Müəllif: İrina XALTURİNA
Nüvə fövqəldövlətləri arasındakı münasibətlərdə gərginlik Karib böhranından bu yana ən pik həddə çatıb. Ukraynadakı müharibə çoxlarının hazırkı beynəlxalq münasibətlər sistemində nüvə silahının oynadığı rola münasibətini dəyişməsinə səbəb olub. Həqiqətən də, «soyuq müharibə» dövrünə aid qarşılıqlı məhv təhdidinə əsaslanan hərbi doktrina köhnəlməyibmi? Köhnəlibsə, niyə?
Görünməmiş fəsadlar
Ukraynada savaşın başlaması ilə Rusiya tərəfinin səsləndirdiyi bir çox bəyanat Qərb tərəfindən birbaşa nüvə təhdidi kimi qəbul olunub. Birincisi, Vladimir Putin NATO-nu «lazım gələcəksə» «görünməmiş fəsadlar»la təhdid edib. İkincisi, Moskva davamlı olaraq «Sarmat» RS-28 hipersəs raketlərinə malik olduğunu xatırladır. Bildirilir ki, çəkisi 208 ton olan bu raket saatda 25,5 min kilometr sürətlə hərəkət etmək iqtidarındadır və onunla Böyük Britaniyaya zərbə endirilməsi üçün cəmi «200 saniyə» kifayətdir.
Rusiyalı teleaparıcı Dmitri Kiselyov «Rossiya-1» telekanalının efirində yayımlanan «Vesti nedeli» verilişində bildirib ki, «Böyük Britaniya Rusiyaya məxsus 1 ədəd «Sarmat» raketi ilə yer üzündən birdəfəlik silinəcək qədər balacadır».
Üçüncüsü, Rusiya prezidenti ölkənin nüvə qüvvələrinin yüksək hərbi hazırlıq vəziyyətinə gətirilməsilə bağlı əmr verib. Dördüncüsü, hazırda müharibə uzaq olmayan keçmişdə tarixin ən nəhəng nüvə faciəsinin yaşandığı ölkənin ərazisində gedir. Odur ki, Ukrayna AES-ləri ətrafında raketlərin uçuşması, xüsusilə Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-də baş vermiş yanğını çoxları çox əsəbi qəbul edib və edir. Ekspertlər AES-in müdafiəsi qatını dağıtmağın heç də asan olmadığını təkrarlasalar da, bu, narahatlıqları aradan qaldırmır.
Beşincisi, Rusiya tərəfi öz növbəsində bildirir ki, Kiyevin Budapeşt Memorandumunu tərk edə biləcəyi ilə bağlı fevralda verdiyi bəyanat faktiki olaraq, bu dövlətin nüvə silahı əldə etmək niyyətinin göstəricisidir. Altıncısı, bir sıra Avropa ölkələrindəki ABŞ raketləri hər zaman Rusiyaya tərəf «boylanır», üstəlik, Avropada Birləşmiş Ştatlara məxsus Hava Hücumundan Müdafiə sistemləri də quraşdırılıb ki, Moskva bunu paritetin pozulması sayır.
NATO baş katibinin köməkçisi Kamiy Qran İsveçrənin «RTS» telekanalına bu yaxınlarda verdiyi müsahibədə bildirib ki, Şimali Atlantika Alyansı Finlandiya və İsveçin bloka üzv olacağı təqdirdə bu ölkələrin ərazisində nüvə silahı yerləşdirməyəcəyinə zəmanət verə bilməz. Yəni NATO Rusiyanı açıq şəkildə nüvə silahından istifadə oluna biləcəyi ilə hədələmir, amma bu ssenarini heç kim istisna etmir. Mühafizəkar nəşr kimi tanınan «American Thinker» yazır ki, Alyans ilə Rusiya arasında birbaşa toqquşmanın başlayacağı təqdirdə Şərqi Avropada qüvvələr nisbəti heç də NATO-nun xeyrinə olmayacaq. Odur ki, belə vəziyyətdə Ağ Evin üzləşdiyi uğursuzluğu nüvə silahına əl atmaqla kompensasiya edəcəyi istisna olunmur. Amma əksər Qərb KİV əksini düşünür: adi silahlanma sahəsində zəif tərəf məhz Rusiyadır və bu üzdən, döyüş meydanında məğlubiyyətlə üzləşəcəyi təqdirdə nüvə silahına əl ata biləcəyilə bağlı hədəni məhz o səsləndirir.
«Doğru olmayan» kimin əlidir?
Bütün bunlardan hansı qənaətə gəlmək olar? Tətbiq etməmə, məlum olduğu kimi, qarşılıqlı məhv olma zəmanəti ilə bağlıdır. Hər zaman hesab olunub ki, bu, ilk zərbə doktrinasını mənasız edir. Dünya Problemlərinin Öyrənilməsi üzrə Stokholm İnstitutunun məlumatına görə, hazırda ABŞ dünyada ən çox nüvə başlığına malik ölkədir – 1800 ədəd. Rusiya daşıyıcı vasitələrə 1625 belə başlıq quraşdırılıb. Ümumilikdə isə başlıqların sayına görə Moskva Vaşinqtonu üstələyir (müvafiq olaraq 6255 və 5550).
Düşünmək olar ki, balans var və hər şey nəzarətdədir. Bəs bu gün hələ də qarşılıqlı məhv prinsipinə inanmaq olarmı? Hər halda, qumbara ilə düşmən tankının üzərinə atılmaq fikri də mənasız görünsə də, müxtəlif müharibələrdə belə hala kifayət qədər çox rast gəlinir. O zaman eyni halın bütövlükdə dövlətlər miqyasında baş verməyəcəyinə zəmanət varmı? Rusiya prezidentinin «Dünya düzəni-2018» filmində işlədilən bir fikri necə ifadə etdiyini hər kəs xatırlayır: «Rusiyanın olmayacağı dünyə bizim nəyimizə gərəkdir?» Moskva «ekzistensional» nüvə təhdidi qarşısında nüvə silahına əl atmaq haqqının olduğunu açıq şəkildə ifadə edir.
Bununla yanaşı, görürük ki, Rusiya ilə Qərb bu hədələrin altında hansı niyyətlərin dayandığı məsələsində fərqli düşünürlər. Bir gün Qərb Rusiyanın onun maraqlarına kritik təhdid yaratdığı qənaətinə gələrsə necə olacaq? Bütün bunlara necə nəzarət olunacağını prinsipcə, heç kim bilmir. Hər halda, beynəlxalq münasibətlərdə və beynəlxalq hüquqda terminlərin əksəriyyəti ikili, bəzən isə hətta üçlü xarakter daşıyır (onları elə bu cür düşünüblər), bu münasibətlərə cəlb olunmuş tərəflərin maraqları isə çox qarışıq və bir-birinə bağlıdır.
Bundan başqa, baş verənlərin daha bir çox qorxulu tərəfi var. Ukrayna müharibəsinin necə bitəcəyindən asılı olmayaraq, o, bəlkə də, artıq «Pandora qutusu»nu açıb. Məsələn, Loren Sukin (Stenford Universiteti) və Aleksandr Lanozkun (Vaterloo Universiteti) keçirdikləri və nəticəsi «Bulletin of the Atomic Scientists» tərəfindən dərc olunmuş sorğu göstərib ki, Polşada respondentlərin 66, Estoniyada 51, Rumıniyada 45, Latviyada 40, Litvada isə 38%-i milli nüvə silahı proqramının olmasını dəstəkləyir. Lakin onlar Rusiyanın nüvə arsenalı ilə öz silahlı qüvvələri arasındakı nəhəng fərqi bilirlər və odur ki, vəziyyət pisləşməkdə davam edərsə, nüvə silahının əldə olunmasına dəstək yəqin ki, artacaq. Bəs bununla əlaqədar olaraq Avropada yeni nüvə dövlətləri yarana bilərmi? Bu, Aİ-də hansı dəyişikliklərə aparıb çıxara bilər? Bəs bu halda həmin dövlətlərin özləri necə dəyişəcəklər? Qərb dövlətləri son illərdə bütün diqqəti nüvə silahının «düzgün olmayan» əllərə düşməməsinə yönəldiblərsə, fövqəldövlətlərin belə, heç nəyə zəmanət vermədiyi indiki halda hansı əlin «doğru əl» olduğunu kim söyləyə bilər?
«Lehinə» və «əleyhinə»
Ukrayna müharibəsi nüvə silahına malik dövlətlərin hansı təhlükəli üstünlüklərə malik olduğunu bir daha ortaya qoyub. Qərb KİV isə yazır ki, NATO Kiyevə birmənalı və qəti dəstək verməsinə rəğmən, öz əsgərlərini Ukraynaya göndərmir və Rusiya ilə Alyans arasında toqquşmaya yol aça biləcək addımlardan diqqətli şəkildə yayınır. Bəs Ukrayna nüvə dövləti statusuna malik olsaydı, daha doğrusu bu statusunu qoruyub saxlasaydı, indi hadisələr necə inkişaf edərdi? Bəs bütün yaşananlar fonunda İranın nüvə proqramı ilə bağlı böhran necə olacaq? Bütün bunlar Şimali Koreyaya necə təsir göstərəcək? Bəs Tayvan böhranı? Hindistanla Pakistan arasındakı münaqişə? Suallar cavablardan qat-qat çoxdur.
Belə bir vəziyyətdə sevindirici məqam da var: milli nüvə silahı proqramlarına ictimai dəstək artsa da, vətəndaşların əksəriyyəti ondan istifadənin əleyhinədir. Sukinlə Lanozkun barəsində bəhs etdiyimiz sorğusuna qatılmış respondentlərin 85%-i bildirib ki, dünyada nüvə silahının tətbiqinə mənəvi haqq qazandırılmasına imkan verəcək vəziyyət yoxdur. Bu, başadüşüləndir. Müxtəlif ölkələrdən olan çoxsaylı ekspertlər öz qiymətləndirmələrində qlobal nüvə münaqişəsinin mümkün risk və fəsadlarını dəfələrlə dilə gətiriblər. Məsələn, Amerikanın Strateji və Büdcə Qiymətləndirməsi Mərkəzinin (CSBA, Vaşinqton) 2016-cı ildə açıqladığı məruzədə müəlliflər atom silahından istifadə olunduğu və ya belə təhlükəni yaradan münaqişə ilə bağlı ssenari cızıblar. 2019-cu ildə Kolorado Universiteti və ABŞ-ın Milli Atmosfer Araşdırmaları Mərkəzinin alimləri «Journal of Geophysical Research» nəşrində Rusiya ilə ABŞ arasında mümkün nüvə münaqişəsinin dünya üçün yol açacağı fəsadları təhlil edərək bu qənaətə gəliblər ki, bu, onilliklər ərzində «nüvə qışı»na səbəb olar. İllər ərzində işıq və istilik olmazsa, bunun bəşəriyyət üçün, canlı dünya üçün nə demək oldğunu izah etmək yəqin ki, artıqdır.
Bundan başqa, nüvə apokalipsisi dəfələrlə müxtəlif müstəvilərdə də ifadə olunub – kitablarda, filmlərdə, mahnılarda, hətta kompüter oyunlarında. Nəticədə, hər birimiz sanki onu dəfələrlə yaşamışıq. Lakin sanki belə ssenarinin gerçəkləşə biləcəyinə inanmır və ondan qorxmuruq. «The Atlantic» yazır ki, amerikalılar «soyuq müharibə»də qazandıqları qələbə fonunda atom müharibəsi təhdidinə çox rahat yanaşmağa başlayıblar və bu, doğru deyil. Amma bunu yalnız amerikalılara aid etmək olmaz – indi nüvə paritetinə ümidin özünün artıq eskalasiya üçün mümkün səbəb olduğunu hər birimiz unuduruq.
Daha bir mümkün səbəb isə müasir müharibələrin simasının sürətli transformasiyasıdır. Son onilliklərdə Suriyada, Liviyada, Ukraynada və s. baş vermiş müharibələr göstərir ki, indi fövqəldövlətlərin münasibətləri aydınlaşdırması üçün miqyaslı savaşlara ehtiyacı yoxdur. Bunun üçün lokal, proksi, başqasının vasitəsilə aparılan müharibələr kifayətdir. Başqa sözlə, indi müşaribə savaşan ölkələrin əhalisinə miqyaslı təsir göstərmir, çünki savaş onların ərazisində getmir. Nəticədə, bu ölkələrin insanları adi həyatını yaşayır, müharibə haqda xəbərləri həyatın tərkib hissəsi kimi qəbul edir – sanki söhbət hava proqnozundan və ya valyuta kursundan gedir.
Qeyd etmək lazımdır ki, belə sinizm özündə böyük təhlükə daşıyır, çünki belə şəraitdə hətta taktiki nüvə silahından mümkün istifadə ehtimalı da heç kəsi şoka salmır. Buraya nüvə sistemi və ya onunla əlaqəli sistemlərə kiberhücum təhdidini də əlavə etsək (təəssüf ki, artıq KİV-də bu haqda kifayət qədər çox danışılır), qarşımıza həqiqətən qorxulu mənzərə çıxır.
MƏSLƏHƏT GÖR: