Müəllif: Sənan NADİROĞLU
Bir neçə gündən sonra yayın ən mötəbər kütləvi yarışına start veriləcək. Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yarışlarda 55 ölkədən 5 min idmançının iştirak edəcəyi gözlənilir.
24 idman növündə
Sayca V İslam Həmrəyliyi Oyunlarının medalları ictimaiyyətə təqdim olunub. Atletlər 24 idman növündə 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Onlar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvando, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
Mötəbər yarışa Azərbaycan böyük idmançı heyəti ilə qatılacaq. Bütün idman növlərində təmsil olunacaq atletlərimiz artıq yarışa hazırlığı başa vurub. Stolüstü tennisçilərimiz Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarına Qax Olimpiya İdman Kompleksində hazırlaşır. Baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında məşqlərdə 10 idmançı - Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, İbrahim Ansari, Əliverdi Şahgəldiyev, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova iştirak edir. İdmançılar toplanışda fiziki, texniki və taktiki bacarıqlarını artırıb.
V İslam Həmrəyliyi Oyunlarında ilk yarışlar həndbol üzrə olacaq. Həndbol yarışlarında çıxış edəcək kişilərdən ibarət Azərbaycan yığma komandasının məşqləri baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir. İyulun 22-dən etibarən Gürcüstana yollanan millimiz yerli komandalarla bir neçə yoxlama oyunlarında qüvvəsini sınayıb. Yığmamızın İslamiadadakı rəqibləri də məlumdur. Püşkatmanın nəticəsinə görə, “B” qrupunda yer alan komandamız Türkiyə və İran milliləri ilə qarşılaşacaq.
İslam Həmrəyliyi Oyunlarında Azərbaycan kikboksinqçiləri avqustun 16-da mübarizəyə qoşulacaqlar. Hazırda milli komanda Balakən rayonunda təlim-məşq toplanışındadır. Komandamız Konyada həm lou kik, həm də full kontakt versiyalarında mübarizə aparacaq. Ümumilikdə orada 24 idmançı ilə təmsil olunacağıq.
Yeri gəlmişkən, Azərbaycan Kikboksinq Federasiyanın prezidenti Orxan Əliyev bütün idmançılardan medal gözlədiyini söyləyib: “Bu yarışda qardaş Türkiyə idmançıları da güclü heyətlə mübarizə aparacaqlar. Eyni zamanda Özbəkistan, Qazaxıstan idmançıları da iddialı çıxışları ilə bütün kikboksinq yarışlarında yadda qalırlar. Buna baxmayaraq, bizim milli komandada dünyada tanınan idmançılarımız çıxış edir. Bu da bizə deməyə əsas verir ki, ilk üçlükdə Azərbaycan idmançıları da yer alacaq”.
Gimnastikada ölkəmiz həm fərdi, həm də qrup hərəkətlərində medal qazanmağa çalışacaq. Avropa çempionatının mükafatçısı olan bədii gimnastika üzrə yığma üzvlərimiz İslam Oyunlarının favoritləri sırasındadır.
400-dən çox idmançı
Yarışlar Türkiyədəki 13 kompleksdə təşkil olunacaq. Oyunların təntənəli açılış mərasimi avqustun 9-da baş tutacaq. Azərbaycan nümayəndə heyəti səfərə avqustun 5-də çarter reysi ilə yollanacaq. Azərbaycanı Konyada 400-dən çox idmançı təmsil edəcək. Heyətdə titullu idmançılar çoxluq təşkil edir. Təcrübəli idmançıların çıxış edəcəyi milli medal sıralamasında ilk üçlükdə olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunları ilk olaraq 2021-ci il avqustun 20-dən 29-dək keçirilməli idi. Lakin Tokioda keçirilməli olan Yay Olimpiya və Paralimpiya Oyunlarının 2020-ci ilin yayından 2021-ci ilə təxirə salınması səbəbindən və İdman federasiyalarının, idmançıların təqvimində yüklənmənin qarşısını almaq üçün Konya-2021 İslamiadasının 10-19 sentyabr 2021-ci il tarixlərində keçirilməsi qərara alınıb. Amma daha sonra COVID-19 pandemiyası səbəbindən Oyunlar yenidən təxirə salınıb. Bu dəfə 2022-ci il avqustun 9-18 avqust tarixlərinə.
Xatırladaq ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.Bakıdakı yarışda Azərbaycan milli komandası oyunları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal. 71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.
MƏSLƏHƏT GÖR: