26 Dekabr 2024

Cümə axşamı, 19:54

Aİ – QAPALI DAİRƏ

Avropalı qanunvericilər bu dəfə kömək üçün əhaliyə müraciət edib

Müəllif:

15.05.2022

Baban bekar qalıbsa, göndər Avropa Parlamentinin iclasına (Hast du einen Opa, schick ihn nach Europa!). 10 il əvvəl «Deutsche Welle» Avropa İttifaqının əsas qanunverici orqanının effektsizliyini istehza ilə bu cür ifadə etmişdi. Bəli, istər o zaman, istərsə də indi qurumun bütün əhəmiyyətli təşəbbüsləri Aİ-nin ali siyasi orqanı, dövlət və hökumət başçılarından ibarət Avropa İttifaqı Şurasından gəlir. Bu üzdən də hesab olunur ki, milli partiyalar Avropa Parlamentinə əsasən ölkədə artıq ciddi nəticə əldə etmək şansı qalmayan veteranları göndərirlər.

Avropalı seçicilər özləri də uzun müddət Avropa İttifaqının qanunverici orqanına seçkiyə xüsusi maraq göstərməyib. Quruma 1979-cu ildə keçirilmiş ilk seçkidə 62% olmuş seçici fəallığı o vaxtdan davamlı olaraq azalıb və 2014-cü ildə 42,6% təşkil edib. Siyasətçilər bu laqeydliyi, ilk növbədə, seçicilərin Avropa Parlamentinin işi haqda az məlumatlandırılması ilə əsaslandırır. Onların fikrincə, bu səbəbdən adi insanlar qurumun gündəlik həyata hansı təsirləri göstərdiyini bilmir.

Bu, qismən həqiqətdir. Çünki Avropa Parlamentinə seçkinin nəticəsi Aİ-nin siyasi gündəliyinə birbaşa təsir göstərmir. Bunun isə səbəbləri çoxdur – Aİ hökumətini Avropa Parlamenti müəyyənləşdirmir, parlament daxilində gündəliyin müəyyənləşdirilməsi nisbətən müstəqil komitələrə həvalə olunub və s. Aİ-nin qanunvericilik prosesinin özü o qədər qarışıqdır ki, bəzən sonda kimin nəyə cavabdeh olduğunu anlamaq olmur.

Nəticə etibarilə belə çıxır ki, Aİ gündəliyinin vətəndaşlarının gündəlik həyatı üçün heç bir nəzərə çarpan əhəmiyyəti yoxdur.

Bundan başqa, Aİ-də seçki kampaniyalarına milli siyasətçilər başçılıq edir və onlar əksər vaxt debatları milli arenada aparırlar. Halbuki, seçicilərə daha çox Aİ-nin rolu izah olunmalı, Avropa Parlamentində nə iş görəcəkləri danışılmalıdır.

Nəticədə, sosioloji sorğular göstərir ki, respondentlərin yalnız yarısı Aİ-ni üstünlük sayır. Eyni sorğulardan bəlli olur ki, Avropa İttifaqının əksər vətəndaşı üçün avropalı eyniliyi hələlik yalnız nəzəri anlayışdır.

 

Sən nə istəyirsən?

Aİ liderlərinin seçicilərin səslərinin qurumun siyasətinə təsir etdiyini göstərməyə çalışmadıqlarını söyləmək doğru olmaz. Onlar Aİ-nin yeni seçilən siyasətçilərinin gündəliyə birbaşa təsir etmək iqtidarında olduqlarını anlaması üçün də çalışır. Bir sözlə, nəyisə dəyişmək, düzəltmək cəhdləri davamlı müşahidə olunur, lakin eyni davamlılıqla da iflasa uğrayır. Yekun qərar yekdilliklə – bütün üzvlərin «hə» deməsi ilə qəbul olunur. Lakin hər üzvün öz maraqları var. Bu mənada, Aİ-nin mərkəzi orqanları hansı səlahiyyətlərə malik olmalıdır, o, hansı öhdəlikləri daşımalıdır – üzvlərin bu məsələlərə də yanaşması fərqlidir.

Siyasətçilər bu qapalı dairədən çıxış yollarını çox axtarıblar və nəhayət, məsələyə tam əks tərəfdən yanaşmaq qərarına gəliblər: indi onlar özləri nəsə təklif etmək yox, seçicilərin nə istədiklərini soruşmaq fikrinə düşüblər. Qoy seçici özü desin ki, o, siyasi fəallığını milli sərhədlərindən kənara, ümumavropa səviyyəsinə hansı şəraitdə çıxarmaq istəyir? Üstəlik, 2019-cu ildə keçirilmiş son seçkinin nəticəsi o qədər də pis olmayıb – 40 ildən çox müddətdə Avropa Parlamentinə seçkidə seçici fəallığı ilk dəfə, təxminən, 51%-ə çatıb (200 milyondan artıq səs).

Görünür, ümumavropa məsələlərinə diqqət artıb və bundan yararlanmaq lazımdır.

 

49 təklif

Aİ-də aparılmalı olan islahatların müzakirə ediləcəyi geniş platformanın yaradılması ideyası Fransa prezidenti Emmanuel Makrona aiddir. Bu təşəbbüs meydana 2019-cu ildə «Avropanın gələcəyi haqqında konfrans» adı ilə çıxıb. Lakin əsasən koronavirus səbəbindən ona 2021-ci ilin yazında start verilib.

Avropa ictimaiyyətinin cəlbi üçün rəqəmsal platforma (internet saytı) yaradılıb və məlumata görə, orada müzakirələrə 5 milyonadək insan qatılıb. Bununla yanaşı, təsadüfən seçilmiş, Aİ-nin sosioloji və coğrafi müxtəlifliyini təmsil edən 800 vətəndaşdan 4 qrup yaradılıb. Hər qrupun üçdə biri yaşı 25-26 arasında olan gənclərdir. Aİ üzvləri eyni prinsiplərlə milli vətəndaş qrupları da yaradıblar.

Bu geniş müzakirələrin yekununda 49 təklif və onlara nail olmağın 325-dən artıq yolu müəyyənləşdirilib. Onların arasında iqlim dəyişikliyi, səhiyyə, daha güclü iqtisadiyyat, sosial ədalət, iş yerləri, Aİ dünyada, dəyərlər və hüquq, qanunun aliliyi, təhlükəsizlik və s. mövzular var.

Əsas təkliflər arasında Aİ-yə müdafiə və səhiyyə, böyük inteqrasiya, vacib qərarların veto hüququnun ləğvi yolu ilə daha tez qəbulu kimi geniş səlahiyyətlərin verilməsi də var. Konfrans Avropa Parlamentinin səlahiyyətlərinin artırılmasını, ona qanunlar təklif etmək səlahiyyətlərinin verilməsini (hazırda bu səlahiyyətlər yalnız komissiyadadır) də təklif edib.

İctimaiyyət hesab edir ki, Aİ institutlarının adının dəyişməsi onların hər birinin rolununu daha aydın olmasına yol açardı. Bundan başqa, hesab olunur ki, Avropa səviyyəsində partiyalara səs vermək imkanı yaradılmalı, son dərəcə vacib məsələlərlə bağlı insanların rəyinin öyrənilməsi üçün Aİ miqyasında referendumlar keçirilməlidir.

Avropa Parlamenti bu il mayın 6-da təkliflər layihəsini təsdiqləyib, mayın 9-u – Avropa Günündə isə o, baxılması üçün Avropa İttifaqı Şurası və Avropa Komissiyasına təqdim olunub. İctimaiyyətin təkliflərə cavabı bu ilin payızında alacağı vəd edilib.

 

Seçicilər üçün şans

Avropa Parlamentinin özü də Avropa seçkisinin təşkilinə dair mövcud qaydaların dəyişdirilməsi ilə bağlı qanunverici təşəbbüslə çıxış edib. Təkliflərə görə, seçici ümumavropa seçkilərində iki səs hüququ qazanmalıdır – milli (indi olduğu kimi) və ümumavropa namizədinə. Nəticədə, Aİ ölkələrinin əhalisinin sayına əsasən bölünən 705 avrodeputata Avropa ictimaiyyətinin seçəcəyi 28 nəfər də əlavə oluna bilər. Bu 28 nəfər istənilən partiya və hərəkatı təmsil edə bilər, bir şərtlə ki, Aİ-nin 7 ölkəsində seçicilərin 0,01%-nin imzasını toplasın, yaxud 7 Aİ ölkəsində mövcud olan partiyalarla ittifaq qursun.

İslahatların müəllifləri hesab edirlər ki, ümumavropa elektoratı bir-birinə bağlı üç vacib hədəfə nail olunmasına imkan verəcək. Avropanın transmilli namizədlər seçmək, yalnız öz ölkəsində deyil, bütün Avropada kampaniya aparmaq imkanı qazanan siyasi partiyaları güclənəcək. Bu isə ümumavropa siyasi və seçki debatlarının təşkilinə şərait yaradacaq. Nəhayət, ümumavropa siyahılarına Aİ Komissiyasının prezidenti postuna iddialı şəxslər başçılıq edəcəyindən, Aİ-nin ali icraedici orqanının rəhbərini seçicilər müəyyənləşdirə biləcək.

Parlament gender bərabərliyi problemini də həll etmək istəyir, çünki son seçkilərdə bu sahədə vəziyyət ümumilikdə yaxşılaşsa da, bəzi ölkələrdə bir qadın belə, deputat seçilə bilməyib.

Layihədə bir sıra digər təkliflər də var. Məsələn, mayın 9-u vahid ümumavropa seçki günü elan olunacaq. Hazırda seçkilər cümə axşamından bazar gününədək keçirilir və hər bir ölkə öz milli seçki ənənələrinə əsaslanır. Bundan başqa, 16 yaşdan yuxarı olan hər bir Aİ vətəndaşı səsvermə hüququna malik olmalı, 18 yaşdan sonra isə namizəd də ola bilməlidir. Bu, Aİ-nin 13 ölkəsində namizədlərlə bağlı yaş həddini azaldacaq.

Təkliflərə əsasən, hər zaman post vasitəsi ilə də səs vermək mümkün olmalıdır. Məqsəd Aİ üzvü olmayan ölkələrdə yaşayan vətəndaşların seçici hüququnu reallaşdıra bilməsidir.

Daha bir maddə – seçkilər fiziki imkanları məhdud olanlar da daxil, bütün vətəndaşlar üçün eyni dərəcədə əlçatan olmalıdır. Avropa Əlillər Forumunun məlumatına görə, hazırda Aİ-nin 14 ölkəsində fiziki qüsurlu şəxslər səs verə bilmir və yalnız 8 üzv ölkədə istisnasız olaraq bütün vətəndaşların vəzifə uğrunda mübarizə aparmasına icazə var.

 

Nəticə bəlli deyil

İdealda Aİ qanunlarına bu dəyişikliklər 2024-cü ildə keçirilməli olan növbəti seçki ərəfəsində qüvvəyə minməlidir. Lakin «Avropanın gələcəyi haqqında konfrans» kimi, onlar da Avropa İttifaqı Şurası və Aİ-nin bütün üzvləri tərəfindən təsdiqlənməlidir. Üzvlər isə bunu, əlbəttə ki, öz maraqlarına və konstitusion tələblərinə uyğun edəcək. Odur ki, hadisələrin necə inkişaf edəcəyi hələ ki, məlum deyil. Milli hökumətlər səlahiyyətlərinin bir hissəsini Aİ ilə bölüşməyə razılaşacaqlarmı?

Məsələn, qərarların qəbulu prosesini sadələşdirmək üçün Fransa prezidenti və İtaliyanın baş naziri tərəfindən irəli sürülən indiki kimi yekdilliklə deyil, səs çoxluğu ilə səsvermə ideyası çoxlarının xoşuna gəlmir.

Bu təşəbbüsü İspaniya, Belçika, Niderland və Lüksemburq qəbul edib. Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Sloveniya və İsveç isə hələ ki, onu dəstəkləmir.

İslahatlara ehtiyacın olduğu fikri ilə hamı razıdır. Lakin hər kəs məsələyə bir cür yanaşır. Odur ki, baba bekardırsa, hələ onu göndərməyə yer var.



MƏSLƏHƏT GÖR:

150