26 Dekabr 2024

Cümə axşamı, 21:30

MƏDƏNİYYƏT ÖZ EVİNƏ QAYIDIR

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilib

Müəllif:

15.05.2022

Dünyanın müxtəlif ölkələrində keçirilən kulinariya festivallarına qastronomiyanın incəlikləri ilə, onların hazırlanma sirləri ilə tanış olmaq istəyən yüz minlərlə turist toplanır. Ən yaxşı baş aşpazlar belə tədbirlərə qatılmağı, qonaqlara öz əl işlərini təqdim etməyi, bir qayda olaraq, şərəf sayırlar. Azərbaycanın mədəniyyət paytaxtı, erməni işğalından 2 il əvvəl azad olunmuş Şuşada keçirilmiş festival da istisna olmayıb. Bu festival ölkənin həyatında əlamətdar hadisələrdən sayıla bilər. Bu qəbildən ilk beynəlxalq festival olan tədbir miqyasına və əhəmiyyətinə görə tarixi hadisədir. Festivala Türkiyə, Almaniya, Rusiya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər və nümayəndələr qatılmışdılar.

 

Axır ki!

Azərbaycanlılar doğma torpaqlarının erməni işğalından azad edilməsini, ölkənin ərazi bütövlüyünün bərpasını, təxminən, 30 il gözləyiblər. Nəhayət, ölkə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordu ilə xalqın birliyi sayəsində buna nail olub. Bu mənada, 8 noyabr 2020-ci il Azərğbaycanın şərəf salnaməsinə qızıl hərflərlə yazılıb. Qarabağ azadlığına qovuşub, əsl sahibinə qayıdaraq, azad nəfəs almağa başlayıb. İndi işğal illərində dağıdılmış ərazilər sürətlə bərpa olunur. Bununla yanaşı, bölgəyə mədəni həyat da qayıdır – Şuşada «Xarıbülbül» Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günləri keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə azərbaycanlılar üçün müqəddəs olan Şuşa şəhəri 2001-ci ildə ölkənin mədəniyyət paytaxtı elan olunmuşdusa, 2022-ci il ümumiyyətlə Azərbaycanda «Şuşa Şəhəri İli» elan edilib. Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə bu yaxınlarda keçirilmiş Beynəlxalq Kulinariya Festivalı isə bölgənin dirçəlişi baxımından parlaq və əhəmiyyətli hadisədir. Bu baxımdan, o, böyük marağa səbəb olub.

Festivalda dünyanın müxtəlif yerlərindən gəlmiş kulinarlar, beynəlxalq dərəcəli ustalar ən yaxşı, dadlı və nəfis təamları hazırlayıblar. Bu, «özlərini göstərmək və digərlərinə tamaşa etmək», təcrübələrini bölüşmək, yeni qeyri-adi reseptlərlə tanış olmaq, digər kulinarlarla peşəkar mövzuda söhbətləşmək üçün Şuşaya toplaşmış aşpazlar üçün böyük bayram idi. Onların çoxu Azərbaycana ilk dəfə idi gəlirdilər. Bu insanlar Şuşanın təbiətinə, festivalın atmosferinə heyran oldular…

 

Stalik Xankişiyev, etnik azərbaycanlı, kulinar, teleaparıcı Rusiya

«Məlum olduğu kimi, mən Özbəkistanda doğulmuşam. Bir vaxtlar mənim dahi həmyerlim Əmir Teymur böyük bir bina inşa etdirən zaman yaxınları ondan soruşublar: «İnşası bu qədər böyük vəsait tələb edən belə binaların tikilməsi nəyimizə gərəkdir?» O, deyib: «Qoy başqa ölkələrdən gələnlər bizim necə insan olduğumuzu görsün». Bu ifadəni bir qədər dəyişərək belə demək istəyirəm: qoy başqa ölkələrdən gələnlər Azərbaycan yeməklərini dadsınlar və burada necə istedadlı, xeyirxah, qoçaq və mehriban insanların yaşadıqlarını görsünlər. Hazırda Şuşada miqyaslı bərpa və yenidənqurma, abadlıq işləri aparılır. Yaxın illərdə Şuşa cənnətin bir guşəsinə çevriləcək. İnsanlar buraya qayıdacaq, burada yaşayıb yaradacaq».

Festivalın hər günü insanlara sürprizlər gətirirdi. Məsələn, mayın 5-də «Xalçaçı Günü» peşə bayramı keçirilib. Məlum olduğu kimi, Şuşa hər bir azərbaycanlının yalnız qəlbi, ürəyi, milli mədəniyyətin beşiyi deyil, həm də ənənəvi Qarabağ xalçaçılığının yarandığı şəhərlərdən biridir. Bu münasibətlə «Azərxalça» ASC tərəfindən xalçaçılıq ənənələrinə aid müxtəlif interaktiv təqdimatlar təşkil olunub. Bu çərçivədə «Xalça necə yaranır» adı altında interaktiv teatral nümayiş təşkil edilib, xalçanın hazırlanmasının hər mərhələsi insanlara göstərilib. Qonaqlar yunun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahların hazırlanması, çözgü saplarının dartılması, xovsuz və tüksüz xalçaların hazırlanması, xalçaların kəsilməsini izləyiblər.

Festival çərçivəsində Şuşada azərbaycanlı rəssam və heykəltəraşların iştirakı ilə «Şuşa. Bahar əfsanəsi» plenarı da keçirilib. Təbiətin qoynunda hazırlanan əsərlər bir vaxtlar işğal altında olmuş şəhərin indiki vəziyyətini, möcüzəvi təbiətini nümayiş etdirib.

 

Arif Hüseynov Azərbaycanın xalq rəssamı

«Kulinariya xalqların mədəniyyətinin, milli dəyərlərinin əksidir, Şuşa festivalının rəngarəng palitrası isə bu dəyərlərin sintezini göstərir».

Azərbaycanın Qarabağ bölgəsində çoxsaylı yerli və xarici qonağın iştirakı ilə keçirilən kulinariya festivalı ölkənin işğaldan azad olunmuş şəhər və rayonların dirçəlişi ilə yanaşı, 30 il sonra bu bərəkətli torpaqlara bərəkətin, firavanlığın qayıtdığını da ortaya qoyub.

 

Flavio Basatti, kulinar İtaliya

«Mən çox ölkədə olmuşam. Amma Şuşada təşkil olunmuş bu festival orijinallığı ilə fərqlənir. İlk belə miqyaslı tədbirin keçirildiyi yerlə bağlı çox xoş söz demək olar. Festivalda müxtəlif ölkələrdən çox məşhur kulinarlar iştirak edirlər və bu, ona xüsusi əhəmiyyət qazandırır. Şuşa haqda çox oxumuşam, çox eşitmişəm. Amma burada gördüklərim onların hamısını üstələyir. Atmosfer, təmiz hava, təbiət! Bu festivalə nənə halını almalı və bütün dünyada tanınmalıdır».

 

Joze Luis Eskalante, kulinar Qvatemala

«Burada hər şey sadəcə fantastik, valehedicidir! Dünya xalqlarına aid yeməklərin zəngin qamması, iştirakçıların, qonaqların həmrəyliyi, mehribanlığı – bütün bunlar insanda unudulmaz, emosional təəssürat yaradır. Şuşa gözəlliyi ilə, təbiəti ilə insanı valeh edir. Bildiyimə görə, bu şəhər Azərbaycanın qəlbi, mədəniyyət paytaxtı sayılır. Bu, insanların simasındakı xoşbəxtlikdə də əks olunur. Möhtəşəm kulinariya və mədəniyyət bayramı yaddaşımda əbədi olaraq ən parlaq rənglərlə bəzənib».

Festivalda yalnız dünya xalqlarının yeməkləri deyil, müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri də təqdim olunub. Bu konsepsiyaya uyğun olaraq müxtəlif formatlarda 25-dən artıq pavilyon qurulub və bu pavilyonlarda ziyarətçilər müxtəlif ölkələrin memarlıq üslubundan nümunələrlə, milli musiqiləri ilə qarşılanıb. Başqa sözlə, festival yalnız qurmanlar üçün feeriya yox, həm də sülh, dünya xalqlarının dostluğunun rəmzi olub.

 

Teylor Uidinq, qastroekspert Kanada

«Şuşa festivalı sülh və əməkdaşlıq naminə vacib müasir konsepsiyanı ortaya qoyur. Möhtəşəm təbiətin qoynunda, dağların əhatəsində gözəl atmosfer, müxtəlif ölkələrdən olan peşəkar kulinarlar tədbirə xüsusi əhəmiyyət qazandırır. Burada bütün xalqlar və millətlər birdir, müxtəlif ölkələrin milli mətbəxləri, ənənələri təbliğ olunur. Bu isə öz növbəsində, beynəlxalq festivalın multikulturalizm səviyyəsini göstərir».

 

Gilyermo Qonsales, qastrodiplomat Peru

«Şuşa festivalı Azərbaycan iqtisadi inkişafının, beynəlxalq əlaqələrinin, gücünün göstəricisidir. Bu miqyasda, bu səviyyədə tədbirin təşkili ciddi əziyyət, eyni zamanda peşəkarlıq, beynəlxalq təcrübə tələb edir. Burada məşhur kulitanlar və mütəxəssislər iştirak edir, öz milli dəyərlərinin təbliği ilə məşğul olurlar. Bu, müasir dövrdə ölkələrin sülh və inkişafı yolunda birləşməsi, mehriban münasibətlər qurması, eyni zamanda turizmin inkişafı baxımından çox vacibdir».

Festival çərçivəsində qonaqlar peşəkar aşpazların təşkil etdikləri ustad dərslərində yeməklərin hazırlanması incəlikləri ilə tanış olub, müxtəlif təamları və şirələri dadmaq imkanı qazanıblar. Orada şərabların, pendirlərin və digər məhsulların dequstasiyası üçün zonalar da olub. Bakı Kitab Mərkəzi isə qonaqlara Heydər Əliyev Fondunun kulinariyaya aid nəşrini təqdim edib.

Milli xörəklər xüsusi maraq doğurub. Festivalda Azərbaycanın müxtəlif iqtisadi rayonları yer alıb – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və s.

 

Bao Litszyun,  kulinar Çin

«Mən Qarabağ mətbəxi haqda çox eşitmişdim. Bu kulinariya festivalında milli mətbəxin əla nümunələri ilə tanış oldum. Sizin mətbəxiniz, həqiqətən də, çox gözəl və dadlıdır. Qarabağ mətbəxi bu mənada xüsusi yer tutur. Şuşa isə çox gözəl şəhərdir və inanıram ki, o, tezliklə keçmiş görünüşünü, tarixi simasını geri qaytaracaq».

 

Şaul Levi, ekspert İsrail

«Mən Azərbaycanı çox sevirəm. Festival da çox gözəl təşkil olunub. Burada müxtəlif ölkələrin kulinariya nümunələri ilə yanaşı, Azərbaycanın ayrı-ayrı regionlarının milli mətbəx ənənələri də təqdim olunur. Mən dünyanın müxtəlif yerlərində bir çox kulinariya festivalına qatılmışam. Şuşada təşkil olunmuş bu bayramın yeri xüsusidir. Xalqınız çox qonaqpərvər, milli mətbəxiniz isə çox dadlıdır. Bura qurmanlar üçün əsl cənnətdir».

Şuşada təşkil olunmuş Birinci Beynəlxalq Kulinariya Festivalı nəfis təamlar bayramı oldu. Orada bu şəhərin qədimliyi, gözəlliyi, həmçinin Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilib. Bu, həm də turizmin təbliği baxımından əla imkan idi.

 

Siril Rukyet, kulinar Fransa

«Azərbaycanlıların səmimiyyəti, qonaqpərvərliyi, gülərüzlülüyü insanlarda ilk dəqiqələrdən doğmalıq, yaxınlıq hissi yaradır. Buraya gəlməzdən əvvəl ölkəniz haqda çox informasiya oxumuşam. Azərbaycanın Şərqlə Qərbin kəsişməsində yerləşməsi bu bölgənin qədimliyinin göstəricisidir. Bu festivalın bir hissəsi olduğum üçün fəxr edirəm və çox xoşbəxtəm. Azərbaycan xalqı üçün bu anı bölüşə bildiyim üçün çox məmnunam. Çünki Şuşanın sizin üçün nə qədər vacib olduğunu yaxşı bilirəm. Bilirəm ki, burada olmaq sizin üçün necə xoşbəxtlikdir. Özüm üçün bu gözəl şəhəri, ətrafı, buraların gözəlliyini kəşf edirəm. Şuşanı, onun ruhunu çox sevdim!»

 

Cun Park, Cun Park, dokumentalist və etnoqraf Koreya Respublikası

«Şuşa şəhərinin tarixi haqda eşitmişəm. Gördüklərimin təsiri altındayam. Şuşaya səfər və burada keçirilən festivalda iştirak mənə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb. Milli mətbəxiniz, həqiqətən, müxtəlif və orijinaldır. Festival burada iştirak edən hər kəsə yaxşı əhval qazandırır. Düşünürəm ki, bu dad, parlaq rənglər bayramı ənənəyə çevriləcək, qarşıdakı illərdə də gözəl Qarabağ torpağına müxtəlif ölkələrdən qonaqlar cəlb edəcək».

Festivala 100-dən artıq incəsənət ustasının iştirakı ilə keçirilən bədii proqram xüsusi parlaqlıq qatıb. İstirahət və əyləncə zonalarında quraşdırılmış pavilyonlarda tamaşalar, konsertlər, sərgilər təşkil olunub. Dörd gün ərzində azərbaycanlı artistlər, o cümlədən ən gənc artistlər müxtəlif əsərlərin qəhrəmanları, yazıçılar, qədim filosoflar kimi, interaktiv formatda milli ədəbiyyatdan nümunələr, Azərbaycan filmlərindən fraqmentlər təqdim ediblər. Festivalın gedişində dünya xalqlarının rəqsləri nümayiş olunub, milli və müasir musiqi səsləndirilib, insanlar artistlərlə birlikdə əl-ələ verərək «Yallı» oynayıb. Hər kəsin simasında təbəssüm və sevinc…

 

Samuel Arturo Mendes Morel,  kulinar Dominikan Respublikası

«Festival insanda ən xoş təəssüratlar, dünyanın ən müxtəlif mətbəxlərindən gələn parlaq emosiyalar yaradır, insanların münasibət qurmasına imkan verir. Azərbaycanı koloritli təbiəti və memarlığı olan ölkə kimi kəşf etdim. Milli mətbəxinizin təamları çox dadlıdır. Mehriban insanlarınızı isə xüsusi qeyd edərdim. Əsl kəşf isə təbii ki, Şuşadır! Son dərəcə valehedici dağlar, təmiz hava və pozitiv atmosfer!»

Şuşada yeni görüşlərədək!



MƏSLƏHƏT GÖR:

165