Müəllif: Sənan ŞƏFİZADƏ
Müstəqillik dövrünün ilk illərində Azərbaycanda insanların paralimpiya barədə geniş məlumatı yox idi. Əlilliyi olan şəxslər idmanla məşğul olmaq və yüksək səviyyəyə çıxmaq barədə düşünmür, Paralimpiya Oyunlarında ölkəni təmsil etmək barədə ideyalar isə ümumiyyətlə, cəlbedici hesab edilmirdi.
Paralimpiya fiziki və əqli, o cümlədən hərəkət, amputasiya, görmə məhdudiyyəti və beyin iflici olan idmançıların iştirak etdiyi müxtəlif idman növləri üzrə yarışdır. Azərbaycan Paralimpiya Oyunlarında ilk dəfə 1996-cı ildə Atlanta şəhərindəki yarışlarda iki idmançı ilə iştirak edib. Milli Paralimpiya Komitəsinin yaradılması ilə o vaxtdan etibarən ölkənin bu sahədə inkişafı sürətlə davam edir. London-2012 Oyunlarından Bakıya on iki medal gətirən idmançılardan dördününkü qızıl idi. Həmçinin 2012-ci ildə Azərbaycan Uşaq Paralimpiya Komitəsinin yaradılması əlilliyi olan uşaqların rəqabət qabiliyyətli idman növlərinə cəlb edilməsinə maraq yaratdı. Dünyada ilk dəfə yaradılan bu komitə, bədən tərbiyəsi və idman növlərinin inklüziv olaraq inkişaf etdirilməsi, əlilliyi olan uşaqların reabilitasiyası və inkişafı, cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsini hədəfləyir.
Ümumilikdə, Azərbaycanda Paralimpiya Hərəkatı qısa müddətdə yüksək inkişaf yolu keçməyi bacardı. Son olaraq Azəbaycan Milli Paralimpiya Komandasının Tokio 2020 Yay Paralimpiya Oyunlarında çıxışları bütün dünyanı heyran etdi. İdmançılarımız mötəbər yarışda 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 19 medal qazandı, 4 dünya rekordunu yenilədi. Amma Azərbaycanda hesab edirlər ki, bu son nəticə deyil. Milli Paralimpiya Komitəsi baş katibi Kamal Məmmədov “Region plus” jurnalının bu sahədə işlərlə bağlı suallarını cavablandırmağa razılıq verdi.
- Ölkəmizdə paralimpiya hərəkatı Tokio Oyunlarından sonra bütün dünyanın diqqətini cəlb etdi. Maraqlıdır, uğurun sirri nədir?
- İlk növbədə, başlanğıcı unutmaq olmaz. Bu yolun 26 illik tarixi var. Ölkəmizdə Paralimpiya hərəkatı 1996-cı ildə yaranıb. Yarandığı gündən etibarən ümummilli lider Heydər Əliyev, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə daima inkişaf yolunda olmuşuq. Əldə etdiyimiz nəticələr bunun əyani sübutudur. Gələcəkdə də topladığımız təcrübədən istifadə edərək öz işimizi davam etdirəcəyik. Bizim güclü komandamız, böyük ailəmiz var. Hazırda komitənin nəzdindəki bölmələrdə yüzlərlə idmançı məşq edir. Onların sıralarının daha da genişləndirilməsi üçün işlər davam etdirilir. Eyni zamanda yeni idman bölmələrinin açılması və inkişafı üçün də tədbirlər görülür. Vətən müharibəsində yaralanan əsgər və zabitlərin idmana cəlb edilməsi ilə bağlı fəaliyyət planı hazırlanıb. Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə çox sıx əlaqədə işləyirik. Onların bizə verdiyi dəstək çox önəmlidir. Bəlkə də, Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, dövlət bu səviyyədə paralimpiya hərəkatına diqqət verir.
- 44 günlük Vətən müharibəsində sağlamlığını itirən insanların paralimpiya hərəkatına cəlb olunması böyük layihənin başlanğıcıdır. Qazilərin paralimpiya hərəkatına cəlb olunması məsələsində hansı işlər görülür?
- Milli Paralimpiya Komitəsinin müxtəlif idman növlərində bu günə qədər də Vətən uğrunda sağlamlığını itirmiş şəxslər iştirak edərək ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil ediblər. Vətən müharibəsindən sonra belə qərara gəldik ki, qazilərin idmana cəlb edilməsi üçün Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradaq. Artıq qazilərimizlə bir neçə görüş keçirmişik. Görüşləri elə formatda təşkil edirik ki, qazilərimiz tanınmış idmançılarla görüşür. Onların arasında olimpiya və paralimpiya çempionları var. İdmançılar qazilərə paralimpiya hərəkatına qoşulmalarına dair tövsiyələrini verir, paralimpiyanın onların həyatlarında böyük rol oynamasının mümkünlüyünü bildirirlər. Müəyyən idman növlərinə uyğun olan qazilərimiz var və artıq müxtəlif idman növlərinə cəlb ediliblər. Əminəm ki, qazilərimiz gələcək mötəbər yarışlarda öz sözlərini deyəcək, Qarabağ savaşında qazandıqları zəfəri, idman sahəsində də təkrarlayacaq, Azərbaycan bayrağını beynəlxalq arenalarda da dalğalandıracaqlar.
- Bir neçə ildir ki, uşaqların paralimpiya hərəkatına cəlb olunması üçün ciddi işlər aparılır. Uşaqların yarışlarda iştirakı hansı vəziyyətdədir?
- Gələn il ölkəmizdə uşaq paralimpiya hərəkatının yaradılmasının 10 illiyini qeyd edəcəyik. Bu müddət ərzində yüzlərlə sağlamlıq imkanları məhdud uşaq və gəncləri idmana cəlb etmişik. Ölkəmizdə Uşaq Paralimpiya Oyunlarının keçirilməsi artıq ənənə halına çevrilib. Digər ölkələr də bizim təcrübədən istifadə edərək bu hərəkatı inkişaf etdirirlər. Hətta gələcəkdə beynəlxalq Uşaq Paralimpiya Oyunlarının keçirilməsi də nəzərdə tutulur. Sevindirici haldır ki, qısa müddət ərzində uşaq paralimpiya hərəkatı cəmiyyətdə tanınıb, uşaqlarımız cəmiyyətə inteqrasiya olunublar. Eyni zamanda xatırlatmaq istəyirəm ki, keçən il Tokioda keçirilmiş Yay Paralimpiya Oyunlarında uşaq paralimpiya hərəkatının üzvü Vəli İsrafilov qızıl medal qazanıb, digər gənc qızımız Dana Şandıbina isə Oyunların iştirakçısı olub. Əminəm ki, Paris 2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək milli komandamızın heyətində uşaq paralimpiya hərəkatının yeni yetirmələrini görəcəyik.
- Paralimpiya hərəkatında bir sıra idman növləri cəmləşib. Sizcə, Azərbaycanda hansı idman növü daha çox inkişaf edib?
- Biz çalışırıq ki, məşğul olduğumuz bütün idman növləri lazımi səviyyədə inkişaf etsin. İdman növlərinin sayı çoxdur və əlbəttə ki, əsas yay idman növləri daha çox inkişaf edib. Bu günə qədər fiziki məhdudiyyətli şəxslər arasında maraq daha çox cüdo, atletika, üzgüçülük, pauerliftinq, taekvondo, güllə atıcılığı idman növlərinədir. Nailiyyətlərin əksəriyyəti məhz bu idman növlərində əldə edilib, lakin digər növlərdə də uğurlarımız var. 2018-ci ildə qış idman növləri üzrə də komanda yaratmışıq və bu istiqamətdə inkişaf etmək üçün tədbirlər görürük. İlk dəfə olaraq bu il Qış Paralimpiya Oyunlarında iştirak üçün lisenziya əldə etmişdik. Əminəm ki, yaxın gələcəkdə digər idman növlərində də uğurlarımız artacaq.
- Tokio Paralimpiya Oyunlarında 19 medal rekord nəticə kimi tarixə düşdü. Tokiodakı uğurun davamlı olması üçün nə etmək lazımdır?
- 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına cəmi iki il qalıb. Qısa müddətdə hazırlıqlarımızı görməliyik. Yeni komanda formalaşdırılmalıdır. Təbii ki, indiki heyətdən yeni komandada da yer alan idmançılar olacaq, çünki komandamız çox gəncdir. Biz seleksiya işlərini davam etdirməli və yeni idmançıları cəlb etməliyik. Bu istiqamətdə işlər görülür. Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Paralimpiya hərəkatına cəlb edilməsidir. Çoxlu sayda gənc paralimpiyaçılarımız var. Onlar idmanın istənilən növü ilə məşğul ola bilirlər. Biz seleksiya işlərini aparacaq və çalışacağıq ki, Parisə daha güclü heyətlə yollanaq.
- Son olaraq Milli Paralimpiya Komitəsinin yaxın illər üçün planlarını bilmək istərdik...
- Hal-hazırda avqust ayında Konyada (Türkiyə) baş tutacaq V İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarımızı davam etdiririk. Bununla yanaşı, komitə digər istiqamətlərdə də öz işlərini davam etdirəcək. Cari ilin noyabr ayında paracüdo idman növü üzrə baş tutacaq Dünya çempionatına çox ciddi hazırlıqlar gedir. Əminəm ki, cüdoçularımız bu yarışda bizləri parlaq qələbələri ilə sevindirəcəklər.
Əsas məqsədimiz isə Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına hazırlıqdır. Çalışmalıyıq ki, oyunlarda idmançı və idman növlərinin artıraq, sonuncu oyunlarda əldə etdiyimiz nəticəni daha da yaxşılaşdıraq. Əminəm ki, Paralimpiya hərəkatı gələcəkdə daha da inkişaf edəcək. Yarandığı gündən minlərlə fiziki məhdudiyyətli insanı öz ətrafına yığaraq qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləmişik. Bu gün biz artıq bir idman təşkilatı kimi yox, böyük bir Paralimpiya ailəsi olaraq tanınırıq. Dünya Azərbaycan paralimpiyaçılarını tanıyır. Bütün bu uğurlara görə paralimpiyaçılarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdardırlar. Əminəm ki, ölkə başçısının, xalqımızın dəstəyini daima hiss edən yenilməzlər bundan sonra da hər birimizi sevindirəcəklər.
MƏSLƏHƏT GÖR: