24 Noyabr 2024

Bazar, 17:24

ŞƏRQDƏ NÖVBƏTİ PARTLAYIŞ

Ərəb-İsrail qarşıdurmasında yeni gərginlik nə regionun, nə dünya fövqəldövlətlərinin marağındadır

Müəllif:

01.05.2022

Qüdsdəki Əl-Əqsa məscidi ərazisində və onun ətrafında baş vermiş toqquşma nəticəsində ərəb-İsrail münaqişəsinin yenidən alovlanması Yaxın Şərqdə sülhün nə qədər kövrək olduğunu bir daha ortaya qoyub. Bununla yanaşı, baş verənlər İslam dünyasında Məkkədəki Əl-Haram və Mədinədəki Məhəmməd peyğəmbərin məscidindən sonra üçüncü müqəddəs məkan sayılan Əl-Əqsa məscidinin tək İsrailin ərəb icması və Fələstin Muxtariyyəti deyil, bütünlükdə ərəb dünyası üçün nə qədər vacib olduğunu sübut edib. Necə deyərlər, əgər nə isə Yaxın Şərqi həqiqətən yandıra bilərsə, bu, Əl-Əqsa məscidi ilə bağlı dəfələrlə müzakirə olunmuş status-kvonun pozulması nəticəsində baş verə biləcək iğtişaşlardır.

 

Dağ uğrunda savaş

Növbəti gərginlik dalğası həm müsəlmanlar üçün müqəddəs sayılan Ramazan bayramına, həm də yəhudilərin Pesah bayramına təsadüf edib. Yəhudilərin Məbəd dağı adlandırdıqları Əl-Əqsa məscidi həm yəhudi dinində, həm də islamda müqəddəs məkan hesab olunur. Bununla yanaşı, müsəlmanlar üçün yəhudilərin Məbəd dağı adlandırdıqları yer – Əl-Əqsa deməkdir və bu əraziyə qalxan şəxslər, sanki, məscidə daxil olurlar. Razılaşmaya əsasən, yəhudilər bu məkanı yalnız ziyarət edə bilərlər. Onların burada ibadət etmələrinə icazə yoxdur. Sonu görünməyən ərəb-İsrail qarşıdurmasında növbəti gərginliyə də məhz bu qaydanın pozulması səbəb olub.

Münaqişənin tarixi haqda yaxşı məlumatı olanlar 1969-cu ildə protestantlara məxsus «Allahın kilsəsi» fundamentalist sektasının avstraliyalı üzvü Maykl Dennis Rohenin «Məsihin qayıdış tarixini yaxınlaşdırmaq üçün» Əl-Əqsanı yandırdığını yaxşı bilirlər. O zaman bütün Yaxın Şərqi və Hindistanı bürümüş kütləvi iğtişaşlar xeyli insan tələfatına səbəb olmuşdu. Fələstinli gənclərlə İsrailin təhlükəsizlik qüvvələri arasında baş vermiş indiki qarşıdurmada isə onlarla insan yaralanıb. Maska geyinmiş fələstinlilər İsrail polisini daş-qalaq edib, qarşı tərəf isə səs qumbaralarından, hətta gözyaşardıcı qumbaraların atılması üçün dronlardan istifadə edib. Baş verənlərin videogörüntüləri dərhal bütün sosial şəbəkələri bürüyüb, bu isə öz növbəsində, İsrailin müxtəlif ərəb icmalarının etiraz aksiyalarına çıxmasına, həmçinin Yaxın Şərqdən kənarda, məsələn, İsrailin Nyu-Yorkdakı konsulluğu qarşısında nümayişlərə səbəb olub.

 

Bayram «hədiyyə»ləri

Ən təhlükəlisi isə İsraillə Qəzza sektoru arasında, həmçinin Cənubi Livan ərazisində raket və artilleriya zərbələri olub. İsrail baş verənlərə görə məsuliyyəti HƏMAS-ın üzərinə qoyub. HƏMAS liderləri özləri də Əl-Əqsanın yalnız müsəlmanlara məxsus olduğunu bildirib və fələstinlilərin orada ibadət etmək haqqını qoruyacaqlarına and içiblər. HƏMAS-ın adı açıqlanmayan yüksəkrütbəli nümayəndəsi bildirib ki, onların arasında yeni münaqişə başlayarsa, «Cənubi Livandan cəbhə açılacaq» və «1948-ci ilin ərəb intifadası» başlayacaq. Hərəkatın hərbi qanadının rəsmisi Mahmud Mardaui isə deyib ki, Fələstin ərəblərinin Qüdsdəki iğtişaşları «sionist rejiminin gücünü itirdiyinin göstəricisidir». Fələstinin baş naziri Məhəmməd Ştaye isə öz növbəsində, İsrailin muxtariyyət ərazisindəki əməllərinin gərginliyi artırdığını, «iki xalq üçün iki dövlət» konsepsiyasını pozduğunu söyləyib.

Yaşananlar, təbii ki, müşahidəçilərdə ötənilki münaqişənin təkrarlana biləcəyilə bağlı narahatlıq yaradıb. Söhbət İsrailin Qəzza zolağında keçirdiyi və mayın 10-dan 21-dək davam etmiş «Divar keşikçiləri» hərbi əməliyyatından gedir. Bu gərginlik də Ramazanın sonlarına yaxın, üstəlik, Qüds və Əl-Əqsada iğtişaşlarla başlamışdı. O zaman əksər fələstinlilər İsrail rəhbərliyinin Məbəd dağında sərt tədbirlər gördüyünü deyirdilər. Bildirilirdi ki, yəhudi dövləti bunu İsrail ərəblərinin və fələstinlilərin son həftələr ərzində törətdikləri, əksəriyyəti dinc sakin olmaqla 14 nəfərin ölümünə səbəb olmuş silsilə terror aktlarına cavab olaraq edir.

Bu gün ərəb-İsrail münaqişəsinin qızışmasını, əlbəttə ki, heç kəs istəmir. Qərbin kollektiv qüvvələri bütün diqqəti Rusiya ilə müharibə aparan Ukraynanın dəstəklənməsinə yönəldib. Bundan başqa, Suriya bütün region üçün qeyri-sabitlik mənbəyi olaraq qalır. İranla onun nüvə proqramına dair dialoqun davam etdirilməsi cəhdləri də davam edir. Üstəlik, ərzaq bazarlarında kifayət qədər qarışıq olan vəziyyət geosiyasi, iqtisadi, hətta iqlim xarakterli «gözlənilməzliklər»lə daha da ağırlaşa bilər. Bu, böyük qaçqın və mühacir kütləsinin yaranması deməkdir.

Belə bir vəziyyətdə tərəflər Ağ Evin nüfuzuna bel bağlayır. ABŞ-ın dövlət katibi Entoni Blinken Fələstin lideri Mahmud Abbasla İsrailin xarici işlər naziri Yair Lapidi gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb. Dövlət Departamentinin rəsmisi Ned Prays isə bildirib ki, Birləşmiş Ştatlar baş qaldırmış gərginlikdən «son dərəcə narahatdır». O, tərəfləri Əl-Əqsa kompleksində «tarixi status-kvonu» qorumağa, «təxribatçı addımlar»dan çəkinməyə səsləyib.

Bundan başqa, BMT Təhlükəsizlik Şurası vəzyyəti təcili toplantıda müzakirə edib. Toplantı bağlı qapılar arxasında keçirilib. Ən əsası isə, ABŞ prezidenti Co Baydenin İsrailə səfər edəcəyi məlum olub. Lakin səfərin nə vaxt olacağı və bu zaman konkret nələrin müzakirə ediləcəyi açıqlanmır. Hazırda yalnız bir şey bəllidir: Bayden ilə Bennet arasında baş tutmuş telefon söhbətində «bir sıra qlobal və regional məsələlər müzakirə olunub».

 

Kəpənək effekti

İsraildə yetişməkdə olan növbəti daxili siyasi böhran vəziyyəti daha da qəlizləşdirir. Yerli KİV yazır ki, İsrail qüvvələrinin Qüdsün təhlükəsizliyinin təmini məqsədi ilə əməliyyatları davam etdirmək üçün «tam sərbəstliyə malik» olduğunu deyən baş nazir Naftali Bennetin məqsədi vəziyyətə nəzarət etdiyini göstərməkdir. Reallıqda isə onun bu cəhdi tam əks effekt verib. Hər halda, baş nazirlə koalisiyada olan müsəlmanların Raam partiyası Knessetdə fəaliyyətini dondurub. Bu, siyasi böhranla, Bennetin tərəfdarları ilə Binyamin Netanyahunun 12 illik hökmranlığına son qoymasından 1 il sonra 120 yerlik Knessetin dağılması ilə nəticələnə bilər. Bu gün ölkəyə rəhbərlik edən partiyalar ittifaqını yalnız əvvəlki hökumət başçısına müxalifətdə olmaq birləşdirir. Hakim koalisiyada həm solçular, həm mərkəzçilər, həm dini və millətçi qruplar, hətta İsrail tarixində ilk dəfə olaraq, ərəb azlıqların partiyası təmsil olunur. Belə bir koalisiyanın, təbii ki, zəif cəhətləri çoxdur. Odur ki, Raam partiyasının əməkdaşlıqdan imtinası hökumətə ciddi zərbədir. Üstəlik, koalisiya, təxminən, 2 həftə əvvəl artıq çoxluğu əldən verib.

Yeri gəlmişkən, bu qərarla Raam rəhbəri Mənsur Abbas öz siyasi gələcəyini də sual altına qoyub. O, İsrail siyasətində fəal iştirakın ərəb cəmiyyətinə ciddi nailiyyətlər qazandıracağını düşünsə də, faktiki olaraq buna nail ola bilməyib. Bundan başqa, indi İsrailin ərəb qonşuları ilə münasibətləri yaxşılaşdırması da gündəmdədir. Aprelin 21-də İordaniyada ərəb dövlətlərinin xarici işlər nazirlərinin təcili toplantısı keçirilib. Onlar Qüdsdəki vəziyyəti müzakirə ediblər. Bundan əvvəl isə Şərqi Qüdsdəki müqəddəs məkanların, o cümlədən Köhnə şəhərin mühafizəçisi olan İordaniya İsraildəki müvəqqəti işlər vəkilini «İsrailin müqəddəs Əl-Əqsa məscidindəki qanunsuz və təxribatçı əməllərinə etiraz bildirmək üçün» ölkəyə çağırmışdı. İordaniya kralı II Abdullanın fikrincə, İsrilin Əl-Əqsada inanclı müsəlmanlara qarşı «birtərəfli addımları» regionda sülh perspektivlərinə ciddi zərbədir.

Nəticədə, İsrailin xarici işlər naziri Yair Lapid Məbəd dağında status-kvonu dəyişmək niyyətlərinin olmadığını bildirib, onun müsəlmanlarla yəhudilər arasında bölünə biləcəyi haqda iddiaları rədd edib. Beləliklə, İsrail güzəştə gedir və bu, güman ki, bölgədə kövrək də olsa, tarazlığı bərpa edəcək. Digər tərəfdən aydındır ki, bütün bunlar yalnız növbəti mərhələdir. Ərəb-İsrail münaqişəsi, təəssüf ki, sağalmaz yara olaraq qalır…

Əl-Əqsa məscidi məşhur və müqəddəs məkandır. Amma o, həm də kədərli yerləri. Burada tarixən – səlib yürüşü dövründən indiyədək daim zorakılıqlar yaşanıb və bu gün də yaşanır. Bura bir çox konfessiyalar üçün müqəddəs məkan kimi, dünyada sülh rəmzi, sülh ümidi ola bilərdi. Amma hələ də ixtilaf alması olaraq qalır və bir daha göstərir ki, real kompromis haqda danışmaq yersizdir. Çünki nə hazırki beynəlxalq münasibətlər sisteminin mövcud mexanizmləri buna imkan verir, nə də onun iştirakçılarının belə bir niyyəti var...



MƏSLƏHƏT GÖR:

147