24 Noyabr 2024

Bazar, 18:02

İRAQ TƏLATÜMÜ

Görünən odur ki, vəziyyət əvvəlki dövrlərdən daha qəlizdir və yaxın gələcəkdə çıxış yolu görünmür

Müəllif:

01.05.2022

Yeni prezident və hökumətin seçilməməsi ilə növbəti siyasi böhran yaşayan İraq yenidən dünyanın diqqət mərkəzindədir. Bu ölkədə silsilə antiterror əməliyyatlarının keçirilməsi də gərginliyi artırır. Xatırladaq ki, bu ilin aprelində Türkiyə İraqın şimalında kürd muxtariyyəti ərazilərində gizlənən PKK terror qruplaşmasına qarşı “Pençe Kilit” adlı növbəti antiterror əməliyyatlarına başlayıb.

Türkiyə ilə eyni vaxtda İraq ordusu da Kərkük, Səlahəddin və Diyala əyalətlərində İŞİD-ə qarşı “Dəmir çəkic” əməliyyatı həyata keçirir. İraq ordusu, federal polis, Həşdi-Şabi qüvvələri və Kərkük Əməliyyatlar Komandanlığının birgə həyata keçirdiyi əməliyyatlar son aylarda İŞİD-in yenidən fəallaşmasının qarşısını almaq məqsədi güdür.

Maraqlıdır ki, bütün bu hadisələr İraqın şimalında istehsal edilən mayeləşdirilmiş qazın Avropa bazarına çıxarılması layihəsinin aktuallaşdığı bir dövrə təsadüf edir. Amma görünən odur ki, İraqda vəziyyət əvvəlki dövrlərdən də mürəkkəbdir və yaxın zamanlarda çıxış yolu görünmür.

 

İraqda siyasi böhran

2003-cü ildə Səddam Hüseynin 30 ildən artıq davam edən diktaturası ABŞ-ın bu ölkəyə ordu yeritməsi ilə sona çatdı və bu, ölkənin siyasi olaraq yenidən inşası prosesinə start verdi. Nəticədə, İraq tezliklə federal dövlətə çevrildi və ABŞ bu ölkəyə demokratiyanın Şərq variantını tətbiq etməyə qərar verdi: hakimiyyət qolları məzhəblər və etnik əsasda bölündü. Məsələn, yeni qaydalara əsasən, ölkə prezidenti kürd, baş nazir şiə çoxluqdan, parlament sədri isə sünni icmasının təmsilçisi seçilməlidir.

Bu sistem daha əvvəl 1943-cü ildə, yəni  Fransanın işğalı dövründə Livanda tətbiq edilib. Amma o, Şərq “ab-havası”nı səthi olaraq əks etdirir. 

Belə ki, onun işləmə mexanizmi çox mürəkkəb və ağırdır. Nəticədə, Livanda olduğu kimi, İraqda da hər seçki siyasi böhrana çevrilir: hökumət qurmaq, prezident seçmək (ölkə prezidentini də parlament seçir) bəzən bir neçə il uzanır, hökumət koalisiyalarını qurmaq isə aylarla vaxt aparır.

Yeri gəlmişkən, 2005-ci ildən bu yana hər seçki bu cür böhranlarla müşayiət olunur. Məsələn, 2010-cu ildə İraqda hökumət qurulması prosesi 10 aydan çox vaxt aparmışdı. Bu günə kimi də siyasi partiya və bloklar koalisiya qurmaqda çətinlik çəkir, iqtidarı bölüşə bilmirlər. Nəticədə, aylarla hökumət müzakirələri davam edir. Üstəlik, xarici amil də bu prosesə mənfi təsir göstərir. Qeyd edək ki, İraqda İranın (şiə), eləcə də Səudiyyə Ərəbistanı, Türkiyənin (sünni), ABŞ-ın (sünni, şiə və kürdlər içərisində müəyyən qruplar) siyasi təsiri var. Əlbəttə ki, bu amil koalisiya hökumətinin qurulmasına əngəl yaradır. 

Oxşar vəziyyət indi də yaranıb. Hazırda İraq parlamenti çətin vəziyyətlə üzləşib. O, həm prezident seçməlidir, həm də yeni hökuməti formalaşdırmalıdır. Lakin indiki məqamda bu, faktiki olaraq mümkün deyil. Səbəb mövcud siyasi qüvvələrin heç birinin parlament çoxluğuna malik olmamasıdır.

Qeyd edək ki, ötən ilin oktyabrında İraqda keçirilən parlament seçkiləri zamanı heç bir siyasi partiya və ya seçki ittifaqı hökumət qurmaq üçün kifayət edəcək mandat qazana bilməyib. O vaxt 329 yerlik İraq parlamentində ən çox yeri (73) şiə din xadimi Müqtəda Əs-Sədrin rəhbərlik etdiyi “Sairun” ittifaqı qazanıb. İkinci yerdə İraq parlamentinin hazırkı sədri Məhəmməd Halbusinin rəhbərlik etdiyi “Təqqədüm” partiyası 38 mandat, üçüncü yerdə isə 37 mandat qazanmış keçmiş Baş nazir Nuri Əl-Malikinin rəhbərlik etdiyi “Qanuni dövlət” koalisiyası qərarlaşıb.

Hazırda İraq parlamentində 3 əsas siyasi qrup mövcuddur: “Əs-Sədr Hərəkatı” və Məsud Bərzaninin lideri olduğu Kürdüstan Demokrat Partiyasının birləşdiyi “Vətənin Xilası” ittifaqı, sünni siyasətçilər Məhəmməd Halbusi və Xamis Xəncərin birləşdiyi “Suverenlik İttifaqı” və müxalif şiə bloku.

Aprelin əvvəlində “Vətənin Xilası” və “Suverenlik İttifaqı”nın prezidentliyə namizədi kürd əsilli Reber Əhməd 3 cəhdə seçilə bilmədikdən sonra Əs-Sədr geri addım ataraq hökumət qurmaq təşəbbüsünü müxalif şiə qruplarına təklif edib və onlara 40 gün, yəni 2022-ci il mayın 11-nə qədər vaxt verib.

İraq qanunlarına əsasən, parlamentin prezidenti seçə bilməsi üçün deputatların 2/3-si parlamentin iclasında iştirak etməlidir. Lakin hələlik Əs-Sədr və müttəfiqləri bu çoxluğu təmin etmək iqtidarında deyil.

Əs-Sədr və müttəfiqlərinə qarşı olan əsas qrup İrana yaxınlığı ilə bilinən “Koordinasiya Qrupu” adlı blok və eləcə də “Kürdüstan Vətənpərvərlər İttifaqı” partiyasıdır. Müxalif şiə blokunda isə “Həşdi Şabi” komandiri Hadi əl-Amirinin rəhbərlik etdiyi “Fəth” koalisiyası və “Qanuni dövlət” koalisiyası təmsil olunur. Amma “Koordinasiya Qrupu”nun yeni prezidenti seçə biləcəyi çox şübhəlidir.

Əgər martdan aprelin 6-dək müddətdə daha çox səs və geniş koalisiyaya malik Əs-Sədr və müttəfiqləri bunu bacarmadısa, nisbətən azlıqda qalan şiə-kürd qrupundan ibarət olan Talabani blokunun uğur qazanacağına ümid etməyə əsas yoxdur. Hazırkı Əs-Sədr və müttəfiqlərinin 200-dən bir qədər çox mandatı var. Amma prezident seçmək və hökumət formalaşdırmaq üçün mandat sayı 220-dən çox (329 mandatın üçdə ikisi qədər) olmalıdır.

Beləliklə, mayın əvvəlində güman ki, parlament yeni prezidenti seçə və hökuməti formalaşdıra bilməyəcək. Bundan sonra qarşıda iki yol var. Birincisi, daha əvvəllər olduğu kimi, İraqda maraqları toqquşan qüvvələr razılaşaraq siyasi qüvvələrin qarşılıqlı güzəştinə nail olacaq. Dini liderlərin də müdaxiləsi ilə texnokrat və ya kənardan gətirilən baş nazirin rəhbərlik etdiyi koalisiya hökuməti qurulacaq.

İkinci ssenaridə isə, İraq Ali Federal Məhkəməsi parlamenti buraxıb yeni seçkilər elan edəcək. Amma məsələ ondadır ki, yeni seçkilərin vəziyyəti dəyişəcəyi ehtimalı da çox zəifdir. Çünki 2005-ci ildən bu yana heç bir siyasi qüvvə təkbaşına hökumət quracaq qədər mandat əldə edə bilməyib. Buna görə də bu proses İraqın ictimai-siyasi həyatı üçün ağır yükdür. Üstəlik, bu proses hər dəfə aylarla uzanır.

 

Qıtlıq, yoxsa terrorizm

Amma İraqın indi yeganə problemi seçkilər və hökumətin qurulmaması deyil. Artıq yerli siyasətçilər və iqtisadiyyat mütəxəssisləri İraq üçün ciddi xəbərdarlıq edirlər. Xüsusən ötən illərdə yay aylarında müşahidə olunan elektrik enerjisi və su çatışmazlığı bu il də gözlənilir.

İraq hökuməti ölkədə su ehtiyatlarının ötən illə müqayisədə düz iki dəfə azalacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bu problemin səbəblərindən biri bu il yağıntının az olmasıdır. İkinci səbəb isə qonşu ölkələrdən gələn çayların suyunun həcminin kəskin azalmadır. Dəclə və Fərat İkiçayarasının ən böyük çaylarıdır. Onlar İraqın əsas içməli su mənbələridir. Dəclə və Fərat çayları Türkiyə və Suriya ərazisindən keçərək İraqa qədər uzanır. Qeyd edək ki, sadalanan iki ölkənin də şirin suya ciddi ehtiyacı var. Bu səbəbdən də, İraqa gələn suyun həcmi hər il azalır.

Ərzaq qiymətlərinin bahalaşması və qıtlıq riskini də nəzərə alsaq, İraq üçün qarşıdakı ilin çox çətin keçəcəyini söyləyə bilərik. Bundan əlavə, vəziyyəti daha da qəlizləşdirən başqa problem isə uzun illərdir həlli mümkün olmayan terror təşkilatlarıdır.

Güman ki, hazırda terrorizm digər problemlərlə müqayisədə daha ciddi təhdid yaradır. Əslində, İraqda təhlükəsizliyin və sülhün təmin edilməsi Səddam Hüseynin devrilməsindən sonra xüsusilə ciddi məsələyə çevrilib. Terrorizm təhlükəsinin pik nöqtəsi İŞİD-in fəallaşdığı dövrdə, yəni 2004-2006-cı illər və 2014-2017-ci illərdə olub. 2017-ci ildə İraq hökuməti rəsmi şəkildə İŞİD-ə qalib gəldiyini elan etsə də, terrorizm amili İraqın üzərində “Damokl qılıncı” kimi asılı qalıb. Xüsusən də son aylarda İŞİD İraqda yenidən fəallaşıb. Terror təşkilatı bu ilin aprelində Ənbar, Səlahəddin və Kərkükdə bir neçə nəfəri qaçırıb. Əslində, İraqda terrorizm ölkənin siyasi həyatının barometridir. Mərkəzi hakimiyyətin zəifləməsi, sosial-iqtisadi problemlərin artması, siyasi intriqaların dərinləşməsi, ilk növbədə, terrorun artması ilə müşayiət olunur. Bir sözlə, 2021-ci ilin oktyabrında keçirilən seçkilərdən sonra davam edən qeyri-müəyyənlik, siyasi qüvvələr arasında anlaşılmazlıq nəticə etibarilə İŞİD və əsasən kürd bölgəsində məskunlaşan PKK-nın fəallaşması ilə müşayiət olundu.

 

Terrorla mübarizə

Aprelin 18-də Türkiyə Milli Müdafiə Nazirliyi İraq ərazisindəki PKK düşərgələrinə qarşı “Pençe Kilit” əməliyyatına başladığını elan etdi. Əməliyyat İraq kürd muxtariyyəti ərazisində Metina, Zap və Avaşin-Basyan rayonlarında başladı. Ankara bəyan edib ki, PKK-nın yazın gəlməsi ilə Türkiyədə aktivləşməsi barədə məlumat əldə edib. Nəticədə, onun ordusu İraq ərazisinə daxil olub və burada yeni düşərgə-postlar qurulub. Bununla da, kürd separatçılarının Türkiyə ərazisinə keçid yollarını nəzarətdə saxlamaq mümkün olacaq. Yeri gəlmişkən, daha əvvəl 2014-2015-ci illərdə Türkiyə ordusu İŞİD-ə qarşı mübarizə aparan İraqın yerli tayfa qüvvələrini dəstəkləmək məqsədi ilə bu ölkədə 30-dan çox hərbi düşərgə və ya post qurmuşdu. Qərb mediası isə Türkiyə ordusunun yenidən İraq ərazisində bazalar quracağını yazıb. Hələlik Ankara bu məlumatı təkzib etməyib.

Maraqlıdır ki, Ankara və Bağdadın İraqın şimalında hərbi əməliyyatlara başlaması eyni dövrə təsadüf edir. Amma onların hədəf və məqsədləri fərqlidir. Xatırlatmaq lazımdır ki, mart ayında İran gözlənilmədən İraq kürd muxtariyyətinin paytaxtı Ərbili raket atəşinə tutub. O vaxt iranlılar raket atəşinin Ərbildəki Mossad qərargahını hədəf aldığını bəyan etmişdi.

Amma daha sonra “Reuters” agentliyi vurulan binanın enerji məhsulları ticarəti ilə məşğul olan kürd iş adamına məxsus olduğu və bu evdə İraq kürd regionundan çıxan mayeləşdirilmiş qazın Avropaya daşınması barədə amerikalı və israilli mütəxəssislərin iştirakı ilə toplantı keçirildiyi barədə xəbər yaydı. Bu xəbəri kürd rəsmilər də təkzib etmədi. Əksinə, muxtariyyətin baş naziri Məsrur Bərzani Dubaydakı enerji konfransında bəyan etmişdi ki, kürd qazı Avropanın enerji təminatında rol oynaya bilər. Adıçəkilən xəbər agentliyinin məlumatına əsasən, iranlıları daha çox narahat edən məsələ məhz kürd qazının Avropa bazarına çıxarılması olub.

Yeri gəlmişkən, Türkiyə İraqın şimalında antiterror əməliyyatlarına başladıqdan dərhal sonra kürd muxtariyyətinin baş naziri Məsrur Bərzani Londona səfər edərək Böyük Britaniyanın müdafiə və daxili işlər nazirləri ilə görüşüb. Bu görüşlərin əsas mövzusu regional təhlükəsizlik, kürd silahlı gücü olan Peşmərgənin dəstəklənməsi və sair olub.

Görünən odur ki, yaxın dövrdə İraq (kürd) nefti və qazının Avropa bazarına çıxarılması prosesi sürətlənəcək. Buna görə hazırda İraq və bu ölkə ətrafında cərəyan edən hadisələr məhz bu yeni vəziyyətə hazırlıq məqsədi daşıyır.

Bir sözlə, hazırda Türkiyə regionda əsas sabitləşdirici qüvvə olaraq qalır. Layihənin uğurla həyata keçirilməsi isə Avropanı Rusiya qazına alternativ olan Yaxın Şərqin enerji resursu ilə təmin edəcək. Söhbət təkcə İraqın şimalından çıxan neft və qazdan (İraq neftinin 40%-i ölkənin şimalında hasil olunur) deyil, həm də Yaxın Şərqdən başlayacaq böyük enerji dəhlizinin yaradılmasından gedir. Avropaya uzanacaq bu dəhlizin hələ 2020-ci ildə Suriya və kürd regionları üzərindən yaradılması planlaşdırılırdı. Amma “Ərəb baharı” və arxasınca başlayan müharibələr bu planı təxirə saldı. Görünən odur ki, hazırda bu meqalayihə yenidən aktuallaşır. Bu dəfə başlanğıc nöqtəsi İraq olmalıdır.



MƏSLƏHƏT GÖR:

151