24 Dekabr 2024

Çərşənbə axşamı, 22:57

BAZARDA İSTİFADƏ OLUNMAMIŞ İMKANLAR

Qlobal tekstil bazarındakı böhran Azərbaycanda bu sektorun inkişafına səbəb ola bilər

Müəllif:

01.06.2022

Dünya Bankının “Əmtəə bazarının perspektivləri” adlı yeni hesabatının nəticələri dünya üçün yaxşı heç nə vəd etmir. Enerji və ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi ilə yanaşı, digər əmtəə qruplarının da qiymət artımına hazırlaşmalıyıq. Yeri gəlmişkən, Dünya Bankının analitikləri hesab edirlər ki, Ukraynadakı müharibə əmtəə bazarlarına ciddi zərbə vurub, qlobal ticarət, istehsal və istehlak modellərini dəyişib. Onların sözlərinə görə, nəticədə qiymətlər 2024-cü ilin sonuna qədər tarixin ən yüksək səviyyəsində qalacaq.

Qeyd edək ki, yaxın aylarda bahalaşacaq məhsullar arasında pambıq və tekstil məhsulları da var. Odur ki, müxtəlif dövlətlər bu qrup məhsullar üçün ehtiyatların toplanması haqda düşünməlidir.

Bu arada, son bir neçə ildə Azərbaycanda aqrar sahədə islahatların əsas istiqamətlərindən biri məhz pambıqçılığın inkişafıdır. Bəs Azərbaycan daha irəliyə gedə, yəni özünü təkcə xammalla deyil, həm də hazır tekstil məhsulları ilə təmin edə bilərmi?

 

Təchizat böhranı

Dünya Bankının ekspertləri 2022-ci ildə pambığın qiymətlərinin, demək olar ki, 40% artacağını gözləyir. Onların proqnozlarına görə, amma daha sonra hava şəraiti nəticəsində yaranan problemlər azaldıqca 2023-cü ildə qiymətlər 6% düşəcək. Hesabatda pambığın bahalaşmasına təsir edən bir çox amillər qeyd olunur. Müxtəlif dövlətlərdə, xüsusilə Çində lokdaundan sonra tələbatın artması misal göstərilir. Bu məqamda qeyd edək ki, hazırda dünyada ən böyük pambıq ixracatçıları Braziliya və ABŞ-dır. Onların hər birinin ixracatdakı payı, təxminən, 20%-dir. Dünyada pampıq istehsalı isə düz 8,4% artacaq.

Dünya Bankının hesabatı göstərir ki, pambığın qiymətinin yüksəlməsi tendensiyası davam edir. Xatırladaq ki, qiymət artımı tendensiyası 2020-ci ilin mayın əvvəllərindən başlayıb və 2022-ci ilin martında son 11 ilin ən yüksək səviyyəsinə çatıb. Bu mövsüm üçün qlobal tələbatın orta hesabla 26,2 milyon ton olacağı gözlənilir. Bu, 2020-2021-ci illərin göstəriciləri ilə müqayisədə 2% çoxdur.

Bu arada, Ukraynadakı müharibə səbəbindən Rusiyanın tekstil məhsulları istehsalçıları praktiki olaraq xammaldan məhrum olublar. Belə ki, idxalın 85%-i sanksiyalara görə ölkəyə tədarük edilmir. Bu çatışmazlıq Rusiyada təkrar emal olunmuş tekstil məmulatlarının qiymətlərinin üç dəfə artmasına səbəb olub. Bazar iştirakçılarının fikrincə, indi Rusiyada makulatura toplama sistemininə bənzəyən köhnə paltarların toplanılmasını 7 dəfə artırmaq lazımdır. Lakin bunun üçün uzun illər lazım olacaq.

Əlverişsiz bazar konyunkturu, şübhəsiz ki, xammal idxal edən, ondan tekstil məmulatları və hazır məhsullar istehsal edən ölkələrə təsir edəcək. Digər tərəfdən pambıq yetişdirilən ölkələrdə tekstil sənayesinin inkişafı üçün böyük perspektivlər var. Bu məqamda qeyd edək ki, iplik və parça istehsalı son əmtəə məhsulunun əlavə dəyərinin, təxminən, 80%-ni, pambıq lifinin istehsalı isə təxminən, 10%-ni təşkil edir. İpliyin parçadan, hətta iplikdən olan hazır məhsulun parçadan daha ucuz olduğunu başa düşmək üçün mütəxəssis olmaq lazım deyil.

Təəssüf ki, Azərbaycanda ixracatda əsas pay xam pambığa, qismən ipliyə və yalnız dörddə birindən az hissəsi hazır məhsula düşür. Dünyada pambığa olan tələbat nəzərə alınaraq, ölkədən xammal tədarükü xeyli artıb. Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı” hesabatında qeyd edilib ki, 2021-ci il ərzində Azərbaycan 208 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edib (2020-ci illə müqayisədə 57,7% çox). 2022-ci ilin birinci rübündə bu göstərici 72,2 milyon dollar olub. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci, 2019-cu ildə isə dördüncü idi.

Digər tərəfdən Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-aprel aylarında yerli tekstil sənayesində məhsul istehsalı 11,2% azalıb. Hesabat dövründə geyim istehsalı 55,4% artıb. Lakin söhbət əsasən idxal olunan iplikdən (Çin, Türkiyə, Ukrayna) hazırlanan geyimlərdən gedir.

 

Xammaldan hazır məhsula

Azərbaycan Prezidenti İlham Əliyev son illərdə keçirilmiş müxtəlif tədbirlərdə emal məhsullarının payının artırılmasının, pambıq ipliyi, parçalar, hazır tekstil və tikiş məmulatlarının ixracının vacibliyini dəfələrlə qeyd edib.

Sözsüz, son on ildə bu istiqamətdə müəyyən irəliləyişlər əldə olunub. Azərbaycanda texnoparklara və sənaye məhəllələrinə investorların cəlb edilməsi ilə sənaye bazası formalaşdırılır. Bu addımlar Sumqayıt, Mingəçevir, Bakı və respublikanın digər şəhərlərində toxuculuq və tikiş müəssisələrinin yaradılmasına imkan yaradıb. Məsələn, Mingəçevir Sənaye Parkında 2018-ci ildən vergi və gömrük güzəştləri əsasında tekstil istehsalına başlanılıb.

Yeri gəlmişkən, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının vitse-prezidenti Səkinə Babayeva bu il artıq xarici mənfi amillər nəzərə alınaraq, tələbatın tez bir zamanda ödənilməsi üçün xammal ehtiyatlarının artırılmasını, istehsal həcminin genişləndirilməsini zəruri hesab edir: “Yevlax, Goranboy və Bərdədə böyük miqdarda pambıq yetişdirilir. Buna görə də xammalı uzaq ölkələrdən gətirməyə ehtiyac yoxdur. Bir çox mütəxəssis uzun zamandır ki, tam istehsal dövrünün qurulmasının zəruriliyindən danışır. Bunun üçün Qarabağda hər cür imkan olacaq. Eyni zamanda mürəkkəb məhsullar hazırlanmasa da olar. Parça, həmçinin sadə və tələbatın olduğu məhsulların – corablar, köynəklər, yataq dəstləri və sair istehsalına üstünlük verilərsə, daha yaxşı olar”.

Onun sözlərinə görə, azərbaycanlı tekstilçilər xammalı Mərkəzi Asiyadan, xüsusən də Özbəkistandan tədarük edə bilərlər: “Bu, nəinki daxili bazarın tələbatının ödənənilməsinə, həm də hazır məhsul ixracına imkan verəcək. Üstəlik, bu vəziyyət yeni bazarların açılması üçün yaxşı imkan yarada bilər”.

S.Babayeva əmin edib ki, Azərbaycan tekstil emalçılarının Rusiyadan asılılığı o qədər də yüksək deyil. Onun sözlərinə görə, bundan başqa, Rusiya Azərbaycan məhsullarının alıcısına çevrilə bilər və müəssisələr bu tələbatı ödəməyə çalışmalıdır: “Bunun üçün isə emal müəssisələrinin sayını artırmaq lazımdır. Əgər belə müəssisələrin gücü böyük istehsala çatmasa, biz yerli pambığı qonşu ölkələrdə emal etməliyik. Böyük Rusiya bazarına sahib olmaq üçün Türkiyə ilə gücümüzü birləşdirməli, logistik problemləri həll etməli və məhsulların ixracını həyata keçirməliyik”.

Azərbaycan neft ölkəsi olduğu üçün sintetik sapların istehsalına başlaya bilər. S.Babayeva hesab edir ki, Azərbaycan istehsalçılarının bazardakı bu yeri əldə etməsi üçün yaxşı imkanları var.

Bu arada, TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk bildirib ki, ilkin mərhələdə Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tekstil fabriklərinin tikintisinə 50 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev isə əmindir ki, Qarabağda yüngül sənayenin inkişafının yaxşı perspektivləri var. Azad edilmiş ərazilərdə 10 minə qədər iş yeri yaradıla bilər. Onun fikrincə, bu bölgədə nəinki pambıq parça, hətta ipəkçiliyi bərpa edərək ipək belə istehsal etmək mümkündür.

N.Ağayev qeyd edib ki, yüngül sənaye yüksək texnologiyalı məhsullardan fərqli olaraq, qısa müddətdə gəlir gətirmək iqtidarındadır: “Biz Türkiyə təcrübəsini mənimsəməliyik, çünki onun yüngül sənaye sahəsi dünyada aparıcı yerlərdən birini tutur”.

Yeri gəlmişkən, türkiyəli mütəxəssislərin təcrübəsini mənimsəyən Azərbaycan isə öz növbəsində Türkiyə tekstil sənayesinə xammalla təminat məsələsində yardım göstərə bilər. Əlbəttə, bizdə bu qədər xammal istehsal edilmir. Lakin Türkmənistan və Özbəkistandan Türkiyəyə xammalın çatdırılmasını logistik baxımdan təmin edə bilərik. Qeyd edək ki, sadalanan iki ölkə son illərdə yüksək texnologiyalardan istifadə etməklə zavod və fabriklərində Türkiyə brendləri üçün xammal rolunu oynaya biləcək iplik və parçalar istehsal edir.

Bir sözlə, tekstil sənayesində boşalan yerləri tutmağımız üçün bir çox variant var. Odur ki, indi böhranı fürsətə çevirməyin vaxtı çatıb.



MƏSLƏHƏT GÖR:

155