24 Noyabr 2024

Bazar, 18:48

QARABAĞDA İLK DƏFƏ

Suqovuşan gölündə ilk dəfə beynəlxalq yarış təşkil edən Azərbaycan azad olunmuş torpaqlardan dünyaya daha bir ismarıc göndərib

Müəllif:

15.05.2022

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə Qarabağ ərazisində ilk beynəlxalq yarış keçirildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2022” beynəlxalq reqatası mayın 6-7-də təşkil edildi. Yarışı əhəmiyyətli edən əsas məqam onun ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə təşkil edilməsi olub.

 

5 ölkədən 100 idmançı

Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistandan 100-dən artıq idmançının qatıldığı turnirin ilk günündə Mingəçevir şəhərində komandaların rəsmi paradı təşkil edildi. Amma “Prezident Kuboku-2022” reqatasının rəsmi açılışı və ilk yarışlar 44 günlük şanlı Vətən müharibəsi zamanı işğaldan azad edilən Suqovuşanda start götürdü. Açılış mərasimində Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov, gənclər və idman naziri Fərid Qayıbov, AKAF-ın prezidenti Vüqar Əhmədov, Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülent Eren, həmçinin Gürcüstan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Zaza Nadiradze çıxış edib. Onlar Qarabağda təşkil olunan və böyük qayıdışı simvolizə edən ilk idman tədbirinin əhəmiyyətindən, Prezident İlham Əliyevin idmana və idmançılara qayğısından danışdılar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin ifasında dövlət himni səsləndirdikdən sonra tədbirin bədii hissəsi incəsənət nümayəndələrinin çıxışları və su üzərində ecazkar şou ilə davam edib.

İlk yarış günündə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub.

Reqatanın ikinci günündə isə iştirakçılar Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə növündə mübarizə aparıblar. Azərbaycan milli komandası 3 yaş kateqoriyasında yarışlarda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Qaliblərə çempionluq kuboku təqdim olunub. Ümumi nəticədə Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.

“Prezident Kuboku-2022” reqatasının bağlanış mərasimi olduqca maraqlı alınıb. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilən videoçarx su üzərində 3D effektli şou ilə təqdim edilib. Sonra flaybordların möhtəşəm çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb, idmançılar tərəfindən səmaya dilək şarları buraxılıb.

 

İdman yarışları azad edilmiş əraziləri əhatə edəcək

Gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda təşkil edilən avarçəkmə üzrə “Prezident Kuboku-2022” turnirinin qısa zamanda reallaşdırıldığını qeyd edərək yarışın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Suqovuşanda keçirilən avarçəkmə üzrə “Prezident Kuboku-2022” reqatası Qarabağda təşkil edilən ilk yarışdır. Buna görə də bir nazir kimi mənim üçün çox sevindirici gündür. Bu mühüm turnir tərəfdaşlar və bütün könüllülər tərəfindən ən yüksək səviyyədə təşkil olunub. Bu münasibətlə bütün Azərbaycan idman ictimaiyyətini təbrik edirəm. Bu gün burada olmağımızın başlıca səbəbi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə sayəsində torpaqlarımızın işğaldan azad olunmasıdır”.

Nazir bildirib ki, turnirdə 5 ölkənin komandası – Azərbaycan, Özbəkistan, Gürcüstan, Türkiyə və Moldova təmsil olunub. Onun sözlərinə görə, buna səbəb yarışın təşkili barədə qərarın qısa müddət ərzində qəbul olunması idi. O, növbəti illərdə iştirakçı komandaların sayının artacağına şübhə etmədiyini vurğulayıb.

Nazir məlumat verib ki, Azərbaycan Avarçəkmə və Kanoe Federasiyası ilə işğaldan azad olunan digər ərazilərdə də turnirlərin keçirilməsini müzakirə edir: “Federasiya ilə birlikdə bunu müzakirə edirik. Artıq müəyyən işlər görülür”.

 

Dostluq münasibətlərinin gücləndirilməsi və təcrübənin artırılması

Gürcüstan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Zaza Nadiradze “Region plus” jurnalına müsahibəsində yarışın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: “Azərbaycanda mütəmadi olaraq turnirlərdə iştirak edirik. Budəfəki turnirin əhəmiyyəti çox böyükdür, çünki yarış işğaldan azad olunmuş ərazidə təşkil olunub. Bu yarışda iştirak etməkdən çox məmnunuq. Uzun illər Azərbaycan torpaqlarının işğal altında olması barədə məlumatlı idim. Yarışa böyük olmayan heyətlə qatılmışıq. Amma əsas məsələ dostluq əlaqələrinin möhkəmlənməsidir. İnanıram ki, sıx dostluğumuz bundan sonra da inkişaf edəcək”.

Gürcüstanın avarçəkmə üzrə milli komandasının baş məşqçisi Kaxaber İlxanaşvili isə növbəti ildə keçiriləcək yarışa daha böyük heyətlə qatılacaqlarını vurğulayıb: “Gələn il Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunacaq yarışa daha böyük heyətlə qatılacağıq və heyətdə daha güclü idmançılar yer alacaq. Ümid edirəm ki, idmançılarımız mükafatçılar sırasında yer almağı bacaracaqlar. Bu yarışın idmançıların peşəkarlıq səviyyəsinin artırılması və təcrübə qazanması istiqamətində əhəmiyyəti böyükdür”.

Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2022-ci ilin payızında növbəti beynəlxalq yarış təşkil edəcək. Yaxın aylarda isə azad olunan torpaqlarımızda başqa yarışlar keçiriləcək.



MƏSLƏHƏT GÖR:

161