Müəllif: Nurlanə QULİYEVA
Hər bir dövlətin ərazisində aparılan hərbi əməliyyat nəticəsində iqtisadiyyata ziyan dəyməsi heç vaxt insan faciələri ilə müqayisə edilə bilməz. Eyni zamanda unutmaq olmaz ki, istənilən müharibə təkcə iqtisadi inkişafı dayandırmır, həm də ölkəni geri salır. Belə ki, müharibə dövləti dağıntıların aradan qaldırılması və bərpa işlərinin həyata keçirilməsi üçün böyük səy və uzun illər sərf etməyə vadar edir.
Dağıdıcı müharibələrin çətin sınağından keçən dünya birliyi isə müharibə fəlakəti ilə üzləşən ölkələrə yardım göstərməyi öyrənib. Məsələn, belə dövlətlərə müxtəlif beynəlxalq fondlar vasitəsilə faizsiz kreditlər və ya qrantlar verilir. Əgər belə yardımlar “sevilən-sevilməyən uşaq” prinsipi ilə deyil, bütün zərərçəkən ölkələr arasında ədalətli şəkildə bölüşdürülsəydi, çox yaxşı olardı.
Seçici yanaşma ilə “bailout”
İngilis dilində məşhur “bailout” sözü var. Bu söz “iqtisadiyyatı xilas etmək üçün yardım” kimi tərcümə edilir. Tarixdə ilk genişmiqyaslı “bailout” 65 il əvvəl, yəni 1947-ci ildə həyata keçirilib. Söhbət “Marşal planı” adı ilə tanınan ABŞ-ın təqdim etdiyi “Avropanın bərpa edilməsi Proqramı”ndan gedir. Məlum olduğu kimi, İkinci Dünya müharibəsindən sonra “köhnə dünya”nın bir çox ölkələri yarımdağılmış və acınacaqlı vəziyyətdə idilər. Onlar təkbaşına iqtisadi böhrandan çıxmaq iqtidarında deyildilər. Odur ki, ABŞ öz federal büdcəsindən proqramda iştirak edən ölkələrə 4 il ərzində 12,4 milyard dollar (hazırda 600 milyard dollara bərabərdir) maliyyə yardımı ayırıb. Bu vəsait, ilk növbədə, sənaye və infrastrukturun bərpasına və modernləşdirilməsinə, həmçinin xarici borcun ödənilməsinə və əhalinin sosial təminatına istiqamətləndirilmişdi.
Doğrudur, o vaxt SSRİ “ABŞ hegemonluğu”ndan çəkinərək bu yardımdan imtina edib. O, Şərqi Avropa ölkələri və Finlandiyanı da ABŞ-dan maliyyə yardımı almamağa məcbur etmişdi. Lakin bu da “Marşal planı”nın həyata keçirilməsinə mane olmayıb. Üstəlik, onun uğur qazanması belə proqramların davam etdirilməsinə təşviq edib. Ötən illər ərzində həyata keçirilən belə maliyyə yardımı proqramlarına misal olaraq onlarla nümunə göstərmək olar.
Yeri gəlmişkən, hazırda Qərb dövlətləri Ukraynaya yardım göstərmək məqsədilə birləşib. Məsələn, G7 ölkələri beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynaya 2022-ci il və sonrakı illərdə 24 milyard dollardan çox maliyyə yardımı ayıracaqlarını vəd edirlər və artıq bunun icrasına başlanılıb. Bu barədə maliyyə nazirləri və mərkəzi bankların rəhbərlərinin bu yaxınlarda Vaşinqtonda keçirilən iclasından sonra məlumat verilib.
“Biz bütün ölkələri və beynəlxalq təşkilatları Ukraynanın təcili ehtiyaclarını ödəmək və bu ölkənin gələcəyini bərpa etmək məqsədilə adekvat dəstəyi təmin etmək üçün səylərimizi birləşdirməyə çağırırıq”, - deyə iclas iştirakçılarının bəyanatında bildirilib. Üstəlik, bəyanatda Ukrayna və ona qonşu olan dövlətlərə güclü dəstəyin koordinasiyasının davam etdirilməsinin vacibliyi qeyd olunub.
G7 ölkələrinin nümayəndələri Beynəlxalq Valyuta Fondunun Ukrayna üçün çoxtərəfli donor hesabı açmasını və Avropa İttifaqının (Aİ) Trast Həmrəylik Fondunun yaradılması ilə bağlı bəyanatını alqışlayıb. Üstəlik, “Böyük Yeddilər” ölkələri Dünya Bankının, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının Ukraynanın dayanıqlı inkişafına istiqamətlənmiş maliyyə yardımı paketlərini dəstəkləyib.
Xatırladaq ki, bu yaxınlarda Kiyevdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Aİ Ukraynaya kömək etmək üçün maliyyə yardımı daxil olmaqla, bütün mümkün imkanlardan istifadə etməkdə qərarlıdır. O, Ukrayna ilə bağlı olan Trast Həmrəylik Fondunun təsis edilməsinə dair hazırlıq işlərinin görüldüyünü açıqlayıb: “Yaxın günlərdə, yəni mayın 5-də keçiriləcək beynəlxalq donor konfransı ilə bu trast fondu fəaliyyətə başlayacaq. Biz bunu Polşa, İsveçlə birlikdə Avropa Komissiyasının, bütün üzv dövlətlərin köməyi və bir çox beynəlxalq oyunçuların dəstəyi ilə təşkil edəcəyik”.
Hazırda müharibənin davam etməsinə və indiyədək Ukraynaya dəyən ziyanın 600 milyard dollardan çox olmasına baxmayaraq, bu ölkənin İnfrastruktur Nazirliyi iddialı hədəf açıqlayıb: azad edilmiş ərazilərdə dağıdılmış infrastruktur cəmi 1-2 il ərzində bərpa ediləcək. Bu ilkin qiymətləndirməni aprelin 27-də Ukrayna Prezidenti Volodimir Zelenski Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında da açıqlayıb.
Qeyd edək ki, bərpa işlərinə, həmçinin onların maliyyələşdirilməsinə hərbi əməliyyatlar başa çatdıqdan sonra başlamaq planlaşdırılır. Yəni bərpa işlərinə “Marşal planı”nda olduğu kimi üç il gözləmədən start vermək nəzərdə tutulub.
Humanitar fəlakət
Əlbəttə ki, güclü iqtisadiyyata malik olan dövlətlərin Ukrayna daxil olmaqla, müharibə və dağıntılardan əziyyət çəkən ölkələrə yardım etmək istəyi ancaq alqışlana bilər. Azərbaycan da imkanları çərçivəsində belə proqramlarda iştirak edir, humanitar və iqtisadi yardımlar göstərir. Təbii ki, 44 günlük müharibədən “sağ çıxan” və tamamilə dağıdılmış ərazilərinin təcili bərpası zərurəti ilə üzləşən Azərbaycan oxşar problemləri yaşayan başqa dövləti başa düşür və bu məsələ ona çox yaxındır...
Bu məqamda qeyd edək ki, Ermənistanın işğalı nəticəsində Qarabağ və Şərqi Zəngəzurdakı dağıntıların miqyası dəhşətlidir. Bütöv şəhərlər, yüzlərlə kənd faktiki olaraq yer üzündən silinib. Təəssüf ki, Azərbaycan postmüharibə dövründə azad edilmiş ərazilərinin bərpası prosesində yalnız öz imkanlarına arxalanmalıdır. Niyə?
Açıq danışsaq, bir qayda olaraq, belə yardımı məhz donor fondları təklif etməlidir. Doğrudur, müxtəlif ölkələrin, beynəlxalq təşkilatlarin nümayəndələri azad edilmiş ərazilərə çox sayda səfərə gəliblər. Bu ərazilərdəki vəziyyət geniş şəkildə işıqlandırılıb, fotolar və video görüntülər isə Azərbaycanın nə qədər bərpa işləri həyata keçirilməli olduğunu göstərir. Hətta bütün bunlara baxmayaraq, Bakıya yardımla bağlı təkliflər daxil olmayıb. Bu haqda danışarkən hələ azad edilmiş ərazilərin minalanmasının ağlasığmaz miqyasını hesaba qatmırıq. Doğrudur, Azərbaycan rəsmi səviyyədə dəymiş ziyanın konkret məbləğini açıqlamayıb. Amma azad edilmiş əraziləri adi gözlə müşahidə edən zaman belə, ziyanın onlarla deyil, hətta yüz milyardlarla dollar olduğu aydınlaşır.
Nə bu illər ərzində, nə ərazilərimizin azad edilməsi uğrunda müharibə dövründə, nə də ondan sonra BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən faktiki olaraq işğalçı kimi tanınan Ermənistan məsuliyyətə cəlb olunmayıb, sanksiyalar və ya beynəlxalq qınaqlarla cəzalandırılmayıb.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın 4-4,5 milyard dollar dəyərində hərbi texnikası məhv edilib. Odur ki, bu, məntiqi suallar doğurur.
“Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Daha bir məqamı qeyd etmək istərdim: işğalçı dövlət təkcə bir zamanlar işğal altında olan ərazilərin infrastrukturunu tamamilə dağıtmayıb, həm də Azərbaycanın qalan hissəsi üçün problemlər yaradıb. Məsələn, o, transsərhəd çayları çirkləndirib, su anbarlarından suvarma üçün istifadə olunan suyu kəsib, 15 il ərzində Naxçıvana qaz nəql edilməsinə mane olub.
Lakin beynəlxalq təşkilatlar bütün bunlara inadla məhəl qoymayıb. Digər tərəfdən Qarabağın ermənilər yaşayan rayonlarına qaz borusunun zədələnməsi nəticəsində “mavi yanacağ”ın verilməməsi dərhal “humanitar fəlakət” adlandırılıb.
Borc, yoxsa yardım?
İndiyədək Azərbaycana istər beynəlxalq təşkilatlar, istərsə də dünyanın hər hansı bir dövləti humanitar yardım çərçivəsində 1 dollar belə, verməyib. Beynəlxalq təşkilatların nümayəndələri azad edilmiş ərazilərə səfər edir, dağıntıların miqyasından hiddətlənir və.... vəssalam. İkinci Qarabağ müharibəsinin başa çatmasından düz il yarım keçməsinə baxmayaraq, bu ərazilərin bərpası ilə bağlı hər hansı təklif, ideya irəli sürülməyib. Hələ donor konfranslarının keçirilməsindən belə, bəhs etmirəm.
Azərbaycan antiterror əməliyyatları, humanitar layihələr daxil olmaqla, beynəlxalq aləmin işlərində fəal iştirak edir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, regional layihələr həyata keçirir. Odur ki, o, tərəfdaşlarından öz humanitar problemlərinə adekvat münasibət gözləyir və yuxarıda qeyd edilən məsələlərə görə Azərbaycanın buna əsası da var. Xüsusən də sadalanan problemlərin həlli təkcə Azərbaycan üçün deyil, həm də regionda davamlı sülhün və iqtisadi inteqrasiyanın bərqərar olması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizin həm beynəlxalq maliyyə təşkilatlarının üzvü, həm də bu qurumların donoru olduğunu qeyd etmək yerinə düşər. Azərbaycan sabit, özünü təmin edən və bütün dünyada mühüm əhəmiyyət kəsb edən böyük layihələrdə etibarlı tərəfdaş olan ölkə kimi tanınır. Üstəlik, o, yaxşı investisiya reytinqlərinə də malikdir. Bəs problem nədir?
“Mən hələ də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları bir nəzər yetirəcəklər. Ağdam Qafqazın Xirosimasıdır. Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib. Biz heç kimdən bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni müharibədən, təxminən, bir il yarım keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib”, - deyə Prezident İlham Əliyev hökumətin son iclasında bildirib.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurda bir il ərzində düz 2,2 milyard manat dəyərində investisiya layihələri həyata keçirilib. Bu vəsaitlər həm ölkə iqtisadiyyatına, həm də dövlət büdcəsinə yük olmasın deyə mərhələli şəkildə ayrılır. Bu vəziyyətdə istənilən təmənnasız dəstək – texnologiyalar, avadanlıqlar və sair nöqteyi-nəzərdən çox faydalı olardı. Azərbaycana ən azı ərazilərinin minalardan təmizlənməsinə yardım göstərilə bilər.
“Müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər”, - deyə bu yaxınlarda Prezident İlham Əliyev bəyan edib.
Bəli, Azərbaycan ərazilərinin işğal altında qaldığı illərdə belə desək, ikili standartlara öyrəşib. Amma aşkar ədalətsizliklə barışmaq mümkün deyil və alınmır.
Bu arada, Azərbaycanın maliyyə naziri Samir Şərifovun qeyd etdiyi kimi, dövlət başçısı İlham Əliyevin çıxışlarından sonra Avropa İttifaqı iki bank - Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı vasitəsilə Azərbaycana 2 milyard avro dəyərində borc verməyi planlaşdırdığını açıqlayıb.
Digər tərəfdən başqa beynəlxalq maliyyə qurumları, ilk növbədə, yenidənqurma işlərində böyük təcrübəyə malik olan Dünya Bankı öz kredit xətlərini təklif edir. Bundan başqa, Asiya İnkişaf Bankı Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük həcmlərdə borc ayırmağa hazırdır.
Əlbəttə ki, bütün bunlar müsbət siqnallardır. Kreditlər müəyyən layihələrin icrası üçün güzəştli şərtlərlə verilir. Lakin borc başqa, yardım isə fərqli məsələdir. Dosta yardım edilir. Əvəzində o, imkan və resursları olarsa, kömək göstərəcək.
MƏSLƏHƏT GÖR: