Müəllif: Sənan ŞƏFİZADƏ
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub. Yekunda sürpriz baş vermədi. Ağdamın “Qarabağ” klubu bütün rəqiblərini geridə qoyaraq vaxtından əvvəl 9-cu çempionluğunu rəsmiləşdirdi.
Tarixində ilk dəfə UEFA Konfrans Liqasında pley-offa yüksələn “Qarabağ” avrokuboklarla vidalaşandan sonra diqqətini ölkə çempionatına yönəltdi. Əksər oyunlarda aşkar favorit olduğunu sübut etməklə digər klublar üçün əlçatmaza çevrildi. “Neftçi” və “Zirə”nin səylərinə baxmayaraq, “Qarabağ”la mübarizə aparmaq mümkün olmadı.
Cari mövsüm 28 matçda 21 qələbə qazanan “Qarabağ” yalnız bir görüşdə məğlub oldu. Premyer liqa matçlarında 72 qol vuran Ağdam klubunun futbolçuları bombardirlik yarışında da fərqləndi. 12 qol vuran Kadi Borges mövsümün bombardiri seçildi. Ümumi oyun baxımından irəliləyən “Qarabağ” göstərdiyi nəticələrə görə digər klublardan üstün olduğunu sübut etdi. Mütəmadi olaraq avrokuboklarda çıxış edən Qurban Qurbanovun komandası artıq Avropa standartlarına uyğun kollektivə çevrilib. Təəssüf olsun ki, digər təmsilçilərimiz bu istiqamətdə inkişaf etməyib.
“Qarabağ” bu il həm də əsl gücünü göstərmək istəyirdi. Ötən ilin çempionu “Neftçi” cari mövsüm Ağdam klubu ilə rəqabət apara bilmədi. Məhz bunun nəticəsində “Qarabağ” vaxtından əvvəl çempionluğu təmin etdi. Çempionluğun əsas səbəbi stabil oyun, güclü və intizamlı heyət, bacarıqlı məşqçi işi və əsl komanda oyunu oldu. Yay transfer dönəmində heyətini gücləndirəcək “Qarabağ” bu ildə də avrokuboklarda qrup mərhələsinə yüksəlməyə qadirdir. Oyun baxımından Ağdam təmsilçisi Avropanın aparıcı klubları ilə bərabər səviyyədə mübarizə aparacaq gücdədir.
Çempionluqdan sonra “Qarabağ” rəhbərliyi Qurban Qurbanovla yeni müqavilə imzaladı. Yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha 3 il bu komandanın baş məşqçisi olacaq. Qeyd edək ki, o, 2008-ci idən bu komandanı çalışdırır. “Qarabağ” FK bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.
“Qarabağ”ın dəyəri
Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının 9-cu çempionluğu barədə bunları deyib: “Bizim bütün uğurlarımızda elə insanlar var ki, çoxları onları görmür. Bütün sıravi işçilərimizə təşəkkür edirəm. Eyni zamanda rəhbərliyə minnətdaram ki, bütün istəklərimizi yerinə yetirdilər və uğurlarımızın təməlini qoydular. Çox istəyirəm ki, futbolçularım daim döyüşçü, vətənpərvər olsun. Heç vaxt heç bir bölgəmizi ayırmaq istəmirəm, amma bircə Qarabağın yeri başqadır. Bu komandada döyüşçü olmayan şəxs yer ala bilməz. Biz uduza bilərik, çempion olmaya bilərik, amma döyüşmək mütləqdir”.
Qurbanov “Qarabağ” klubunun dəyərli olduğuna əmindir: “Dövlət başçısının bu komandaya diqqəti tam fərqli olub. Ona görə də məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur. Mən futbolçulardan daim döyüşməyi tələb edəcəyəm. Futbolçularımı təbrik edirəm. Təkcə çempionluğa deyil, həm də oyunlarına görə. Necə başladıqsa, elə də bitirdik. Mövsüm ərzində sabit qalmaq önəmli idi. Uğur qazanmaq asan, onu qoruyub-saxlamaq isə çətindir. Bütün diqqətimiz növbəti mövsümə yönəlməlidir. Məşqçi və futbolçu kimi də ilklər həmişə daha çox yaddaqalan olur. Mənim üçün bütün çempionluq dəyərlidir. Bu adı qoruyub saxlamaq çox vacibdir. Belədə qarşıdakı mövsüm daha önəmli olur”.
İkinci və üçüncü...
Bakının “Neftçi” klubu 85-ci mövsümünü gümüş medalla başa vurdu. Samir Abbasovun rəhbərliyi altında 28 matçda 15 qələbə qazanan ağ-qaralar qeyri-stabil oyunla diqqəti cəlb etdi. Mövsüm ərzində məşqçinin futbolçu və azarkeşlərlə baş verən qalmaqalları komandaya təsirsiz ötüşmədi. Ortabab klublarla görüşlərdə xal itirən, əsas rəqibi “Qarabağ”la matçlarda uduzan “Neftçi” yekunda ikinci yerlə kifayətlənməli oldu.
Üçüncü yer uğrunda mübarizə əsasən “Zirə”, “Qəbələ” və “Sabah” arasında oldu. Qışa qədər əksər oyunlarda uduzan “Sabah” yalnız Murad Musayev baş məşqçi olandan sonra müsbət istiqamətdə dəyişdi. Qışda komandanın sükanı arxasına keçən Musayev “Sabah”ın simasını dəyişdi və klub əsl komanda oyunu nümayiş etdirdi. İnadkar və əzmkar oyuna baxmayaraq, paytaxt klubu avrokuboklara vəsiqə qazana bilmədi.
Aşağı büdcə ilə xarüqələr yaradan “Qəbələ” medalçılar sırasına düşə bilməsə də, əsas məqsədinə çatdı. Region təmsilçisi növbəti dəfə UEFA Konfrans Liqasına vəsiqə qazandı. Bu uğurda isə baş məşqçi Elmar Baxşıyevin inadkarlığı və futbolçuların əzmkarlığı xüsusi rol oynadı.
Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” bürünc medala layiq görüldü. Bu həm də Rəşad Sadıqovun məşqçi kimi ilk mükafatı oldu. Liderlərlə bərabər səviyyədə yarışan “Zirə” həm də Azərbaycan Kubokunda finala qədər irəlilədi.
Çempionatın ən zəif klubları “Şamaxı” və “Sumqayıt” oldu. Premyer liqa səviyyəsinə uyğun olmayan kollektivlər ancaq rəqibləri sevindirməklə məşğul oldu. Son pillələrdə qərarlaşmalarına baxmayaraq, hər iki klub yeni mövsümdə də yüksək liqada yarışacaq. AFFA-nın qərarına əsasən, yeni mövsümdə premyer liqada 10 klub iştirak edəcək. Bu klublara Gəncənin “Kəpəz” və Tovuzun “Turan Tovuz” klubları qoşulacaq.
Beləliklə, 2021-2022 mövsümünün yekun nəticəsinə əsasən “Qarabağ” Çempionlar Liqası, “Neftçi”, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasında iştirak edəcək. Avrokuboklarda püşkatma mərasimi iyunun 14-də keçiriləcək. İlk oyunlar iyulda başlayacaq.
MƏSLƏHƏT GÖR: