı açıq və aydındır: Türkiyə inanılmaz autentikliyi – qədim sarayları, gözəl məscid və kilsələri, heyrətamiz memarlıq xüsusiyyəti və möhtəşəm təbiəti ilə hər zövqə uyğun müasir kurortların sintezinə görə eleqant tərzi ilə seçilən ölkədir. O, ən məşhur turizm istiqamətləri siyahısında altıncı yerdədir. Türkiyənin turizm sahəsində 2 milyon insan çalışır.

Sirr deyil ki, Türkiyədəki hotellər “hər şey daxildir” yanaşması ilə tanınır. Hətta hotellərdən bəhs etməsək də, bu gözəl ölkədə turistləri daha çox cəlb edən dənizkənarı istirahətlə yanaşı, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 18 mədəni obyektə ekskursiyalar təşkil edilir, həmçinin burada dini ziyarət turları və sair təklif olunur. Termal hotellər, kruiz gəmiləri, şopinq, sualtı üzgüçülük və hətta dağ-xizək kurortları daxil olmaqla, müxtəlif əyləncə növləri sizin xidmətinizdədir. Beləliklə, Türkiyədə bütün əyləncə növləri təklif edilir.

 

Təbiətdə və təbiətlə birgə

Son illərdə Türkiyə ekoturizm konsepsiyasını fəal şəkildə inkişaf etdirir. Təbiətyönümlü istiqamət dedikdə, nisbətən toxunulmaz təbii ərazilərdə ətraf mühitə məsuliyyətlə yanaşaraq istirahət etmək başa düşülür. Başqa sözlə, hətta ekoturizm çərçivəsində istənilən hotel kompleksinin tikintisi də ekoloji cəhətdən təmiz layihələr əsasında həyata keçirilməlidir. Turistlər isə ekoproqram çərçivəsində istirahət edirlər. Məqsəd təbiətin, mədəni nöqteyi-nəzərdən görməli yerlərin daha yaxından öyrənilməsi və bundan zövq almaqdır.

Yeri gəlmişkən, ötən il qapılarını turistlərin üzünə açan belə yeni ekoloji təmiz hotel komplekslərindən biri də “Bodrum Loft”dur. Bu hotel kompleksi Türkiyənin “Akfen Holding” şirkətinin investisiyaları əsasında inşa edilib. Qeyd edək ki, şirkət Türkiyədə tikinti, sənaye və dəniz limanı biznesində fəal iştirak edir.

“Bodrum Loft” – gözəl dizayna malik villalardan ibarət olan kompleksdir. Bu kompleks kurort şəhəri olan Bodrumun təbiət mənzərəsi ilə ideal şəkildə vəhdət təşkil edir. Aralıq dənizi bölgəsinin kölgəli şam ağacları, sitrus və səndəl ağacları ilə əhatə olunan villalar, özəl çimərliyə və Egey dənizinin təmiz sularına doğru uzanan mənzərəli təpənin yamacında inşa edilib. Hotel kompleksi Göltürkbükü bölgəsindəki körfəzin sahilində, Bodrum şəhərindən 18 kilometr, Milas Beynəlxalq Hava Limanından 42 kilometr məsafədə yerləşir.

Qarşıdan gələn turizm mövsümü ərəfəsində “Bodrum Loft” hotel kompleksi aprelin 29-da turistlərə öz qapılarını açır. Kompleks uzun zamandır gözlədiyi qonaqları yeni layihələr və sürprizlərlə qarşılayacaq. Bu, o deməkdir ki, azərbaycanlı turistlər də Ramazan bayramı günlərində “Bodrum Loft” hotelində istirahətdən zövq ala biləcəklər.

 

Niyə məhz Bodrum Loft”?

Böyük Britaniyanın “Daily Mail” nəşri bu hotel ekokompleksi Türkiyənin ən gözəl 5 hoteli sırasına daxil edib. “Daily Mail” ona sözün əsl mənasında təriflər yağdırıb. Hotel belə təsvir edilir: “Dəbdəbəli təbiət guşəsi. Bura dəbli və müasir mühitdə yavaş həyat ritminin, təbiətlə harmoniyanın olduğu məkandır!”

İkincisi, hotel hələ fəaliyyətə başlamamışdan qabaq, yəni ötən ilin sentyabrında “Turizm sahəsində ən yaxşı investisiya layihəsi” və “Avropanın 25 ən yaxşı hoteli” kimi çox sayda mükafat qazanıb. Bundan başqa, “Bodrum Loft” regionda unikal təkliflərinə görə “Leading Hotels of the World” (LHW) 5 ulduzlu hotellər assosiasiyasının üzvüdür. LHW-nin prestijli üzvlüyünü qazanmaq mühüm əhəmiyyət kəsb edir. Belə ki, bununla “Bodrum Loft” diqqətlə seçilmiş, dəbdəbəli hotellər sırasındadır. Belə hotellər müxtəlif memarlıq və dizayn üslubları sayəsində özlərinə xas xüsusiyyətlərə malikdirlər və yerləşdiyi regionun unikallığını əks etdirirlər.

“Bodrum Loft”da heç bir “turistik tıxac” olmayacaq: İstanbulun məşhur dizayn şirkəti olan “Tabanlioglu” tərəfindən ərsəyə gətirilən kurort qonaqlara hər şeylə təchiz edilən 36 villa təklif edir. Bu villaların hər birində təhlükəli xarici dünya ilə az təmasda olmaq üçün lazımi hər şey var.

İnnovativ “Bodrum Loft” layihəsi Bodrumda əsrlər boyu davam edən rahat dənizkənarı həyat tərzindən ilham alınaraq həyata keçirilib. Günəş işığına bürünən kompleksin sahəsi 57 min kvadratmetrdir. O, özündə yığcamlığı və dəbdəbəni birləşdirir.

“Təbii daşlardan olan möhtəşəm villalar püstə, sitrus və səndəl ağacları ilə əhatə olunub. Bu 5 ulduzlu kurortun infrastrukturu və qüsursuz xidməti olmasaydı, Egey dənizi sahilində kiçik “cənnət kəndi”ndə olduğunuzu düşünərdiniz”, - deyə ötən il hotelə Azərbaycandan gələn qonaqlardan biri bildirib.

Beləliklə, “Bodrum Loft” ətraf mühiti qoruyan turizm kompleksidir. Ona marağımız məhz buna görə yaranmışdı. Bəs niyə Azərbaycan oxşar təcrübəni mənimsəməsin? Üstəlik, ölkəmizdə ekoturizm üçün kifayət qədər resursların olduğunu da nəzərə almaq lazımdır.

Əslində, “Bodrum Loft”un layihəsini hazırlayan dizayn şirkətinin əsas memarlıq hədəfi müasir, maksimum açıq və rahat məkanın yaradılması olub. Kompleksin veranda sahəsi bütün villaları birləşdirir. Hər bir villa isə fərdi plana, maraqlı, unikal detallara malikdir. Taxtadan hazırlanmış bəzəkləri nümunə göstərmək olar. Onlar əl işi ilə hazırlanıb və ənənəvi mozaika elementlərindən ibarətdir. Eyni zamanda villalar həm memarlıq, həm də funksionallıq nöqteyi-nəzərdən mənzərənin təbii cizgilərinin davamına çevrilib.

Bu arada, villaların divar məcunu ənənəvi üsulla hazırlanıb: qədim Egey dənizi hövzəsinə aid qarışıqdan, yəni saman və zeytun yağının qarışığından istifadə olunub. Villaların yaşıl damları isə filtrlərdən keçən yağış sularını toplamaq üçün uyğunlaşdırılıb. Bu sudan səndəl, zeytun, limon və zoğal ağaclarının olduğu bağların suvarılmasında istifadə edilir.

İki, üç və dörd yataq otağı olan villaların geniş terrasları var. Buradan Demirbükü buxtası istiqamətindən Cennet köyü körfəzinə gözəl mənzərə açılır. Turist iki həftəlik müddətin ailəsinin D vitamini ehtiyatını artırmasına kifayət etmədiyinə qərar ver bilər. Odur ki, bütün villaların uzun müddətə icarəyə verildiyini qeyd etmək yerinə düşər. Bundan əlavə, “Bodrum Loft”dakı villanı alaraq şəxsi mülkiyyətə çevirmək də mümkündür. Mülkiyyətçi həmin villanı başqa qonaqlara icarəyə verə və bununla kompleksin tərəfdaşı ola bilər.

Qonaqlar 5 ulduzlu kurortun xidmətlərindən burada qaldıqları müddətdə istifadə edə bilərlər. Buraya böyük şəxsi park sahəsi, dəniz mənzərəsinə açılan açıq hovuz, qastronomik restoranlar, katrinq xidməti, şəxsi ponton çimərlik, SPA və fitnes mərkəz, hotel xidmətçiləri və dayələr, həmçinin katerlərin icarəyə verilməsi daxildir. Üstəlik, kompleksdə müxtəlif ekskursiyalar da təklif edilir.

 

Qastronomik ləzzət və zəriflik

Kurortda bir neçə restoran var. Məsələn, ilboyu fəaliyyət göstərən, zeytun ağaclarının kölgəsində masaları olan “Loft Elia” restoranı məşhur türkiyəli baş aşpaz Yılmaz Öztürkün hazırladığı Ege mətbəxinin yeməklərini təklif edir.

İtalyan restoranı isə çimərlikdə yerləşir. Amma “Bodrum Loft” hotelində hətta bir günlük qonaq olmağa dəyəcək restoranın adı “Nobu”dur. Qeyd edək ki, “Nobu” suşi və dəniz məhsullarının təklif edildiyi dünyada məşhur olan yapon restoranlar şəbəkəsinin filialıdır. Bu restoran isə 1994-cü ildə Nyu-Yorkda amerikalı aktyor Robert de Niro və yaponiyalı əfsanəvi baş aşpaz Nobu Matsuxisa tərəfindən təsis olunub.

Bu məqamda zərif yeməklərin təklif olunduğu “Nobu” restoranlar şəbəkəsi haqda geniş məlumat vermək istərdim. “Nobu” imperiyasına Türkiyə – İstanbul və Bodrumla yanaşı, dünyanın 28 şəhərində – London, Las-Veqas, Melburn, Tokio, Pekin, Mayami və sair şəhərlərdə 33 restoran daxildir. Bu restoran şəbəkəsinin mətbəxinin əsasını yapon mətbəxi təşkil edir. Lakin onun mətbəxində Cənubi Amerika ölkələrinin məhsulları və inqrediyentləri də var və bunu yalnız “gündoğan ölkə” mətbəxində tapmaq olar.

“Nobu”nun menyusu dünyaca məşhur restoran şəbəkəsinin banisinin qastronomik fəlsəfəsini ifadə edir. Beləliklə, restoranın qonağı əmin ola bilər ki, burada hazırlanan hər yeməyin arxasında əsrlərə uzanan ənənələr, uzun illər ərzində aşpazların aldığı təhsil, axtarış və düşüncələr dayanır. “Nobu” restoranında yeməklərin keyfiyyəti və ya inqrediyentlərlə, dəniz məhsulların dadı ilə bağlı, yəni onların təbii şirinliyi və tərəvəzin təbii teksturası ilə bağlı güzəştə gedilmir. Bir sözlə, bütün bunlar olmadan “Nobu”nun sehrli mətbəxini təsəvvür etmək olmaz. Bu restoranın yeməkləri Hollivud ulduzlarını, məşhur şəxsləri, kübar cəmiyyəti və dünyanın nüfuzlu insanlarını “dəli edir”. İndi bu yeməklərdən Türkiyədə yerləşən “Bodrum Loft”da ləzzət almaq olar.

Bu arada, hotel kompleksdə başqa elit restoranlar da fəaliyyət göstərir. Məsələn, “Bodrum Loft”da yay filialını açan “Paper Moon” və qonaqların istirahətinə əlavə rəng qatan “Vakko L’Atelier Patisserie” kimi restoranlar. “Loft Elia” restoranında zeytun ağaclarının kölgəsində baş aşpaz Yılmaz Öztürkün hazırladığı səhər yeməyi, çimərlikdə yerləşən italyan restoranında nahar və ya yapon restoranında şam yeməyi, bağda rahat gəzinti və çimərlikdən zövq alınması – böyük şəhərlərdən qaçan insanlar üçün dənizkənarında “loft” məhz belə olmalıdır!

 

Göltürkbükü 

“Bodrum Loft”un ətrafındakı mənzərəyə xüsusi diqqət yetirmək lazımdır: hər kəs urbanizmdən dincəlmək və təbiətlə ünsiyyət yolu ilə bərpa olmaq üçün Türkiyəyə səfər edir. Qeyd etdiyimiz kimi, “Bodrum Loft” ərazisinin yalnız üçdə birində tikililər yerləşir. Qalan 4 hektar ərazisi isə “cənnət bağı”dır. Yerli bağbanlar onu diqqətlə, ehtiyatla qoruyurlar.

Göltürkbükü isə yaxın dövrə qədər iki kiçik və diqqəti çox cəlb etməyən balıqçılıq kəndlərindən ibarət idi: Türkbükü və Gölköy. İndisə bura inkişaf etmiş infrastruktura və keyfiyyətli hotellərə malik olan, iki gözəl körfəzin sərhədində yerləşən məşhur və müasir kurortdur.

Göltürkbükünün yaxın keçmişindən yalnız gözəl təbiəti, Mandalya körfəzində bol dəniz məhsulları və möhtəşəm çimərlikləri qalıb. Böyük kurort şəhəri Bodrumdan cəmi 15 kilometr məsafədə yerləşən Göltürkbükü yarımadanın ən yaşıl qəsəbəsi hesab olunur. Bunu dərhal görmək olar: hava limanından kurortun mərkəzinə qədər uzanan yolun son 7 kilometrində kölgəli şam ağacları, ətirli naringi və zeytun ağacları bir-birini əvəzləyir.

Kurortda hökm sürən dəbdəbə ab-havası sayəsində son bir neçə ildir ki, Türkiyənin elitası və Hollivud ulduzları istirahət istiqaməti kimi məhz Göltürkbükü seçir. Buranın görməli yerlərindən biri antik Kariandanın xarabalıqlarıdır. Bu şəhərin əsası 5 min il əvvəl qoyulmuşdu.

Sahil boyu ərazidə isə əksinə, müasir həyat tərzi sürmək olar. Buraya şoppinq, müxtəlif növ mətbəxlər və su idman növləri daxildir. Məsələn, gəzinti katerinə minə bilərsiniz. Buradan Yalıkavak limanına cəmi 10 dəqiqəlik məsafə var.

“Bu gözəl kurort istənilən qonaq üçün uyğundur. Məhz buna görə 2020-ci ilin yayında kompleksi dostlar və ailə üzvləri üçün sınaq məqsədilə istismara verdik. Hazırda bir çox insan yaxınları və dostları ilə uzun müddətlik istirahət üçün təhlükəsiz, həqiqətən, rahat məkan axtarır. Biz isə “Bodrum Loft”da təbiətlə harmoniya təklif edə bilərik. Bura ideal məkandır”, - deyə “Akfen Holding”in idarə heyətinin üzvü Pelin Akın Özalp bildirib. Artıq sözə ehtiyac yoxdur!



MƏSLƏHƏT GÖR:

173