24 Noyabr 2024

Bazar, 16:56

MÜHARİBƏ OLMASAYDI

ABŞ Milli Təhlükəsizlik Strategiyasına təcili dəyişiklik edir

Müəllif:

15.06.2022

Ukrayna müharibəsi elə ilk günlərindən iki ölkə arasındakı adi silahlı münaqişədən qlobal xarakterli problemə çevrilib. O, dərhal enerji daşıyıcılarının qiymətinə öz təsirini göstərib, dünyada ərzaq çatışmazlığını daha da dərinləşdirib və inflyasiyanı artırıb. Qərb ilə Rusiya arasında ən dərin siyasi və iqtisadi münaqişəyə də o yol açıb. Bu isə sonda qlobal təhlükəsizliyə hərbi əməliyyatlardan daha ciddi təsir göstərə bilər.

Bu müharibə, güman ki, məqsədyönlü şəkildə silahlı qüvvələrini müasirləşdirən, effektivliyini artıran Çin ilə rəqabəti və gərginliyi də dərinləşdirəcək. Məlum olduğu kimi, Pekin 2030-2040-cı illər üçün hərbi və iqtisadi qüdrətinə, texnologiyaların inkişafına görə ABŞ-a çatmağı və ya onu üstələməyi planlaşdırır.

Hələ müharibədən əvvəl Ağ Ev rəsmiləri iddia edirdilər ki, Çin böyük Amerikanın Ukrayna böhranına reaksiyasını diqqətlə izləyəcək, buradan Pekinin Tayvana təcavüzü halında Vaşinqtonun necə davrana biləcəyini müəyyənləşdirməyə çalışacaq. Elə bu səbəbdən də, Ukrayna savaşının lap əvvəlindən ABŞ Kiyevə maliyyə və hərbi dəstək göstərməyə hazır olduğunu ortaya qoyub, Rusiyaya dərhal sanksiyalar tətbiq edib, Avropa ölkələrinin müdafiə xərclərini artırması məsələsini gündəmə gətirib. Bu, təbii ki, həm də Çinə birmənalı siqnal idi.

Hazırda nüvə, bioloji və kimyəvi silahları, yüksək dəqiqlikli adi silahları, kiberimkanları ilə formalaşmaqda olan çoxqütblü dünya kiçik fövqəldövlətlərin ciddi təhlükəyə çevrilmək imkanını artırır. Daxili və ya lokal gərginliklər, münaqişələr kütləvi qaçqın problemlərinə, aclığa, ərazilərin və strateji resursların işğalına yol açır, bu isə milyonlarla insanın həyatına təhlükə yaradır.

Ukraynada yaşananlar isə dünyanın müxtəlif hissələrində qeyri-sabitliyi daha da artırır, Rusiya ilə Çin ABŞ ilə, onun Asiya, Afrika və Latın Amerikasından olan strateji tərəfdaşları ilə rəqabəti daha da gücləndirir.

Bütün bunlar Bayden administrasiyasını ölkənin Milli Müdafiə Strategiyasında (National Security Strategy, NSS) təcili dəyişikliklərə getmək məcburiyyəti ilə üz-üzə qoyub ki, bu da tamamilə məntiqlidir. Vaşinqton bu strategiyanı martda təqdim etməyi planlaşdırsa da, Ukraynada yaşananlar fonunda bu, təxirə salınıb.

 

Nizam-intizamın yaradılması

Milli Təhlükəsizlik Strategiyası haqqında 1986-cı ildə qəbul olunmuş Qolduoter-Nikols qanunu müxtəlif strukturlar arasındakı rəqabət üzündən parçalanmış hala gəlmiş ABŞ Silahlı Qüvvələrində nizam-intizamın yaradılmasını nəzərdə tutur. Vyetnam müharibəsi, 1980-ci ildə İrandakı səfirlikdə girov saxlanılan şəxslərin azad olunması, həmçinin 1983-cü ildə Qrunadaya hücum zamanı koordinasiyada üzə çıxmış ciddi problemlər ABŞ Silahlı Qüvvələrində köklü dəyişikliklərin vacibliyini ortaya qoymuşdu. Bununla yanaşı, NSS ölkə üçün sadəcə güc strukturlarının koordinasiyasından daha ciddi əhəmiyyət daşıyır. Roneld Reyqanın prezidentliyindən bu yana hər administrasiya tərəfindən hazırlanan Milli Təhlükəsizlik Strategiyası Vaşinqtonun xarici siyasəti ilə bağlı ən vacib sənədlərdəndir. Konqres tərəfindən təsdiqlənən NSS yalnız administrasiyanın milli təhlükəsizliyin təmini üçün büdcə prioritetlərini müəyyənləşdirmir. O, həm də mövcud ABŞ administrasiyasının müttəfiqlərinə, tərəfdaşlarına və düşmənlərinə münasibətini əks etdirir.

Tramp administrasiyası öz strategiyasını 2017-ci ilin dekabrında açıqlamışdı və orada əsas diqqət «Amerikanın suverenliyi» məsələsinə yönəldilmişdi. Bayden administrasiyası isə 2021-ci ilin martında gündəmi müəyyənləşdirən «Milli təhlükəsizlik  üzrə müvəqqəti strateji əsasnamə»ni hazırlayıb. Onun tam yenilənmiş versiyası isə hələ də açıqlanmayıb.

 

Ticarət vs münaqişələr

ABŞ-ın hazırladığı Milli Təhlükəsizlik Strategiyalarında ilk vaxtlardan əsas tezis qlobal ticarətlə bağlı olub. Belə sənədlərdə bildirilir ki, ölkələr arasındakı ticarət qlobal çiçəklənməyə yol açır, bununla da, münaqişələrin qarşısını alır. Qərbdə inanırdılar ki, ticarəti genişləndirən ölkələr və insanlar zaman keçdikcə bir-birləri ilə münaqişəyə, müharibəyə daha az gedir, çünki onların çiçəklənməsi bir-birlərinə sıx bağlı olur. Məsələn, Angela Merkel Almaniyanın kansleri postunu tutan zaman buna əmin idi və Putin Rusiya ilə münasibətlərini məhz bu amilə əsaslanaraq qururdu. Merkel Avropa İttifaqını da eyni mövqedən çıxış etməyə təsadüfən çağırmırdı.

ABŞ da strateji hədəf kimi, ticarətin stimullaşdırılmasını müəyyənləşdirmişdi. Çünki Vaşinqtonda əmin idilər ki, çiçəklənən dünya Birləşmiş Ştatlar üçün daha təhlükəsiz şərait deməkdir.

Amerikanın hər bir hökumət qurumu öz strategiyasını ümummilli strategiyaya uyğun qurur. Məsələn, ABŞ-ın ticarət nümayəndəsinin ofisi bunu azad ticarətə dair gələcək razılaşmalar haqqında danışıqlar üçün mandat kimi qiymətləndirir. Ticarət Nazirliyi isə NSS-dən xaricdə Amerika biznesini inkişaf etdirmək üçün yararlanır. Dövlət Departamenti ABŞ səfirliklərinin iqtisadi şöbələrini genişləndirir, ikitərəfli və regional diplomatiyada ticarət məsələlərinə xüsusi diqqət ayırır.

İlk baxışdan, azad ticarətin genişləndirilməsinin hərbi quruma aidiyyəti yoxdur. Lakin beynəlxalq azad ticarətin təhlükəsizliyini məhz ABŞ-ın hərbi missiyası təmin edir. Beləliklə, Amerikanın Xarici Siyasi Araşdırmalar İnstitutu bildirir ki, ABŞ Silahlı Qüvvələrinin əsas strateji vəzifəsi məhz budur.

 

Zərərli inadkarlıq

Sovet İttifaqının dağılması ilə diqqətini azad ticarətin inkişafına yönəltmiş ABŞ Rusiya, Çin və digər təhdidlərə qarşı effektiv milli hərbi planlar, proqramlar və büdcələr hazırlaya bilməyib. O, bu dövrdə real planlaşdırma və təhlil əvəzinə boş ritorika ilə kifayətlənib. Hər halda, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) belə düşünürlər. Qurum bildirir ki, Birləşmiş Ştatlar Rusiya, Çin, İran, Şimali Koreya və digər rəqiblərinin artan təhdidi qarşısında milli təhlükəsizlik məsələlərinə SSRİ ilə «soyuq müharibə» zamanı xərclədiyindən daha az vəsait xərcləyir. O zaman söhbət ÜDM-in 7%-dən çoxundan gedirdisə, indi bu, 2,7-3,2% arasındadır.

1960-1990-cı illərdə ABŞ NATO-dan olan strateji tərəfdaşları və qalan dünya tərəfindən də ciddi dəstək alırdısa, bu gün eyni fikri söyləmək mümkün deyil. Belə bir vəziyyətdə Vaşinqton daha effektiv ümumi gücün yaradılması üzərində işləməkdənsə, Alyans üzvlərinə təzyiq göstərərək, onları müdafiəyə ÜDM-in ən azı 2%-ni xərcləməyə məcbur etməyə çalışır.

Hərbi xərclərin artırılması ilə bağlı xüsusilə Trampın dövründə daha fəal olan tələblər fonunda bir fakt da nəzərdən qaçırılırdı: təhlükəsizlik NATO-nun ümumi hədəflərinə deyil, hər bir ölkənin öz planına əsaslanmalıdır. Bu dövrdə konkret ölkənin təhlükəsizlik sahəsindəki çatışmazlığının aradan qaldırılması üçün nə qədər xərc tələb olunduğu haqda düşünülməyib, 2%-lik xərcin vəziyyətə adekvat olub-olmadığı müəyyənləşdirilməyib.

Nəticədə, Avropanın milli silahlı qüvvələrinin ümumi potensialı praktik olaraq, ötən əsrin 80-ci illərində olduğu səviyyədə qalıb. Bundan başqa, Şərqi Avropa ölkələri Sovet İttifaqı dövrünə aid köhnə silahlardan hələ də qurtula bilməyiblər. Başqa sözlə, ötən illərdə Avropa öz hərbi gücünün ciddi şəkildə dəyişməsinə və artmasına hazır olmayıbsa, ABŞ Hind-Sakit okean regionunda Çinlə hərbi balans məsələsinə «ilişib qalıb». Rusiyanın Ukraynaya hücumu isə belə yanaşmanın regional təhlükəsizlik baxımından nə qədər təhlükəli ola biləcəyini ortaya qoyub.

 

Şayiələr

ABŞ-ın dövlət katibi Entoni Blinkenin Vaşinqtonun xarici siyasəti ilə bağlı bu yaxınlarda etdiyi çıxış NSS-də Pekin və Moskvadan gələn təhdidlərlə bağlı hansı formulların yer ala biləcəyinin ən azı bir versiyasını ortaya qoyub. Blinkenin sözlərinə görə, Rusiya «aşkar və real təhlükədirsə», Çin «beynəlxalq düzənə ən ciddi uzunmüddətli çağırışdır».

«Bloomberg»in ehtimalına görə, strategiya daha fundamental mənada bir prinsipi əsas götürür: Rusiyanın Avropa, Çinin isə Asiya üçün yaratdığı çağırış ayrılıqda çözülə bilməz.

Şayiələrə görə, yeni layihədə ABŞ-ın milli təhlükəsizliyi üçün Avropa ilə yanaşı, Asiyanın da vacibliyi vurğulanır. Bu, Vaşinqtonun Çin və Asiyaya daha böyük diqqət ayırdığı keçmiş dövrlərə qayıtdığı anlamına gəlir. Sənəddə iddia olunur ki, Avropa ilə Asiyada yaşananlar bir-biri ilə sıx bağlıdır.

Vaşinqton rəsmiləri bildirirlər ki, konsepsiyaya yenidən baxılması ABŞ-ın Asiya ölkələri ilə Avropada baş verənlər, avropalılarla isə Asiyada yaşananlarla bağlı sıx dialoqunun nəticəsidir. Əgər Obama dövründə Avropa ölkələri ilə Hind-Sakit okeanı regionuna dair diskussiyalar «çətin, ağır, bəzən həddindən artıq ehtiyatla» aparılırdısa, indi onlar «çox məhsuldar keçir». Hər halda, Ağ Evin Hind-Sakit okean regionu üzrə koordinatoru Kurt Kempbell mayda verdiyi açıqlamada belə demişdi.

Yenidən nəzərdən keçirilən sənəddə iqlim dəyişikliyi və ənənəvi geosiyasi rəqabət kimi transmilli təhdidlər arasında əlaqənin daha dəqiq ifadə olunacağı da gözlənilir. Adının çəkilməsini istəməyən mənbə «Bloomberg»ə bildirib ki, məsələn, kosmik məkan həm transmilli problemdir, həm də geosiyasi oyunların oynandığı məkan.

 

Etinasızlıq yolverilməzdir

Ukrayna müharibəsi olmasaydı, ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında əsas diqqət, yəqin ki, əvvəlkitək Çinə yönələcəkdi, İran və Şimali Koreyadan gələn təhdidlərə formal toxunulacaq, Rusiyanın iddialarına isə tam etinasızlıq göstəriləcəkdi. CSIS-dən olan ekspertlərin fikrincə, bu halda sənəd Tramp administrasiyasının dövründəki kimi, məzmunsuz olacaqdı. Strategi və Beynəlxalq Araşdırmalar Mərkəzi bildirir ki, Bayden administrasiyasının 2021-ci ilin martında təqdim etdiyi müvəqqəti strateji əsasnamədə heç bir dəqiq plan, proqram yer almır, təxmini büdcə göstərilmirdi. Orada ABŞ-ın öz qlobal strateji tərəfdaşlığında dəyişikliklə bağlı hər hansı yeni planlarının olduğu da əks olunmamışdı. Ağ Ev rəsmilərinin bəyanatlarından məlum olur ki, ABŞ-ı məhz Ukrayna müharibəsi «oyadıb». Nəticədə, Vaşinqtonda anlayıblar ki, diqqətin yalnız bir nəhəng təhdidə və ya bir regiona yönəldildiyi strategiyanın qəbulu, əsas strateji tərəfdaşların maraqlarına etinasızlıq göstərilməsi yolverilməzdir.

İndi bir sual açıq qalır: Amerikanın ənənəvi hərbi siyasətinin davamlılığı prinsipi bərpa olunacaq, yoxsa hər yeni administrasiyanın gəlişi ilə o, öz istiqamətini dəyişəcək? 2017-2021-ci illərdə olduğu kimi…



MƏSLƏHƏT GÖR:

140