Müəllif: Natiq NAZİMOĞLU
Pakistanda baş qaldırmış siyasi böhran hakimiyyət dəyişikliyi ilə nəticələnib. Avrasiyanın nüvə silahına da malik olan ən nəhəng, əhalisi çox ölkələrindən birinin aparıcı siyasi qüvvələri arasında yenidən hakimiyyət uğrunda sərt mübarizə başlayıb. Lakin bu böhranın yaranması və inkişafında xarici amil də aydın şəkildə görünməkdədir.
İmran Xanın kredosu və Amerika izi
Pakistanda yaşanmaqda olan daxili siyasi böhranın əsasını formal olaraq, hakim koalisiyanın dağılması təşkil edib. Hər şey baş nazir İmran Xanın başçılıq etdiyi və Milli Assambleyada sadə çoxluğa arxalanan koalisiyanın dağılması ilə başlayıb. «Təhrir-i-İnsaf» («Ədalət uğrunda hərəkat») partiyası koalisiyada əsas tərəfdaşı olan «Muttahid Kaumi hərəkatı» partiyasının dəstəyindən məhrum olub və nəticədə, İmran Xan kabinetinə etimad məsələsinin səsə qoyulması təklifi irəli sürülüb.
Lakin parlamentin vitse-spikeri Kasim Xan Suri bu addımın Pakistan Konstitusiyasının 5-ci maddəsinə zidd olduğunu əsas gətirərək, təklifi rədd edib. Həmin maddə hər bir Pakistan vətəndaşının dövlətə sadiqliyindən bəhs edir. Başqa sözlə, o, hökumət dəyişikliyi cəhdini xarici müdaxilə kimi qiymətləndirib. İmran Xan özü bu haqda daha açıq danışıb. O, ABŞ-ın Pakistan hakimiyyətini devirməyə çalışdığını bildirib, tərəfdarlarını hökumətə dəstək verərək çevrilişin qarşısını almaq üçün küçələrə çıxmağa çağırıb. Ardınca prezident Arif Əlfi də öz mövqeyini ortaya qoyub: İmran Xanın çağırışını qəbul edən prezident Pakistan parlamentinin aşağı palatası olan Milli Assambleyanı buraxıb. Bu, 90 gün ərzində ölkədə yeni seçkinin keçirilməsini zəruri edirdi, İmran Xan isə o vaxtadək baş nazir səlahiyyətlərinin icrasını davam etdirməli idi.
Bəs birbaşa İmran Xanın hədəf seçildiyi siyasi böhranın əsl səbəbi nə idi?
Hökumətə etimad məsələsinin səsə qoyulmasının ilk dəfə təxirə salınması ərəfəsində Pakistanın maliyyə naziri Favad Çadruxi etiraf edib ki, onlara hələ martın 7-də «başqa ölkələrin nümayəndələrindən» xəbərlər gəlibmiş. Bu, müxalifətin etimad məsələsini səsverməyə çıxarmaqla bağlı təklifindən bir gün əvvəl idi. Nazirin sözlərinə görə, gələn ismarıclardan məlum olurmuş ki, «Pakistanla münasibətlər etimad səsverməsi ilə bağlı təklifin uğurundan asılı olacaq. Bizə deyirdilər ki, təklif qəbul olunmazsa, Pakistanı çətin yol gözləyir».
Söhbətin İmran Xana qarşı sövdələşmədən getdiyini hakim «Təhrir-i-İnsaf» partiyasının sədri Faysal Vauda da təsdiqləmişdi. Onun sözlərinə görə, səbəb baş nazirin «ölkəni satmaqdan imtina etməsidir».
Nəhayət, KİV-də Pakistan xüsusi xidmət orqanlarının baş nazirə sui-qəsd planının üstünü açdığına dair xəbərlər yayılıb. Daha sonra İmran Xanın baş verənləri ABŞ ilə əlaqələndirməsindən belə məlum olub ki, Pakistanda dövlət çevrilişi planının müəllifi məhz Vaşinqtondur.
Bəs, görəsən, ABŞ-ın İmran Xandan bu dərəcədə narazı olmasının səbəbi nə imiş? O, nə edibmiş ki, Vaşinqton Pakistan daxilindəki qərbpərəst qüvvələri İmran Xanı devirməyə səfərbər edib?
İlk növbədə, qeyd edək ki, İmran Xan ABŞ-ın Avrasiya siyasətini hər zaman tənqid edib. O, xüsusilə bildirirdi ki, Vaşinqton İslamabada terrorçuluqla mübarizədə vacib müttəfiqi kimi, lazımi dəyəri vermir. Xanın fikrincə, Pakistanın Əfqanıstan savaşında beynəlxalq koalisiyaya qoşulması da səhv olub. Çünki «bu antiterror müharibəsindən ABŞ-ın heç bir müttəfiqi Pakistan qədər zərər görməyib». Bəli, Pakistan bu savaşda, təxminən, 80 min insan itirib.
Bundan başqa, İmran Xan Pakistanın yaşayış məntəqələrinin ABŞ PUA-ları tərəfindən terrorçuluqla mübarizə adı altında atəşə tutulmasına etiraz olaraq keçirilən çoxsaylı nümayişlərə şəxsən qatılıb. Üstəlik, o, ABŞ qoşunlarının ötən il Əfqanıstanı tərk etməsindən sonra onların Pakistan ərazisinə yerləşdirilməsinə razılıq verməyib.
Lakin Vaşinqtonun İmran Xan hökumətindən əsas narazılığı onun hakimiyyətə gəldiyi 2018-ci ildən bu yana İslamabadın Qərbin nüfuz dairəsindən ciddi şəkildə uzaqlaşması, Çin və Rusiya ilə daha sıx münasibətlər qurması idi. İmran Xanın Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı vaxt Moskvaya səfər etməsi Vaşinqtonda xüsusilə qıcıq yaratmışdı. Pakistan mətbuatının məlumatına görə, Xan bu səfərə Vaşinqtonun qəti etirazına rəğmən yollanıbmış – Amerika ondan Moskva səfərini təxirə salmasını tələb edirmiş.
Bu azmış kimi, sonradan Pakistan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara da qoşulmayıb, BMT Baş Assambleyasında Moskvanı pisləyən qətnaməni dəstəkləməyib. Bundan başqa, İmran Xan ənənəvi düşməni olan Hindistana eyni mövqeyinə görə tərif də yağdırıb. O, mövqeyini belə əsaslandırıb: «Pakistanın həm ABŞ, həm Rusiya, həm Çin, həm də Avropa İttifaqı ilə dostluq əlaqələri var. Biz hansısa düşərgədə yer almaq fikrində deyilik». ABŞ və Aİ-nin İslamabaddan istədikləri «səs»i almaq cəhdlərinə toxunan İmran Xan öz siyasi kredosuna tam uyğun fikirlər səsləndirmişdi: «Mən indiyədək heç kimin qarşısında boynumu bükməmişəm və xalqımın bunu etməsinə imkan vermərəm».
ABŞ-ın Pakistana təsirini itirməsi onun Avrasiyanın bütünlükdə bu bölgəsindəki maraqlarına zərbə olardı. Ekspertlər Vaşinqtonun nail olmaq istədiyi konkret hədəflər arasında «Pakistan axını» qaz xətti layihəsinin qarşısının alınması planını da göstərirlər. Yeri gəlmişkən, İmran Xanın Moskvaya son səfəri zamanı bu layihə əsas müzakirə mövzularından biri olmuşdu. Bundan başqa, ABŞ ümid edir ki, İslamabadın köməyi ilə Rusiyanın Mərkəzi Asiyanın cənub sərhədlərindəki ənənəvi mövqelərini zəiflədəcəklər. Amerika buna həmçinin Pakistanın hazırda «Taliban» hərəkatının hakimiyyəti altında olan Əfqanıstana ənənəvi güclü təsir imkanları vasitəsilə nail olmağı da düşünür.
Şahbaz Şərif meydandadır
ABŞ Pakistanın illərdir Birləşmiş Ştatlar və Avropanın elitaları ilə sıx bağlı olan siyasi və hərbi dairələrinə arxalanır. Vaşinqtonun İmran Xana müxalifətdə olan qüvvələrə «stavka» etməsi də bunun nəticəsidir. Söhbət Pakistan müxalifətinin ən nüfuzlu təmsilçilərindən, vaxtilə ölkəyə rəhbərlik etmiş partiyasından gedir. Bu, Şəriflər ailəsinin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqasıdır. Sabiq baş nazir Nəvaz Şərifin doğma qardaşı Şahbaz Şərif ölkə parlamentində müxalifətə başçılıq edirdi. Daha bir qüvvə isə məşhur siyasi sülalə olan Bhuttoların rəhbərlik etdiyi Pakistan Xalq Partiyasıdır.
Ayrı-ayrı pakistanlı siyasətçilərə təsir mexanizmini işə salan ABŞ bu yolla İmran Xan koalisiyasında parçalanma yaratmağa nail olub. Lakin bu, Xanın hakimiyyətdən dərhal uzaqlaşdırılmasına imkan verməyib. Nəticədə, Xan və silahdaşları hökumətə etimad səsverməsindən yayına bildiklərini düşünməyə başlamışdılar. Prezidenti parlamentin aşağı palatasını buraxması və növbədənkənar seçkinin keçiriləcəyi anonsunu verməsi ilə isə İmran Xanın hakimiyyətini davam etdirməsi üçün yaxşı şansı yaranmışdı…
Lakin Pakistan Ali Məhkəməsi hadisələrin bu cür gedişinin qarşısını alıb. Müxalifət hökumətə etimad səsverməsinin ləğv edilməsi və parlamentin buraxılması qərarının qanunsuz olduğu ilə bağlı Ali Məhkəməyə müraciət ünvanlayıb və məhkəmə onların bu iddiasını təmin edib – hər iki qərar Konstitusiyaya zidd sayılıb.
Bundan dərhal sonra parlamentdə İmran Xan hökumətinə etimadsızlıq məsələsi səsə qoyulub və səsvermə baş nazirin istədiyi kimi bitməyib. Bunun ardınca yeni baş nazirin seçilməsi proseduruna başlanılıb və Şahbaz Şərif müxalifətin tam dəstəyini alaraq, Pakistan hökumətinin başına keçib.
Beləliklə, Pakistanda hakimiyyət dəyişib. Hakimiyyətə 4 il əvvəl sosial islahatlar, korrupsiyaya son, Pakistanın müstəqilliyinin gücləndirilməsi şüarı, əslində isə keçmiş siyasi elitanın sıxışdırılması niyyəti ilə gəlmiş İmran Xanı baş nazir postunda elə keçmiş elitanın tipik nümayəndəsi əvəzləyib. Nüfuzlu Şəriflər ailəsinin nümayəndəsi olan Şahbaz Şərifin yüksəlişinə onun cəmi bir il əvvəl yaşadığı səs-küylü korrupsiya qalmaqalı da mane olmayıb. Xatırladaq ki, o, Pencab əyalətinin baş naziri olan zaman üzləşdiyi korrupsiya qalmaqalından sonra məhkəmə tərəfindən girov müqabilində azadlığa buraxılmışdı. Şahbaz Şərifin yüksəlişinə onun məşhur qardaşı, hazırda Londonda yaşayan sabiq baş nazir Nəvaz Şərifin heç bir birmənalı olmayan reputasiyası da əngəl yaratmayıb. Məlum olduğu kimi, vaxtilə Nəvaz Şərif də korrupsiya ittihamları ilə həbs edilmiş, sonradan girov qarşılığında azadlığa buraxılmışdı.
Bütün bunlarla yanaşı, Pakistanda hakimiyyətin dəyişməsində ordu komandanlığının mövqeyi də az rol oynamayıb. Pakistan Ordusu ənənəvi olaraq, ən nüfuzlu dövlət institutu sayılır. İndiyədək o, dəfələrlə mülki hökumətləri devirib. Bundan başqa, ölkədə bu və ya digər siyasi qüvvənin hökuməti formalaşdırmasına ordu gücdən istifadə etmədən də öz təsirini göstərir. 2018-ci ildə İmran Xanın hakimiyyətə məhz ordunun dəstəyi ilə gəldiyi də deyilir. Lakin indiki şəraitdə, görünür, Xan generalitetin dəstəyini qazana bilməyib. Səbəb isə ilk növbədə ordu dairələrində ənənəvi qərbpərəst dairələrin çoxluğudur. Hər halda, Pakistanın ən nüfuzlu hərbçilərindən biri, Quru qoşunları qərargahının rəisi, general Kamar Caved Bacva İmran Xanın xarici siyasətinə qarşı idi. İmran Xan hökumətinin Rusiyanın Ukraynaya hücumunu pisləməməsini təəccüblə qarşılayan general Pakistanla ABŞ arasındakı strateji bağların əhəmyyətini xüsusi vurğulamışdı.
İmran Xana etimadsızlığın elan olunmasından sonra onun on, hətta yüz minlərlə tərəfdarı Pakistan şəhərlərində, o cümlədən paytaxt İslamabadda küçələrə axışıblar. Lakin o, artıq sabiq baş nazirdir və bu statusda təcili olaraq növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir. İmran Xan hesab edir ki, «xalqın kimi baş nazir görmək istədiyi» yalnız bu yolla müəyyənləşə bilər.
İstənilən halda, hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq, hazırkı mərhələdə əsas prioritet siyasi böhrana birdəfəlik son qoyulmasıdır. Xüsusilə nəzərə alsaq ki, bu gün Pakistanda ciddi iqtisadi və sosial problemlər, eyni zamanda ekstremist və terrorçu təşkilatların yaratdığı ciddi təhdidlər var, siyasi böhrana mümkün qədər tez son qoyulması çox vacibdir. Pakistan hərbi baxımından nüvə silahına da malik qüdrətli dövlətdir. O, Avrasiyada və qlobal siyasətdə vacib rola malikdir. Üstəlik, Pakistan strateji müttəfiqləri üçün böyük dəyərə malik ölkədir. Bu müttəfiqlər arasında isə Türkiyə ilə Azərbaycan xüsusi yer tutur. Belə bir dövlətin mövqeləri əldən vermək kimi «imtiyazı» ola bilməz.
MƏSLƏHƏT GÖR: