Müəllif: Tatyana İVANAYEVA
Bu yaxınlarda “M.Teatr” (“Mənim teatrım”) öz tamaşaçılarını qeyri-adi formatda – “Qanun” nəşriyyatının binasında qəbul etməyə başlayıb. O, elə ilk tamaşa ilə sübut edib ki, əsl teatral incəsənət üçün şəraitin o qədər də əhəmiyyəti yoxdur. Demək, asketik şəraitdə belə əgər tamaşaçı səhnə hərəkətində praktiki olaraq iştirak edərsə, aktyorlara praktiki olaraq əllə toxunmaq mümkün olarsa, teatr izləyicilərin “sümüyünə qədər işləyə” bilər. “M.Teatr”ın adı onun yaradıcısı və rejissoru, YUĞ Dövlət Teatrının aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino kafedrasının dosenti, rejissor və ssenarist, Xalq artisti Vidadi Həsənovun ismarıcından götürülüb. O, bizə bu sözlərlə müraciət edir: “Mənim teatrım”, sənin teatrındır (“Мой театр” - Твой театр…).
- “M.Teatr” nə barədədir?
- “M.Teatr” teatrdan, insandan, daha dəqiq desək, insanın qəlbindən, onun ruhundan bəhs edən teatrdır. Ən əsası isə “M.Teatr” əsl teatra, onun ən dərin mahiyyətinə qayıdışdır. Daha çox əyləncə məkanına çevrilmiş indiki dövrdəki teatrlarla bağlı fikirlərimi söyləməkdən çəkinmirəm. Axı, teatr yaxşı ədəbi əsasla, ona uyğun olan aktyor oyunu ilə başlamışdı. Təəssüf ki, hazırda sanki buna ehtiyac yoxdur. Buna görə də teatral incəsənəti onun mənbəyinə qaytarmaq mənim üçün vacib idi. Odur ki, “M.Teatr” məhz bu meyarların olduğu məkandır.
- Amma yaxşı ədəbiyyat və aktyorlarla yanaşı, rejissorun da böyük rolu var. Bu, rejissor teatrı olacaq, yoxsa müəllif teatrı?
- Gəlin, qabacadan şərt kəsək ki, mən, ilk növbədə, aktyoram. Qalan məsələlərə gəlincə, bizim teatrda bütün rejissorlar tamaşaları istədikləri kimi səhnələşdirə bilərlər. Heç bir diktatura yoxdur! Əsas şərt isə nəticənin səviyyəsini müəyyənləşdirən maraqlı ideya və istedadlı işdir. Bu məqamda qeyd edək ki, bizim teatrda düzgün yanaşma ilə əyləncəli tamaşanı belə səhnələşdirmək mümkündür. Axı, rejissorların hər biri düşüncə tərzi, üslubu, baxışı, materialı hiss etməsi nöqteyi-nəzərdən bir-birindən fərqlənir. Repertuar nə qədər rəngarəng olarsa, “M.Teatr”ın özü də ictimaiyyət üçün bir o qədər maraqlı və cəlbedici olacaq.
- “M.Teatr”ın yaranması ilə 1960-cı illərdə meydana gələn teatrlar arasında paralellər aparsam, vicdanlı teatrın “zirzəmi”dən başladığını söyləyə bilərəmmi?
- Gənc olanda mən də belə düşünürdüm. Adama elə gəlirdi ki, belə qeyri-format böyük imkanlar yaradır və bu, böyük uğur və nəticə etibarilə rifah gətirəcək. Lakin illər sonra və qazanılan təcrübə nəticəsində belə qənaətə gəldim ki, teatr istənilən məkanda yaxşı aktyor oyunu göstərməlidir. Aktyorun ətrafındakı məkanda olan hər şey onun ifasına yardım göstərir ki, o, hər bir hərəkəti ilə adi mənasız məsələlərin üzərinə qalxa bilsin. Fikrimcə, əsl teatr və sənət o zaman əldə olunur. Əks təqdirdə, biz yalnız səhnə balabançısı əldə edirik.
- Belə çıxır ki, aktyor qəlbin plastikliyidir?
- Aktyorluq bacarığı kitab oxumaq kimidir. Əvvəlcə biz mətnlə tanış oluruq. Biz onun vasitəsilə orada yazılan qəhrəmanlarla birlikdə təklif edilən vəziyyətdə peyda oluruq. Daha sonra onların keçirdiyi duyğuları yaşamağa və tədricən baş verənləri hiss etməyə başlayırıq. Nəticədə, oxucu sanki əsərin içindən onun müəllifi ilə “mübahisə etməyə” başlayır. Bununla, oxucu süjetin və ya nəzərdə tutulmuş hadisələrin mürəkkəb peripetiyalarını, bəzi haqsızlıqları və ya yersiz hərəkətləri göstərir. Eyni şey teatrda yeni tamaşa üzərində işə başlayanda da olur. Pyesin ilk oxunuşundan tamaşanın premyerasına qədər hər şey aktyoryönümlü olmalıdır. Çünki teart insan-izləyicinin tamaşanın getdiyi şərti zaman vahidində çoxvektorlu məlumatları qəbul etdiyi məkandır: musiqidən, dekorasiyadan, işıqlandırmadan, mətnin özündən... Bütün bunlar aktyorun sinerjisi ilə birləşir. Məhz bu, teatral hərəkətin mərkəzində dayanır. Odur ki, təkcə qəlbin plastikliyini ayırmaq düzgün yanaşma deyil. Hər şey aktyorun bacarığına əsaslanır. Buraya qəlbin və bədənin plastikliyi, keyfiyyətli məzmun və peşəkar hazırlıq, həmçinin təklif olunan şəraitə daxili transformasiya qabiliyyəti daxildir. Bununla bağlı, bir çox nüanslar var.
- Onda “ədəbiyyat” aktyorun üzərinə geyindiyi geyimdir...
- Bax, bu məqam təkcə aktyor üçün mövcud deyil. O, bütün teatra aiddir. Bu və ya digər pyesi götürəndə bu, daha çox bütün teatrın olduğu “böyük çadıra” bənzəyir. Burada teatra göstərilən texniki xidmətdən tutmuş truppaya, rejissorlara qədər hər kəs var. Pyesi isə mağaraya bənzətmək olar. Belə ki, onun hər küncünü araşdırmaq lazımdır. Onun hansısa hissəsi qorxulu ola bilər. Bəlkə də, onun hansısa hissəsində, ümumiyyətlə, heç nə görünməyə bilər. Yaxud mağaranın hansısa yerində yaralana və ya sərgüzəştlər yaşaya bilərsən. Bəzən də özünü zəif hiss edə bilərsən. Amma teatr məhz bu “mağara”nın öyrənilməsi ilə tamaşaçının qarşısına çıxır və ona “mağara”da əldə etdiyi bilik və bacarıqlarını nümayiş etdirir.
- Bəs, bu şərti mağara onu tədqiq etməyə müqavimət göstərə bilərmi?
- Deməzdik ki, müqavimət göstərir, lakin hətta kiçik detallarda belə diqqətli olmaq lazımdır. Mən hər zaman deyirəm ki, aktyorla mətn arasında məsafə var. Bizim vəzifəmiz isə hər gün bu məsafəni azaltmaqdır. Məşq prosesi isə kömək edir ki, personaj və aktyor arasındakı sərhədlər yox olsun və kimin harada olduğunu başa düşmək qeyri-mümkün olsun. Bu şərti mağaraya da aiddir. Pyesdə yazılanlar yavaş-yavaş, diqqətlə və çox ehtiyatla səhnə məkanına köçürülür. Onun üzərində çalışanların hər biri onun məzmununu doğma kimi qəbul etməlidir. Yalnız bu zaman siz onun çərçivəsində istənilən hərəkət hüququ əldə edə bilərsiniz. Nəticədə, tamaşa dramaturqun adına bağlı olmur və teatrın özünün əsərinə çevrilir. Yəni bu, tamamilə başqa əsərə - teatral tamaşaya çevrilir.
- Vidadi Həsənov daha çox aktyordur, yoxsa rejissor?
- Əlbəttə ki, aktyor! Mən rejissor olmağı qarşıma məqsəd qoymamışdım. Gəlin, ondan başlayaq ki, bu tamamilə fərqli peşə, başqa düşüncə tərzidir. Etiraf edirəm ki, özümü pedaqoq hesab edirəm. Hədər yerə bu sahədə təxminən 40 illik təcrübəm yoxdur. Gənclərlə yeni tamaşa üzərində işə başlayan zaman hər kəsə çatdırmağa çalışıram ki, şəxsən mənim üçün əsas məsələ onların hər bir tamaşa nəticəsində nəsə öyrənməsidir. Aktyorluq bacarığı öz imkanlarını qavramaq üçün tükənməz tədris prosesidir. Buna görə də özümü rejissor adlandıra bilmirəm və belə adlandırmaq istəmirəm. Axı, mən özüm onlarla birgə bir növ məktəb keçirəm. Üstəlik, teatrımıza gələn aktyor olmayan şəxslər də yaxşı oyun nümayiş etdirirlər.
- Demək istəyirsiniz ki, mən də “M.Teatr”a gəlib səhnəyə çıxa bilərəm?
- Bu qədər də tez yox. Tamaşada səhnəyə çıxmamışdan qabaq müəyyən bir yoldan keçmək lazımdır. Hər şey insanın qabiliyyətindən və istəklərindən asılı olacaq. Əminəm ki, istedadı olmayan insan yoxdur! Hər birimizdə istedad qığılcımı var. Sadəcə, çoxlarının bundan xəbəri yoxdur. Buna görə də insanın öz istedadını üzə çıxarmağa kömək edə bilən pedaqoqa ehtiyacı var. Daha sonra o, seçilən sahədə təkmilləşəcək. Axı, istedad elə formasiyaya aiddir ki, ona yalnız yol açmaq lazımdır. Nəticədə, o, yeni zirvələri fəth edərək güclü cərəyanla irəli atılacaq. Bütün bunlara görə mən həm pedaqoq, həm də rejissor olmağa üstünlük verirəm.
- Pedaqogika müəyyən məsuliyyət tələb edir...
- Bu, hər bir işə aiddir. Yəni məsuliyyət təkcə pedaqogika ilə bağlı deyil. “Tiel Ulenşpigel əfsanəsi”ni xatırlayırsınız? Orada dəlilərin bir şəhərdə qapısız və pəncərəsiz ev tikməsi barədə hekayə var. Onlar arasında “ən ağıllı” adamlardan biri hesab edilən şəxs evə daxil olmaq üçün yerin altından tunel çəkməyi təklif edir. Yalnız bu yolla evə daxil olduqdan sonra insanlar zülmət qaranlıqda qalırlar. Amma digər “ağıllı”nın təklifi ilə bu qaranlığı torbalarla evdən “çıxarmaq” qərara alınır. Bu hadisənin şahidi məhz Ulenşpigel olur. O, evə daxil olur və bir şam yandıraraq evin içərisini işıqlandırır. Fikrimcə, pedaqoq əlində şam olan Ulenşpigeldir. O, sadəcə ətrafı görməyə imkan yaradır. Qalanı isə onun yanında dayanan insandan asılıdır. Beləliklə, pedaqoqun vəzifəsi şagirdin “gözlərini açması”na yardım göstərmək, yaranan perspektivlərə öyrəşərkən ona dəstək olmaq və bəlkə də, ilk vaxtlarda onu yüngülcə “korrektə etməkdir”. Daha sonrakı dövrlərə gəlincə, hamımız fərqliyik və hər birimizin özümüzə məxsus məsuliyyətmiz var.
- Xarakterlərimiz, dünyagörüşlərimiz, iddialarımız ilə fərqliyik. O, hər zaman insan şəklində olan bu “kiçik kainatlar”a bağlıdır?
- Hər şey o qədər də asan deyil! Mənim işimdə bu əlaqəyə bütün il sərf olunur. Təsəvvür edək ki, əvvəllər müxtəlif ərazi-mədəni xüsusiyyətlərdə yaşamış və fərqli tərbiyə almış, bir qrupa yığılan 10-15 nəfər birlikdə işləməyi öyrəniblər. Mənim vəzifəm bir il ərzində müxtəlif xarakterli insanları vahid başlanğıc xəttinə gətirməkdir. Paralel olaraq, hamı üçün ümumi universal qarşılıqlı anlaşma dili axtarılır. Üstəlik, qrupdakı hər bir insan yaradıcılıq prosesinin ümumi ab-havasına tədricən inteqrasiya edilir. Bu da şəxsiyyətlərarası inkişaf üçün bir növ axtarışdır. Dörd illik təhsili bir-birindən ayrı nəzərdən keçirmək mümkün deyil. Gələcəkdə onlar yaxşı insanlarla birlikdə çalışsalar belə, aktyorun peşəkar şəkildə formalaşması üçün daha 10 il vaxt lazımdır. Yalnız bundan sonra onun haqqında öz bacarığı ilə sənət yaradan sənətkar kimi danışmaq olar.
- Sizə hansı daha yaxındır - pedaqoq, yoxsa aktyor olmaq?
Düşünürəm ki, yaxşı pedaqoq yaxşı aktyordur və əksinə.
- “M.Teatr”da səhnə ilə auditoriya arasında praktiki olaraq heç bir məsafə yoxdur.
- İdeya ilkin olaraq qarşılıqlı anlaşma və hörmətin olduğu mənəvi atmosferi yaratmaqdır. Bizim teatrda aktyor hər zaman iri planla işləyir. Bu, kinematoqrafiyada ən çətin iş hesab olunur. “Açıq” üzlə oynamaq çox çətindir. Axı, gözlər, oxuna bilinən mimika alətə çevrilir. Nəticədə, bunlar yalan danışmağa imkan vermir. Burada daxili aktyorluq bacarığı önə çıxır. İri planda səmimiyyət tələb olunur. Eyni zamanda iri planla işləmək aktyora üstünlük verir. Belə ki, bu, tamaşaçını aktyoru qeyd etməyə, onu xatırlamağa vadar edir. Məhz buna görə “M.Teatr”da aktyorun belə səhnə təqdimatından istifadə edirik. Bir saat ərzində bizim qarşımızdakı səhnə hərəkəti aktyor oyunu ilə birləşərək, sözün əsl mənasında, vizual baxımdan cəlbedici olarsa, buna biganə qalmaq mümkün deyil. Axı, tamaşaçı aktyorluq bacarığına reaksiya verir. Üstəlik, səhnədə tamaşaçının canlı emosiyasını hiss etmək olur. Teatral səhnədə iri planda oynamaq asan deyil. Mən aktyoram. Mənə inanın...
MƏSLƏHƏT GÖR: