24 Dekabr 2024

Çərşənbə axşamı, 23:01

ENERJİ İLƏ BAĞLI FİKİR AYRILIĞI

Qlobal yanacaq bazarında vəziyyətin sürətlə dəyişməsi həm ixracatçıları, həm də alıcıları qeyri-standart qərarlar qəbul etməyə vadar edir.

Müəllif:

01.06.2022

Bu gün böyük dövlətlər müxtəlif beynəlxalq arenalarda Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı sanksiyaları üzündən qlobal iqtisadiyyatı hansı nəticələrin gözləcəyini müzakirə edirlər. Bu müharibə faktiki olaraq Rusiyanın “Şimal axını-2” layihəsinin həyata keçirilməsinə son qoyub. İndisə gündəmin əsas mövzusu Avropa İttifaqının (Aİ) Rusiyadan neft və qaz idxalından imtina etməsidir. Aİ-nin aparıcı dövlətləri bunu mümkün qədər tez həyata keçirməklə bağlı tez-tez bəyanatlar səsləndirsələr də, hazırda Avropa İttifaqı bu məsələ ilə bağlı yekdil mövqeyə malik deyil. Odur ki, Rusiyanın enerjidaşıyıcılarından tam və qəti şəkildə imtina etməklə bağlı qərarın qəbul edilməsi çətin olacaq.

Digər tərəfdən Moskva hesab edir ki, “Şimal axını-2” layihəsinə uzaq gələcəkdə olsa da tələbat olacaq. Bununla o, Avropa bazarında enerji resurslarının əvəz edilə bilməyəcəyinə işarə edir. Üstəlik, Rusiya hökuməti vurğulayır ki, Brüssel “Şimal axını-2” layihəsinə qayıtmaq istəsə, bu kəmərlə Avropaya qaz nəqli 2028-ci ildən tez mümkün olmayacaq. Amma avropalılar Rusiyanın qaz asılılığından qurtula bilsələr, “Şimal axını-2” layihəsinin perspektivi, yumşaq desək, parlaq görünmür.

 

Davos müzakirələri

Eyni zamanda Aİ ölkələri Rusiya neftinə mərhələli şəkildə embarqo tətbiq edilməsini müzakirə edirlər. Amma Macarıstanın mövqeyi üzündən bu məsələ hələ də havadan asılı vəziyyətdədir. Doğrudur, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel əmindir ki, təşkilata daxil olan ölkələr Aİ liderlərinin mayın 30-31-də keçirilməsi planlaşdırılan sammitinə qədər Rusiyaya qarşı neft embarqosu ilə bağlı konsensus əldə edə biləcəklər: “Mən hələ də əminəm ki, bu problemi Aİ Şurasının sammitinə qədər həll edəcəyik. Bunun üçün dialoqa, xeyli siyasi səyə ehtiyac duyulur. Biz birliyi qorumaq, həmçinin qərarlar qəbul etmək üçün çox çalışırıq”, - deyə Mişel mayın 25-də mətbuat konfransında bildirib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə ABŞ-ın MSNBC telekanalına müsahibəsində vurğulayıb ki, Rusiyadan neft tədarükünə embarqo qoyulması məsələsində Avropa öz iqtisadiyyatına zərər verməməsi üçün strateji düşünməli və balansı qorumalıdır.

Onun sözlərinə görə, gələcəkdə Avropa Rusiyanın enerjidaşıyıcılarından tamamilə imtina edəcək və bundan sonra onun enerji resurslarını heç vaxt almayacaq.

Yeri gəlmişkən, hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində dünyanın siyasi və biznes elitasının görüşlərində müzakirələr davam edib. Forumun açılışını edən Ukrayna Prezidenti Volodimir Zelenski yenidən dünya liderlərinin diqqətini Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi və Rusiyadan karbohidrogenlərin ixracına embarqo qoyulmasının vacibliyinə yönəldib.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol öz növbəsində qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən beynəlxalq ictimaiyyətin enerji resurslarını şaxələndirmək istəyi başadüşüləndir, lakin qlobal miqyasda təmiz enerjinin və enerji səmərəliliyinin əhəmiyyətini unutmaq olmaz: “Başa düşürəm ki, bu vəziyyətə ilk reaksiyamız əlavə neft və təbii qazın təchizatını təmin etməkdir. Lakin bu reaksiya yaxın illərdə yer altından çıxarılan yanacaq infrastrukturuna əsaslanmamalıdır”.

Eyni zamanda Beynəlxalq Enerji Agentliyinin rəhbəri ehtiyat edir ki, Ukraynadakı müharibə yer altından çıxarılan yanacaqlara genişmiqyaslı investisiyaların qoyulması üçün bəhanə kimi istifadə edilə bilər: “Əgər belə ssenari reallaşarsa, gələcək iqlim nailiyyətləri ilə bağlı yol həmişəlik bağlana bilər”.

Rusiyaya qarşı qaz embarqosunun mümkünlüyündən bəhs edən F.Birol bildirib ki, bütün tədarükləri cəmi bir günə dayandırmaq çox çətin olacaq. Digər tərəfdən bu idxalın əhəmiyyətli dərəcədə azaldılması və onun mayeləşdirilmiş qazla əvəz edilməsi ilə bağlı planlar var.

“Əgər Rusiyadan qaz təchizatı hər il azaldılarsa, o, mayeləşdirilmiş qaz, bərpaolunan enerji, bəzi ölkələrdə isə atom enerjisi və enerji səmərəliliyi isə əvəz edilərsə, nəticədə, Avropa Rusiyadan qaz tədarükünün həcmini azaldacaq. Çünki Rusiya etibarlı enerji tərəfdaşı kimi inamı tamamilə itirib”, - deyə F.Birol qeyd edib.

Rusiyanın enerji resurslarından asılılığı azaltmaq üçün avropalılara evlərindəki tənzimləyicilərdə temperaturun aşağı salınmasını tövsiyə edən Beynəlxalq Enerji Agentliyinin rəhbəri Almaniya daxil olmaqla, Avropada qışın kifayət qədər çətin keçəcəyini vurğulayıb: “Apardığımız təhlillərdən biri göstərir ki, əgər biz termostatda temperaturu iki dərəcə aşağı salsaq, bu, 20 milyard kubmetr qaza qənaət etməyə kifayət edəcək. Bu, “Şimal axını-1” kəməri vasitəsilə nəql edilən qazın həcminə bərabərdir”.

Ədalət naminə qeyd etmək lazımdır ki, Rusiya-Almaniya təbii qaz kəmərinin – “Şimal axını-1” layihəsinin real gücü Beynəlxalq Enerji Agentliyinin rəhbərinin açıqladığı göstəricidən düz 3 dəfə çoxdur. Məsələn, rəsmi məlumatlara əsasən, təkcə 2020-2021-ci illərdə bu marşrutla Rusiyadan Almaniyaya 59 milyard kubmetrdən çox qaz ixrac edilib. Doğrudur, Rusiyadan tədarükün hətta üçdə birədək azaldılması belə Moskva üçün çox ağrılı proses ola bilər. Amma avropalı istehlakçılar, çətin ki, F.Birolun tövsiyələrinə əməl edərək müqavilə öhdəliklərini pozmaq istəyərlər.

Bu arada, Rusiya hökuməti əmindir ki, Avropa üçün Rusiya qazından imtina etmək o qədər də asan deyil, çünki bu, Avropanın ümumi istehlakının 40%-ni əhatə edir. Bundan əlavə, “Şimal axını-2”nin taleyindən danışan Rusiya hökumətinin baş nazirinin müavini Aleksandr Novak bu layihəyə Avropa bazarında tələbatın olacağına əminliyini bildirib: “Siyasi səbəblər üzündən layihə hələlik dondurulub. Amma inanıram ki, gələcəkdə bu layihəyə tələbat olacaq. O, texnoloji cəhətdən kifayət qədər qabaqcıl layihədir. Üstəlik, digər layihələrlə müqayisədə onun rəqabətədavamlılığı şübhə doğurmur. Odur ki, ona tələbatın olacağına əminəm”.

Baş nazirin müavini həmçinin qeyd edib ki, Ağ Evin yeni administrasiyası “yaşıl” enerjinin inkişafını dəstəklədiyi üçün investorlar ABŞ-da neft-qaz layihələrinin inkişafına sərmayə qoymaqdan çəkinirlər.

 

Hasilata investisiya

İndiki şəraitdə qlobal miqyasda neft-qaz layihələrinə investisiya qoyuluşu kifayət qədər ciddi məsələdir. Bu gün bərpa olunan enerji mənbələrinə dövlət səviyyəsində dəstək verən, hətta karbohidrogenləri enerji və nəqliyyat sahələrindən belə sıxışdıran bir sıra ölkələrin enerji siyasətinə görə investorlar yer altından çıxarılan enerji resurslarına sərmayə qoymaq istəmirlər.

Bu məsələni Davosda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da qaldırıb. O, ölkədə böyük həcmdə karbohidrogen ehtiyatlarının olduğuna işarə edib: “Azərbaycandan enerji resurslarının təchizatını artırmağı istəyirlər. Biz bazara tədarükü artırmaqdan məmnunuq. Lakin son bir neçə ildə maliyyə institutlarının təbii qaz daxil olmaqla, yer altından çıxarılan yanacaqla bağlı siyasətini dəyişdirməsi səbəbindən bu sektora investisiyalar kifayət qədər olmayıb”.

Nazir bəyan edib ki, Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları var: “... Bizdə nəql olunmayan qaz həcmləri varmı? Bəli, var”.

Beləliklə, Azərbaycanda əlavə enerji resursları ehtiyatı var. Amma bu məqamda aşkar edilmiş bir sıra yataqların kommersiya istismarına verilməsinin 2025-2026-cı illərdən tez planlaşdırılmadığını nəzərə almaq lazımdır. Bundan əlavə, Xəzər dənizinin Azərbaycan sektorunda kəşfiyyat-qazma işləri hesabına resurs bazasının artırılması üzrə işlər davam etdirilir.

Qeyd edək ki, hazırda Azərbaycan qazının ixracı konkret həcmlərin göstərildiyi mövcud müqavilələr çərçivəsində həyata keçirilir. Avropada qaz böhranını nəzərə alsaq, bir sıra Avropa ölkələrinin qaz təchizatını artırmaq üçün Azərbaycana müraciət etməsi təəccüblü deyil. Lakin bu məsələdə təkcə istəmək kifayət etmir. Axı, bu məsələnin praktiki həyata keçirilməsi üçün yeni müqavilələrin bağlanması və yeni quyuların qazılması hesabına hasilatın artırılması tələb olunur. Üstəlik, qaz itkilərinin aradan qaldırılması üçün qaz nəqli infrastrukturunun optimallaşdırılmasına və təbii ki, kəmərlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə sərmayə qoyuluşuna ehtiyac duyulur.

Bu gün Avropa alternativ mənbələr hesabına Rusiyadan qaz asılılığını mümkün qədər tez zamanda azaltmaq istəyir. Bundan əlavə, avropalıların təbii qaza yanaşması dəyişib. Belə ki, Avropa “mavi yanacaq” sahəsini müvəqqəti olaraq investorlar üçün ekoloji cəhətdən dayanıqlı fəaliyyət növünə aid edib. Odur ki, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın investorları təbii qazla bağlı layihələrə cəlb etməsi üçün problem yaranmayacaq.

Üstəlik, Bakının bu sahə ilə bağlı böyük planları var. Məsələn, o, təbii qazdan hidrogenin istehsalı, mövcud ixrac marşrutlarından isə Avropaya  

hidrogen qarışığının tədarükünü həyata keçirmək üçün istifadə etməyə hazırdır.

 

Məhsuldar enerji dialoqu

“Ukraynadakı müharibə öz enerji resursları mənbələrini şaxələndirmək üçün Avropaya bir xəbərdarlıq idi. Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və özünün yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir”, - deyə Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair həsr edilmiş mətbuat konfransında bildirib.

Yeri gəlmişkən, Litva Aİ ölkələri arasında Rusiya nefti, qazı və elektrik enerjisindən tamamilə imtina edən ilk dövlət olub. Odur ki, o, nə vaxtsa ölkəyə Azərbaycan qazının nəql ediləcəyini gözləyir.

G.Nausedanın fikrincə, bu, Litvanı və Baltikyanı ölkələri Avropa qaz şəbəkəsi ilə birləşdirən yeni qaz kəməri, Litvanın mayeləşdirilmiş qaz terminalının gücü, Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən qaz kəmərləri və hər iki tərəfin əməkdaşlığı dərinləşdirməklə bağlı məqsədləri hesabına mümkün olacaq.

Ümumiyyətlə, Aİ yeni qaz tədarükçüləri tapmaq və mayeləşdirilmiş qazın alış həcmini artırmaqla yanaşı, enerji sektorunda bərpa olunan enerjinin payını iki dəfə artıraraq 45%-ə çatdırmağı və enerji resurslarının istehlakını 2%-dək azaltmağı planlaşdırır. Aİ 2030-cu ilə qədər enerji resurslarının istehlakını 13%-dək azaltmağı düşünür.

Yaşıl enerjiyə keçidi sürətləndirmək üçün Avropa Komissiyası 2025-ci ildən bütün ofis və ictimai binaları, 2029-cu ildən isə yeni yaşayış binaları üçün günəş panellərinin məcburi olmasını təklif edir. Üstəlik, qaz boylerləri tez bir zamanda istilik nasosları ilə əvəz olunacaq, quruda və dənizdə isə külək turbinlərinin inşası sürətləndirilmiş proqram çərçivəsində həyata keçiriləcək.

Beləliklə, Brüsselin enerji resursları mənbələrini şaxələndirmək niyyətini nəzərə alsaq, yaxın gələcəkdə Aİ-nin Azərbaycanla enerji əməkdaşlığını genişləndirəcəyini və yer altından çıxarılan yanacaqla bağlı mövcud tədarüklər çərçivəsindən çıxacağını gözləmək olar. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Litva biznes forumunda çıxışı da göstərir. Dövlət başçısı bəyan edib ki, bu il Azərbaycan Avropa İttifaqı ilə enerji dialoquna başlayıb və o, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir.

“Bizim aramızda tam anlaşma var və biz böyük həvəslə çalışırıq, çünki bu halda hər bir tərəf udur. Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir”, - deyə İ.Əliyev bəyan edib.

Bundan əlavə, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı planlarına düzəlişlər etmək və 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bu sektorun payını azı 30%-ə, ən yaxşı halda isə 40%-ə çatdırmaq niyyətindədir.

“Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Biz bunun üzərində işləyirik”, - deyə Azərbaycanın dövlət başçısı qeyd edib.

Bir sözlə, Azərbaycanla Aİ arasında əlaqələrin dərinləşməsi hər iki tərəfin maraqlarına cavab verir. Onların bir-birinə təklif edəcəyi nəsə var. Odur ki, hər iki tərəf bu imkanları reallığa çevirməyə borcludur.



MƏSLƏHƏT GÖR:

154