24 Dekabr 2024

Çərşənbə axşamı, 22:42

YARIMEMBARQO, LAKİN TAM QİYMƏT ARTIMI

Yanacaq bazarlarındakı vəziyyət həm istehlakçılar, həm də istehsalçılar üçün diskomfort yaradır

Müəllif:

01.07.2022

Avropa İttifaqı (Aİ) iki aylıq müzakirələrdən sonra Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə ona qarşı növbəti, artıq altıncı sanksiyalar paketini qəbul edib. Gözlənildiyi kimi, Brüsselin Moskvaya qarşı  yeni sanksiyaları Rusiyadan xam neftin və bir sıra neft məhsullarının idxalına və tranzitinə təsir göstərib. Digər tərəfdən Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin qeyd etdiyi kimi, bununla bağlı ehtiyatlı qərar verilib. Səbəb sanksiyaların Aİ-yə əks-təsirini yumşaltmaq olub.

Rusiya isə öz növbəsində ona qarşı tətbiq edilən məhdudiyyətlərin Aİ-yə ildə 400 milyard dollardan çox ziyan vuracağını bildirib. Üstəlik, Moskva Rusiya iqtisadiyyatının güclü olduğu və onun Qərbdən olan bədxahların istənilən məkirli zərbələrinə hazır olması barədə nikbin bəyanatlar səsləndirib.

Təbii ki, bu sanksiyalar Avropa üçün də təsirsiz ötüşməyəcək (enerjidaşıyıcılarının qiymətlərində son illərin rekord artımı olacaq və bununla bağlı mənfi nəticələr meydana gələcək). Lakin sanksiyalar Rusiya neft sənayesi və ölkənin büdcəsi üçün yaxşı heç nə vəd etmir.

 

Qismən embarqo

Avropa İttifaqı Şurasının Rusiyaya qarşı sanksiyalar paketi bu ölkənin iqtisadiyyat sahəsini, həmçinin rusiyalı və belarusiyalı fiziki şəxsləri əhatə edir. Məsələn, Rusiyadan ixrac edilən və ya Rusiya mənşəli olan neft və ya neft məhsullarının birbaşa və ya dolayı yolla alınması, idxalı və ya ötürülməsi qadağan edilir. Üstəlik, bununla bağlı texniki yardımın, broker xidmətlərinin, maliyyələşdirmə və ya maliyyə yardımının, həmçinin hər hansı digər xidmətlərin birbaşa və dolayı yolla göstərilməsinə icazə verilmir.

Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, qadağa Rusiyadan Avropaya dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının idxalına aiddir. Bu, Rusiyadan idxal edilən neftin üçdə ikisindən çoxdur.

Qeyd edək ki, Rusiya istehsalı olan xam neftdən mərhələli şəkildə, təxminən, 6 ay, neft məhsullarından isə 8 ay ərzində imtina ediləcək. Bu tədbirlər artıq “yarı embarqo” adlandırılıb. Lakin bu sanksiyalar da Rusiya iqtisadiyyatına ciddi ziyan vurmağa qadirdir.

“Uzunmüddətli perspektivdə neft ixracından əldə olunan gəlirlər Rusiya üçün qaz satışından əldə etdiyi maliyyə vəsaitindən üç-dörd dəfə daha vacibdir”, - “Raiffeisen Bank International” analitik mərkəzinin rəhbəri Qunter Doyber bildirib.

Bundan əlavə, “Wintershall Dea” konserninin hesablamalarına əsasən, neft ixracı Rusiya büdcəsinin, təxminən, üçdə birini, təbii qaz tədarükü isə cəmi 7%-ni təşkil edir.

Bu arada, Rusiyadan dəniz yolu ilə neft idxalına qarşı olan sanksiyalara yalnız Bolqarıstan qoşulmayacaq. Bu ölkə 2024-cü ilə qədər Rusiyadan dəniz yolu ilə neft tədarük edə biləcək. Bu mənada Çexiya və Xorvatiyaya da kiçik güzəştlər edilib. Əlbəttə ki, ən böyük güzəşt neft tədarükü ilə bağlı sanksiyalara qarşı olan Macarıstana verilib (o, Rusiya neftini əsasən “Drujba” kəməri vasitəsilə əldə edir və bununla bağlı dəyişiklik edilməyib).

Digər tərəfdən Polşa və Almaniya könüllü olaraq Rusiya neftinin kəmər ilə tədarükündən imtina edib. Bu, o deməkdir ki, adı çəkilən iki ölkə “Drujba” kəməri ilə ixrac edilən nefti almayacaq. Nəticədə, Aİ ilin sonuna qədər Rusiyadan tədarük edilən “qara qızıl”ın 90%-ni bloklayacaq. Neftin yerdə qalan 10%-i ilə bağlı məsələ yaxın vaxtlarda müzakirə ediləcək.

Doğrudur, altıncı sanksiyalar paketində neft məhsullarının siyahısı göstərilməyib. Sənəddə yalnız Rusiyada istehsal edilən neft məhsullarına qadağa qoyulduğu qeyd olunub. Digər tərəfdən qadağa üçüncü ölkələrdən dəniz yolu ilə alınan neft və neft məhsullarına şamil edilmir. Amma bu neftin Rusiya mənşəli və onun sahibinin rusiyalı olmaması şərti ilə. Yəni neft və neft məhsulları Rusiyada yüklənə və Rusiyadan tranzit ilə göndərilə bilər. Əslində, bu düzəliş Azərbaycan, Qazaxıstan və Türkmənistandan ixrac edilən neft və neft məhsulları üçün aktualdır. Bu ölkələrin “qara qızılı” Rusiyanın Ust-Luqi və Novorossiysk dəniz limanlarında yüklənir və daha sonra tədarük edilir.

 

Büdcəyə zərbə

“Bloomberg” agentliyinin hesablamalarına əsasən, yeni sanksiyalar üzündən Rusiya Avropaya neft ixracından ildə 22 milyard dollardan çox vəsait itirəcək. Bundan başqa, Aİ-də yarı embarqonun qüvvəyə minməsindən sonra Rusiyada neft hasilatının azalması ehtimalı da yüksəkdir.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyinin əvvəlki proqnozuna əsasən, 2022-ci ildə Rusiyada neft hasilatı gündəlik 3 milyon barel, yəni üçdə bir azalacaq. Rusiya hökuməti də ilin sonuna qədər neft hasilatının 2021-ci ildəki 524 milyon tondan 480-500 milyon tona (təxminən, 8%) azalacağını gözləyir. Bu proqnozu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib. Bu ölkənin maliyyə naziri Anton Siluanov isə bu il neft hasilatının 17% azalacağını proqnozlaşdırır.

Digər tərəfdən Rusiya hökuməti “qara qızıl”ın hasilatının azaldılmasına ehtiyac olmadığını düşünür. Hesab edilir ki, bu enerji resursunun hasilatının azaldılması neftin qiymətinin artmasına səbəb olmayacaq, amma bu, satış bazarlarının itirilməsi riskini yüksəldəcək.

“Neft hasilatımızın azalacağı təqdirdə belə, qiymətin artacağı dəqiq deyil. Çünki o zaman başqa ölkələrin bu həcmləri kompensasiya etmək marağı və imkanı yaranacaq. Tələblə təklif arasında hər zaman balans olacaq. Neft qıtlığı isə yeni investisiyalar və hasilat həcmləri hesabına ödənilir. Əlbəttə, qısamüddətli effekt yarana bilər. Amma ortamüddətli perspektivdə bu, az faydalı olacaq”, - A.Novak vurğulayıb.

Bu arada, “LUKoil” şirkətinin sahiblərindən biri və vitse-prezidenti Leonid Fedun Rusiyada neft hasilatını 20-30%  və ya 10 milyon bareldən 7-8 milyon barelə qədər azaltmağı təklif edib: “30%, bəzən hətta 40% endirimlərə razılaşaraq, böhrandan əvvəlki ixracatı saxlamağa çalışmalıyıqmı?”

Onun sözlərinə görə, neft embarqosu müzakirələri fonunda alıcılar tarif tənzimləmə vasitələrinin köməyi ilə bu endirimləri “institusionallaşdırmağa” çalışacaqlar.

Hər halda, Rusiya neftinin Aİ-yə dəniz yolu ilə nəqlinə qoyulan qadağanın yalnız ilin sonunda tam qüvvəyə minəcəyini, “qara qızıl”ın qiymətinin yüksək olduğunu nəzərə alsaq, hazırda Rusiyanın neft hasilatını və ixracını azaltmaqdan imtina etməsinin məntiqli olduğunu söyləyə bilərik.

Yeri gəlmişkən, apreldə Rusiya ilk dəfə olaraq Asiya bazarına Avropadan daha çox neft tədarük edib. Mayda isə bu tendensiya daha da güclənib. Uzunmüddətli perspektivdə Rusiyada neft hasilatının azaldılması ehtimalına gəlincə, ekspertlər hesab edir ki, bu, Aİ-nin Rusiyadan neft tədarükünü azaltmaq tempi ilə ixracatın Asiyaya yönləndirilməsi tempi arasında nisbətdən asılı olacaq.

Bütün bunlara baxmayaraq, satış bazarlarının dəyişdirilməsi prosesinin ağrısız və rahat keçəcəyinə böyük şübhələr var. Asiya bazarında da hələ də böyük rəqabət var. Üstəlik, bu zaman həm neft, həm də neft məhsulları üçün infrastrukturu, logistikanı nəzərə almaq lazımdır.

Enerji məsələləri üzrə rusiyalı ekspert, “RusEnergy” konsaltinq şirkətinin tərəfdaşı Mixail Krutixin isə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların acınacaqlı nəticələrinin olduğunu düşünür: “Bu, çox ciddi sanksiyalardır. Qərb ölkələri bizim üçün əsas bazardır. Doğrudur, Çin bazarı da var, bu istiqamətdə 80 milyon ton neft tədarük edilir. Amma nəyinsə kompensasiyası üçün əlavə gəlir əldə etmək mümkün deyil”.

Müstəqil İqtisadi Təhlil Mərkəzləri Assosiasiyasının rəhbəri Oleq Buklemişev də Çinə olan ümidləri əsassız sayır: “Çünki Rusiyanın bu istiqamətdə neft kəmərləri, logistika, dəmir yolları və yaxşı təşkil olunmuş saxlama çənləri kimi lazımi infrastrukturu yoxdur”. 

Bu arada, yüksək nəqliyyat xərcləri və Yaxın Şərqdən olan tədarükçü ölkələrlə güclü rəqabət nəzərə alınaraq, Hindistana 15 milyon ton Rusiya neftinin ixracı ideyası ilə bağlı nikbin proqnozlar verilmir.

 

Yenilənmiş proqnozlar

Rusiya neftinin dəniz yolu ilə idxalına qadağa qoyulması “Brent” markalı neftin bir barelinin 120 dollardan yuxarı qalxmasına səbəb olub. Düzdür, hazırda neftin bir bareli 115 dollar civarındadır. Üstəlik, bu enerji resursunun qiymətinin aşağı düşməsi üçün hazırda heç bir səbəb yoxdur. Əksinə, bəzi hesablamalara əsasən, bu il neft 150 dollaradək bahalaşa bilər.

“Bank Barclays” Aİ-nin Rusiyaya qarşı sansksiyalarına istinad edərək, “Brent” markalı neftin bu il və gələn il üçün orta qiymətinə dair proqnozlarını bir barel üçün 111 dollardan az olmamaq şərti ilə yeniləyib.

ABŞ investisiya bankı “Goldman Sachs Group” isə bu ilin ikinci yarısında və gələn ilin birinci yarısında “Brent” markalı neftin bir barelinin, orta hesabla, 135 dollar olacağını proqnozlaşdırır. Bu da bankın əvvəlki proqnozundan düz 10 dollar çoxdur.

Dünya Bankının analitikləri də 2022 və 2023-cü illərdə “qara qızıl”ın qiyməti ilə bağlı proqnozlarını yüksəldiblər. Belə ki, onlar hesab edirlər ki, 2022-ci ildə bir barel neftin orta qiyməti 140 dollara yaxınlaşacaq, 2023-cü ildə isə təxminən, 110 dollar olacaq.

Yeri gəlmişkən, Sinqapurda yerləşən ən böyük neft treyder şirkətlərindən biri olan “Trafigura”nın baş icraçı direktoru Ceremi Veyr deyib ki, bu il neftin bir barelinin qiyməti 150 dollara çata bilər. O xəbərdarlıq edib ki, o zaman istehlak çox baha olduğuna görə bu xammala olan tələbat kəskin şəkildə azalacaq.

 

Azərbaycan maraqlar tarazlığının tərəfdarıdır

“Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil”, - Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

Doğrudur, dünya bazarında neft-qaz qiymətinin artmasının Azərbaycan üçün müsbət nəticələri olacaq. Söhbət 2022-ci ildə ölkənin strateji valyuta ehtiyatlarının artmasından və neft-qaz satışı nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin artmasından gedir.

Bundan başqa, neft bazarlarında mövcud vəziyyət Azərbaycan hökumətini bu ilin dövlət büdcəsinə yenidən baxmağa və 2022-ci il üçün neftin baza qiymətini bir barel üçün 50 dollardan 85 dollara qaldırmağa sövq edib. Bu da büdcəyə əlavə gəlirlərin daxil olmasını təmin edəcək.

Bu arada, dövlət başçısı həmin forumdakı çıxışında Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq məsələlərinə də toxunub, enerji təhlükəsizliyinin qlobal gündəmin aktual problemlərindən biri olduğunu qeyd edib: “Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır... Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var”.

Məlum olduğu kimi, bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edən Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson iyulda Azərbaycana səfər edəcək. Prezident İlham Əliyev xüsusən də Brüssellə aparılan enerji dialoquna daxil olan mövzuları qeyd etdiyinə görə Azərbaycan tərəfi ilə görüşlər zamanı müzakirə olunacaq məsələlərin spektrini təxmin etmək çətin deyil. Odur ki, yalnız nəticələri gözləmək qalır.



MƏSLƏHƏT GÖR:

157