Müəllif: Nigar ABBASOVA
İyulun 26-da Avropa İttifaqı (Aİ) nazirləri gələn qış ərəfəsində Aİ-nin təbii qaza olan tələbatını azaltmaq üçün siyasi razılaşma imzalayıblar. Bu plan gələn ilin yazına qədər Avropada “mavi yanacağın” istehlakını 15% azaltmağa istiqamətlənib. Eyni zamanda “qoca qitə” “REPower EU” – Rusiyadan enerji tədarükünü 2030-cu ilə qədər dayandırmaq planını həyata keçirmək üçün alternativ qaz tədarükçüləri mənbələrinin axtarışını sürətləndirir.
Yeri gəlmişkən, Aİ-nin bu istiqamətdə əldə etdiyi mühüm nailiyyətlərdən biri yaxın bir neçə ildə Azərbaycan qazının Avropa bazarına tədarükünün artırılmasına dair memorandumun Bakıda imzalanmasıdır. Məlum olduğu kimi, sənədi iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen imzalayıb.
Hər kəsin öz yolu var
Hazırda dünya təbii qaz bazarında vəziyyət gərgin olaraq qalır. Rusiyanın qaz inhisarçısı “Qazprom” Brüsselin narahatlığının əksinə olaraq, təmir və texniki xidmət işlərindən sonra “Şimal axını 1” boru kəməri ilə Aİ-yə bu enerji resursunun nəqlini bərpa etsə də, həcmləri artırmayıb. Üstəlik, iyulun 27-dən etibarən şirkət daha bir qaz turbininin təmiri bəhanəsi ilə tədarükləri 40%-dən 20%-ə endirib. Yəni tədarükü gündəlik 167 milyondan 36 milyon kubmetrədək aşağı salıb. “Qazprom”un avropalı “tərəfdaşları”nın reaksiyası özünü çox gözlətməyib: Rusiya Aİ-yə qarşı “enerji müharibəsi” başlatmaqda ittiham olunub və Avropa ölkələri Rusiya qazının tədarükünün kəsilməsi ehtimalına hazırlaşmağa çağırılıb. Bu hadisələr fonunda Avropada təbii qazın qiyməti martdan bəri ilk dəfə 1000 kubmetr üçün 2300 dollaradək yüksəlib.
Əlbəttə ki, Avropa İttifaqı ölkələri vaxt azlığına görə alternativ yollar axtarır. “Qoca qitə”nin hər bir ölkəsi bunu özünəməxsus şəkildə həyata keçirir. Məsələn, Baltikyanı ölkələr və Almaniya Yaxın Şərq və ya ABŞ-dan tədarük ediləcək mayeləşdirilmiş qaza (LNG) “stavka” edir. Mayeləşdirilmiş qaz hazırda tikintisi davam edən terminallara nəql edilməlidir.
Mərkəzi Avropada isə Norveçdən tədarük edilən “mavi yanacağın” rolu artacaq: 2022-ci ilin oktyabrında ötürücülük gücü illik 10 milyard kubmetr olan “Baltic Pipe” kəməri işə düşəcək. Qeyd edək ki, kəmər Şimal dənizdəki Norveçin qaz yataqlarından başlayır, daha sonra Danimarka və Baltikyanı ölkələrdən keçərək Polşaya qədər uzanır. İtaliya isə təbii qazı Azərbaycan və Əlcəzairdən alır.
Bu arada, 2020-ci il dekabrın 31-dən, yəni Azərbaycan qazının Avropaya ixracı başlayandan bu ilin iyulun əvvəlinə qədər “Şahdəniz” yatağından bu istiqamətdə 13,5 milyard kubmetr qaz nəql olunub. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri Bolqarıstanın və 11,66 milyard kubmetri isə İtaliyanın payına düşüb.
Ümumiyyətlə, Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlığın tarixi 15 ildən çoxdur. Son Anlaşma Memorandumu isə tərəflər arasında bu sahədə imzalanmış sayca üçüncü sənəddir. Qeyd edək ki, Bakı ilə Brüssel arasında hələ 2006-cı ildə Anlaşma Memorandumu imzalanmışdı. Tərəflər 2011-ci ildə isə Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə dair Birgə Bəyannaməyə imza atıblar.
Etibarlı tərəfdaş
“Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq, təbii ki, böyük nailiyyətdir.
Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir... Planlarımızın icrası, əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq”, - deyə Prezident İlham Əliyev sənədin imzalanmasından sonra Avropa Komissiyasının (AK) Ursula fon der Lyayenlə birgə mətbuat konfransında bildirib.
Üstəlik, dövlət başçısı Azərbaycanla Aİ arasında enerji sahəsində əlaqələri “proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq” kimi xarakterizə edib.
Ursula fon der Lyayen öz növbəsində vurğulayıb ki, Azərbaycandan təbii qazın həcminin artırılması Rusiyadan “mavi yanacağın” tədarükünün azaldılmasının kompensasiyasına imkan yaradacaq və bu, Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək: “Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən, siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir”.
Sənədin təfərrüatlarını açıqlayan AK rəhbəri deyib ki, bu, Azərbaycanla enerji əməkdaşlığının inkişafı üçün 3 prioritet istiqaməti əhatə edir: qaz tədarükünün artırılmasını, bərpaolunan enerji mənbələrinin inkişafını və qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmaq öhdəliyini.
“Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən 12 milyard kubmetr göstəriciyə nail olacağıq”, - deyə o vurğulayıb.
Bərpa olunan enerjiyə gəlincə, Avropa Komissiyasının Prezidenti Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu qeyd edib: “Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm... Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək”.
Metan emissiyalarının azaldılması üzrə öhdəliklərdən danışan Ursula fon der Lyayen Azərbaycanı indiyədək 119 ölkə tərəfindən dəstəklənən qlobal metan öhdəliyinə qoşulmağa çağırıb: “Azərbaycan böyük tərəqqiyə nail olub, nümayiş və təqdim etməyə bir çox nailiyyəti var”.
Bir sözlə, yeni sövdələşmə tərəflərin hər biri üçün sərfəlidir. Bu, enerji sektorunda əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Üstəlik, bu, təkcə enerji resurslarının təchizatı ilə məhdudlaşmayacaq. Təbii qaz üzrə müqavilələri ayrıca qiymətləndirsək, Avropa Komissiyasının rəhbərliyinin imzası ilə Bakının Aİ ölkələrinin Azərbaycan “mavi yanacağını” alacağına dair ciddi zəmanət əldə etdiyini söyləyə bilərik. Demək, Azərbaycan birbaşa alıcılarla uzunmüddətli tədarük müqavilələrini inamla müzakirə edə bilər.
Bundan başqa, Azərbaycan öz növbəsində ən yüksək səviyyədə tədarükün artırılması ilə bağlı Aİ-ni dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Bu da ölkəyə xeyli gəlir gətirəcək. Brüssel isə alternativ mənbədən alınan qazın həcmini artırmaq imkanı əldə edib.
Bərpaolunan enerji mənbələrinə gəlincə, Brüsseldə hesab edirlər ki, “yaşıl enerji”nin inkişafı hesabına Azərbaycan təbii qaza olan daxili tələbatını azalda və nəticə etibarilə yerdə qalan həcmi ixraca yönləndirə bilər. Bu mənada Bakı ilə Brüsselin maraqları üst-üstə düşür. Azərbaycan hakimiyyəti də bərpa olunan enerjiyə sərmayələri aktivləşdirməyə, o cümlədən təbii qaz ixracı üçün əlavə həcmləri azad etməyə hazırdır. Xüsusilə də bərpaolunan enerji sahəsi ilə bağlı artıq həyata keçirilən layihələr sayəsində Azərbaycan 2024-cü ildə əlavə 500 milyon kubmetr təbii qaz ixrac edə biləcək. Üstəlik, Azərbaycan Prezidentinin və AK rəhbərinin qeyd etdiyi kimi, ölkədə bərpa olunan enerjinin inkişafı üçün potensial həqiqətən də böyükdür.
“Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 geqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir”, - Prezident İlham Əliyev vurğulayıb.
Təbii qaz növbəsində
2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünün iki dəfə artırılması Cənub Qaz Dəhlizinin seqmentləri olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin ötürücülük gücünün genişləndirilməsini tələb edəcək. Söhbət TANAP-ın ötürücülük gücünün 16 milyarddan 31-32 milyard kubmetrə, TAP-ın isə 10 milyarddan 20 milyard kubmetrə çatdırılmasından gedir. Hər iki halda əlavə kompressor stansiyalarının qurulması vasitəsilə kəmərlərin ötürücülük gücü artırılacaq. Bu məqsədlə TANAP və TAP boru kəmərlərinin səhmdarları müvafiq investisiya qərarı verməlidirlər.
Digər tərəfdən hər iki kəmərin hansı təbii qaz mənbələri vasitəsilə doldurulacağı sual doğurmur. Belə ki, “Şahdəniz” yatağının “mavi yanacağı” və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən səmt qazı ilə yanaşı, digər yataqlarda da hasil edilə biləcək ehtiyatlar var. Buraya “Ümid-Babək” blokunun işlənməsinin ikinci mərhələsi, AÇG-də dərin qatlarda yerləşən qaz ehtiyatı, “Abşeron” və digər yataqların resursları daxildir.
Bu arada, hazırda Azərbaycan təbii qazının əsas alıcısı İtaliyadır. Qeyd edək ki, 2022-ci ildə ümumi tədarükün 80%-dən çoxu məhz bu ölkəyə ixrac olunub. Yerdə qalan hissə isə Yunanıstan və Bolqarıstan arasında bölüşdürülüb. İndi Avropada Azərbaycan “mavi yanacağı” üçün uzun növbə yaranıb. İlk növbədə, bunlar Şərqi Avropa və Qərbi Balkan ölkələridir: Macarıstan, Rumıniya, Moldova, Serbiya, Albaniya, Şimali Makedoniya, Xorvatiya.
Azərbaycan qazını ən çox əldə etmək istəyən ölkə Bolqarıstandır. O, Rusiya “mavi yanacağı”ndan tamamilə imtina edib. Bununla da, onun əlavə zəmanətli tədarük mənbələrinə ehtiyacı var.
Yeri gəlmişkən, Bolqarıstanın Baş nazir vəzifəsini icra edən Kiril Petkov məhz bu məsələ barədə Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaq üçün iyulun 21-də Bakıya səfərə gəlib. Onun “Nova TV” televiziyasına verdiyi müsahibəyə əsasən, səfərin nəticələrindən razı qaldığını söyləyə bilərik. Çünki K.Petkov qaz tədarükü məsələsində Azərbaycanla razılaşa bilib.
“Azərbaycan artıq razılaşdırılmış 1 milyard kubmetr həcmə əlavə olaraq Bolqarıstana ildə 500 milyondan 1 milyard kubmetrədək təbii qaz tədarük etməyə hazırdır”, - deyə o bildirib.
Onun sözlərinə görə, indi Bolqarıstan bu həcmləri çatdırmaq üsulu barədə qərar verməlidir: “Biz bunun üzərində işləyirik. Yaxşı xəbər odur ki, təbii qazımız var, amma infrastruktur nöqteyi-nəzərdən bu məsələnin həllini tapmalıyıq”.
Bu arada, Rumıniya da Azərbaycandan enerji resursunun tədarükünə ümid edir. Qeyd edək ki, bu ölkədə illik qaz istehlakı 11 milyard kubmetrdir. Rumıniya bunun 9 milyardını öz qaz yataqlarından hasil etdiyi resursla təmin edir.
“Hələ 2 milyard kubmetr təbii qaz idxal etməliyik. Buna görə də həll yolu tapmalıyıq. Azərbaycan qazı bizim üçün mümkün həll yollarından biridir və bu dövlətin hökuməti ilə razılığa gəlməyə ümid edirik. Əgər mümkün olarsa, ehtiyacımız olan bütün qazı Azərbaycandan idxal etmək istəyirik. Hazırda danışıqlar gedir və onlar başa çatdıqdan sonra nəticələri açıqlayacağıq. Lakin biz düzgün yoldayıq”, - Rumıniyanın energetika naziri Vircil Popesku bildirib.
O əlavə edib ki, Rumıniya Azərbaycan qazını Türkiyə, yəni Trans-Balkan Qaz Dəhlizi (Ukrayna-Bolqarıstan-Türkiyə) və ya mayeləşdirilmiş təbii qaz terminalları vasitəsilə, həmçinin Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə tədarük edə bilər.
Yeri gəlmişkən, Aİ ilə Azərbaycan arasında yeni memorandumun həyata keçirilməsi Xəzər və Qara dəniz regionu ölkələri arasında elektrik enerjisi sahəsində də əlaqələrin dərinləşməsinə töhfə verəcək. Söhbət Rumıniya vasitəsilə Azərbaycan, Gürcüstan və Avropa İttifaqı arasında enerji dəhlizinin yaradılmasından və Aİ-yə elektrik enerjisinin ixracından gedir.
“Biz Xəzər dənizi ilə Qara dəniz arasında külək enerjisi körpüsü qurmaq və bu enerjini Rumıniya vasitəsilə Avropaya çatdırmaq istəyirik. Bizim üzərində işlədiyimiz bir layihə var. Söhbət Qara dəniz vasitəsilə Gürcüstandan Rumıniyaya, sonra Macarıstana və digər Avropa ölkələrinə uzanacaq sualtı kabel xəttinin çəkilməsindən gedir”, - Rumıniyanın energetika naziri “Antena 3” telekanalına müsahibəsində vurğulayıb. Beləliklə, qış mövsümü uzaqda deyil. “Rystad Energy” araşdırmalar şirkətinin ekspertlərinin fikrincə, “Şimal axını-1” kəməri vasitəsilə tədarükün aşağı salınması nəticəsində Avropa İttifaqı üçün noyabrın 1-dək yeraltı qaz anbarlarını 80% doldurmaq hədəfinə nail olmaq çətin olacaq. Avropa Komissiyası isə hesab edir ki, qış mövsümü soyuq keçsə və regionda enerjiyə qənaət üçün qabaqlayıcı tədbirlər görülməsə, Rusiya qazının Aİ-yə nəqlinin dayandırılması ÜDM-i 1,5% azalda bilər. Buna baxmayaraq, Aİ ilə Azərbaycan arasında təbii qazla bağlı yeni sazişləri nəzərə alsaq, azı İtaliya, Bolqarıstan və Yunanıstanın qarşıdakı qışda evlərini necə qızdırmaq, sənayeni elektrik enerjisi ilə təmin etmək məsələsində daha az problemləri olacaq. Gələn il isə bu siyahıya Rumıniya və Serbiya əlavə oluna bilər.
MƏSLƏHƏT GÖR: