26 Dekabr 2024

Cümə axşamı, 21:33

ÜÇÜNCÜ AYA GEDİR

Təəssüf ki, Ukraynada tezliklə sülhə nail oluncağını gözləmək mümkün deyil

Müəllif:

15.05.2022

Ukraynada müharibə xronoqrafının inamla üçüncü aya yaxınlaşan sutkaları qeydə aldığı bir vaxtda dünyada hadisələr təxminedilməz ssenari üzrə inkişafını davam etdirir. Nəticədə, gün keçdikcə ortaya cavablardan çox suallar çıxır.

 

Donbas uğrunda döyüş

Ukrayna ərazisində gedən döyüşlərdə aprelin 25-dən etibarən ciddi dəyişikliklər başlayıb. Müharibənin bu mərhələsini çoxları şərti olaraq «Donbas uğrunda döyüş» adlandırır. Çünki indi əsas savaş Donetsk və Luqansk istiqamətində baş verir. Moskvada hesab edirlər ki, Rusiya Silahlı Qüvvələri hissələrinin şimal və şimal-şərq istiqamətindən şərq istiqamətinə dislokasiyası Luqansk və Donetsk vilayətlərinin tam nəzarətə götürülməsi ilə bağlı məqsədə çatılmasında ciddi irəliləyişə imkan verməlidir. Tanınmamış «Donetsk Xalq Respublikası» və «Luqansk Xalq Respublikası» məhz bu inzibati sərhədlər çərçivəsində elan olunub. Beləliklə, Rusiya qoşunlarının bu vilayətlərə nəzarəti ələ almasına hərbi əməliyyatların ən azı ilkin məqsədlərinə çatılması baxımından vacib marker ola bilər.

Həftə ərzində Rusiya ordusu Luqansk vilayətinin alternativ inzibati mərkəzi olan Severodonetskə tam yaxınlaşmağa və onu mühasirəyə almağa başlayıb. Onun rusların nəzarətinə keçməsi halında Ukrayna Luqansk vilayətinə nəzarəti tam itirəcək. Eyni zamanda Odessanın bombardmanı da güclənib. Hesab olunur ki, bu, Ukraynanın Qara dəniz sahilindəki ən böyük şəhərinə hücuma hazırlıqdır.

Mariupoldakı «Azovstal» zavodu istiqamətində də döyüşlər davam edir. BMT və Beynəlxalq Qırmızı Xaç Təşkilatının vasitəçiliyi ilə mülki şəxslər bu bölgədən çıxarılıb. Jurnalımız çapa hazırlanan vaxt «Azovstal» zavodundan daha 500 nəfərin təxliyəsi ilə bağlı danışıqlar davam edirdi. Söhbət tibb işçilərindən və yaralılardan, həmçinin Mariupolun digər hissələrindəki mülki insanlardan gedir.

 

Qüvvələr balansı

Hərbi əməliyyatların xarakterindən danışan zaman vurğulamaq lazımdır ki, Qərb dövlətlərinin Ukraynaya kütləvi hərbi texnika yardımı Kiyevin Rusiya qoşunlarının hücumlarının qarşısını almasına imkan verir. Ötən bir neçə ayda Avropada ukraynalı hərbçilərə yalnız Qərb hərbi texnikasından istifadə edə bilmələri deyil, həm də NATO üslubunda döyüşməyi bacarmaları üçün təlimlərin keçirilməsi məqsədi ilə əhəmiyyətli infrastruktur yaradılıb. Söhbət Polşa, Almaniya, Böyük Britaniya və digər ölkələrdə NATO Silahlı Qüvvələrinin təlimçilərinin işlədiyi böyük bazalar şəbəkəsindən gedir.

Ukraynaya əsas hərbi yardım okeanın o tayından gəlir. Aprelin 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası böyük səs çoxluğu ilə müvafiq qanun layihəsini qəbul edib. Sənəd Ukraynaya İkinci Dünya müharibəsindən bu yana tətbiq olunmamış lend-liza proqramı əsasında silah tədarükünü nəzərdə tutur. Artıq mayın 9-da qanunu ABŞ prezidenti də imzalayıb. Bununla da, Birləşmiş Ştatlar 2 il ərzində Kiyevə standart bürokratik prosedurlar olmadan silah və digər yardımlar göndərə bilər.

Kiyevə tankların, zenit silahlarının, döyüş sursatları, artilleriya, pilotsuz uçuş aparatları və haubitsaların tədarükünün əvvəlki rejimdə davam edəcəyi deyilir. Ukrayna tərəfinin Amerikadan «Abrams» tankları və ya «Bredli» piyadaların döyüş maşınları kimi daha müasir silahlar alacağı da istisna edilmir.

Bununla yanaşı, yardımlar qismən və ya tamamilə təmənnasız da göstərilə bilər. Sözügedən mexanizm İkinci Dünya müharibəsi zamanı ilk dəfə tətbiq olunduqda müttəfiqlər yalnız salamat qalmış və özlərinə saxlamağa qərar verdikləri texnika və silahlara görə ödəniş etmişdilər.

Amerikalı qanunvericilərin fəaliyyətindəki sinxronluğu onların almaniyalı həmkarları da nümayiş etdirib. Elə həmin gün – aprelin 28-də Bundestaq Ukraynaya ağır silahların tədarükünə səs verib. Məlum olduğu kimi, Kiyev Berlindən «Leopard» tankları istəyir. Lakin kansler Olaf Şolts bildirib ki, Amerika və digər müttəfiqlər Ukraynaya Qərb tankları göndərməzsə, Almaniya da bu addımı atmayacaq. Bununla da, Berlin Rusiya-Almaniya əməkdaşlığı fonunda Ukraynaya dəstək məsələsində növbəti dəfə ehtiyatlı davranıb.

Böyük Britaniya isə Ukraynaya hərbi yardımın yeni paketini elan edib. Baş nazir Boris Conson Ukrayna Ali Radası qarşısında mayın 3-də etdiyi çıxışda bildirib ki, London Kiyevə silah tədarükünü davam etdirəcək. Söhbət gəmi əleyhinə raket sistemlərindən, insanların təxliyəsi üçün zirehli maşınlardan, həmçinin 300 milyon funt- sterlinq həcmində yeni hərbi yardımdan gedir.

Ukrayna ordusunun Xarkov yaxınlığında qismən əks-hücum əməliyyatına başlamasına, bəlkə də, bu kütləvi hərbi dəstək imkan verib. Doğrudur, Rusiya mənbələrinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri öz hissələrini Xarkov ətrafından Luqansk istiqamətinə göndərdiyini də bildirir…

 

Hitlerin məsələyə nə dəxli?

Yaşananlar fonunda İsrailin siyasətindəki dönüş son dərəcə gözlənilməz olub. Rusiya ilə aralarında yaranmış fikir ayrılığı fonunda yəhudi dövləti Ukraynaya silah tədarükü perspektivi ilə bağlı detallı müzakirələrə başlayıb. Səbəb Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Hitlerin «yəhudi kökləri» və antisemit-yəhudilər haqda söylədiyi fikirlərdir. Bu, İsrailin kəskin reaksiyasına səbəb olub.

Rusiyanın xarici işlər naziri İtaliyanın «Mediaset» televiziyasına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskini Adolf Hitlerlə müqayisə edib, bildirib ki, 6 milyon yəhudinin məhvinə imza atmış Hitlerin «damarlarında yəhudi qanı axıb».

Bir gün sonra İsrailin baş naziri Naftali Bennet Lavrovun sözlərini «yalan» adlandırıb. O, bildirib ki, rusiyalı nazir bununla İkinci Dünya müharibəsi zamanı yəhudilərin qətliamına görə məsuliyyəti onların özlərinin üzərinə qoymağa çalışıb. Bennet siyasi məqsədlərlə Holokosta istinada son qoyulmasını və İsraildən dərhal üzr istənilməsini də tələb edib.

Əksər müşahidəçilər hesab edir ki, İsrailin baş nazirinin Lavrovun sözlərinə reaksiyası, Rusiya səfirinin İsrail XİN-nə çağırılması Təl-Əvivin Rusiya-Ukrayna qarşıdurmasında neytrallıqdan imtina edəcəyi, Kiyevə açıq dəstək verməyə başlayacağı kimi qiymətləndirilə bilər. Üstəlik, İsrailin Qərbdən olan müttəfiqləri və tərəfdaşları ondan bunu çoxdan xahiş edir.

Lakin Rusiya prezidentinin Lavrovun dediklərinə görə İsraildən şəxsən üzr istəməsi iki ölkə münasibətlərində böhranın dərinləşməsinin qarşısını alıb. «Baş nazir prezident Putinin Lavrovun fikirlərinə görə üzrünü qəbul edib, yəhudi xalqına, Holokost qurbanlarının xatirəsinə münasibətə aydınlıq gətirdiyinə görə Vladimir Putinə təşəkkür edib», - deyə İsrail hökuməti başçısının ofisindən bildiriblər.

Maraqlıdır ki, Kremlin saytında Rusiya prezidentinin qarşı tərəfdən üzr istədiyinə dair məlumata rast gəlinmir.

 

Aİ öz ampluasında

Ukraynada hərbi əməliyyatların davam etməsi fonunda Avropa İttifaqı ritorikasını və məsələyə yanaşmasını sərtləşdirmək qərarına gəlib. Bundan başqa, indi onun rəhbərliyinin davranışında Şərqdən gələn çağırışlara sinə gərilməsi üçün öz hərbi gücünü yaratmaq niyyəti daha aydın görünür. Məsələn, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Florensiyada Avropanın gələcəyinə həsr olunmuş forumdakı çıxışında bildirib ki, Avropa İttifaqı hərbi və enerji sahələrində qərarların qəbulunda iştirak edən vacib geosiyasi oyunçuya çevrilib. Onun sözlərinə görə, Aİ artıq «tənzimləyici» olmaqdan çıxıb. Bu, Brüsselin Avropa ordusunun yaradılması istiqamətində səyləri davam etdirəcəyini göstərir. Bu addımın əsaslı olduğunu göstərmək üçün bildirilir ki, Avropanın məhdud resursları inteqrasiya edilsəydi, daha effektiv olardı. Aİ-nin 26 üzvünün hərbi büdcəsini birləşdirsək (Danimarka Aİ-nin müdafiə siyasətinin reallaşdırılmasında iştirakdan imtina edib), söhbət, təxminən, 200 milyard dollardan (2020) və ya bu ölkələrin ÜDM-in 1,5%-dən gedir.

ABŞ, təxminən, 800 milyard dollar xərcləyib ki, bu da onun ÜDM-in, təxminən, 3,7%-i deməkdir. Avropada bu ideyanın tərəfdarları getdikcə artır və artıq Aİ rəhbərliyində də ideyaya dəstək daha çoxdur.

Bununla paralel, Borrel Rusiyaya qarşı yeni sanksiyalar paketini də elan edib. Lakin Yunanıstan və Maltanın müraciətləri nəticəsində Aİ altıncı sanksiya paketinə dəyişiklik etmək məcburiyyətində qalıb – Rusiya neftinin dəniz vasitəsi ilə daşınmasına qadağa sənəddən çıxarılıb. Aİ-nin tanker donanmasının, təxminən, yarısı bu ölkələrin payına düşür və qeyd olunan sanksiyalar hər iki ölkənin iqtisadi əsaslarını ciddi şəkildə sarsıdardı. «Bloomberg» xəbər verir ki, Aİ-nin bəzi üzvləri Macarıstanı Rusiya neftinə embarqoya razı salmaq mümkün olmasa, bu məsələni təxirə salmağa və sanksiyalar paketinin digər hissəsi istiqamətində müzakirələrə başlamağı təklif edib.

Bütün bunlarla yanaşı, Vaşinqton kimi, Brüssel də dayanmaq niyyətində olmadığını, Ukraynaya dəstəyin Rusiyanın hərbi əməliyyatlardan imtina etməsinədək davam etdiriləcəyini göstərir. Ukrayna tərəfi isə ərazi bütövlüyünü tam bərpa edənədək döyüşmək niyyətində olduğunu bildirir. Amma Moskvada tam qələbə qazananadək dayanmayacaqlarını deyirlər.

Tərəflərin son dərəcə qətiyyətli olduğu, maksimalizm nümayiş etdirdiyi, üstəlik, danışıqların faktiki olaraq «dalana dirəndiyi» indiki şəraitdə, təəssüf ki, Ukraynada tezliklə sülhə nail olacağını gözləmək mümkün deyil.



MƏSLƏHƏT GÖR:

163