24 Noyabr 2024

Bazar, 18:10

QARDAŞLIQ BİRLİYİNİN NÜMAYİŞİ

Azərbaycan və Türkiyə hərtərəfli strateji müttəfiqliyi genişləndirir

Müəllif:

01.06.2022

Mayın 26-29-da Bakıda keçirilən “TEKNOFEST-2022” aerokosmik və texnologiya festivalı Azərbaycanla Türkiyə arasında dostluğu, qardaşlığı, strateji müttəfiqliyi növbəti dəfə nümayiş etdirib. Üstəlik, bu hadisə həm də regionda keyfiyyətcə yeni geosiyasi reallıqların bərqərar olması və postmünaqişə dövründə sülhün yaranması baxımından göstəricidir. Bu məsələni qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, onun dünya iqtisadi sisteminə inteqrasiyası kontekstində nəzərdən keçirməyə dəyər. Bu, Azərbaycanda həyata keçirilən islahatların ən mühüm məqsədlərindəndir.

 

“Bir millət, iki dövlət, tək festival”

“TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin, həmçinin “Baykar Makina” şirkətinin təşəbbüsü ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə təşkil edilib. Qeyd edək ki, bu festivalla Türkiyənin 60-dan çox dövlət qurumu, universiteti və özəl şirkətləri əməkdaşlıq edir. Onun bu il Azərbaycanda təşkil olunması, şübhəsiz ki, böyük siyasi əhəmiyyət kəsb edir. Festivalın əsas gününün 28 May – Azərbaycanın Müstəqillik Gününün qeyd olunduğu gün ilə rəmzi olaraq üst-üstə düşməsini nəzərə almaq lazımdır.

Təsadüfi deyil ki, həmin gün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin nümayəndə heyətinin ziyarət etdiyi festivalda Azərbaycanın dövlət başçısı İlham Əliyev çıxışında xatırladıb ki, “yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir”.

Azərbaycanın müstəqil şəraitində inkişafı, dövlət potensialının və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi prosesində qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu danılmaz faktı nəzərə alan Prezident İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığını “xalqlarımız üçün əsas yol istiqaməti”, hazırkı “TEKNOFEST”i isə “bizim birliyimizin növbəti nümayişi” kimi qiymətləndirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə festivalda çıxışı zamanı xüsusilə vurğulayıb ki, iki qardaş dövlət arasında diplomatik münasibətlər 30 il əvvəl qurulsa da, onların taleyinin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır: “1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”.

R.T.Ərdoğan əlavə edib ki, “ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk”.

Azərbaycan və Türkiyənin ortaq tarixi yolu və milli maraqları kontekstində 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı Qarabağın işğaldan azad edilməsi əvəzsiz əhəmiyyətə malik olub. Türkiyə lideri Ərdoğan bu məsələyə xüsusi diqqət yönəldib: “Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Əziz qardaşım, müzəffər Ali Baş Komandan cənab Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ otuz il sonra əsarətdən qurtulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. Bu məqam çox həssasdır, 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir. Bu prosesdə Azərbaycan ilə paylaşdığımız müdafiə sənayesi məhsullarımızın uğuruna bütün dünya şahid olmuşdur”.

Prezidenti İlham Əliyev isə Azərbaycan xalqının qardaş türk xalqına minnətdarlığını bildirərək vurğulayıb ki, “Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

Beləliklə, “TEKNOFEST-2022” festivalının Bakıda keçirilməsi Azərbaycanla Türkiyə arasında 2021-ci il iyunun 15-də İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilmiş müttəfiqlik əlaqələrinin durmadan möhkəmlənməsini təsdiqləyib. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, ilk növbədə, ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın inkişafında təzahür edir. Bu, praktiki olaraq birgə müdafiə sənayesinin formalaşdırılması səviyyəsinə çatdırılıb. Bunu “TEKNOFEST-2022” festivalı təsdiq edir. Bu prosesin məntiqi inkişafı Azərbaycanda daim genişlənən, fasiləsiz rejimdə davam edən ordu quruculuğuna da uyğun gəlir. Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu Türkiyə ordusunun kiçik modelinin formalaşdırılmasına istiqamətlənib.

Bu sahədə həyata keçirilən müxtəlif layihələr iki qardaş ölkənin strateji müttəfiqliyinin gücləndirilməsi istiqamətində səylərinə cavab verir. Üstəlik, Türkiyə dövlət başçısının vurğuladığı kimi, “milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik”.

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar isə “TEKNOFEST-2022” festivalını “müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı əldə rəhbər tutan bir ruh” kimi xarakterizə edib: “Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir”.

Beləliklə, “TEKNOFEST” festivalının keçirilməsinin prioritet məqsəd və dəyəri təkcə Türkiyənin fövqəldövlətə çevrilmək meyilləri konteksində nəzərdən keçirməməlidir. “TEKNOFEST” həm də Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi, iki dövlətin XXI əsrin çağırışlarına cavab verən texnoloji sıçrayışın əldə edilməsi və bu sahədə inkişafı baxımından nəzərdən keçirilməlidir.

Üstəlik, yaxın perspektivdə bu məqsədlər bütün türk dünyasında siyasi və iqtisadi qarşılıqlı əlaqələri, Türk Dövlətləri Təşkilatının fəaliyyətini əhatə etməlidir. “TEKNOFEST” festivalında bununla bağlı da mühüm ismarıclar verilib.   

 

Texnoloji sıçrayışın nüansları  

“TEKNOFEST” festivalının məqsədi aerokosmik sənayenin və rəqəmsal iqtisadiyyatın imkanlarının populyarlaşdırması, bu sahədə sahibkarlığın dəstəklənməsi, müsabiqələr vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının müəyyən edilməsi və texnoloji imkanların geniş ictimaiyyətə nümayiş olunmasıdır.

Xatırladaq ki, Azərbaycan startapları ötən il ilk dəfə bu beynəlxalq forumda iştirak etmişdi. O vaxt növbəti, yəni sayca beşinci festivalın ölkəmizdə keçirilməsinə qərar verilmişdi. Bakıda keçirilən tədbirin təşkilatlatçıları “Türkiye Teknoloji Takımı”nın dəstəyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin mütəxəssisləri, “TEKNOFEST”in “prodakşn” ofisi və sair olub. 

Baku Crystal Hall və Dənizkənarı bulvarda keçirilən “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalı son illərin ən əlamətdar hadisələrindən biri kimi yadda qalacaq. Festivalda möhtəşəm şou proqramlar keçirilib, startapçılar isə müsabiqələrdə ən müasir informasiya texnologiyaları, yüksək texnologiyalı qacetləri və mürəkkəb rəqəmsal həlləri nümayiş etdiriblər.  

Texnologiya bayramının bütün günlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin, “Türk Ulduzları” və “Solotürk” qruplarının pilotları nümunəvi uçuşlar, akrobatik hərəkətlər həyata keçiriblər. Xəzər dənizinin sahilində isə “Bayraktar Akıncı” və “Bayraktar TB2” pilotsuz uçuş aparatları daxil olmaqla, təyyarələr, helikopterlər, zirehli texnikalar, dronlar nümayiş olunub. Bundan əlavə, Türkiyənin və Azərbaycanın güc, müdafiə və texnologiya qurumları çoxsaylı stendlərdə təmsil olunub. Buraya Türkiyənin müdafiə şirkətləri ASELSAN, “Baykar”, HAVELSAN, ROKETSAN, STM, TEI, Türkiyə Kosmik Agentliyi də daxildir.

Festivalda müxtəlif dissiplinlər üzrə nümayişlər, müsabiqələr və yarışlar keçirilib. Məsələn, “Baku Skills”, Sosialyönümlü texnologiyalar”, “Pilotsuz uçuş aparatları”, “Sailplaner”, “Aqrar texnologiyalar”, “CanSet”, “Robotexnika”, “Smart Karabağ Hakatonu” adlı müsabiqələr təşkil olunub.

Bundan başqa, “TEKNOFEST Azərbaycan” çərçivəsində xarici texnologiya şirkətləri, investorlar və vençur fondlarının iştirak etdiyi “Take Off Baku” beynəlxalq startap sammiti keçirilib. Tədbirdə iştirak etmək üçün Türkiyə, Pakistan, ABŞ, Argentina, Estoniya, İordaniya, Misir daxil olmaqla, ümumilikdə 32 ölkədən 287 startap müraciət edib. İştirakçıların üçdə birindən çoxu isə Azərbaycan startapları idi. Startapların fəaliyyəti təhsil, maliyyə texnologiyaları, səhiyyə, nəqliyyat və logistika, təhlükəsizlik, əyləncə, “Ağıllı şəhər” və “Media & Ads” kateqoriyaları və s. kimi sahələri əhatə edib.

“TEKNOFEST Azərbaycan” festivalının ən əlamətdar hadisələrindən biri kiberidman üzrə Avropa Çempionatının keçirilməsi olub. Söhbət gənclər arasında populyar olan “Rocket League” üzrə videooyun üzrə çempionatdan gedir.

Tədbirin sərgi hissəsində Türkiyə və Azərbaycan startap və texnologiya şirkətlərinin məhsul və həlləri, tələbələrin hazırladığı prototiplər və STEAM layihələr təqdim olunub. Bundan əlavə, müxtəlif attraksionlar, şou proqramlar keçirilib, sərgiyə gələnlər aviasimulyatorlar, robotlar və sair ilə tanış olublar. Azərbaycan startaplarına həsr olunmuş stenddə kənd təsərrüfatı və “ağıllı kənd”lər üçün qurğu və həllər, smart işıqlandırma, dronlar, logistika üçün “ağıllı poçt qutuları”, 3D printer və proqram təminatı və sair nümayiş etdirilib.

Bu arada, Azərbaycan startap ekosistemin inkişafına yaxın dövrdə başlayıb. Odur ki, o, hay-tek həllərin və proqram təminatının maliyyələşdirilməsi ilə bağlı az təcrübəyə malikdir. Son vaxtlara qədər ölkədə yüksək texnologiyalı layihələr daha çox təcrübə, təhqiqat məqsədilə həyata keçirilirdi. Üstəlik, belə layihələr əsasən dövlət dəstəyi və beynəlxalq donor qrantları çərçivəsində reallaşdırılırdı. Yalnız yaxın vaxtlarda yerli startaplar beynəlxalq satıcılardan dəstək axtarmağa başlayıb. Onlar hələ indi Avropa İttifaqı (Aİ), ABŞ-ın “Silikon vadisi” və informasiya texnologiyaları sənayesinin inkişaf etdiyi digər ölkələrdəki aparıcı şirkətlərdən sifarişlər cəlb etmək üçün ilk addımlar atırlar.

Buna baxmayaraq, Azərbaycan təxminən son 10 ildə yüksək texnologiyalı aerokosmik biznesdə nəzərəçarpacaq irəliləyişlər əldə edib. Belə ki, Azərbaycanın kosmik operatoru “Azərkosmos” ASC 31 dövlətdə rabitə və Yerin məsafədən zondlanması xidmətləri göstərən iki yerli rabitə peykinin – “AzerSpace” və aşağı orbitli “Azersky” optik aparatının resurs potensialını uğurla maliyyələşdirir. Yeri gəlmişkən, bu yaxınlarda Daşkənddə keçirilən “Kosmik texnologiyalar konfransı” zamanı “Azərkosmos” ASC Qazaxıstan və Özbəkistanla kosmik biznes sahəsində əməkdaşlığa dair bir sıra sazişlər imzalayıb. Qeyd edək ki, bu tərəfdaşlıq “Türk dünyasının baxışı - 2040” adlı sənəd çərçivəsində həyata keçirilir. Bu sənədlə türkdilli dövlətlərin kosmik agentlikləri arasında kosmik elm, təhsil və sənaye sahəsində bacarıq və biliklərin mübadiləsi ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.

Bu arada, Azərbaycan yüksək texnologiyalı dronların istehsalı sahəsində son illərdə az uğur qazanmayıb. Belə ki, ölkəmiz İsrailin hay-tek şirkətlərinin dəstəyi ilə son 12 ildə müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının istehsalı üzrə özünün sənaye klasterini formalaşdırmağa nail olub. Bundan başqa, hazırda Azərbaycanda bu sahənin inkişafına türkiyəli mütəxəssislər, həmçinin Selçuk Bayraktarın rəhbərlik etdiyi məşhur “Baykar Makina” şirkəti dəstək göstərir. Məsələn, bu yaxınlarda S.Bayraktar ölkəmizdə yeni “Bayraktar Akıncı” pilotsuz uçuş aparatını istehsal etmək niyyətində olduğunu bəyan edib.

Bu məqamda xatırladaq ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Selçuk Bayraktar Bakı Forumu çərçivəsində görüşmüşdü. Onlar iki ölkə arasında aviasiya sahəsi daxil olmaqla, hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. 

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində aparılan danışıqların nəticələrinə əsasən, Türkiyə texnologiya klasterinin Azərbaycan startaplarına və yüksək texnologiya şirkətlərinə dəstəyi yaxın gələcəkdə daha da artacaq.

“Azərbaycanda rəqəmsal transformasiya hökumətin gündəliyində duran prioritetlərdən biridir. Ölkənin işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd”lərin qurulması, eləcə də ənənəvi şəhərlərin “ağıllı şəhər”lərə transformasiyası qarşıda duran əsas hədəflərdir”, - deyə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türk Dövlətləri Təşkilatının informasiya və kommunikasiya texnologiyaları üzrə məsul nazirlərinin iclası zamanı çıxışında bildirib.

O, 4-cü sənaye inqilabının bazasının birgə formalaşdırılması və rəqəmsal transformasiyanın genişləndirilməsi istiqamətində Türkiyə və digər türkdilli dövlətlər ilə sıx əməkdaşlığın tərəfdarı olduğunu bildirib. Nazir kibertəhlükəsizlik, elektron imzanın tanınması, kosmik layihələrin hazırlanması və sair sahələrdə səyləri birləşdirməyə çağırıb.

Türkdilli dövlətlərin nazirləri arasında görüşün ən mühüm nəticələrindən biri isə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında ölkəmizdə birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması olub. Türkiyə ilə informasiya texnologiyaları sahəsində əməkdaşlığa yerli innovasiya strukturlarına maliyyə və texnoloji dəstək daxildir. Bu istiqamətdə ilk addım ötən il Türkiyənin “Boğaziçi Ventures” vençur fondunun Azərbaycanın startap layihələrinin sürətləndirilməsi üçün 5 milyon dollar vəsait ayırması qərarı olub. Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, Türkiyənin GOSB texnoparkının, Azərbaycan İnnovasiyalar Agentliyinin dəstəyi ilə startap ekosisteminin inkişafı üçün bir sıra layihələrin həyata keçirilməsi, həmçinin Türkiyə-Azərbaycan birgə texnoparkının, “Deneyap” texnoloji emalatxanalarının yaradılması nəzərdə tutulur.

Bundan əlavə, iki dost dövlətin mütəxəssisləri bərpa olunan enerji mənbələri və enerjiyə qənaət edən texnologiyalar sektorunda innovativ layihələrin işlənib hazırlanmasını, kommunal xidmətlərdə, sənayedə, gəmiqayırmada IoT komponentlərinin tətbiqini, DATA mərkəzlərinin və “hökumət buludu”nun formalaşdırılmasını planlaşdırır.

Bu təşəbbüslərin bəziləri artıq türkiyəli və israilli mütəxəssislərin dəstəyi ilə Azərbaycanın Zəngilan və Füzuli rayonlarındakı “ağıllı kəndlər”in yaradılması üzrə pilot layihələrdə həyata keçirilir. Məsələn, sadalanan rayonlarda məhsula nəzarət etmək və torpağı tozlandırmaq üçün dronlardan fəal şəkildə istifadə olunacaq.

“TEKNOFEST” festivalının Bakıda keçirilməsi Azərbaycan gənclərinin yeni nəsil texnologiyaları ilə tanış olması və texnologiya sahənin inkişafı baxımından son dərəcə vacibdir. Biz isə Azərbaycanda texnologiyaların inkişafına, gənclərin bu sahəyə marağını artırmağa hər cür dəstək verməyə hazırıq”, - deyə “Baykar Savunma” şirkətinin rəhbəri Haluk Bayraktar “TEKNOFEST Azərbaycan” festivalında bildirib.

Əslində, analoji beynəlxalq texnoloji festivalların, rəngarəng şou proqramların Azərbaycanda keçirilməsinin əsas məqsədi yüksək texnologiyaların inkişafı və istedadlı gənclərin bu proseslərə cəlb edilməsidir.

Bir sözlə, bu möhtəşəm aerokosmik və texnologiya festivalı başa çatdıqdan sonra əminliklə deyə bilərik ki, qarşıya mühüm məqsədlər qoyulub və festival Azərbaycanın texnoloji inkişafının əsas motivasiyaedici amillərdən birinə çevriləcək.



MƏSLƏHƏT GÖR:

157