24 Noyabr 2024

Bazar, 17:35

«ƏDALƏTLİ VASİTƏÇİ»

Prezident İlham Əliyev Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasındakı roluna qiymət verib

Müəllif:

01.05.2022

Bakı Avropa İttifaqının postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasındakı rolunu yüksək qiymətləndirir. Bunu Prezident İlham Əliyev aprelin 29-da Bakıda «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda keçirilən beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

«Biz Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edirik və onun səylərini alqışlayırıq. İndi Minsk qrupunun həmsədrliyi disfunksional olduğu üçün Avropa İttifaqı normallaşma prosesində çox fəal rol oynaya bilər», - deyə o, qeyd edib.

Dövlət başçısı mövcud regional konfiqurasiyadan da razı olduğunu deyib, bildirib ki, regionda Bakı-Moskva-Ankara formatında fəal dialoq aparılır. Bununla yanaşı, İlham Əliyev hesab edir ki, bu «üçbucaq» hələ tam formalaşmayıb. «Bir sıra məsələlər var ki, onlar bir-biri ilə bağlıdır, xüsusilə də nəqliyyat və enerji sahələrində. Bizim ayrıca olaraq bu sahədə hər iki ölkə ilə (Türkiyə və Rusiya – red.) fəal dialoqumuz var. Ancaq bu, heç vaxt üçtərəfli formatda olmayıb. Bu gün bu haqda danışmaq hələ tezdir. Lakin hazırkı regional konfiqurasiya bizi qane edir», - deyə dövlət başçısı bildirib.

Azərbaycanla Rusiya müxtəlif istiqamətlərdə əməkdaşlıq edir, tərəflər arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Bakının maraqlarına tam cavab verir: «Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Bundan əlavə, bizim Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə». İlham Əliyev Bakının Rusiya ilə hərbi sahədə də əməkdaşlıq etdiyini bildirib, məsələn, bu ölkədən bazar qiymətləri ilə silah, hərbi təyinatlı avadanlıqlar aldığını vurğulayıb.

«Biz Rusiyadan böyük həcmdə silah və avadanlıq alırıq. Bəli, biz həmin silahları Ermənistandan fərqli olaraq bazar qiymətinə alırdıq. Ermənistan isə onları havayı əldə edirdi. Onlar bunun üçün guya kredit alırdı, lakin həmin kreditlər heç vaxt qaytarılmırdı», - deyə Prezident qeyd edib.

İlham Əliyev ötən ilin iyununda Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətinə də toxunub: «Biz bu sənədlə əməkdaşlığımızı bütün formatlarda rəsmiləşdirdik. Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik». Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyə ilə bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahələrində müttəfiqdir.

İlham Əliyev deyib ki, Azərbaycan ümumilikdə bütün region ölkələri, o cümlədən Gürcüstan və İranla yaxşı münasibətlərə malikdir. «Ümid edirik ki, Ermənistanla da yaxşı münasibətlər olacaq və beləliklə, biz sabitlik məkanı ilə əhatə olunacağıq. Bizim istəyimiz də məhz budur. Biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək», - deyə o, vurğulayıb.

Prezident bildirib ki, Ermənistan indiyədək müxtəlif səviyyələrdə, məsələn, XİN başçıları, müxtəlif mütəxəssislər, həmçinin vətəndaş cəmiyyətləri formatında üçtərəfli danışıqların təşkil təkliflərini dəfələrlə rədd edib: « Tərəfdaşlarımıza bu məsələ məlumdur. Onların imtina səbəbini heç kim bilmir, çünki bu yanaşmanı səmərəli hesab etmirəm. Əgər regionun gələcəyinə nəzər yetirsək, o zaman Ermənistanın siyasəti regional təhlükəsizlik, Cənubi Qafqazın inkişafı və əməkdaşlıq çərçivəsində heç bir məntiqə sığmır». İlham Əliyev hesab edir ki, Azərbaycanın Ermənistana təklif etdiyi prinsiplər sülh razılaşması üçün əsas olmalıdır. «Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər», - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı bununla yanaşı, Bakının «Qarabağ ermənilərindən çox müsbət siqnallar aldığına» da diqqət çəkib: «Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar. Bizdə erməni azlığı var və onların bu mənada heç vaxt heç bir problemi olmayıb».



MƏSLƏHƏT GÖR:

153