24 Noyabr 2024

Bazar, 17:34

SON ŞANS

Emmanuel Makronu ikinci və həlledici müddətə seçdilər

Müəllif:

01.05.2022

Antiutopiya və alternativ tarix janrında çəkilmiş «Yüksək qaladakı adam» serialına baxanlar Avropanın Fransadakı prezident seçkisinin ikinci turu ərəfəsində yaşadığı təlaşı yaxşı anlayır. Filmin müəllifləri serialda İkinci Dünya müharibəsinin Almaniya və müttəfiqlərinin qələbəsi ilə bitdiyi təqdirdə dünyada nələrin baş verə biləcəyinə dair fantaziya qurublar.

«Politico» nəşri də aprelin 21-də – seçkiyə 3 gün qalmış alternativ tarix yazmaq qərarına gəlmişdi – Fransada prezident seçkisini ultrasağçı, millətçi «Milli birlik» partiyasının lideri Marin Le Pen qazansaydı, Avropada nələr baş verərdi?

 

Faşizm təhlükəsi

Mənzərə açıq desək, heç də xoş alınmayıb. Seçkinin ilk turunda fransalı seçicilərin «İrəli, Respublika!»dan (La République En Marche, LREM) başqa kimə gəldi – ultrasolçulardan tutmuş, ultrasağçılaradək – səs verməyə hazır olduqlarını gördükdə Aİ və əksər Avropa ölkəsinin liderləri də eyni əhvalda idi.

Sorğular göstərir ki, fransalıların əksəriyyəti iqtisadi inkişaf, koronavirusla mübarizə, ekologiya, səhiyyə sistemi, Ukraynada davam edən müharibə kimi məsələlər baxımından Emmanuel Makronu ölkəni idarə etməyə daha hazırlıqlı namizəd sayır. Le Penə isə sosial bərabərsizlik, terrorçuluq, vətəndaşların alıcılıq qabiliyyəti, pensiyalar, immiqrasiya və cinayətkarlıq kimi məsələlərdə üstünlük verirlər.

«Mari Le Penin prezidentlik yolunun açılması faşist partiyasının yolunun açılması deməkdir» («Le Courrier», İsveçrə), «söhbət Aİ-nin özünün sağ qalmaq şansından gedir» («Frankfurter Allgemeine Zeitung», Almaniya), «Avropanı dərin böhran gözləyir» («Publico», Portuqaliya), «Avropanın inteqrasiyası təhlükə qarşısındadır» («Falter», Avstriya) – Avropa nəşrləri sanki Avropanın zülmət gələcəyi ilə bağlı proqnozlar vermək üçün yarışa girmişdilər.

Marin Le Pendən faşizm təhlükəsinin gəldiyini etiraf etmək üçün siyasi və tarixi biliklərə ehtiyac var. Lakin bu biliklər jurnalistlərin haqlı qeyd etdikləri kimi, çoxlarında yoxdur və burada söhbət heç də tək fransalılardan getmir. Siyasi təcrübəsi olmayan, həyat səviyyəsinin düşməsindən haqlı olaraq narazılıq edən adi insanlar düşünürlər ki, Le Penin qələbəsi istənilən halda pis olmazdı, çünki o, parlamentdə heç zaman çoxluq əldə etməyəcək, demək, demokratik azadlıqlara da «əl ata» bilməyəcək. Onlar anlamırlar ki, prezident Le Pen seçki qaydalarını dəyişmək və ümumiyyətlə, parlamenti buraxmaq hüququ da qazanacaq.

Le Penin proqramında onun Fransa demokratiyasını necə dağıtmağı düşündüyünü hər kəs oxuya bilər. Lakin sadə insanlar onun əhalinin alıcılıq qabiliyyətini yüksəldəcəyinə dair şüarlarına, gen-bol vədlərinə daha çox inanır.

Beynəlxalq biznesə gəlincə, Fransada baş verənlər onlara iki vacib seçkidə yanıldıqları 2016-cı ili xatırlatdı. Əvvəlcə iyunda əksər britaniyalının «Brexit»in lehinə səs verəcəyinə heç kəs inanmırdı. Daha sonra – noyabrda isə Donald Trampın ABŞ prezidenti seçiləcəyi inandırıcı görünmürdü, ən azı ona görə ki, Tramp bütün sorğularda Hillari Klintona ciddi fərqlə uduzurdu. Bu seçkilərin riski düz hesablanmadığından, fond bazarlarında şok sıçrayışlar baş vermişdi.

Le Penin seçki proqramında Aİ-nin bir sıra qaydalarına etinasızlıq var idi. Məsələn, İnsan Haqları Konvensiyası, hərəkət azadlığı, azad iş bazarı və s. Bundan başqa, iqtisadçılar onun vergi planlarının Fransada inflyasiyanı daha da dərinləşdirə biləcəyindən ehtiyatlanırdılar. Bu halda ölkə investisiyalar üçün cəlbediciliyini itirəcəkdi.

Bütün bunlar göstərir ki, Le Penin qələbəsinin fəsadları avrozona üçün vacib dövlət olan Fransa ilə məhdudlaşmayacaqdı. Onun iqtisadi siyasəti vahid valyutanın dəyərini itirməsi ilə nəticələnəcəkdisə, bunun nəticəsini digər Avropa ölkələrinin şirkətləri və vətəndaşları da hiss edəcəkdi.

Belə bir vəziyyətdə bir məqama heç kim diqqət çəkməyib: Almaniya kansleri Olaf Şolts və onun Portuqaliya və İspaniyadan olan həmkarları Antoniu Koşta ilə Pedro Sançes fransızları Makrona səs verməyə çağırmaqla, əslində, başqa ölkənin daxili işlərinə qarışırdılar…

 

Avropanın himni

Almaniyanın «Frankfurter Allgemeine Zeitung» nəşri Makrona üstünlük verməsinin səbəbini açıq ifadə edib: o, seçki kampaniyası dövründə davamlı olaraq Avropa İttifaqının əhəmiyyətini vurğulayıb. «Qorxunc dərəcədə artan ifrat sağçılarla qarşıdurmada Makron bir çox avropalı siyasətçilərin oxşar vəziyyətdə müraciət etdikləri taktiki avroskeptizmə sığınmadı, - deyə qəzet yazır: «Makron özündə Aİ-nin xeyrinə danışmaq cəsarəti tapıb, bildirib ki, istər maddi, istərsə də siyasi eynilik kimi qlobal problemlərin həllinin açarı birlikdir».

Ola bilsin ki, fransızların seçkinin ikinci turundakı yekun seçiminə məhz vahid Avropadan qopmamaq arzusu ciddi təsir göstərib. Emmanuel Makron da ikinci qələbəsini əbəs yerə Avropaya ithaf etməyib. Seçki gününün gecəsi o, Avropanın himnini – Bethovenin «Sevinc odası»nı oxumaq üçün Eyfel qülləsi qarşısında səhnəyə çıxıb. Bu, rəsmi portretindən Aİ-nin bayrağını yığışdırmaq vədi vermiş Marin Le Penə musiqili cavab idi. Bu, eyni zamanda Aİ-dən olan tərəfdaşlara siqnal da hesab oluna bilər – onlar qarşıdakı 5 ildə də Fransaya arxalana bilərlər.

 

Parlament ehtirasları

İndi Fransanın taleyi üçün həlledici olan Makronun iyunda keçiriləcək seçkidə parlamentdə çoxluğu qazana bilib-bilməyəcəyidir. Bu, baş verməzsə, prezident baş naziri çoxluqda olacaq düşərgədən seçmək məcburiyyətində qalacaq. Demək, Makronun hakimiyyəti xeyli zəifləyəcək, siyasi qərarların qəbulu isə ciddi şəkildə çətinləşəcək.

İkinci turda onu solçu partiyaların və mühafizəkarların tərəfdarları da dəstəkləyiblər. Lakin parlament seçkisində Makron bu dəstəkdən məhrum olacaq. Yeri gəlmişkən, Makronun 2017-ci ildə yaratdığı «İrəli, Respublika!» partiyası bütün ölkə üzrə lazımi şəbəkəyə malik deyil, bir çox region və yaşayış məntəqəsində isə onun, ümumiyyətlə, yerli təşkilatı yoxdur. Belə bir vəziyyətdə, prezident seçkisində üçüncü olmuş Jan-Lyuk Melanşon baş nazirliyə iddialıdır. O, bu niyyətini iyun seçkisini solçuların qazanacağı təqdirdə reallaşdırmağı düşünür. Bununla yanaşı, parlament seçkisindən sonra sağçılar (Marin Le Pen, Erik Zemmur və s.) da hakimiyyəti parlament vasitəsilə ələ keçirməyə çalışa bilərlər.

Beləliklə, LREM-in iqtisadi proqramını icra edə bilməsi əhəmiyyətli dərəcədə 577 yerlik parlamentə seçkinin nəticəsindən asılı olacaq. Risklərin, potensialın və perspektivin qiymətləndirilməsi üzrə ixtisaslaşmış «IHS Markit» analitik agentliyində hesab edirlər ki, bundan sonra hadisələrin inkişaf edə biləcəyi 3 əsas ssenari var.

 

1-ci ssenari

LREM-in parlamentdə sabit çoxluğa yiyələnməsi Makronun iqtisadi islahatlarının böyük hissəsini, həmçinin əmək bazarında islahatlar, o cümlədən işsizliyə görə müavinətlərin qaydaya salınması kimi siyasi prioritetlərini parlamentdə ciddi müqavimətlə üzləşmədən həyata keçirməsinə imkan verəcək. Makron qatı avropapərəst mövqeyinə sadiq qalacaq, birlikdə qərarların qəbulunda Fransanın rolunun daha da artırılmasına köklənəcək. Söhbət, məsələn, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi kimi qərarlardan gedir. Bu zaman Makron ölkəsini Aİ-nin əsas hərbi fövqəldövləti kimi təsdiqləməyə çalışacaq.

Amma Makronun pensiya yaşının artırılması kimi daha mübahisəli islahatlarının həmkarlar ittifaqı təşkilatlarının tətilləri, etirazlar riski səbəbilə kağız üzərində qalması da mümkündür. Hər halda, onun pensiya islahatlarına 2019-cu ildə etdiyi cəhd ümumxalq tətillərinə yol açmışdı.

Makron hökumətinin iqtisadiyyatı dəstəkləmək üçün fiskal siyasətdən istifadəsi də tamamilə mümkündür. Halbuki bu, büdcə kəsirinin azaldılması ilə bağlı Aİ ilə razılaşmaların həyata keçirilməsindən imtina anlamına gələcək.

 

2-ci ssenari

LREM parlamentdə çoxluğu ələ almasına imkan verəcək qədər səs toplamır. İkinci turda Respublika Partiyasının (Les Républicains - LR) yaradıcısı Nikola Sarkozi ilə LR-dən prezidentliyə namizəd Valeri Pekressin Makrona dəstəyi LREM-LR koalisiyası ehtimalını artırır. Belə koalisiya, güman ki, qatı avropapərəst mövqeyi qoruyub saxlayacaq, əmək bazarının optimallaşdırılması siyasətini yürüdəcək, pensiya islahatları aparacaq və nüvə enerjisi istehsalını genişləndirəcək. Lakin LR-dən olan deputatlar Makronun arzuladığı yeni külək elektrik stansiyalarının inşasına, çətin ki, dəstək versinlər.

 

3-cü ssenari

Çoxpartiyalı koalisiya qurulur. O, bəzi vergilərin, məsələn, istehsalata görə vergilərin azaldılması ilə bağlı qərar qəbul edir. Bu halda pensiya islahatları və ya əmək bazarının tənzimlənməsi qaydalarının dəyişdirilməsinə dair razılığa gəlinməsi, yəqin ki, çətin olacaq. Bu isə Makronun seçki proqramının əsas elementlərinin, məsələn, pensiya təminatı ilə bağlı islahatlar qərarının parlamentdən kənar – prezident sərəncamı ilə təsdiqlənməsi ehtimalını artırır.

Parlament seçkisində məğlub olmuş partiyaların LREM-dən kənar koalisiya quracağı 4-cü ssenari də var. Amma analitiklər bunu ən az ehtimal sayır.

Üçüncü ssenarinin gerçəkləşəcəyi halda belə, Makronun ölkəni «ipə-sapa yatmayan» qatı solçularla qatı sağçıların təzyiqi altında idarə etmək məcburiyyətində qalması təhlükəsi var. Bu, onun yeni prezidentlik müddətinin qarışıq – başlı-başına keçməsi riskini artırır. Hakimiyyətin müxtəlif qanadları fərqli siyasi istiqamət tutduqda belə olur.

 

Çətin vəzifə

Makron anlayır ki, postunda fransızların qəlbini fəth etdiyi üçün yox, çoxları üçün «daha az şər» olduğu üçün qalıb. İndi onun əsas vəzifəsi parçalanmış ölkəni birləşdirməkdir. Bunu Makronun özü də etiraf edir. Fransa zənginlərlə yoxsullara, şəhərlilərlə kəndlilərə, köklü sakinlərlə immiqrantlara bölünüb və bu parçalanma getdikcə dərinləşir. Amma son 5 ildə mötədil partiyaları məhz Makron özü zəiflədib. Bu partiyalar o qədər zəifləyib ki, qatı sağçı və solçu populistlərlə rəqabət apara bilmir. Fransızlar hesab edir ki, Makron 5 il sonra keçiriləcək və özünün qatıla bilməyəcəyi seçkidə onu populistlərin əvəzləməsini istəmirsə, idarəçilik üslubunu dəyişməlidir.

Xarici siyasətə gəlincə, Angela Merkelin gedişindən sonra Avropa İttifaqının faktiki lideri kimi nəzərlər məhz Emmanuel Makrona yönələcək. Bu isə onun üzərinə artıq dünya miqyaslı lider məsuliyyəti qoyur.



MƏSLƏHƏT GÖR:

152