Müəllif: Nadir XOSROVOĞLU
Bakıda təşkil edilən bədii gimnastika üzrə Dünya kuboku gözəl kompozisiyalar, əlvan rənglər və möhtəşəm nəticə ilə yadda qaldı. 31 ölkədən 126 gimnastın mübarizə apardığı yarışın daha bir özəlliyi azarkeşlərin iştirakına icazə verilməsi oldu. İkiillik fasilədən sonra azarkeşlərin yarışlarda iştirak etməsi, idmançıların gimnastikasevərlərin hərarətli alqış sədaları altında səhnədə nümayiş etdirdikləri bir-birindən maraqlı çıxışları Dünya kubokuna daha da böyük həyəcan əlavə etdi. Doğma arenada çıxış edən Azərbaycan komandası üçün isə azarkeşlərin dəstəyi əsl bayram əhvali-ruhiyyəsi yaratdı. Təmsilçilərimiz onları ürəkdən dəstəkləyən azarkeşlərə öz peşəkar, rəngarəng çıxışları, tükənməyən əzmkarlıqları ilə ən xoş anlar yaşatmağa çalışdılar.
Layiqli çıxış
Dünya kubokunun birinci günündə fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə təsnifat mərhələləri keçirildi. Əvvəlcə gimnastlar fərdi növdə top və halqa ilə hərəkətləri, daha sonra qrup hərəkətləri proqramında 5 halqa ilə çıxışlarını nümayiş etdirdilər. Yarışın ikinci günü gimnastlarımız ilk medalı qazandılar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət komandamız çoxnövçülük üzrə 63.650 xalla ikinci pillədə qərarlaşmaqla gümüş medala layiq görüldülər.
Yarışın sonuncu günü Milli Gimnastika Arenasında daha bir qürurverici an yaşandı. Çoxnövçülük yarışlarında gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri, 5 halqa ilə hərəkətlərin icrasına görə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində yer almağa müvəffəq oldular. Hakimlərdən 32.850 xal alan qızlarımız güclü gimnastika ölkələrinin komandalarını geridə qoyaraq doğma arenada bayrağımızı yüksəltdilər.
Dövlət himnimiz səslənərkən Milli Gimnastika Arenasında duyğulu anlar yaşandı. Belə ki, qaydaya əsasən himnimiz müəyyən olunmuş vaxtda bitsə də (beynəlxalq yarışlarda himnlər qısa variantda səsləndirilir), zalda əyləşən azarkeşlər fəxri kürsüdə dayanan gimnastlarımızla birgə Azərbaycan himnini sonadək ifa etdilər.
Fərdi proqramda ölkəmizi təmsil edən gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı Arzu Cəlilova halqa ilə (29.800 xal) 4-cü, topla (30.100 xal) 5-ci, lentlə hərəkətlərdə isə 6-cı (27.400 xal) pillədə qərarlaşdı. IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova finalda halqa (29.350 xal) və gürzlərlə (28.250) hərəkətlərdə 6-cı oldu.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olundu. Fərdi növdə Azərbaycan milli komandasının üzvü Arzu Cəlilova, qrup komandaları arasında isə İtaliya yığması “AGF Trophy” kubokuna sahib çıxdı.
Məşqçi razı qalıb
Azərbaycan yığmasının məşqçisi Siyana Vasileva “Region plus” jurnalına açıqlamasında gimnastların çıxışından razı qaldığını söylədi: “Təbii ki, nəticədən razıyam, bu il ilk yarışımız oldu. İlk start üçün bu, çox yaxşı nəticədir. Doğma Bakıda təşkil olunan Dünya kubokunda azarkeşlər bizə inanılmaz dərəcədə əlavə güc verdilər. Çoxnövçülükdə qızlar gümüş medal qazandılar. 5 halqa ilə finalda isə ən yaxşı nəticəni göstərdik. Üç lent və iki topla kompozisiyada da ən yüksək əyarlı medalı qazanmaq istəyirdik. Sadəcə müəyyən səhvlərimiz oldu. Bunun səbəbi qızlar üçün üç lent və iki top hərəkətlər üzrə proqramın yeni olmasıdır”.
Bakıda çıxış etmək asan deyil
Gimnastımız Zeynəb Hümmətova: “Azarkeşlərimiz bizə dəstək olmaqla kömək edirlər. Amma Bakıda çıxış etmək asan deyil. Doğma şəhərimizdə idmançı olaraq ancaq medal və qələbə barədə düşünürük. Bakıda medal qazanmayanda çox pis təsir edir. Şükürlər olsun, bu dəfə əla nəticə qazandıq. Kompozisiyamız çətin hərəkətlərlə zəngin idi. Yeni qaydalara əsasən baxmadan aləti atıb-tutmaq yüksək xal qazandırır. Ümumiyyətlə, mürəkkəb hərəkətlərimiz çox oldu. Biz öz çıxışımızda belə hərəkətləri yerinə yetirdik və layiqli olaraq birinci olduq. Bizə dəstək olan insanlara, eyni zamanda məşqçilərimizə təşəkkür edirəm”.
Paytaxtımız 2022-ci ildə gimnastika növləri üzrə 5-ci beynəlxalq səviyyəli yarışa ev sahibliyi etdi. Bu yarış Bakıda bədii gimnastika üzrə təşkil olunan 9-cu Dünya kuboku kimi tarixə yazıldı.
MƏSLƏHƏT GÖR: